Cəmil Həsənli Komitənin sədri seçildi; əvvəl kənarda qalanlar da bu Komitəyə gəldi FOTO VİDEO
Hazırda həbsdə olan Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və həyat yoldaş Arif Yunusun Hüquqlarını Müdafiə Komitəsi dünən Ziyalılar Birliyinin ofisində toplaşaraq, bütövlükdə ölkədəki siyasi məhbuslarla bağlı məsələni müzakirə edib.
Narkotik, silahdan sonra vergi də siyasi ittihama çevrildi
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, komitə təkcə Leyla və Arif Yunusların deyil, vahid siyasi məhbus siyahısında adı olan bütün siyasi məhbusların hüquqlarının müdafiəsilə məşğuldur. Bu qurumun “Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi” adlandırılmasına gəlincə, Cəmil Həsənli bunu illərdir ölkədə insan haqlarının müdafiəsində Leyla xanımın özünün müstəsna xidmətləri olmasıyla izah edib.
Cəmil Həsənli son dövrlərdə həbs olunan vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı vergidən yayınma ittihamının irəli sürülməsinə də diqqət çəkib. Bildirib ki, hakimiyyət narkotik, silahla yanaşı, artıq vergini də “siyasi ittiham”a çevirib.
“Baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti hüquqa hörmət etmir. 2012-ci ildən bu yana hakimiyyətin davamlı olaraq siyasiləri, gəncləri, dindarları həbs etməsi cəmiyyətin gözünü qorxutmaq, hüquq və azadlıqlarından geri çəkilməsinə nail olmaq cəhdidi”, – deyə Cəmil Həsənli bildirib
Milli Şura sədri onu da qeyd edib ki, siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillər çox böyük fədakarlıq edirlər: “Bu işlərə çıxan az sayda vəkillərin işi fədakarlıq kimi dəyərləndirilməlidir. Eyni zamanda, beynəlxalq qurumların diqqəti də bu həbslərə yönəlib. Işçi Qrup beynəlxalq təşkilatlarla işləyir. Nüfuzlu beynəlxalq qurumların bu həbslərə reaksiya vermələri həm də Işçi Qrupun fəaliyyətinin nəticəsidir”.
Cəmil Həsənli ölkənin tanınmış hüquqşünaslarından olan Intiqam Əliyevin həbsinə ayrıca diqqət yetirib. Yada salıb ki, Intiqam Əliyev Avropa Məhkəməsinə ən çox şikayət göndərən və bu müstəvidə uğur qazanan vəkil olub: “2010-cu il parlament seçkilərilə bağlı 76 işdən 51-i kommunikasiya mərhələsindədir. Bu işlər üzrə Avropa Məhkəməsi ərizəçilərin xeyrinə qərar verəcəyi halda, parlament seçkilərinin saxta olduğu bir daha sübuta yetiriləcəkdi. Intiqam Əliyevin həbsinin səbəblərindən biri də budur. Leyla Yunusun həbsinin səbəbi isə onun vahid siyasi məhbus siyahısı hazırlaması, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etmək üçün beynəlxalq birliyə müraciət etməsidir”.
Alternativsiz siyasi məhbus siyahısı
Tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirib ki, vahid siyasi məhbus siyahısı üzərində işləyən Işçi Qrup hələ son həbslərdən əvvəl yaradılmışdı. Hüquq müdafiəçisi Leyla Yunus həbsindən iki gün öncə digər hüquq müdafiəçisi Rəsul Cəfərovla razılaşaraq, ölkə üzrə vahid siyasi məhbus siyahısını imzalamışdılar: “Fikrimcə, vahid siyasi məhbus siyahısının hazırlanması və ona alternativ olmaması hər iki hüquq müdafiəçisinin həbsində əsas rol oynayıb”.
Şahvələd Çobanoğlu bildirib ki, siyahıda adları olan siyasi məhbusların hər birinin həbsinin səbəbləri ətraflı öyrənilib, onların siyasi məhbuslar üzrə Avropa Şurasının meyarlarına cavab verdiyi dəqiq müəyyən edildikdən sonra siyahı təsdiqlənib: “Bu siyahı 28-ə qədər vətəndaş cəmiyyəti institutunun təmsilçiləri və vəkillər tərəfindən tanınıb. Daha sonra siyasi partiyalar da bu siyanı tanıyıblar. Hazırda cəmiyyətdə bu siyahıya alternativ hər hansı siyasi məhbus siyahısı yoxdur”.
Gerizəkalı, anti-milli hakimiyyət
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, Azərbaycan hakimiyyəti hüquq və haqdan anlamır: “Məhz bu səbəbdən bizim işimiz çox çətindi. Azərbaycan hakimiyyəti maarifçiliyin nə olduğunu bilmir. Ona görə də hüquq və maarifçiliklə bağlı iş görən Intiqam Əliyevin təşkilatını bağlayır. Azərbaycan hakimiyyəti məscidləri bağlayır, dağıdır. Azərbaycan hakimiyyəti litsey bağlayır, məktəb açmır. Azərbaycan hakimiyyətinə gerizəkalıdan tutmuş, anti-milliyə qədər çox ad qoymaq olar. Hətta bunu isbat eləməyə də ehtiyac yoxdu, bu, aksiomadı”.
“Hakimiyyətin repressiya siyasəti ölkəni uçuruma sürükləyir”
Cəmil Həsənlinin Müdafiə Komitəsinin sədri seçilməsinə etiraz etmədiklərini deyən Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı çıxışında hazırda ölkədə 100-dən artıq siyasi məhbusun olduğunu vurğulayıb. Qeyd edib ki, hakimiyyətin repressiya siyasəti ölkəni uçuruma sürükləyir.
Arif Hacılı onu da əlavə edib ki, bir neçə gün əvvəl KXCP-nin ofisində toplaşmış partiyalar da Işçi Qrupun hazırladığı siyasi məhbus siyahısını dəstəkləyir.
Tanınmış hüquqşünas Vidadi Mirkamal vahid siyasi məhbus siyahısını hakimiyyətin basqılarının nəticəsi kimi dəyərləndirib: “Işçi Qrupa təşəkkür edirəm, çox böyük işlər gördülər. Bu məqamda müsbət aura yaratdı”.
Tanınmış publisist Mehriban Vəzir çıxışında vurğulayıb ki, baş verənlər birləşməyin yeganə yolunun maraqlardan kənar ideallarımız uğrunda siyasi partiyalarda olduğunu sübut etdi: “Siyasi partiyalar daha güvənlidir, daha effektivdir. QHT-də üç adam olur, birini həbs edəndə digər iki nəfər işə gəlmir, qorxur. Ancaq partiyalarda bu, şəbəkə halındadı. Bu, bizi bir daha düşündürəcək. Yenidənmi partiyalara qayıdaq?”.
Atılmalı addımlar…
AXCP sədri Əli Kərimli çıxışında ilk növbədə siyasi məhbusları müdafiəsi istiqamətində görülməli işlərdən danışıb: “Anlaşılmazlıq olmasın ki, Leyla xanıma, Arif bəyə dərman çatdırmağa adam yoxdur. Yüzlərlə, minlərlə könüllülər var ki, bu işi görə bilərlər, ancaq hökumət imkan vermir. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin müdaxiləsindən sonra da imkan yaradılmayıb. Siyasi məhbusların müdafiəsi istiqamətində iki məsələ var. Bunların birincisi onların hüquqlarının müdafiəsidir ki, bununla da hüquqşünaslar, vəkillər məşğul olur. Ikinci məsələ vahid siyahının hazırlanıb əsaslandırılmış şəkildə dünyaya və Azərbaycan ictimaiyyətinə təqdim olunmasıdır. Bundan əlavə də müdafiə xarakterli bəzi işlər var. Həbs olunanların dərhal vəkillərlə təmin olunması, onların yanına adamların gedib-gəlməsi, baş verənlər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və s. ”Amnesty International” təşkilatı son günlər çox operativ şəkildə həbs olunanların vicdan məhbusu elan olunması barədə qərarlar verir. Bunların hamısı aparılan informasiya işinin nəticəsidir. Vaxtaşırı bu məlumatları dünya birliyinə çatdırmaq bu işlərin tərkib hissəsidir. Əlavə işlər də görmək olar. Müxtəlif petisiyaların imzalanması, sosial şəbəkələrdə yeni-yeni kampaniyalar həyata keçirmək mümkündür. Beynəlxalq ictimaiyyətə müxtəlif məzmunlu müraciətləri artırmaq lazımdır. Keçən dəfə Milli Şuranın belə bir qərarı olmuşdu. Bunun əsasında artıq belə bir sənəd hazırlanıb. Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət artıq hazırdır. Bilirik ki, onun Ilham Əliyevlə telefon danışığı olub, siyasi məhbuslarla bağlı Işçi Qrupun bərpasına dair razılığa gəliblər. Ona görə Avropa Şurasına ilk növbədə bu məsələyə görə müraciət etmək fikrindəyik ki, burada Azərbaycan hökumətinin hər hansı manipulyasiyasına, manevrinə imkan tanımasın. Biz minimum vəzifəni həyata keçirmişik, vətəndaş cəmiyyətində, müxalifət düşərgəsində bu vahid siyahı ətrafında konsesusa yaxın mövqe yaranıb. Bunu bitmiş bir iş də saymıram. Hökumətin sakitcə oturub bununla barışacağını gözləmirəm. Ona görə də hamılıqla bu işi davam etdirməliyik ki, cəmiyyətdə heç kim bu konsensusu pozmağa cəsarət etməsin. Başa düşsün ki, kimsə bu addım atacaqsa, deməli, hökumətə manevr imkanları yaratmış olur. Ona görə də bu istiqamətdə də üzərimizə düşənləri etməliyik. Konkret olaraq, müdafiə işilə bağlı əlavə ideyalar ortaya çıxdıqca vaxtaşırı hər birimiz həyata keçirə bilərik”.
“Əliyev bu repressiyaların mənasız olduğu o zaman başa düşəcək ki…”
AXCP sədrinin fikrincə, Ilham Əliyevin məqsədi ölkədə alternativsiz bir mühit yaratmaqdır: “Ilham Əliyev ağır ictimai rezonans doğuran həbslərə niyə getdi? Axı biz görürük, dünya, o cümlədən Azərbaycan ictimaiyyəti də bunu belə asan qəbul etməyəcək. Artıq Nobel mükafatı laureatı olan xanımlar səsini qaldırıblarsa, bizim siyasi məhbuslarımızdan birinə Vatslav Havel mükafatı verilməsi ciddi müzakirə olunursa, digər məhbuslara da nüfuzlu mükafatların verilməsi müzakirə mərhələsindədirsə, dünyanın tanınmış media orqanları ”The Washington Post”, “The Guardian” başda olmaqla, birmənalı mövqe ortaya qoyursa, Avropa Birliyinin, ABŞ-ın bu məsələdə mövqeyi günü-gündən daha prinsipial xarakter daşıyırsa, o zaman niyə Azərbaycan hökuməti həmişə manevrlə apardığı siyasəti sərtləşdirdi? Leyla xanımla Rəsul Cəfərovun təşəbbüsüylə siyasi məhbusların vahid siyahısının hazırlanması prosesini, Intiqam bəyin Avropa Məhkəməsindəki işlərini yarımçıq qoymaq kimi məsələlər vardı. Amma fikrimcə, bu həbslərdə qeyd etdiyim məsələlər yardımçı faktorlardı, əsas faktor bu deyil. Biz müdafiənin siyasi tərəfini qura bilməkdən ötrü həbslərin siyasi motivini, siyasi məqsədini dəqiq bilməliyik. Belə səs-küylü, ardıcıl həbslərin aparılmasında rejimin ciddi siyasi niyyətləri var. Nədir bu niyyətlər? Azərbaycanda faktiki olaraq öz hakimiyyətini – klassik avtoritar hakimiyyətini altenativsiz qoymaq. Meydanda ona alternativ olan birlikləri, siyasi qüvvələri məhv etməklə özünə alternativsizlik şəraiti yaratmaq. Ölkədə vətəndaş cəmiyyəti institutlarını, müxalif kəsimi sıradan çıxarıb hökumətylü QHT-lərə meydan vermək, azad mətbuatı sıradan çıxarıb yenə də öz himayəsində olanlarla boşluğu doldurmaq və bütövlükdə Azərbaycanda siyasi proseslərə nəzarəti təmin etmək istəyirlər. Elə vəziyyət yaratmağa çalışırlar ki, cəmiyyət, beynəlxalq aləm nə gələnilki parlament seçkilərinə hazırlaşsın, nə də gələn yay Bakıda keçiriləcək Avropa Oyunlarından demokratik açılım kimi istifadə olunmasına imkan verilsin. Elə bir vəziyyət yaransın ki, burada qalanların da başı tutulanların müdafiəsilə məşğul olmağa qarışsın. 2015-ci ilin parlament seçkiləri 2010-cu ildəki kimi təyinatla həyata keçsin. Heç bir seçki islahatı gündəmə gəlməsin, heç bir sərbəst toplaşmaq azadlığından istifadə etmək mümkün olmasın. Qlobal məqsəd var. Hansısa siyahının tərtib olunması, hansısa işin Avropa Məhkəməsində qarşısını almaqdan ötrü rejim bu qədər böyük konfrantrasiyaya getməzdi. Biz bilməliyik ki, hökumətin çox ciddi bir “stavka”sı var və bu proses davam edəcək. Müdafiə həm də o istiqamətdə getməlidir. Ilham Əliyevin həyata keçirdiyi bu repressiyaların mənasız olduğu o zaman aydın olacaq ki, ölkənin real müxalifət təşkilatları özlərini qoruyub saxlayacaqlar, meydanda olacaqlar, alternativlik təmin olunacaq, nə qədər itki bahasına olursa olsun mövcud birliklər, ölkənin azad mətbuatı qorunub saxlanılacaq. Nəhayət, Ilham Əliyev başa düşəcək ki, onsuz da makro məqsədinə nail ola bilmir. Əvəzində bütün dünyanın pressinqini qazanır. Azərbaycan xalqı bu sınaqdan uğurla çıxarsa, bütün o məhbusların hamısının demək olar ki, qapılarının açılmasına nail ola bilər”.
***
Müzakirələrdən sonra tədbir iştirakçıları Cəmil Həsənlini Müdafiə Komitəsinə sədr seçib. Milli Şuranın sədri isə həmsədrliyin yaranmasını tərəfdarı olduğunu bildirərək, bu işi tanınmış vəkil Vidadi Mirkamalla birlikdə aparacağını deyib.
Ramin DEKO