«Foreign Policy»: «Hökumət AŞ PA-nın hər sessiyasında dostlarına kürü paylayır»
Amerikanın məşhur xarici siyasət dərgisi Əliyev hakimiyyətini darmadağın etdi
«Avropa Şurasına üzv dövlətlər arasında ən çox saxtalaşdırılan seçki məhz Azərbaycanda keçirilib»
Amerikanın xarici siyasət üzrə ixtisaslaşmış “Forign Policy” jurnalı Azərbaycanda sülalə hakimiyyətinin hökm sürməsi, Əliyevlərin korrupsiyası, insan haqlarının acınacaqlı vəziyyətdə olması, müxalifətçilərin həbsxanaya salınması və s. məsələlərdən bəhs edən geniş məqalə hazırlayıb. “Xəzərin Karleoniləri; Azərbaycan diktatoru ABŞ və Avropanı necə ələ alır?” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
İlham Əliyevin böyük qızı Leyla Əliyeva Fars körfəzində malikanələrə sahib olmaqla yanaşı, həm də incəsənət və modaya hədsiz marağı var, eyni zamanda, jurnalistika ilə də məşğuldur. O, atası tərəfindən maliyyələşdirilən və Londonda nəşr olunan “Bakı” adlı moda jurnalının baş redaktorudur.
Əlbəttə ki, parlaq həyat tərzi keçirən Əliyeva PR agentlərinin xidmətlərindən istifadə edir. Məsələn, “Freud Communications” piar şirkətinin rəhbəri Matthew Freud. O, 2011-ci ildə Londonda Leyla Əliyevanı Britaniya elitasına tanıtmaq üçün tədbir təşkil edib. Britaniyanın satirik jurnalı olan “Private Eye”nin bu tədbiri “Kürü ilə zəngin London partisi” adlandırmışdı. Həmin tədbirdəki qonaqlar arasında lord Piter Mandelson, bp-nin keçmiş rəhbəri Braun, Böyük Britaniyanın mədəniyyət naziri Ed Vayzey və digərləri olub.
Kəmaləddin Heydərovun oğlunun Avropada xərclədiyi pullar
“Azərbaycanın Avropada lobbi işinə bu ölkənin son dərəcə varlı nazirinin oğlu, London iqtisadiyyat məktəbinin məzunu Tale Heydərov rəhbərlik edir. Tale nəzakətli və təhsillidir, şahzadə Harri ilə yaxşı münasibətləri var, lobbi işinə böyük pullar xərcləyir”, – deyə Qafqaz üzrə ekspert Oliver Bullou “Foreign Policy”ə açıqlamasında bildirib.
Tale Heydərov lobbi işinə əsasən “Avropa-Azərbaycan Cəmiyyəti” adlı təşkilat vasitəsilə həyata keçirir. Bu təşkilatın mənzil-qərargahı Londonda yerləşsə də, Paris, Istanbul, Berlin və Brüsseldə də ofisləri var.
ABŞ diplomatlarının Dövlət Departamentinə yazdıqları, sonradan “WikiLeaks” tərəfindən yayılan teleqramlarda bu təşkilat belə xarakterizə olunurdu: “Özlərini müstəqil təbliğat qrupu kimi təqdim etmələrinə baxmayaraq, Azərbaycan hökumətinin istifadə etdiyi arqumentləri əks etdirən fikirlər yayırlar”.
Tale və onun adamları son görüşlərdə Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, regionda insan haqları və demokratiya məsələlərinə ABŞ-ın ikili standartlarla yanaşmasından danışır.
Bunların piar agentləri də bir o qədər peşəkar deyil. “Avropa-Azərbaycan Cəmiyyəti”nin icraçı direktoru Lionel Zetter elektron poçt vasitəsilə “Foreign Policy”inin suallarını cavablandırarkən deyib ki, təmsil olunduğu təşkilatın Azərbaycandakı rejimlə bağlılığı yoxdur: “Bizim təşkilatın missiyası hökuməti yox, Azərbaycanı təbliğ etmək və Qərbi Avropa ilə əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir. Hər hansı ölkənin daxili siyasətinə qoşulmaq, ona şərh vermək bizim işimiz deyil”.
“Siz Azərbaycanı demokratik ölkə hesab edirsinizmi?” sualına Zetter belə cavab verib: “Azərbaycan müntəzəm olaraq, prezident, parlament və bələdiyyə seçkiləri keçirir. Bu da demokratiya göstəricisi sayıla bilər. Dünyanın heç bir yerində tam demokratiya yoxdur”.
“Avropa-Azərbaycan Cəmiyyəti” üçün deyəsən, Qərblə münasibətlərin möhkəmləndirilməsi Britaniyanın qanunverici orqanlarının üzvlərini, Avropa deputatlarını Bakıda keçirilən dəbdəbəli tədbirlərə aparmaqdan ibarətdir. Təəccüblü deyil ki, Azərbaycana aparılan avropalı məmurlar evlərinə hədiyyələrlə qayıdırlar. Məsələn, “The Guardian” yazır ki, bu təşkilat Mühafizəkarlar partiyasından olan deputatların Azərbaycana bir səfərinə 71 min 440 funt (təxminən 118 min 177 dollar) vəsait xərcləyib. Leyboristlərin səfəri isə təşkilata 9700 funta (15 min 978 dollar) başa gəlib.
Britaniya parlamentində kəşfiyyat və təhlükəsizlik xidmətlərinə nəzarət komitəsinin üzvü olan Mühafizəkar deputat Mark Fild “Avropa-Azərbaycan Cəmiyyəti”ndən illik 6000 funt (təxminən 10 min dollar) pul alıb. Fild Azərbaycanı ekstremizmlə mübarizə aparan, dini dözümlülük baxımından nümunəvi ölkə kimi tərifləsə də, bu ölkədə insan haqlarının vəziyyətindən bir kəlmə də danışmayıb.
“Foreign Policy” dəfələrlə onunla telefon və elektron poçt vasitəsilə əlaqə saxlamağa çalışsa da, cəhdlər nəticə verməyib.
ABŞ hökuməti Tale Heydərovun atasını çox yaxşı tanıyır. Bu da “Avropa-Azərbaycan Cəmiyyəti”nə Avropada Əliyev üçün tərəfdar toplamaqda çətinlik yaradır. ABŞ diplomatlarının Dövlət Departamentinə yazdığı, sonradan “WikiLeaks” saytının yayımladığı teleqramlarda Kəmaləddin Heydərovun bundan əvvəl rəhbərlik etdiyi Dövlət Gömrük Komitəsi “Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdən biri” kimi təqdim olunmuşdu. Kəmaləddin Heydərov bu sahədə yaratdığı mükəmməl rüşvət sistemi sayəsində, qeyri-qanuni ödənişlər hesabına çox böyük var-dövlət toplayıb.
Azərbaycan hökuməti Avropa Şurasındakıları necə satın alır?
Berlində yerləşən “Avropa Stabillik Təşəbbüsü” adlı analitik mərkəzin rəhbəri Cerald Knaus “Foreign Policy”ə açıqlamasında Avropa Şurasının Azərbaycanda insan hüquqları və demokratiya sahəsində baş verənlərə göz yummasından danışıb: “Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Mən soruşdum ki, Azərbaycanda insan haqlarının vəziyyətinə görə niyə heç kim səsini çıxarmır? Onlar hamısı cavab verdilər ki, insan haqları bizim üçün başlıca məsələ deyil. Əsas enerji maraqları, neft kəmərləri və bu qəbildən olan məsələlərdir”.
Bu yaxınlarda baş verənlər də deyilənləri sübut edir. Mayın 14-də Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçdi. Elə həmin həftə Azərbaycanda səkkiz gənc fəal uzunmüddətli həbs cəzasına məhkum edildi. Bu rejimin siyasi məhbuslarından ikisi Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərdir. Bunlardan biri Avropa Şurasının Bakıda siyasi araşdırmalar proqramının rəhbəri olmuş Ilqar Məmmədovdur ki, o, bu ilin martında 7 il azadlıqdan məhrum edildi. Digəri isə Anar Məmmədlidir. AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisinin verdiyi məlumata görə, prokuror Anar Məmmədli üçün 9 il həbs cəzası istəmişdi (o, 5 il 6 ay azadlıqdan məhrum edildi – red.).
“Human Rights Watch”ın Cənubi Qafqaz üzrə araşdırmaçısı Georgi Qoqia baş verənlərdən dəhşətə gəlib: “Avropa Şurasının ən ali dəyərlərindən biri insan hüquqlarının müdafiəsidir. Azərbaycan hökuməti Avropa Şurasının əsas standartlarını nümayişkəranə şəkildə pozduğu vaxtda Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ələ aldı”.
Knaus hesab edir ki, Azərbaycan hökuməti bu cür biabırçı siyasi teatr yaratmaqla açıq mesaj verir: “Siyasi rəqiblərinə göstərmək istəyir ki, biz heç kimdən, heç nədən utanmırıq, çəkinmirik. Siz də bunu qəbul etməlisiniz, hətta Avropanın demokratiya müdafiəçiləri də sizdən imtina edib”.
Azərbaycan prezidenti Avropa Şurasından öz rejimini xarici tənqidlərdən qorumaq üçün istifadə edir.
Əliyev yanvar ayında Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “Azərbaycanda siyasi məhbus yoxdur.
Yeri gəlmişkən, Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılacağına dair öhdəlik götürüb. Buna baxmayaraq, Azərbaycanda hələ də siyasi məhbuslar var və bu barədə qətnamə layihəsi ötən ilin yanvarında AŞ PA-da müzakirəyə çıxarıldı, lakin səsvermə nəticəsində qəbul olunmadı. Bu, AŞ PA tarixində ən çox deputatın iştirak etdiyi səsvermə idi. Əliyevi təbrik etmək olar, çünki bu qətnamə layihəsinin əleyhinə səs verənlərin çoxluğu onun apardığı lobbi işinin nəticəsi idi.
Kranusun sözlərinə görə, Azərbaycan hökuməti AŞ PA-da səsvermə zamanı deputatları ələ almaq üçün bütün mümkün vasitələrdən istifadə edir: “Adətən AŞ PA-da səsvermədə deputatların bir çoxu iştirak etmirlər. Azərbaycanla bağlı müzakirələrdə deputatların az qala hamısı qatılmışdılar. Çünki belə olan halda, Azərbaycan hökumətinin xeyrinə səs verənlərin sayı çox olurdu”.
Nəticədə, Azərbaycan hökuməti insan hüquqlarının pozuntusuna dair qətnamənin qarşısını ala bildi.
Bu cür yanaşma Avropa Şurasının özündə də fikir toqquşmalarına gətirib çıxarmışdı.
ATƏT müşahidəçilərini dəhşətə gətirən seçki saxtakarlığı
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu 2010-cu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilərkən ora uzunmüddətli müşahidə missiyası göndərən yeganə təşkilat idi. Onlar saysız-hesabsız saxtakarlıq faktlarını sənədləşdirmişdilər.
Seçki məntəqələrinin bir çoxunda qutudan çıxan bülletenlərin sayı həmin məntəqədəki siyahıda adları olan seçicilər və səsverməyə gələnlərdən xeyli çox olmuşdu. Cəzaçəkmə müəssisələrindən birində 1000 məhbusa bağlı zərflərdə doldurulmuş bülletenlər verilərək, qutuya atmaları tələb olunub. Məhbuslardan biri bundan imtina edib və nəticədə türmə nəzarətçiləri tərəfindən döyülüb. ATƏT müşahidəçilərinin izlədiyi seçki məntəqələrinin üçdə birində səslərin sayılması pis və ya çox pis olub. ATƏT müşahidəçilərindən biri deyib ki, o, ömründə qutuya bu qədər topa bülleten atılmasını görməmişdi.
“Avropa Stabillik Təşəbbüsü”nün hazırladığı “Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu?” adlı hesabatdan da görünür ki, Avropa Şurasına üzv dövlətlər arasında ən çox saxtalaşdırılan seçki məhz Azərbaycanda keçirilib.
Ötən ilin oktyabrında keçirilən və Əliyevin növbəti dəfə prezident elan olunduğu seçkidə də analoji saxtakarlıq halları baş verib. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun müşahidə tarixində ən pis seçki kimi yadda qalıb. Hətta seçkidən bir gün əvvəl Mərkəzi Seçki Komissiyasından mobil telefonlara Əliyevin 72,76 faiz səs üstünlüyü ilə qalib gəldiyi barədə mesaj göndərilib.
Lakin bütün bu faktlar Əliyevin Avropadakı təbliğatçılarını durdurmur. Onlara verilən bir “naharla” hər şey təmizə çıxarılır. AŞ PA-nın bu seçkini müşahidə missiyasının rəhbəri, Böyük Britaniyadan olan Mühafizəkar deputat Robert Uolter mətbuat konfransında belə bir seçkini “ədalətli və şəffaf seçki” adlandırıb.
Avropa Parlamentinin Azərbaycanda seçkini müşahidə etmiş və müsbət rəy vermiş 9 deputatla bağlı araşdırma aparıldı, onlardan altısının “Davranış Kodeksini kobud şəkildə pozduğu” barədə rəy verildi. Məlum oldu ki, onların səfərlərini Azərbaycan hökuməti və adları açıqlanmayan iki təşkilat maliyyələşdirib.
Indi Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik elədiyi bir vaxtda kürü ilə satın alıb “dostlar” qazanmaq daha açıq və iyrənc şəkildə baş verir. Sədr ölkə kimi, Bakıda qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, uşaqların insan hüquqları haqda maarifləndirilməsi mövzusunda bir sıra tədbirlər keçirilməlidir.
“Avropa Şurasının deputatları, tanınmış şəxslər Bakıya gedib prezident ailəsinə məxsus otellərdə qalacaqlar. Adının çəkilməsini istəməyən bir nəfər bizə dedi ki, Azərbaycan hökuməti AŞ PA-nın hər sessiyasında hər bir dostuna 400-600 qram kürü hədiyyə edir. Kürünün də 1 kiloqramı 1300-1400 avrodur”, – deyə Knaus bildirib.
Xəzərdən olan Karleoni…
Bütün bunlar London, Brüssel, Berlinin susqunluğu şəraitində baş verir. O ki qaldı ABŞ-a, “başqa ölkələrdə müxalifətçilərin, jurnalistlərin həbsə atılması, cəzalandırılması Vaşinqtonun milli maraqları ilə toqquşurmu” sualına bəzən cavab vermək çox çətin olur. Obama administrasiyası sadəcə, hələlik belə məsələləri prioritet hesab eləmir. Bununla belə, ABŞ hakimiyyətinin yüksək eşelonlarında təmsil olunan şəxslər bir sıra hallarda milli maraqlarla pərdələnərək, post-sovet ölkələrində neft-qazla zəngin oğru rejimlərlə əməkdaşlıq edirlər. “Xaç atası” filmində Maykl deyirdi ki, bu vaxta qədərki biabırçılıqlara baxmayaraq, cəmi beş il ərzində biz qanuni olacağıq. Xəzərdən olan Karleoni böyük pullar və təbliğat hesabına Qərbi inandıra bildi ki, onlar qısa müddət ərzində bu ölkədən çox şey qazanıblar. Faciə ondadır ki, bütün baş verənlər heç kimin vecinə deyil…