ABŞ-dakı səfirlik Azərbaycanın pullarını havaya sovurur; Amerikanın məşhur dərgisi hakimiyyəti darmadağın etdi
Amerikanın xarici siyasət üzrə ixtisaslaşmış “Forign Policy” jurnalı Azərbaycanda sülalə hakimiyyətinin hökm sürməsi, Əliyevlərin korrupsiyası, insan haqlarının acınacaqlı vəziyyətdə olması, müxalifətçilərin həbsxanaya salınması və s. məsələlərdən bəhs edən geniş məqalə hazırlayıb. “Xəzərin Karleoniləri; Azərbaycan diktatoru ABŞ və Avropanı necə ələ alır?” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Martın 12-də Xədicə Ismayılova yenidən Baş Prokurorluğa çağırıldı. Bu dəfə ardıcıl iki gün dindirildi. Suallar isə Ismayılovanın Bakıda ABŞ Konqresinin üzvlərilə görüşü barədə idi.
“Bunlar haranın itidilər ki, siz onlarla Azərbaycanın təhsil sistemi barədə müzakirələr aparmısız?” – Xədicə Ismayılovanın dediyinə görə, dindirmədə ona belə suallar ünvanlayıblar.
Bütün təqib və təzyiqlərə baxmayaraq, Xədicə Ismayılova əyilmir. Bu həmin Ismayılovadır ki, may ayında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstardan müsahibə götürmüşdü. Məhz o müsahibədə Morninqstar deyir ki, Azərbaycan insan haqları məsələsində Birləşmiş Ştatların dediklərini eşitmir.
Bu müsahibə səfirə işlədiyi ölkədə bir sıra xoşagəlməzliklər yaşatdı: Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev Morninqstarı diplomatik münasibətlərə dair Vyana Konvensiyasını pozmaqda ittiham etdi. Onun fikrincə, səfirin iradları “ölkənin daxili işlərinə kobud şəkildə müdaxilədir”.
Azərbaycanda qanunun aliliyi anlayışı yoxdur
Azərbaycan jurnalist araşdırmaları aparmaq üçün mövzu baxımından kifayət qədər münbit yerdir – elə ona görə də Əliyev rejimi buna imkan vermir. Ötən il “Transparency International”ın tərtib etdiyi şəffaflıq siyahısında Azərbaycan 177 ölkə arasında 127-ci yerdə qərarlaşmışdı – Rusiya ilə eyni səviyyədə.
Dünya Bankı hələ 2011-ci ildə bəyan etmişdi ki, “korrupsiya Azərbaycandakı hakim rejimin idarəçiliyinin tərkib hissəsidir. Bu idarəçilikdə heç bir oyunçu özbaşına, birtərəfli addım ata bilməz. Çünki onların hər biri hazırkı vəziyyətlərinə görə prezidentin çevrəsinə borcludur. Bu çevrənin etibarına xəyanət edənlər çox ağır şəkildə cəzalandırılır”.
Vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışmış keçmiş diplomat, hazırda isə hüquq müdafiəçisi olan Rebekka Vinsent deyir ki, Azərbaycana sərmayə qoymaq yatırmaq istəyən xarici investorlar bu ölkədə qanunun aliliyi anlayışının olmadığını bilməlidir: “Bu ölkədə kiminsə problemi məhkəmə müstəvisinə çıxsa, hüquqi prosedurlara əməl olunacağına, ədalətli qərar çıxarılacağına ümid etməsin”.
Azərbaycanda biznesə nəzarət edən üç ailə
Azərbaycanda idarəçilik insanların qorxu altında saxlanması, senzura, məhkəmə-hüquq sistemində saxta qərarların verilməsilə müşayiət olunur. Azərbaycan hökuməti daha çox xaricdə reputasiyasını təmizə çıxarmağa üstünlük verir. Və “Xaç atası” filmində olduğu kimi, bu da əsasən ailə biznesidir.
Xaricdə lobbi aparatına əsasən üç ailə nəzarət edir: Əliyevlər, o cümlədən birinci xanımın öz ailəsi olan Paşayevlər; nəqliyyat nazirinin rəhbərlik etdiyi Məmmədovlar (onun oğlu Anar Məmmədov əsasən ABŞ-da Azərbaycanla bağlı lobbi işinə nəzarət edir) və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Heydərovlar ailəsi. Yeri gəlmişkən, Heydərovun başçılıq etdiyi nazirlik ölkədə yanğınsöndürmə xidmətindən tutmuş, taxıl ehtiyatları, tikintiyə lisenziya verilməsinə qədər ən müxtəlif səlahiyyətlərə sahibdir. Avropa ölkələrində lobbi işinə isə onun oğlu Taleh baxır.
“Hansı biznesi araşdırırıqsa, bu üç ailədən birinə bağlı olduğu üzə çıxır”, – deyə Xədicə Ismayılova bildirib.
Amerika qanunları Birləşmiş Ştatlarda yerləşən lobbi təşkilatlarının üzərinə xarici hökumətlərdən aldıqları vəsaitlər barədə məlumat vermək öhdəliyi qoyur. Ədliyyə Nazirliyinin bu istiqamətdə məlumatlarını araşdırarkən aydın olur ki, nüfuzlu lobbi şirkətlərinin demək olar ki, hamısı Əliyevlərdən zəhməthaqqı alıb.
“Azərbaycan lobbisinin uğuru onların bu sahəyə külli miqdarda vəsait tökməsindədir”, – deyə “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” təşkilatının rəhbəri Elmar Şahtaxtinski bildirib.
ABŞ-dakı səfir hər ay 50 min dollar nəyə verib?
Obama administrasiyasının müşaviri Con Podestanın qardaşı Toni Podesta tərəfindən yaradılan və lobbi işi, ictimai əlaqələr üzrə fəaliyyət göstərən “The Podesta Group” artıq bir neçə ildir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin agenti kimi qeydiyyatdan keçib.
Bu il yanvarın 1-də şirkət səfirliklə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, səfirlikdən hər ay 50 min dollar alınacaq. Azərbaycanın Birləşmiş Ştatlar hökuməti və institutları ilə əlaqələri möhkəmləndirməsi üçün strateji məsləhətlər verilməsinin xərci də ayrıdır.
Azərbaycanın səfiri Elin Süleymanov və “The Podesta Group”un rəhbəri Entoni Podesta arasında imzalanmış bu müqaviləyə aprelin 15-də əlavə xidmətlərin göstərilməsinə dair bir sıra dəyişikliklər edildi.
“Foreign Policy” olaraq, səfirliklə müqavilənin şərtlərinin şərh olunması üçün “The Podesta Group”la əlaqə saxladıq. Onlardan soruşduq ki, belə bir xarici hökumətin lobbiçiliyilə məşğul olmağa razılıq verərkən “Human Rights Watch”, “Amnesty International” və digər beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqlarının vəziyyətinin getdikcə daha da pisləşdiyi barədə hesabatlarla tanış olublarmı? Bizə bildirdilər ki, Azərbaycan tərəfdən kimsə sorğumuzu cavablandıracaq. Lakin heç kim bunu eləmədi.
Vaşinqton, Brüssel, Hyustonda ofisləri olan “DCI Group”un da Azərbaycan səfirliyilə belə bir müqaviləsi olub. Lakin ötən il fevralın 22-də səbəb göstərilmədən müqaviləyə xitam verilib. 2012-ci il oktyabrın 22-də səfirin iqamətgahında “ABŞ iqtisadiyyatında Azərbaycanın rolu və Birləşmiş Ştatların terrorrizmə qarşı mübarizəsində Azərbaycanın dəstəyi” adı altında keçirilən şam yeməyi tədbirini də bu şirkət təşkil etmişdi. Qonaqlar ABŞ-ın bir sıra tanınmış simalarından ibarət olub.
“Foreign Policy” “DCI Group”un təmsilçisi Kreyq Stivenslə əlaqə saxlayıb. Səfirliklə müqaviləyə xitam verilməsilə bağlı suala Stivens belə cavab verib: “Müqavilənin şərtləri başa çatmışdı. Bizim səfirliklə yaxşı münasibətlərimiz vardı və səfiri dəstəkləyirik”.
“DCI Group” Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyəti, mətbuat və siyasi azadlıqların boğulması kimi məsələlərə görə narahatlıq keçiribmi? Bu suala isə o, belə cavab verib: “Mən bu məsələlərə baş qoşmaq istəməzdim”.
“DCI Group” yenidən səfirliklə işləmək üçün fəal axtarışdadır.
“Ikipartiyalı federal dövlət işləri və ictimai əlaqələr” üzrə fəaliyyət göstərən, Vaşinqton və Nyu-Yorkda yerləşən “Robeàti + White LLC” firması ARDNŞ-in Birləşmiş Ştatlardakı törəmə şirkətindən ayda 20 min 834 dollar olmaqla, altı ay ərzində ümumilikdə 125 min dollar pul alıb. Bu vəsait “ARDNŞ-in Birləşmiş Ştatlar hökuməti və institutları ilə əlaqələrinin möhkəmləndirilməsi üçün strateji məsləhətlərə” görə verilib.
Bundan başqa, lobbi şirkətləri amerikalı siyasətçilərin Azərbaycana səfərlərini təşkil edib.
Birləşmiş Ştatlarda Əliyevin təbliğilə məşğul olan ən aktiv qurum isə Amerika-Azərbaycan Alyansıdır. Hazırda bu qurumun sədri vaxtilə Indiana ştatından Respublikaçı konqesmen olmuş Den Bertondur. Təşkilatın saytına prezident Əliyevin şəkilləri yerləşdirilib.
Ədliyyə Nazirliyinin internet səhifəsinə yerləşdirilmiş məlumatlardan aydın olur ki, Amerika-Azərbaycan Alyansı “Fabiani & Company” lobbi şirkətinə “Azərbaycan, onun mədəniyyəti, xalqı barədə təbliğat işi və beynəlxalq münasibətlərə dair strategiya planının hazırlanması” üçün 2,4 milyon dollar pul verib. Ötən ilin oktyabrında Amerika-Azərbaycan Alyansının Vaşinqtonda təşkil etdiyi şam yeməyi tədbiri də bu şirkətin göstərdiyi xidmətlərin tərkib hissəsi olub. Deyilənə görə, həmin tədbirə 600-dən artıq qonaq çağırılıb ki, onların arasında diplomatik korpusun, analitik mərkəzlərin təmsilçiləri, elm və biznes adamları da olub. Şirkət 2012-ci ilin oktyabrından 2013-cü ilin mayına qədər Amerika-Azərbaycan Alyansından 800 min dollar xidmət haqqı alıb. Daha 664 min dollar təbliğata, o cümlədən “The Washington Post”, “Express” qəzetlərində reklamlara sərf olunub.
Əslində, Amerika-Azərbaycan Alyansı ilə “Fabiani & Company” eyni ünvanı bölüşür.
Ziya Məmmədovun oğlu və qardaşının biznesi
Amerika-Azərbaycan Alyansı təxminən iki il əvvəl Anar Məmmədov tərəfindən yaradılıb. Təşkilatın saytında o, “azərbaycanlı müstəqil biznesmen” kimi təqdim olunur.
O, nəqliyyat naziri Ziya Məmmədovun oğludur. Anar Məmmədov Azərbaycanda adı əvvəl “ZQAN” olan, hazırda isə “Qarant” adlanan holdinqə rəhbərlik edir. Bir sıra media orqanlarının yaydığı məlumata görə, bu holdinqin gəlirləri onun atasının rəhbərlik etdiyi nazirliklə müqavilələrdən gəlir. Anar Məmmədov və əmisi Elton Məmmədov başqa bir Məmmədovlar ailəsilə nəqliyyat, tikinti, idman kompleksləri, neft daşınmaları kimi sahələrdə şərikdir. Həmin Məmmədovlar “Baglan Group”un sahibidir.
“Baglan Group”un törəmə şirkətləri heç bir rəqabət olmadan, taksi və avtobusların alınması, yolların çəkilməsi və s. işlərlə məşğul olur. Bütün bu işlər üçün müqavilələr də Ziya Məmmədovun rəhbərlik etdiyi nazirliklə bağlanır. “Baglan” təkcə yol çəkilişi müqavilələrindən təxminən 1,3 milyard dollar gəlir götürüb.
Təsəvvür edin ki, “Baglan Group”un hüquqi ünvanı Azərbaycan Dövlət Dəmir Yol Idarəsinin ünvanı ilə eynidir. Bakıda sərnişin daşınmasının 20 faizinə “Baglan Group” nəzarət edir. 2012-ci ildə Bakı keçirilən “Eurovision” ərəfəsində bu şirkət hər biri 28 min dollardan 1000 ədəd London taksisi gətirdi. Yarışmadan sonra London taksilərindən başqa bu fəaliyyətlə məşğul olan digər avtomobillərə Bakının mərkəzində xidmət göstərmək qadağan edildi.
“Foreign Policy” həm Anar Məmmədovun özü, həm də “Baglan Group”la əlaqə saxlamağa cəhd göstərib. Lakin elektron poçt vasitəsilə göndərilən sorğulara cavab verilməyib.
“ZQAN Holding” həmçinin Bakı Beynəlxalq Avtovağzalının tikintisində də iştirak edib. Bura Anar Məmmədovun əmisi Elton Məmmədovun mülkiyyətinə daxildir. “Baglan Group”, “ZQAN Holding”, eləcə də “Bank of Azerbaijan” “Bakı” futbol klubuna sponsorluq edir. Klubun fəxri prezidenti Hfaiz Məmmədovdur.
“Baglan Group”un ən böyük müştərilərindən biri ARDNŞ-dir.
Şübhəli Əliyev
Ötən ilin dekabrında Londonda yerləşən “Global Witness” təşkilatı “Anonim Azərbaycan” adlı ətraflı hesabat yaydı. Hesabat son beş ildə ARDNŞ ilə 375 milyon dollarlıq iş görmüş 35 yaşlı Anar Əliyev haqda idi. Hələlik məlum deyil ki, bu adamın prezident ailəsilə əlaqəsi var, yoxsa yox. Çünki Əliyev Azərbaycanda ən geniş yayılmış familiyalardan biridir. Amma qeyd etmək olar ki, Anar Əliyev Naxçıvanda doğulub. Azərbaycan hökumətində təmsil olunanların çoxu, o cümlədən ARDNŞ-ə rəhbərlik edən Rövnəq Abdullayev, prezident Ilham Əliyev və onun mərhum atası da Muxtar Respublikadandır. Məlum olub ki, Anar Əliyevin ARDNŞ-lə ayrı-ayrı işlər üzrə 48 müqaviləsi olub. Bunlardan biri 2007-ci ildə ARDNŞ tərəfindən yarıdılmış “Socar Trading SA” neft emalı şirkətilə bağlıdır. Bu şirkət təkcə 2011-ci ildə
33 milyard 660 milyon dollarlıq gəlir götürüb. Hüquqi baxımdan bu şirkətin 50 faizi ARDNŞ-indir. Digər 50 faizin sahiblərindən biri də məhz Anar Əliyevdir.
Azərbaycanda jurnalistlər arasında rəsmən sübut olunmayan, amma geniş yayılmış fikir bundan ibarətdir ki, Anar Əliyev rejimə bağlı şəxslərdəndir.
Davamı növbəti sayımızda