Dövlət Departamentinin hesabatında Gülər Əhmədova ilə bağlı qalmaqal da əksini tapıb
Sənəd müəllifləri Əli Kərimlinin pasport məsələsinə görə Avropa Məhkəməsini tənqid etdi
ABŞ Dövlət Departamenti 2012-ci il üzrə dünyada insan haqlarının vəziyyətinə dair hesabatını yayıb. Hesabatın Azərbaycana aid hissəsindən əsas məqamları təqdim edirik:
“Prezident hökmranlıq edir”
Hesabatın xülasəsində deyilir:
Azərbaycan, Konstitusiyasına görə, prezident tipli respublikadır. Qanunverici hakimiyyət Milli Məclisə (parlament) məxsusdur. Praktikada prezident icraedici, qanunverici və məhkəmə hakimiyyətləri üzərində hökmranlıq edir.
2010-ci ilin parlament seçkiləri ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra mühüm standartlarına cavab verməyib. Ölkədə 50-dən artıq siyasi partiya olsa da, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə hökmran mövqeyə sahibdir.
Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın 7 başqa rayonunu nəzarətdə saxlamaqda davam edirlər. Dağlıq Qarabağın yekun statusu ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinin predmeti olaraq qalır.
Həbsxana və polis idarələrində işgəncədən adamlar ölür
Il ərzində insan haqları ilə bağlı əsas problemlər bunlar olub:
1. Ifadə azadlığının məhdudlaşdırılması, o cümlədən, jurnalistlərə, hüquq müdafiəçilərinə və demokratiya fəallarına qarşı hədə-qorxu, həbs və gücdən istifadə.
2. Sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması. Hakimiyyət 2011-ci ilin yazındakı etiraz aksiyalarında həbs olunanları azad edəndən və 3 dinc nümayişə razılıq verəndən sonra Bakının mərkəzinə yaxın yerlərdə aksiyaların keçirilməsini məhdudlaşdırıb, başqa dinc siyasi etiraz vasitələrini mütəmadi inkar edib, sanksiyalaşdırılmamış nümayişlər zamanı aşırı gücdən istifadə edib və bir qayda olaraq, nümayişçiləri həbs edib.
3. Ədalətsiz mühakimə, o cümlədən, əsassız həbs və saxlanmalar, siyasi motivli həbslər, lazımi hüquqi prosedurların olmaması, məhkəmə sisteminə icraedici hakimiyyətin təsiri, məhkəməyə qədər uzunmüddətli saxlamalar.
Hakimiyyət mülkiyyət hüququna münasibətdə lazımi prosedurları gözləməyib, nəticədə məcburi köçürmələrə, binaların şübhəli əsaslarla sökülməsinə yol verilib, sakinlərə əmlakları müqabilində adekvat kompensasiya verilməyib.
Insan haqları sahəsində digər problem həbsxana və polis məntəqələrində işgəncə və qəddar rəftarla bağlıdır. Bunun nəticəsində ötən il ən azı 4 nəfər ölüb.
Bundan başqa, şəxsi həyata özbaşına müdaxilələr, bir neçə qeydiyyatsız müsəlman və xristian qruplarının dini azadlıqlarının pozulması, siyasi fəaliyyətin məhdudlaşdırılması, dövlət idarəçiliyinin bütün səviyyələrdə korrupsiyalaşması, insan haqları sahəsində QHT-lərin qeydiyyatına maneələrin yaradılması, qadınlara qarşı zorakılıq və insan alveri də əsas problemlərdəndir.
Məruzənin korrupsiyaya aid hissəsində mülki xidmətdə, nazirliklərdə və hakimiyyətin ali eşelonlarında korrupsiyanın geniş yayıldığı və cəzasız qaldığı qeyd edilir.
Həmçinin hakimiyyət insan haqlarını pozan məmurlara qarşı da heç bir tədbir görməyib, ümumiyyətlə, cəzasızlıq problem olaraq qalır.
Qanunlara QHT-lərin işini çətinləşdirən düzəlişlər də ciddi narahatlıq doğuran hal kimi hesabatda öz əksini tapıb. Qeyd olunub ki, bu qəbildən olan düzəlişlər 1000-ə yaxın qeydiyyatdan keçməmiş QHT-lərin fəaliyyətinə ciddi maneələr yaradır.
Siyasi partiyalar haqqında qanun da müxalifət partiyalarının imkanlarını məhdudlaşdırır. Bir il ərzində polis müntəzəm olaraq müxalifətin regional tədbirlərini pozub.
Qanunu pozan məmurlar cəzalandırılmır
Hesabatın “Şəxsiyyət toxunulmazlığına hörmət” bölməsində də qanunsuz həbslər, polis məntəqələri və həbsxanalarda şübhəli ölümlər, orduda zorakılıqların geniş yayılması və bir çox hallarda ölümlərə səbəb olması, ötən il orduda baş verən itkilər haqda məlumat verilir, bu sahədə pozuntulara görə cəzasızlığın davam etdiyi qeyd olunur.
Daha sonra Dağlıq Qarabağın işğalı faktına toxunulur, münaqişə nəticəsində 4000 nəfərdən çox Azərbaycan vətəndaşının itkin kimi qeydə alındığı bildirilir.
Işgəncə və zorakılıq, qeyri-insani və alçaldıcı rəftarla bağlı hissədə təbii fəlakətdən ziyan çəkən bölgələrdə araşdırma aparan “Kür” Vətəndaş Cəmiyyətinin Sabirabaddan olan fəalı Ilham Əmiraslanovun həbsi və bundan sonra onun başına gələnlər; hərbi hissələrdə zorakılıqların geniş yayılması (ötən ilin iyulunda ölən 19 yaşlı əsgər Ismayıl Ibayev nümunə göstərilməklə) barədə məlumatlar yer alır. Qeyd olunub ki, ötən il 77 hərbçi qeyri-döyüş şəraitində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılığa yol verir
Hesabatda Azərbaycanda həbsxana və təcridxanalardakı şərait barədə ayrıca bənd var. Həbsxanalardakı problemlər kimi onların həddindən artıq sıxlığı, havalandırmanın pis olması, məhbuslara qarşı fiziki təzyiq və onların hüquqlarının pozulması qeyd edilib. Monitorinq həyata keçirilən illər ərzində 621 məhbusun ölümünün əsas səbəbi vərəm, xərçəng və ürək xəstəlikləri olub.
Bundan başqa, ötən il Bakıda “Eurovision” ərəfəsi, eləcə də oktyabr-dekabr aylarında korrupsiyaya qarşı etiraz aksiyalarında polis nümayişçilərə qarşı həddindən artıq gücdən istifadə edib.
Hüquq-mühafizə orqanı əməkdaşlarının saxlanılanlara qarşı qanunları pozmasına nümunə kimi, göstərilib ki, “Tolişi-Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov əvvəl narkotik alveri ittihamı ilə 3 ay müddətinə həbs olunub, amma sonradan ona qarşı ittihamı dövlətə xəyanət maddəsinə dəyişiblər.
Hakimlərə qarşı rüşvət ittihamı
Hesabatın “Ədalətli məhkəmə araşdırmasından imtina” bəndində deyilir:
– Icraedici hakimiyyət məhkəmə sisteminə güclü təsir göstərməkdə davam edir. Ədliyyə Nazirliyi hakimliyə namizədlər arasında imtahan keçirən Məhkəmə-Hüquq Şurasına nəzarət edir.
Etibarlı hesabatlar göstərir ki, hakimlər və prokurorlar Prezident Administrasiyası və Ədliyyə Nazirliyindən təlimatlar alıblar. Hakimlərin bir qayda olaraq, rüşvət aldıqları da həmin hesabatlarda əksini tapıb.
Qanun dövlət, kommersiya və professional sirlərin, şəxsi və ya ailə məsələlərinin olmadığı bütün proseslərin açıq keçirilməsinə təminat verir. Lakin bu, praktikada hər zaman tətbiq olunmur.
Hakimlər adətən, hökmü açıq şəkildə oxumur, qərarlarını əsaslandırmır və müttəhimlərə izah etmirlər.
Konstitusiya dövlət ittihamçıları və vəkillər üçün eyni status nəzərdə tutsa da, praktikada prokurorların üstünlüyü təmin olunur. Hakimlər mülki və cinayət işlərində vəkilləri prosesdən kənarlaşdırmaq hüququnu saxlayırlar.
Qanun Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərin cinayət işləri üzrə məhkəmə proseslərində iştirakını qadağan edir. Kollegiyanın Rəyasət Heyəti nizam-intizamla əlaqədar vəkilləri vəkillikdən məhrum etmək və ya onların fəaliyyətlərini dayandırmaq hüququna malikdir. Rəyasət Heyəti 2004-cü ildə 5 il müddətinə seçilib və səlahiyyət müddəti 2009-cu ildə başa çatıb. Buna baxmayaraq, hələ də yeni seçkilər keçirilməyib. Il ərzində Rəyasət Heyəti 2 vəkili Kollegiyadan çıxarıb.
Avropa Şurasının məruzəçisini Azərbaycana buraxmayıblar
Hesabat müəllifləri yazır ki, ölkədə siyasi məhbuslar ciddi problem olaraq qalmaqdadır. Onların sayı daim dəyişir. Hakimiyyət bir neçəsini azad edir, əvəzində başqalarını həbs edir. Müxtəlif qiymətləndirmələrə görə 2012-ci ildə siyasi məhbusların sayı 10 nəfərdən 100 nəfərə qədər olub.
Yada salınır ki, hökumət ötən il demokratiya fəalı Bəxtiyar Hacıyevi və “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının “vicdan məhbusu” elan etdiyi digər 14 fəalı həbsdən azad edib.
Ötən ilin aprelində keçirilən 3 razılaşdırılmamış etiraz aksiyası zamanı yerli polis ən azı 12 fəalı aksiyalara bir neçə gün qalmış saxlayıb və onlara 6-15 gün arası inzibati həbs cəzası verilib.
Mayın 25-də “Eurovision”ın final axşamı keçirilən səssiz etiraz aksiyası zamanı polis 40-60 fəalı saxlayıb. ATƏT-in verdiyi məlumata görə, fəallardan 3-ü 5-6 sutka inzibati həbs cəzası alıb.
Payızda korrupsiya əleyhinə keçirilən 4 etiraz aksiyasında çoxlu sayda saxlamalar və inzibati həbs cəzaları olub. Məsələn, KIV-in məlumatına görə, 19 noyabr aksiyasında 50-70 nümayişçi saxlanılıb.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin monitorinq keçirmək üçün Azərbaycana buraxılmaması da hesabat müəlliflərinin diqqətindən yayınmayıb.
Hökumət “Azadlıq”ı bağlanmaq təhlükəsilə üz-üzə qoyub
Hesabatda qeyd olunur ki, qanun söz və mətbuat azadlığına təminat verir, senzuranı birmənalı şəkildə qadağan edir. Lakin hakimiyyət tez-tez bu tələbləri pozur. Hakimiyyət söz azadlığını və KIV-in müstəqilliyini məhdudlaşdırmaqda davam edib. Jurnalistlər hədələnir, döyülür və həbs olunur. Hərçənd, hakimiyyət, ümumi rəyə əsasən, söz və mətbuat azadlığından istifadəyə görə həbs edilmiş 15 nəfəri azadlığa buraxıb, beynəlxalq müşahidəçilər bu qəbildən olan azı 6 nəfərin hələ də həbsdə qaldığını bildirir.
Hakimiyyət ifadə azadlığını siyasi cəhətdən həssas yanaşdığı subyektlərə münasibətdə məhdudlaşdırır. Məsələn, hökumət ötən ilin mart-aprel aylarında müxalifətin 3 mitinqinə razılıq verəndə, yalnız Bakının mərkəzindən uzaq, gediş-gəliş baxımından münasib olmayan ərazini ayırmışdı. Hökumət mitinqlərin keçirilməsi üçün başqa müraciətləri daim rədd edib.
Il ərzində bir neçə müxalif və müstəqil KIV fəaliyyətini davam etdirib. Mötəbər məlumatlar göstərir ki, müxalif qəzetlər Bakıdan kənarlarda məhdud sayda yayılıb, çünki bir sıra distribütorlar onları paylamaqdan imtina edib.
Sənəddə o da qeyd olunub ki, məhkəmələr qəzetlərə qarşı böyük məbləğdə cərimə qərarları çıxarır. Bir il ərzində cərimələrin ümumi məbləği 5 milyon manat təşkil edib.
Müxalif “Azadlıq” qəzeti cərimələrlə əlaqədar maliyyə çətinliyi üzündən bağlanmaq təhlükəsilə üzləşib. Hökumətə bağlı “Qasid” firmasının “Azadlıq” qəzetinə böyük məbləğdə borcu olsa da, onu ödəmir.
Hakimiyyət Internetdə ifadə azadlığına nəzarət edir və sosial şəbəkələrdə hökuməti tənqid edənləri təqib edir. 5 blogger müxtəlif ittihamlarla həbs edilib. Eyni zamanda, müxalifət saytları kiberhücumlara məruz qalıb.
Naxçıvan bölgəsində söz və ifadə azadlığının vəziyyəti xüsusilə ağır olaraq qalır.
Hesabatın bu bölümündə jurnalistlərə qarşı həbs və cinayət işlərindən, zorakılıqlardan, şantaj və qarayaxma kampaniyalarından da bəhs olunur, şantaja məruz qalan araşdırmaçı Xədicə Ismayılın, Sulutəpədə Dövlət Neft Şirkəti əməkdaşlarının döydüyü jurnalist Idrak Abbasov və başqalarının adları çəkilir.
Burada həmçinin, hakimiyyətin müxalif mətbuata reklam verməkdən çəkindirmək üçün müəssisələrə və biznes strukturlarına təzyiq etdiyi, nəticədə müxalifət mətbuatında pullu reklamların yox dərəcəsində olduğu bildirilir.
Əli Kərimlinin pasport məsələsi
Hesabatın hərəkət azadlığına aid bəndində bildirilir ki, hökumət 2006-cı ildən AXCP sədri Əli Kərimlinin xarici səfərlərini, pasportunu yeniləməmək üsulu ilə qadağan edib. Buna səbəb kimi, hökumət ona qarşı 1994-cü ildə qaldırılmış cinayət işini göstərir. Halbuki, bu cinayət işindən sonra onun pasportu bir neçə dəfə yenilənib. Sənəddə qeyd olunur ki, Əli Kərimlinin müraciəti bütün məhkəmə səviyyələrində rədd edilib və o, 2009-cu ildə Avropa Insan Hüquqları Məhkəməsinə müraciət edib. Lakin illər keçsə də, Avropa Məhkəməsi onun müraciətinə baxmayıb.
Elşad Abdullayevin ifşaedici videoları
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı ifşaedici videolar, Gülər Əhmədova ilə bağlı məlum qalmaqal da hesabatda öz əksini tapıb. Qeyd olunub ki, ötən ilin sentyabrından başlayaraq, Elşad Abdullayev hökumətin və vəzifəli şəxslərin korrupsiyada əli olması haqda bir neçə video yayıb. Videolardan birində Abdullayev o vaxtkı parlament üzvü Gülər Əhmədova ilə bazarlıq edir və parlamentdə yer almaq üçün ona 1 mln. dollar verir. Başqa bir videoda Əhmədovanın ortağı – Sevinc Babayeva deyir ki, pullar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kabinetində ona təqdim edilib. Hakimiyyət Əhmədovanı həbs edib, Babayeva isə gözlənilmədən Türkiyədə vəfat edib.
İnformasiya şöbəsi