İndi hədəf Nobel prospektindəki evlərdir
Indi də Nobel prospektindəki evləri sökürlər. 20-dən çox ailənin məskunlaşdığı ərazidəki mənzillər bu dəfə Dənizkənarı Milli Parka qurban edilir. Vətəndaşlara isə söküləcək evlərə görə nə qədər kompensasiya veriləcəyi barədə heç nə deyilmir. Daha doğrusu deyilir, bir gün sonra isə təkzib edirlər…
“Kvadratı niyə 1000 manatdan verirlər?”
Ancaq Xətai rayon 66 saylı Mənzil Istismar Sahəsinin rəisi Rəşad Məmmədov APA-ya açıqlamasında bildirib ki, sakinlərə yaşayış sahəsinin hər kvadratmetri üçün 1000, qeyri-yaşayış sahələri üçünsə 700 manat kompensasiya ödəniləcək.
Ötən gün biz sözügedən ünvana baş çəkdik. Ora çatanda artıq bir neçə mənzili yerlə-yeksan etmişdilər. Evlərin sahibləri isə Prezident Administrasiyasına gedərək məsələyə hüquqi qiymət verilməsini tələb ediblər.
Ərazidə isə polislər gözə dəyirdi. Onlar fəhlələrə nəzarət edir, sökülən evlərin taxta-şalbanlarının daşınmasını əmr edirdilər.
Fəhlələr söküntünün “qırıntı”larını, ev sahibləri isə əşyalarını müvafiq olaraq “KaMAZ” və “QazEL”lərlə daşıyırdılar.
Evləri sökülən sakinlər telekanallardan şikayətləndilər. Onların sözlərinə görə, bir neçə gündür ki, telekanalları çəkilişə çağırıblar, ancaq heç kim gəlməyib: “Müğənniləri, yeməkləri reklam edirlər, gəlib bizim dərdimizi də çəksinlər. Neçə gündür zəng edirik, deyirlər ki, narahat olmayın, gəlirik. Ancaq gəlib çıxmırlar. Yalnız ANS gəldi. Müxbirləri dedilər ki, nə danışmısınız hamısı efirə gedəcək. Gedib bir cümlə verdilər. Ancaq evlərimizi sökənlərə daha çox yer ayırdılar”.
Telekanalların əlindən əsəbiləşən vətəndaşlar bizə danışmaq istəmirdilər. Ancaq az keçmədi ki, hirsləri soyudu və problemlərini gətirməyə başladılar. Onlar deyirlər ki, evləri sökülsə də, heç bir kompensasiya verilməyəcək. Deyirlər ki, yaşayış yerlərinin sahəsi 1000 manatdan hesablanır: “Əvvəla, buradan şəhərin mərkəzinə 3-5 dəqiqəlik yoldur. Hamıya 1500 manatdan kompensasiya verirlər, bizə çatanda 1000 manatdan. Bu harada yazılıb? Ölkə başçısı çıxışında da deyib ki, hansı ünvanda olmasından asılı olmayaraq hər kvadratmetr üçün 1500 manat kompensasiya verilməlidir. Bunu isə bizə vermirlər”.
“Bizə verilən pulla heç yerdə mənzil almaq olmaz”
Sakinlər deyirlər ki, mənzillərinin sahəsi hesablanarkən hər kvadratmetr üçün 1000 manatlıq kompensasiya tam ödənilmir. Belə ki, qeyri-yaşayış sahələrinə görə, kompensasiyanın məbləği 700 manat müəyyənləşib. Vətəndaşları əsəbləşdirən elə budur: “Harada görünüb ki, qeyri-yaşayış sahəsinə görə kompensasiya az verilsin. Ikincisi də, başqa ünvanlarda evləri sökəndə hamam və tualetin sahəsini ayrıca hesablayırlar? Indi bizə çatanda belə edirlər. Bu qanunsuzluqdur. Biz köçməyin əleyhinə deyilik, ancaq normal pul versinlər. Hökumətin verdiyi pulla biz heç yerdə mənzil ala bilmərik”.
Sakinlər bizimlə söhbətdə onu da bildirdilər ki, yaxınlıqda tikilən “göydələn”lər də mənzillərin sahəsi bir kvadratmetr üçün 2000 manatdan ucuz deyil: “Indi siz deyin görək, kvadratına 1000 manat verilən pulla necə ev alaq?”.
“Burada elə ailələr var ki, övladlarına toy eləmək istəyirlər, ancaq söküntü onlara mane olur. Bir neçə aydır yubadılır. Indi sökürlər, ancaq pul da azdır. Tez pulu versinlər ki, biz də gedək işimizi bilək”, – deyə sakinlər bildirir.
“Evlərimizin sahəsini azaldırlar”
Mənzilləri sökülməyən ev sahiblərinə isə hələlik heç nə deməyiblər. Sakin Kamil Məmmədovun evinin sahəsi 93 kvadrat metrdir: “Ancaq mən evdə olmayanda gəlib ölçüblər, sahəsini nə qədər yazıblar, bilmirəm”.
“Bir neçə günə buranı tam sökəcəklər. Sökülməyən evlərin sahiblərinə hələ heç nə deməyiblər. Bizimlə müqavilə bağlamayıblar. Müqavilə bağlayandan sonra biləcəyik ki, kimə nə qədər pul verirlər”,- deyə sakinlər söyləyirlər.
Vətəndaşlar iş icraçılarının evlərin sahələrini ölçərkən saxtakarlığa yol verdiyini deyir: “Burada elə mənzil var ki, sahəsi 230 kvadrat metrdi, onu 150 adıyla sənədləşdirirlər. Pulu az verirlər, heç olmasa sahəni düz hesablasınlar. Hər mənzildən 50-100 kvadrat azaltsalar, bu, 5-10 min manat pul edir”.
Ramin DEKO