Kobudluq edən Penitensiar Xidmət əməkdaşı üstəlik, məhkəmə zalında bibər qazı sıxmaq istədi
AXCP baş verənlərlə əlaqədar bəyanat yaydı: “Hakimiyyət məhkəmə tamaşası da qura bilmir”
Bakı Apelyasiya Məhkəməsində dünən NİDA-çı fəallar Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Məmməd Əzizov və Şahin Hovruzlunun işi üzrə məhkəmə prosesində qalmaqal yaşanıb.
Vəkil Xalid Bağırov hüquqlarını müdafiə etdiyi Zaur Qurbanlıya məktub verərkən konvoylardan biri ona qarşı kobudluq edib. Bu zaman dəmir qəfəsdə olan Zaur Qurbanlı konvoyun bu cür kobudluğuna etiraz edib. Mübahisə böyüyüb və bu zaman konvoy – Penitensiar Xidmətin leytenant rütbəli, Samir adlı əməkdaşı gözyaşardıcı qaz balonundan istifadə etmək istəsə də, digər konvoylar ona mane olublar.
Qalmaqal xeyli çəkib.
Məhkəmə iclasının da başlaması ilə yekunlaşması çox qısa çəkib. Çünki vəkillər Apelyasiya Məhkəməsində ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Həmin qərarda Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsi qeyd olunub. Vəkillər isə məhkəmə istintaqı tələb edirlər. Onlar şahidlərin dindirilməsi, sübutların araşdırılmasını istəyirlər.
Ali Məhkəmədə şikayətə nə vaxt baxılıb qərar veriləcəyi bəlli deyil. Ona görə də Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə proses Ali Məhkəmə qərar çıxarana qədər təxirə salınıb.
Xatırladaq ki, yerli və beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınan NİDA-çı fəallar 6 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib.
NİDA-çı fəalların məhkəməsində yaşananlarla əlaqədar Azərbaycan Xalq Cəbhəsi Partiyası etiraz bəyanatı yayıb.
“İyulun 18-də Bakı Apelyasiya Məhkəməsində NİDA-çı gənclərin işi üzrə keçirilən məhkəmə iclasındakı insident bir daha göstərdi ki, Azərbaycan hökuməti nəinki insanları şərləyir, işgəncə ilə boyunlarına ağır cinayətlər qoymaq istəyir, hətta onlarla şahidin gözü önündə məhkəmənin formal olduğunu göstərməkdən də çəkinmir. Məhkəmə zalında proses iştirakçıları zorakılıqla hədələnir”, – deyə bəyanatda bildirilir.
AXCP yada salır ki, bir müddət əvvəl də Ədliyyə Hazirliyi Penitensiar Xidmətin dustaq maşınında NİDA-çı gənclərə qarşı gözyaşardıcı qazdan istifadə edilmişdi. Habelə, ilkin məhkəmə istintaqı zamanı məlum olmuşdu ki, sonradan hökumətə əfv ərizəsi yazmağa məcbur edilən gənclər də həbs edilərkən işgəncələrə məruz qalıblar. Sonuncu olay isə açıq-aşkar sübut edir ki, NİDA-çı gənclərin məhkəməsi, eləcə də digər siyasi xarakterli bütün məhkəmə prosesləri nəinki həqiqi heç formal məhkəmə standartlarına cavab vermir, hakimiyyət, hətta məhkəmə tamaşası da qura bilmir.
AXCP bir daha hökuməti qanunları bu qədər aşağılamamağa və sosial qəzəbdən çəkinməyə, yerli və beynəlxalq ictimaiyyəti bu olaya biganə yanaşmamağa çağırır.
Video “islamazeri.az” saytına məxsusdur.
İnformasiya şöbəsi