«Elmanın avtomatdan açılan atəşlə öldüyünü deyirlər, amma bədənində güllədən əsər-əlamət yoxdur»
9 ayın əsgəri olmuş Elman Yaqubovun yaxınları onun ölümünün səbəbləri haqda «Azadlıq»a danışdı…
Daha bir əsgərimiz qeyri-döyüş şəraitində dünyasını dəyişdi – Imişli rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1995-ci il təvəllüdlü Imanov Elman Yaqub oğlu. O, aprelin 6-da saat 8 radələrində Tərtər rayonunda xidmət etdiyi hərbi hissədə dünyasını dəyişib. Əsgərin nəşi yarıldıqdan sonra ailəsinə təhvil verilib. Elə həmin gün də doğulduğu torpaqda – Imişlinin Xəlfəli kəndində torpağa tapşırılıb.
Əvvəlcə rəsmi məlumatda Elman Imanovunun ölümünün səbəbi kimi, onun postda olarkən intihar etdiyi bildirilirdi. Daha sonra isə onun ehtiyatsızlıq nəticəsində öz silahından açılan atəş nəticəsində həlak olduğu deyildi.
“Zabitlər də dedilər ki, belə intihar ola bilməz”
Dünən Imanovlar ailəsinin üzvlərilə görüşüb olayın təfərrüatlarını öyrənməyə çalışdıq.
Mərhumun atası Yaqub Imanov deyir ki, oğlunun hərbi xidmətdə olduğu 9 ay ərzində heç bir problemi olmayıb. Özü də övladıyla tez-tez danışırmış: “Həftədə ən azı, 3-4 dəfə danışırdıq. Getdiyi gündən bəri bircə dəfə də şikayəti olmayıb – nə əsgər yoldaşlarından nə də başqa bir şeydən”.
Bir neçə gündən sonra məzuniyyətə gələcəyi gözlənilən əsgərin ölüm xəbərini eşidən qohum-qonşular hadisədən çox sarsılıblar. Heç kim Elmanın özünə qəsd etdiyinə inanmır. Elə valideynləri də bunu deyir.
“Bu, mümkün deyil. Çünki indiyə qədər problemi olmayıb. Özü də hərbidə qalmaq istəyirdi və buna görə də əlavə oxumağa getdi. Kurs keçərək, ”serjant” oldu. Əsgərlərin üstündə rəhbər kimi, ilk dəfə idi posta çıxacaqdı. Onda da öldürüldü”, – deyə mərhum əsgərin atası bildirir.
Mərhumun yaxınları deyir ki, əsgərin cənazəsini gətirən hərbçilər tez-tələsik onu torpağa tapşırmaq istəyiblər. Ancaq kənd camaatı, qohum-qonşular buna imkan verməyib: “Biz məcbur etdik ki, meyitə baxaq. Deyirdilər ki, intihar edib, biz də bilmək istərdik ki, bu necə olub. Meyitə baxanda isə başında bıçaq izləri gördük. Güllədən əsər-əlamət yox idi. Elmanı ”ştıknoj”la vurublar”.
Əsgərin meyitinə baxandan sonra hərbçilər də onun intihar etməsi haqda deyilənlərə inanmadıqlarını bildiriblər: “Özləri də dedilər ki, belə intihar ola bilməz. Söz verdilər ki, bu məsələnin üstünə düşəcəklər”.
9 ayın əsgəri niyə intihar etsin?
Yaqub Imanov əminliklə bildirir ki, oğlunu öldürüblər: “Buna qəti şəkildə əminəm. Mən elə oğul böyütməmişəm ki, o, intihar etsin. Həm də intihar edən adam əlacsızlıqdan bunu edir. Elmanın isə belə problemi olmayıb. 2-3 ayın əsgəri olsaydı, deyərdik ki, əsgərlər incidiblər, o da intihara məcbur olub. 9 ayın əsgəri nədən intihar etsin? Dəqiq deyə bilmərəm onu kim öldürüb. Ancaq oğlumun öldürüldüyünə əminəm”.
Bir neçə gün öncə oğluna 300 manat pul göndərdiyini deyən ata onun həqiqi hərbi xidmətdən sonra bu sahədə fəaliyyətini davam etdirməsinə də etiraz etməyib: “Dedi ki, 300 manat pul göndər. Səbəbini demədiyi üçün mən də soruşmadım. Poçtla o pulu göndərdim. Hərbidə qalmaq istəyən, vətənə qulluq etmək etmək niyyətində olan bir adam niyə özünü öldürsün? Buna bir səbəb olmalıdır”.
Elə kənd sakinləri də Elmanın öldürüldüyünü düşünür: “Adam özünü öldürmək üçün ya damarını doğramalıdır, yaxud ürəyinə, qarın nahiyəsinə zərbə endirməlidir. Niyə başına özü də ”ştıknoj”la? Elə bir intihar edən adam göstərə bilərsinizmi, özünə xəsarət yetirəndə başının arxasına bıçaq vursun? Belə şey mümkün deyil. Kimin intiharına desəniz inanardıq, ancaq Elmanın yox. Müəllimləri, sinif yoldaşları bu hadisəni eşidən kimi, dərhal dedilər ki, o, intihar etməzdi”.
Mərhumun yaxınlarının cavab tapmaq istədikləri bir sual da var: “Niyə Elmanın cənazəsini başqa zabitlər gətirdi, öz komandirləri yox? Bizə onun əsgər yoldaşları və komandirləri lazımdır. Onlar bilirlər hadisə necə olub, Elmanı kim öldürüb. Gəlib desinlər”.
“Vətənə necə sağlam övlad vermişəmsə, elə də geri istəyirəm”
Evin ortancıl övladı olan mərhum Elman Imanovun böyük qardaşı artıq hərbi xidmətini başa vurub. Atası Yaqub kişinin sözlərinə görə, ailənin böyük oğlu bundan daha çətin sınaqlardan keçib: “Mərhumun qardaşının əsgərliyi daha çətin oldu. Ancaq sona kimi dözdü və hərbi xidmətini başa çatdırıb gəldi. Elmanın isə heç bir çətinliyi olmayıb”.
Mərhumun anası Lalə Imanova oğlunun yolunu gözlədiyini söyləyir: “Gözüm həmişə yolda qalacaq. Özümə yer tapa bilmirəm. Uşağın vaxtı çatanda o dəqiqə gəlib apardılar. Bəs indi niyə cavab vermirlər? Nədən susurlar? Övladımı niyə öldürüblər? Onunla posta qalxan əsgərlər oğlumun necə öldüyünü bilirlər. Oğlumu tələb edirəm. Vətənə onu necə sağlam vermişəmsə, elə də istəyirəm”.
Imişlidə böyük ajiotaja səbəb olan bu olayı eşidən hər kəs yas yerinə gəlir.
Bizimlə söhbətləşən rayon sakinlərindən biri deyir ki, camaat əsgər ölümlərinə son qoyulmasını tələb edir, orduda qeyri-döyüş şəraitində ölüm hallarına son qoyulmasını istəyir, ancaq son nəticədə əsgər ölümlərinin sayı durmadan artır: “Biz əsgərlərimizin günahsız yerə ölməsini istəmirik. Ancaq yalnız özlərinə bəlli səbəblərdən əsgərlərimiz ölür”.
Əsgərin anası övladının şəkillərilə stolun üstünü bəzəyir. Uşaqlıq, məktəb, əsgərlik şəkillərini bizə göstərir. Sonra isə isə sual edir: “Belə bir adam niyə intihar etsin? Heç bir problemi olmayan əsgər özünü bıçaqla öldürərmi?”
Biz isə cavabı bəlli olan suala cavab vermədən Xəlfəlini tərk edirik…
Ramin DEKO