Vətəndaşlar səsləri uğrunda mübarizəyə qalxdı; “İlham Əliyev getməlidir və gedəcək!”
9 oktyabrda keçirilən prezident seçkisinin total saxtalaşdırılmasına etiraz olaraq Demokratik Qüvvələrin Milli Şurası dünən mitinq keçirib. “Inşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda keçirilən mitinq ötən dəfəki aksiyalardan daha izdihamlı olması ilə fərqlənirdi. Görünür, xalq səsinin oğurlanmasına laqeyd yanaşmaq niyyətində deyil. Elə hakimiyyət də bunun fərqindədir və ona görə də mitinqin sonunda polis təxribata əl atdı. Bu barədə reportajın sonunda ətraflı danışacağıq.
Mitinqə gələnlərin arasında gənclərin çoxluq təşkil etməsi də qarabarıq şəkildə özünü biruzə verirdi. Gənclərin şüarları da kreativ idi: “Səs vermişik doğruya, Məzi (Məzahir Pənahov) yazıb oğruya”, “Əsədə ”hayır”, Ilhama “evet”, nerde bu ilahi adalet”, “Istəmirik biz səni, götür get sülaləni”, “Oğruların lideri səsimi qaytar geri”, “Ilxam tı vıbral sam sebya, no narod vıqnet tebya”, “Mənim prezidentim Cəmil Həsənli”.
Saat 16.00-a təyin edilən aksiya Milli Şuranın vahid namizədi Cəmil Həsənli və müxalifət liderlərinin gəlişindən sonra açıq elan edildi.
Azərbaycan xalqı və dünya birliyi bu oğrulara oğru deyir
Mitinqdə ilk çıxış edən AXCP sədri Əli Kərimli oldu. AXCP sədri bildirdi ki, Azərbaycanın sərvətini oğurlayanlar, oktyabrın 9-da xalqın səsini də oğurladı. Daha sonra Cəmil Həsənlinin prezident seçkisilə bağlı debatlardakı çıxışına toxunan Əli Kərimli bildirdi:
“Cəmil Həsənli tarix yazdı. 20 il işğal altında olan, hakimiyyəti qəsb edilmiş, bütün imkanlardan məhrum edilmiş bir xalqın içindən, bağrından çıxıb cəmi 21 gün ərzində 20 illik xanədanı tarimar etdi. Azərbaycan xalqının rəğbətini qazandı, Azərbaycan xalqı ona səs verdi”.
AXCP sədri daha sonra vurğuladı ki, hakimiyyət bu saxtakarlığa göz yumulacağını ictimai rəyə sırımaq üçün xalqı aldatmağa çalışırdı: “Istəyirdilər bizi inandırsınlar ki, həm Azərbaycan xalqının bütün qabaqda gedənlərini, həm dünyanın diplomatlarını, siyasətçilərini kürüləri ilə, neftləri ilə satın alacaqlar. Amma məlum oldu ki, ölkənin içində də, dünyada da yalnız o adamları satın ala bilirlər ki, onlar satılmaq istəyirlər. Həm Azərbaycan xalqının, həm də dünya birliyinin bütün dürüst insanları, haqqa dayaq insanları, ləyaqətli insanları bu oğrulara oğru deyirlər, bunlara saxtakar deyirlər, bunların elan elədiyi qələbəni tanımırlar, bu qələbəni sizin çaldığınızı hesab edirlər. Cəmil Həsənlidir qalib.
Əziz həmvətənlərim, baxın artıq bütün dünya bu saxtakarların üzünə deyib ki, saxtakardırlar. Təbiət, uca yaradan da bizimlədir. Görün nə gözəl hava var. Xalq da burada, lideri də burada, indi söz sizindir.
Əziz həmvətənlərim, biz zatən bilirdik ki, bunlar halal seçki keçirməzlər, seçkini saxtakarlaşdıracaqlar. Ona görə də birinci mərhələdəki işimiz bu rejimi axıra qədər ifşa edərək səslərin əksəriyyətini almaqla mənəvi-siyasi qələbə qazanmaq idi. Bundan sonra söz sizin, uca millətindir.
Əziz həmvətənlər, bizim uğurumuzun düsturu çox sadədir. Olduqca qabiliyyətli, xalqı təmsil etmək haqqı olan, cəsur, mərd prezidenbtliyə namizədmiz, indi isə artıq seçdiyiniz prezident Cəmil Həsənli müxalifətin bütün real strukturlarının birliyi, Milli Şuranın birliyi, Azərbaycanın uzun illərdən bərabər əziyyətini çəkib, bu diktaturanın qarşısına sinəsini gərmiş həmin o mübariz insanlarla yeni nəsil mübariz insanların birliyi, Azərbaycanda indiyə qədər milli demokratik düşərgənin ağırlıq yükünü çiynində daşımış insanlarla inanclı kəsimin birliyi və nəhayət xalqın birliyi, son sözü də bu seçkilərlə bağlı xalqın birliyi deyəcək, bizim mübarizəmiz davam edəcək, Azərbaycan xalqı nə qərar versə o olacaq. Var olun!
İlham, sən qırmızı xətti keçdin
Daha sonra Müsavat başqanı Isa Qəmbər söz aldı. Müsavat başqanı çıxışına Cəmil Həsənlini təbriklə başladı: “Mən hər şeydən əvvəl 2013-cü il prezident seçkilərinin qalibi professor Cəmil Həsənlini təbrik etmək istəyirəm. Eşq olsun, Cəmil bəyə!
Mən bu qələbənin təmin edilməsində insanları, təşkilatları təbrik etmək istəyirəm. On minlərlə müsavatçılar, cəbhəçilər, digər partiya və hərəkatların üzvləri, gənclər, xüsusən “Nida”çılar, ziyalılar, inanclı kəsim, eşq olsun sizlərə. Bu qələbəni siz təmin etdiniz!
Yadınızdadır ki, birinci mitinqdə Ilhamla söhbət etmək istəmişdim. Bu söhbəti davam etdirmək istəyirəm. Çünki mən həmin mitinqdə Ilhama təklif etmişdim ki, onun çıxış yolu, Azərbaycanın çıxış yolu öz namizədliyini geri götürmək və xalqa özünün həqiqi prezidentini seçməyə imkan verməkdir.
Bu Ilhamın özü üçün də, Azərbaycan üçün də yeganə düzgün qərar olardı. Ancaq bu təklifi dəyərləndirə bilmədi. Indi Ilhama yaxın adamlardan bizə xəbər gəlib ki, səhv etdik, dəyərləndirə bilmədik, indi nə edə bilərik? 2003-cü ildə sən Ilham mənim qələbəmi oğurladın! Xalqın səsini oğurladın! On ildir hakimiyyətdəsən, qazandığın nədir Ilham? Birincisi, milyardlarla pul qazandın, ikincisi də xalqın nifrətini qazandın! Itirən Azərbaycan oldu, Azərbaycan xalqı oldu, Azərbaycanın hər bir vətəndaşı oldu! Bu illər ərzində Qarabağın azad edilməsi istiqamətində bircə addım da ata bilmədin. Xalqımızın imkanlarımıza, sərvətlərimizə uyğun şəkildə xoşbəxt, firavan, azad yaşaması istiqamətində heç bir real addım atmadın. Azərbaycan xalqının xoşbəxt xalqlar içərisində yaşaması üçün heç bir addım atmadın və buna da imkan vermədin. Bu gün də yenə xalqın səsini oğurlamaq istəyirsən, xalqın seçim imkanını oğurlamaq istəyirsən, xalqın seçkidə səs verdiyi professor Cəmil Həsənlinin səslərini və qələbəsini oğurlamaq istəyirsən. Ancaq indi heç nə qazanmayacaqsan, əksinə, itirəcəksən. Xalqın nifrəti sənə qarşı daha da artacaq. Üstəlik, sən beynəlxalq birliyin etimadını itirmisən. Əgər 2003-cü ilkdə beynəlxalq aləmin bir hissəsi inanırdısa ki, sən Ilham nəsə islahatlar edəcəksən, cavansan, komandanı dəyişdirəcəksən, ancaq indi bu da yoxdur. Bu il təkcə demokratik qüvvələr deyil, beynəlxalq birlik də sənə mesaj verdi ki, bir adamın üçüncü dəfə prezident olması yolverilməzdir. Sənə bildirdilər ki, bu qırmızı xətdir və bu qırmızı xətti keçmək olmaz. Ilham, sən bu qırmızı xətti keçdin. Daha sonra biz razı olmasaq da, beynəlxalq birlik sənə dedi ki, heç olmasa seçkiləri azad və ədalətli keçir. Bunu da etmədin, edə də bilməzdin. Çünki özün də bilirsən ki, xalq sənə səs vermək fikrində deyil! Seçkiləri kütləvi şəkildə saxtalaşdırdın, ATƏT-in, əslinə qalsa dünyanın birbaşa zərbəsini aldın! ATƏT-in həmin bürosu çox aydın şəkildə bəyan etdi ki, bu seçkilıər beynəlxalq standartlara uyğun gəlmir, eyni zamanda seçki məntəqələrinin 58 faizində səslərin sayılması pis ya da çox pis olub. Bu nə deməkdir Ilham? Axı sən hər halda Moskvada beynəlxalq münasibətləri bitirmiş bir adamsan. Savadlı adam olmalısan. Bu 58 faiz nə deməkdir sənə aydın deyil? Bu o deməkdir ki, beynəlxalq birlik sənə deyir ki, sən seçilməmisən, seçkilər saxta keçirilib və sən legitim deyilsən! Sənin legitimliyin dünya tərəfindən tanınmayacaq. Söhbət səndən getsəydi başqa məsələ. Axı söhbət yenə də xalqın taleyindən gedir. Sənin hakimiyyətdə olduğun hər bir gün, hər bir ay, hər bir il Qarabağı bizdən uzaqlaşdırır. Xalqın milyonlarla neft, qaz sərvətlərini mənimsəyirsən, xalqın firavanlığına, həyat şəraitinin yaxşılaşdırılmasına xərclənəcək pullar sovrulub gedir. Bu günlər insanların, vətəndaşların həyatından gedir. Aydın məsələdir ki, buna biz imkan verməyəcəyik. Ona görə də sənə yenə çıxış yolu təklif etmək istəyirəm. Səni də, bütövlükdə Azərbaycan xalqını da bu prosesdən professor Cəmil Həsənli xilas edə bilər, demokratik düşərgə xilas edə bilər. Azərbaycan xalqı böyükdür, güclüdür, çünki ədalətlidir. Azərbaycan xalqı hər şeyə qadirdir, bizim mübarizəmiz davam edəcək, biz qalib gələcəyik, Azərbaycan xalqı qalib gələcək”.
Xalq doğrunu seçib
Növbəti çıxışçı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, nəticələrini qeyd etmək üçün meydandadır: “Bu gün burada toplantımızın əsas məqsədi Cəmil bəyin seçkisinin nəticələrini bir arada qeyd etməkdir. Cəmil bəy bu seçkinin qalibidir, kimsədə buna şübhə yoxdur. Cəmil bəyin qələbəsini təmin edənlər təkcə Milli Şuranın üzvləri deyil, təkcə onun təssübkeşləri və səsverən seçiciləri deyil, onun tərəfdarları, Azərbaycanda ona səs verənlər deyil, həm də dolayısı yolla Məkkədə aldadılmış olsa belə, öz haqq səsini ona vermiş öz dindarlarımızdır, zəvvarlarımızdır. Həm də Azərbaycandan kənarda olan beynəlxalq təşkilatlardır. Düzdür, Azərbaycan zəvvarları içərisində imanına, qəlbinə güvə düşənlər də var. Ona görə də azərbaycanlı zəvvarların duaları Allah tərəfindən eşidilmir. Ona görə ki, camaatımızın çoxu bəzən Allahla bəndə arasında, Allahla şeytan arasında seçim qarşısında qalırlar. Oradakı vəziyyət lap fənadır, buradakı YAP-çılardan fərqli olaraq. Ona görə ki, onlar təkcə insan qınağına görə deyil, əməllərinə görə Allah dərgahında da cavab verməlidirlər. Cəmil bəyin qələbəsi bizim üçün ona görə şəksizdir ki, biz bu seçkidə bütövlükdə təkcə seçici kimi iştirak etmədik, bu seçkidə təkcə təşkilatçı kimi iştirak etmədik. Həm də qısa müddət də olsa müşahidəçi olduq. Bu müşahidəçilik zamanında da gördüklərimzi gördük. Mən niyə belə danışıram? Ona görə ki, nə deyilməli idisə Cəmil bəy hamısını 6 dəqiqəlik çıxışında dedi. Yeni bir şey deməyə ehtiyac qalmadı. Ona görə ki, mitinqdə çıxış edənlər istər bugünki, istərsə də bundan öncəki mitinqdə bütün məsələləri dedi. Bir əməl qalmışdı, sağ olsun Azərbaycan seçiciləri onu da 9 oktyabrda etdilər. Çox sağ olsunlar ki, seçimlərini doğru və dürüst etdilər. Eşq olsun doğru seçim edənlərə! Eşq olsun həmişə doğru yolda olanlara! Mən inanıram ki, inşallah bu doğru seçim edənlər bizim, Azərbaycanımız, bütövlükdə regionumuz üçün çox önəmli olacaq. Cəmil bəyi mən də təbrik edirəm və təşəkkür edirəm bugünki gündə bir arada olduğumuza görə”.
Dəyərlər uğrunda mübarizə aparanlara qalib gəlmək mümkün deyil
“El” Hərəkatının sədri Eldar Namazov bildirdi ki, artıq siyasi və mənəvi qələbə əldə edilib: “Bu qələbə üçün çalışan minlərlə insanla yanaşı, bu qələbənin əsas müəllifi hörmətli ziyalımız Cəmil müəllimi salamlayaq, ona öz təşəkkürümüzü bildirək. Mən əminəm ki, biz bu mübarizədə axıra qədər gedəcəyik. Mənəvi, siyasi qələbəni legitim qələbəyə çevirməyi bacaracağıq. Ona görə ki, bizimlə mübarizə aparanlar, bu vəzifə uğrunda mübarizə aparırlar, biz isə dəyərlər uğrunda mübarizə aparırıq. Azərbaycan xalqının maraqları uğrunda mübarizə aparırıq. Dəyərlər uğrunda, xalqın maraqları uğrunda mübarizə aparanlara qalib gəlmək mümkün deyil. Eşq olsun sizin hamınıza!
Biz bu seçkilərə “Bəsdir” şüarı ilə getmişdik. Ancaq bizim rəqiblərimiz “Davam” şüarı ilə getmişdi. Onlar nəyə davam deyirdilər? Rüşvətxorluğa davam, talançılığa davam, insan haqlarının pozulmasına davam. Ancaq biz Cəmil müəllimin başçılığı ilə bu mübarizəyə qatıldıq və onlara göstərdik ki, “Bəsdir” nə deməkdir. Növbəti mərhələdə biz onlara “Davam” nədir başa salmalıyıq. Biz demokratiya uğrunda, insan haqları uğrunda, Azərbaycan xalqının maraqları uğrunda bu mübarizəni davam etdirməliyik. Əminəm ki, bütün millətlə bir yerdə yaxın gələcəkdə, mənəvi-siyasi qələbəmizi legitim, hüquqi qələbəyə çevirəcəyik”.
Azərbaycandakı dikatura ən oğru, ən talançı, ən soyğunçu diktaturadır
Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənli çıxış etdi: “Sevgili millət, uca xalq! 9 oktyabr sınağından üzü ağ və şərəflə çıxan Azərbaycan xalqına eşq olsun. Mən sizi əmin edirəm ki, 9 oktyabrdan sonrakı Azərbaycan 9 oktyabra qədərki Azərbaycan olmayacaq. Yeni bir Azərbaycan doğulur. Biz bu oğru, kriminal, korrupsioner, rüşvətxor rejimdən bundan artıq bir şey gözləmirdik. Dəyərli vətəndaşlarımız, 9 oktyabrda millətimiz iradəsini ortaya qoydu. Milli Şuranın namizədinə səs verdi. Bu Azərbaycanda qüvvələr nisbətinin açıq göstəricisidir. Bu Azərbaycan müxalifətinin böyük bir güc mərkəzi olduğunun aydın təzahürüdür. Fəqət 9 oktabrda heç bir ədalət, heç bir hüquq, heç bir əxlaqa sığmayan bir hərəkət baş verdi. Azərbaycan xalqının seçim haqqı oğurlandı. Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq haqqı əlindən alındı və hakimiyyətin mənimsənilməsi prosesi baş verdi. Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir və bunu törədənlər ən ağır cinayətkarlardır. Bu adamların Azərbaycan xalqının, Azərbaycan millətinin ləyaqəti ilə, şərəfi ilə, seçim haqqı ilə və demokratik dəyərlərə sədaqəti ilə oynamaq haqqı yoxdur, bu haqqı onlara heç kim vermir. Xalqımız seçim haqqını özünə qaytarmalıdır, öz haqqını bərpa etməlidir. Bugünki mitinq bunun açıq təzahürüdür.
Dəyərli dostlar, mən bu tribunadan sizə dəfələrlə demişəm ki, biz kriminal, oğru, intellektsiz, düşüncəsiz, milli düşüncədən uzaq, antimilli bir rejimlə üz-üzə dayanmışıq. 20 il Azərbaycan xalqı buna dözdü. Bundan sonra öz xalqının seçim haqqını, iradəsini zorlayan diktatorlara Azərbaycanda yer yoxdur. Ilham Əliyev getməlidir və gedəcək!
Bəzən Azərbaycan diktatorunu Belarusiyada Lukaşenko ilə müqayisə edirlər, ərəb şeyxləri ilə müqayisə edirlər. Fəqət onlar da dikatorlardır. Amma hələ bu günə kimi heç kəs Lukaşenkonun öz xalqından oğurladığı milyardları heç yerdə tapmayıb. Lukaşenko diktatordur, lakin eyni zamanda öz xalqının yaşam haqqını öz ölkəsinin qaydaları çərçivəsində təmin edir, ətrafında olan korrupsioner və oğrulara qarşı öz sözünü deyir. Bizim dikator öz ətrafındakı oğruların girovuna çevrilib. Onlar tərəfindən idarə olunur. Azərbaycanda oğrulara yer yoxdur.
Ərəb şeyxləri neftdən gəlir götürürlər. Amma bu gəlirlərin bir hissəni öz xalqlarına da verirlər. Fəqət hətta diktator rejimləri içərisində Azərbaycandakı dikatura ən oğru, ən talançı, ən soyğunçu diktaturadır. Belə diktaturaya Azərbaycanda yer ola bilməz.
Biz ayın 9-da səhər tezdən, seçki qutuları açılmazdan əvvəl seçki saxtakarlığının şahidi olduq. Görün bunlar nə qədər harınlaşıblar, görün bunlar nə qədər milləti təhqir edirlər. Seçkilərdən bir gün əvvəl seçkilərin nəticəsini müəyyən edib Mərkəzi Seçki Komissiyasının saytına qoymuşdular. “App rüsvayçılığı” (application, söhbət MSK-nın android sistem üçün hazırlanmış proqramından gedir. Məhz həmin proqramda Ilham Əliyev qalib elan edilmişdi. Qurumun informasiya xidmətinin səhvi üzündən bu, oktyabrın 8-də, yəni seçkidən bir gün əvvəl yayımlanmışdı) bu məmləkətin üzərindədir, “app rüsvayçılığı” Azərbaycan diktatorunun üzərindədir. Azərbaycanı bu rüsvayçılığa sürükləyənlərə ar olsun.
Dəyərli dostlar, biz istisnasız olaraq Azərbaycanın bütün seçki dairələrindən, bütün seçki məntəqələrindən məlumat almışıq. Yüzlərlə Ilham Əliyevin xeyrinə qeyd olunmuş bülletenlər bizim əlimizdədir. Bir gün əvvəl onlar ayrı-ayrı adamlara paylanılıb ki, ayın 9-da seçki qutularına atılsın. Biz bu gün artıq 2500-ə qədər seçki məntəqəsindən müşahidə missiyamızın sənədlərini almışıq.
Bu rüsvayçılığı Azərbaycanın başına gətirən seçki komissiyaları öz cəzalarını alacaqlar
Aldığımız bütün seçki məntəqələrində seçkinin total şəkildə saxtalaşdırılıdığı, Ilham Əliyevin xeyrinə topa-topa bülletenlərin atıldığı, bu saxtakarlığın bilavasitə seçki komissiyalarının üzvləri tərəfindən, eyni zamanda Azərbaycanı bu günə salmış Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən edildiyi təsdiq edildi. Bunlar bu cinayətə görə cavab verməli olacaqlar və Azərbaycan xalqı heç vaxt öz hüququnun bu formada tapdalanmağına dözməyəcək. Eşq olsun Azərbaycan xalqına!
Aldığımız məlumatlar nədən ibarətdir. Seçkiyə aşağı yuxarı 20 faiz vətəndaşımız çıxıb və səs verən vətəndaşlarımızın 65-70 faizi Milli Şuranın namizədinə səs verib. Bu artıq sənədlərlərlə təsdiq olunur.
Mərkəzi Seçki Komissiyası Məzahir Pənahov başda olmaqla hakimiyyətin mənimsənilməsi prosessində iştirak edir. Hakimiyyətin mənimsənilməsinə seçki adı altında qanuni don geyindirməyə çalışırlar. Buna görə Pənahov başda olmaqla MSK başda olmaqla, bu rüsvayçılığı Azərbaycanın başına gətirən seçki komissiyaları öz cəzasını alacaqlar.
Dəyərli dostlar, tələbimiz ondan ibarətdir ki, ayın 9-da seçkinin mənimsənilməsi, hakimiyyətin mənimsənilməsi prosesi baş verdiyi üçün bu seçkilər ləğv edilməli və yeni prezident seçkisi elan edilməlidir.
Bunu tək biz demirik, bunu eyni zamanda seçki müşahidəsi aparmağa yeganə mandatı olan ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu deyir. Əminliklə deyirəm ki, Azərbaycandakı seçki saxtakarlığının heç üçdə biri də ATƏT-in ilkin arayışında əks olunmayıb. Amma əks olunanlar bu seçkini ləğv etmək və yeni seçkilər keçirmək üçün yetərlidir.
Indi hakimiyyətin mənimsənilməsi prosesi ATƏT-in ilkin rəyində əks olunduqdan sonra baxın Azərbaycan hakimiyyətinin özünə tərəfdaş hesab elədiyi Amerika Birləşmiş Ştatlarının Dövlət Departmentindən hansı rəy gəldi. Britaniya Xarici Işlər Nazirliyindən hansı rəy gəldi. Amerika Konqresinin Helsinki Komitəsindən hansı rəy gəldi. Avropa Birliyinin Xarici Siyasət Komissarlığından hansı rəy gəldi. Genişlənmə və Qonşuluq Komissarlığından hansı rəy gəldi. Ümid edirik ki, belə rəylər dünyanın demokratik kəsimindən gələcək və onlar seçki, səs oğurluğu ilə məşğul olmuş, Azərbaycanda prezidentlik institunu qeyri-legitim bir vəziyyətə salmış korrupsioner hökumətlə əməkdaşlıq etməyəcəklər.
Bu saxtakar rejimin girovuna çevrilmiş Avropa Parlamentinin və Avropa Şurasının üzvləri öz ölkələrində ifşa olunacaq
Dəyərli dostlar, Azərbaycan hakimiyyətinin törətdiyi saxta seçkilərlə bağlı, hakimiyyətin mənimsənilməsi ilə bağlı istər mitinqlər formasında, istər hüquqi formda, istər siyasi müstəvidə biz öz mübarizəmizi davam etdirəcəyik. Ayın 14-dən başlayaraq mənim Brüsselə, Strasburqa, müxtəlif Avropa mərkəzlərinə qısa müddətli səfərim var. Oradan döndükdən sonra noyabr ayının birinci 10 günlüyündə Amerika Birləşmiş Ştatlarına səfərim gözlənilir.
Mən böyük təəssüf hissi ilə demək istəyirəm ki, bir sıra beynəlxalq təşkilatlar, bir sıra ölkələrin nümayəndələri Azərbaycandakı seçkilərə müsbət rəy verməklə özlərinin mahiyyətini bir daha ortaya qoydular və bəlli oldu ki, onlar da Azərbaycanın korrupsioner hakimiyyəti tərəfindən idarə olunur. Mən ilk növbədə Avropa Şurasının seçki müşahidəsini qeyd etmək istəyirəm.
Dəyərli vətəndaşlar, 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü olanda biz ümid bəsləyirdik ki, Avropa Şurası Azərbaycanı öz qaydalarına uyğunlaşdıracaq. Amma əksi baş verdi. Azərbaycan Avropa Şurasını öz qaydalarına uyğunlaşdırdı. Baxın, kürü diplomatiyası, ayrı-ayrı Avropa Parlamentinin üzvlərinin Azərbaycanla bağlı natəmiz əməlləri ilə bağlı faktlar var. Bu məsələlər ən yüksək səviyyədə müzakirə ediləcək. Azərbaycana münasibətdə bu saxtakar rejimin girovuna çevrilmiş Avropa Parlamentinin və Avropa Şurasının Müşahidə Missiyasının üzvləri öz ölkələrində də ifşa olunacaqlar, öz ölkələsinin ictimaiyyəti qarşısında cavab verəcəklər. Mən sizə burda 2 il yarım bundan qabaq baş vermiş bir hadisəni yadınıza salmaq istəyirəm. 2010-cu ilin parlament seçkilərindən sonra Isveçrədən olan Avropa Şurasının Komitə sədri Dik Marti beynəlxalq konfransların birində açıq şəkildə dedi ki, 2010-un parlament seçkilərinə müsbət rəy verməkdən ötrü Azərbaycan hakimiyyəti mənə rüşvət təklif etdi, mən bundan imtina etdim. Lakin, əmin deyiləm ki, Avropa Şurasında təklif olunanların hamısı bundan imtina edib.
Bu məmləkətdə Rəsulzadənin ideyaları hakim olacaq
Vaxtınızı alıb bir nümunəyə də toxunmaq istəyirəm. Türkiyədə Mərmərə qrupu var. Gəlib burda seçkilərə rəy verəndə yazıb ki, belə şəffaf seçkilər nəinki Azərbaycanda, bütün Qafqazda, bütün türk dünyasında, bütün Avropada ola bilməz.
Mərmərə qrupunun başçısına hansı tarixdə, hansı Azərbaycan məmuru tərəfindən, hansı miqdarda pul çatdırılması barədə bizdə dəqiq məlumatlar var. Bu məlumatların hamısı açılacaq.
Dəyərli dostlar, biz Müşahidə Missiyamızın fəaliyyəti ilə tanış olanda heyrət bürüdü bizi. Milli Şuranın Müşahidə Missiyasının üzvləri bir sıra seçki məntəqələrində seçkilərə buraxılmamışdı. Əgər bunlar öz qələbələrinə əmin idilərsə nədən qorxurlar. Müşahidəçi adı altında, YAP öz partiyasının adını bilməyən təsadüfi adamları məntəqələrə doldurmuşdu. Bunlar seçki günü “karusel əməliyyatı” ilə məşğul olublar. Onları “karusel” formasında yola salacağıq.
Tələbimiz nədən ibarətdir? 10 il ərzində işğal altında olan torpaqlardan 10 metrini azad edə bilməyən bir hakimiyyətin bundan sonra görəvdə qalmağa nə mənəvi, nə hüquqi, nə də siyasi haqqı var. Ərazisi işğal olunan bir məmləkətin korrupsiyaya qurşanan hökumətinin bundan sonra hakimiyyətdə qalmağa haqqı yoxdur. Bu hakimiyyət getməlidir və gedəcək! Bu vətən Rəsulzadənin vətənidir, bu millət Rəsulzadənin millətidir, bu məmləkətdə Rəsulzadənin ideyaları hakim olacaq. Mübarizəmiz davam edəcək. Bu seçkilərin nəticələri ləğv edilməlidir. Azərbaycanda yeni seçkilər təyin edilməldir. Sizinlə birlikdə biz qələbəyə doğru gedəcəyik”.
Polis və mülki geyimlilərin təxribatı
Cəmil Həsənlinin çıxışından sonra mitinqin qətnaməsi oxundu. Qətnamədə əsas tələb 9 oktyabrda keçirilən seçkinin nəticələrinin ləğv olunması idi. Daha sonra ənənəvi olaraq Koroğlu üverturası səsləndirildi və mitinq sona çatdı.
Insanlar meydandan çıxarkən mitinq iştirakçıları arasında olan mülki geyimli polislər kütlənin içərisindən iştirakçılara təzyiq edərək tez keçmələrini, yolu bağladıqlarını deyərək irad bildirirdi. Buna etiraz edən iştirakçıları əllərindən tutaraq yerdə sürüməyə başladılar. Daha sonra polislər “Inşaatçılar” metrosunun içinə daxil olaraq oradakı insanları məcburi küçəyə çıxardılar. Saxladıqları mitinq iştirakçılarını metronun içində döyməyə başladılar. Polis hadisəni çəkmək istəyən jurnalistlərə qarşı da kobudluq etdi. Bu hadisələri xarici medianın nümayəndələri də lentə aldı.
Haftaichi.az saytının əməkdaşı Tural Qurbanlı ilə polis arasında insident baş verdi. Polis jurnalistə fiziki təzyiq göstərərək maşına aparmaq istədi, amma ərazidə olan insanlar buna icazə vermədilər. Jurnalist Emil Nihil də peşə fəaliyyətini yerinə yetirən vaxt polis zorakılığına məruz qaldı. Polis ona ağır yetirdi. Jurnalist Respublika Klinik Xəstəxanasına aparıldı. Sonradan gələn məlumata görə, onun alt çənəsinə tikiş vurulub. Polis Elman Türkoğlunun ayağından vuraraq ona xəsarət yetirdi. Metroya gələn və gedən yolların hamısı bağladılar. Avtobuslara dayanacaqda saxlamamaq tapşırıldı. Xüsusi xidmət orqanlarının nümayəndələri də hadisələri videoya çəkdi.
Təxminən 11 nəfər saxlanıldı. Onlar Yasamal rayon Polis Idarəsinə aparıldılar.
Günün sonunda saxlanılan şəxslərin hamısı sərbəst buraxılıb. 10 nəfərin hər birinə 51 manat cərimə yazılıb. Yalnız saxlanılanlardan biri YAP üzvü olduğu üçün polis bölməsindən tez bir zamanda uzaqlaşdırılıb.
Saxlanılanların “Azadlıq”a verdiyi məlumata görə, onları həm meydanda, həm də idarəyə aparılan zaman avtobusda döyüblər.
Bəyim Həsənli,
Ramin DEKO