Palatanın gələn ayadək önəmli qərarlar verəcəyi gözlənilir
İctimai Palata dünən növbəti sessiyasını keçirdi. Bu dəfə sessiyaya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sədrlik edirdi. Sessiyanın gündəliyində ölkədə hazırkı ictimai-siyasi vəziyyət, Ictimai Palatanın qarşıda duran vəzifələri vardı. Ənənəvi olaraq, ötən müddətdə Koordinasiya Şurasının işinə sədrlik etmiş Qələndər Muxtarlı hesabat verdi. Daha sonra ictimai-siyasi vəziyyətlə bağlı Koordinasiya Şurasının üzvü, Müsavat partiyasının başqanı Isa Qəmbərin məruzəsi dinlənildi.
Qumarxanalara, pritonlara “hə”, azad fikrə “yox”!
Müsavat başqanı hakimiyyətin son vaxtlar gücləndirdiyi repressiya siyasətindən danışdı. Isa Qəmbər AXCP, Müsavat üzvlərinə, “NIDA”çılara, “EL” hərəkatına qarşı təzyiqləri, Azad Fikir Universitetinin bağlanmasını xatırlatdı: “Ölkədə qumarxanalar, pritonlar azad fəaliyyət göstərir, amma Azad Fikir Universiteti bağlanır. Budur hakimiyyətin əxlaqı…”
Müsavat başqanı hakimiyyətin demokratik düşərgəyə qarşı təzyiqlərinin nəticəsiz qalacağına inamını ifadə edərək, repressiya siyasətinin iflasa uğradığını dedi.
Isa Qəmbər daha sonra Ilham Əliyev və ailə üzvlərinin Vircin adalarında offşor şirkətlərinin olması haqda dünya mətbuatında yayılan məlumatlara toxunaraq, bunu beynəlxalq birliyin hakimiyyətə xəbərdarlığı kimi dəyərləndirdi.
Isa Qəmbər təklif etdi ki, Ictimai Palatanın budəfəki sessiyasında Ilham Əliyevə istefa tələbi rəsmi şəkildə ifadə olunsun. “Beynəlxalq birlik bizim yerimizə dəyişiklik etməyəcək” deyən Isa Qəmbər xalqın fəallaşmasının vacib olduğunu bildirərək, bu istiqamətdə fikirlərini bölüşdü.
Müsavat başqanının fikrincə, qarşıdan gələn prezident seçkisilə bağlı vahid platforma və komanda haqqında qərarlar verilməli, bu yöndə müzakirələr başlamalıdır. Isa Qəmbər müxtəlif qurumlarla birlik istiqamətində danışıqlar aparıldığını qeyd edərək, prosesin Ictimai Palatanın gələn sessiyasına qədər yekunlaşmalı olduğunu vurğuladı.
Kütləvi aksiyalarla bağlı məsələyə toxunan Isa Qəmbər əlavə etdi: “Demirəm ki, bu gün konkret hansısa qərar qəbul olunsun. Amma Ictimai Palata müəyyənləşdirməlidir ki, kütləvi tədbirlərin keçirilməsilə bağlı səylərimizi artırmalıyıq, ya yox”.
Beynəlxalq birlik daha nə etməlidir?
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev çıxışında öncə onu bildirdi ki, hazırda dünyada, xüsusən də Qərbdə Əliyevlərin ifşası, qanunsuz əməllərinin açılması istiqamətində mühüm işlər görülür. Lakin Azərbaycan cəmiyyətində baş verənlər təəssüf ki, buna adekvat deyil.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının ABŞ-a səfərini, Vaşinqtonda keçirdiyi yüksək səviyyəli görüşləri xatırladan Rahim Hacıyev bunu Azərbaycan müxalifətə olan böyük diqqət kimi dəyərləndirdi.
O, qarşıdan gələn prezident seçkilərilə toxunaraq dedi ki, iddialılar arasında vahid namizəd və komanda istiqamətində müzakirələr başlamalıdır: “Qısa müddətdə vahid namizəd və siyasi komanda cəmiyyətə və dünyaya təqdim olunmalıdır. Bu halda bizə cəmiyyətin və beynəlxalq aləmin dəstək verəcəyi şübhəsizdir”.
Yardım çağırışı
Ictimai Palatanın üzvü Çingiz Əli seçkilərə münasibətlə bağlı qərarsızlıqdan narazılıq etdi: “Seçkiyə 6 ay qalıb. Artıq qərarsızlıq davam edə bilməz. Mövqe konkretləşməlidir. Müsavatla AXCP seçkilərlə bağlı yekdil qərar versə, bütün digər müxalif qüvvələr birliyə gələcək. Seçkilərlə bağlı təcili qərar verilməlidir. Xalq onsuz da sonda özü seçimini edəcək”.
Daha sonra söz AXCP sədrinin müşaviri Zərifə Məhəddinova çıxış etdi. Zərifə xanım son vaxtlar inanclı kəsimin göstərdiyi siyasi fəallığa diqqət çəkərək, bu mübarizədə həbs edilən dindarların, ümumən dini kəsimin müdafiə olunmasının vacibliyini vurğuladı. O, daha sonra ötən aksiyada cərimələnən şəxslərə diqqətin artırılmasına çağırış etdi. Xatırlatdı ki, ötən aksiyalarda fəallara kəsilən cərimələr hələ də qalıb.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də ilk növbədə Demokratiyaya Yardım Mərkəzinə yardım göstərilməsinə çağırış etdi. Bildirdi ki, hər kəs imkanı çatdığı səviyyədə bu yardım kampaniyasında iştirak etməlidir. Əsas odur ki, hər kəs əlindən gələni etsin.
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli normal seçki mühiti və böyük birliyin yaradılması istiqamətində çalışmağın vacibliyindən danışdı.
Namizədi müəyyən etmək üçün praymeriz təklifi
Ictimai Palatanın üzvü Başxanım Abbasova aksiyalara başlamağın, seçkilərlə bağlı vahid mövqe nümayiş etdirməyin vacibliyindən danışdı. Bildirdi ki, bu istiqamətlərdə hərəkətsizlik hakimiyyətin güclənməsinə imkan yaradır. Xalqın AXCP və Müsavata ümidini bağladığını deyən Başxanım Abbasova bu partiyaların tanınmış simalarını əyalətlərə, xalqla görüşlərə getməyə səslədi.
Ictimai Palatanın üzvü, AXCP-nin Yasamal şöbəsinin sədri Maarif Ağammədov bildirdi ki, xalqda qarşıdan gələn prezident seçkilərilə bağlı böyük ümid yaranıb. Xalq hakimiyyətin bu seçkilərdə dəyişəcəyinə ümid edir. Müxalifət liderləri sadəcə, təkcə prezidentliyə namizəd olmağa yox, həm də hakimiyyət dəyişikliyinə nail olmağa çalışmalıdır.
Ictimai Palatanın üzvü Seyid Feyzulla xalqın “təpədən-dırnağa qədər” müxalifətdə olduğunu, qələbə üçün yalnız vahid namizəd tələb etdiyini bildirdi. O, təklif etdi ki, vahid namizədi müəyyən etmək üçün praymeriz keçirilsin.
Ictimai Palatanın üzvü, Müsavat partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı enerjini, gücü hakimiyyətə qarşı sərf etməyə çağırdı. Sonra seçkiyə getməyin zəruriliyindən söz açdı.
“Vahid namizədsiz seçkidə iştirakçıya çevrilməyə lüzum yoxdur”
Müsavat Məclisinin üzvü Sabir Məmmədli isə ən böyük birliyin elə Ictimai Palata olduğunu qeyd edərək, “kənara boylanmağa lüzum yoxdur”, – deyə vurğuladı.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə hesab edir ki, böyük ğirlikdən söhbət gedirsə, Ictimai Palata bütün cəmiyyəti əhatə etməlidir. Əbülfəz Qurbanlı da müxalifətin vahid namizədinin olmasını vacib sayır. O bildirdi ki, əks halda, düşərgəni ciddi çətinliklər gözləyir: “Ictimai Palata ölkədəki bütün qüvvələrlə bir araya gəlməli və vahid platformasını müəyyənləşdirməlidir. Biz bunu etməsək, heç nəyə nail ola bilməyəcəyik. Azərbaycan müxalifəti özünün vahid namizədini müəyyənləşdirməlidir. Bunu etmədən seçkiyə gedib xalqı aldatmağa, seçki oyununda iştirakçıya çevrilməyə lüzum yoxdur”.
Müsavat fəalı Fəzli Mehdiyev AXCP və Müsavatdan kənarda real müxalifətin olmadığını bəyan edərək, Ictimai Palatadan kənarda birlik axtarışlarına isti yanaşmadığını vurğuladı.
“Niyə İlham Əliyevin istefası barədə siyasi qərar verməmişik?”
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi ölkə başçısı və ailə üzvlərinin offşor şirkətlərə sahib olması haqda məlum beynəlxalq araşdırmaya diqqət çəkərək, bu məsələ ilə bağlı Ictimai Palatada xüsusi qrup yaradılmasını təklif etdi. O, eyni zamanda, həmin araşdırmada adı keçən “Azersun Holding”in fəaliyyətinə diqqət yetirilməsini də vacib saydı.
Ictimai Palatanın üzvü Pənah Hüseyn də ölkə başçısı Ilham Əliyevin istefasının tələb olunması təklifilə çıxış etdi: “Nə üçün hələ də biz siyasi mövqe nümayiş etdirərək Ilham Əliyevin istefası barədə siyasi qərar verməmişik?”
Pənah Hüseyn vahid namizəd məsələsinin tərəfdarı olsa da, hazırda bu təşəbbüslə çıxış etməyi “demoqogiya” saydığını bildirdi: “Çünki, onu reallaşdıracaq sənədi, proseduru ortaya qoyan yoxdur”.
AXCP-dən Elçin Ismayıllı çıxışında Ismayıllı rayonunda etiraz aksiyalarına görə həbs edilənlərə diqqəti artırmağa çağırdı.
“Biz hamıdan güclüyük, amma qalib gəlmək üçün bu, kifayət deyil”
Müzakirələrə Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli yekun vurdu. AXCP sədri müxalifətin birliyi üçün gördükləri işlərdən danışdı, bu istiqamətdə səylərin davam etdiyini bildirdi. Əli Kərimli qeyd etdi ki, heç kim Ictimai Palatanın gücünü inkar edə bilməz. Lakin ölkədə köklü dəyişikliklərə nail ola bilmək üçün Ictimai Palatadan kənardakı real qüvvələrlə birlik əldə etmək vacibdir.
AXCP sədri hakimiyyətin gənclərə qarşı son repressiyalarına da münasibət bildirdi. Xatırlatdı ki, bu ilin əvvəlindən müxalif fəallara qarşı təzyiqlər və həbslər güclənib. Bununla belə, cəmiyyət repressiyalardan çəkinmir, hakimiyyətin sirasətinə qarşı etirazlar və müqavimət mərkəzləri artır. Bu isə cəmiyyətin mübarizə ruhunun yüksəlməsindən xəbər verir. Ilin əvvəlindən bəri 40 nəfərə yaxın fəalın həbs olunduğunu yada salan Əli Kərimli məhz yüksək mübarizə ruhuna görə cəmiyyətin belə ağır repressiya qarşısında geriləmədiyini, əksinə, hakimiyyətin getdikcə daha zəif durumda göründüyünü dedi. Bununla belə, AXCP sədri həm repressiyaları durdurmaq, həm də həbs edilən, təzyiqlərə məruz qalan fəalların müdafiəsini gücləndirmək üçün səfərbər olmağa çağırış etdi.
Sessiyanın sonunda repressiyalarla bağlı Ictimai Palatanın bəyanatı qəbul olundu.
Natiq