AXCP sədrinin qaynı Elnur Seyidovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Əsabəli Mustayev: “Elnur Seyidovu əvvəl həbs edib, sonra buna əsas yaradıblar”
Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın filial müdirinin keçmiş müavini Elnur Seyidovun hüquqlarını müdafiə komitəsinin yaradılması ilə bağlı toplantı keçirilib. Toplantıda tanınmış hüquqşünas, ədliyyə generalı Vidadi Mirkamal komitənin sədri seçilib.
İlk çıxış edən Vidadi Mirkamal bildirib ki, Elnur Seyidovun həbsi sıradan bir hadisə deyil. Çünki bu həbsin gerçək səbəbi ölkənin tanınmış müxalifət liderinə – AXCP sədri Əli Kərimliyə təzyiq göstərmək, ondan qisas almaqdır: “Elnur Seyidov siyasət adamı deyil. O, heç zaman siyasi fəaliyyətlə məşğul olmayıb. Lakin onun həbsi sırf siyasi motiv daşıyır. Elnur Seyidova qarşı sürülən ittihamların əsassız olması, təqsirkar olduğu barədə yetərli sübutların olmaması, barəsində seçilən həbs-qətimkan tədbirinin hər dəfə müxtəlif bəhanələrlə artırılması göstərir ki, bu həbsdə məqsəd tamam başqadır. Bu həbs AXCP sədri Əli Kərimlidən qisas almaq üçündür”.
Vidadi Mirkamal məhz bu səbəbdən Elnur Seyidovun hüquqlarının müdafiə komitəsinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb. O, əlavə edib ki, müdafiə komitəsinə maraq böyükdür: “Komitənin yaranacağı elan olunandan bəri ötən qısa zamanda ona 25 nəfər tanınmış ictimai-siyasi xadim qoşulub. Komitəyə üzvlük açıqdır”.
Nə zərərçəkən var, nə də şikayət, amma Elnur Seyidova ittiham irəli sürülüb
Daha sonra Elnur Seyidovun vəkili Əsabəli Mustafayev çıxış edərək müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamın əsassız olduğunu bildirib. Əsabəli Mustafayev deyib ki, əslində cinayət işinin icraatına xitam verilməlidir. Vəkil Elnur Seyidova qarşı 178.3.1 və 178.3.2-ci, yəni dələduzluq yolu ilə vətəndaşları aldadaraq onların külli miqdarda əmlakını ələ keçirmə maddələri ilə ittiham irəli sürüldüyünü xatırladaraq deyib ki, bununla belə cinayət işinin materiallarında ümumi məbləğ 925 manat göstərilib. Əsabəli Mustafayevin sözlərinə görə, belə olan təqdirdə ən yaxşı halda Elnur Seyidova verilən ittiham 178.1-ci maddəyə tövsif edilməlidir: “Amma məsələ burasındadır ki, bu halda da zərərçəkən olmalıdır və Elnur Seyidovdan şikayət edilməlidir. Amma nə zərərçəkən var, nə də şikayət. Elnur Seyidova isə ittiham irəli sürülüb”.
Vəkil daha sonra bildirib ki, iddialara görə Elnur Seyidov saxta kredit müqaviləsi əsasında 148 min manat pulu kredit götürərək mənimsəyib: “Gəlin baxaq görək, bu müqavilə nə qədər saxtadır. Kredit müqaviləsi müştərilə filial müdiri və müavini arasında imzalanıb. Baş ofis tərəfindən təsdiq edilib. Bu halda müqavilə necə saxta ola bilər? Digər tərəfdən bu kredit ödənilib. Zərərçəkən tərəf yoxdur. Amma istintaq bunları nəzərə almır. Ümumiyyətlə, bunlar Elnur Seyidovu əvvəl həbs edib, sonra buna əsas yaradıblar. Bu isə bir daha göstərir ki, Elnur Seyidov siyasi motivlərlə, Əli Kərimlinin qaynı olduğuna görə həbs edilib”.
Əsabəli Mustafayev vurğulayıb ki, MTN siyasi sifarişi yerinə yetirib. Məhkəmələr isə MTN-dən gələn cinayət işlərini bu qurumun maraqlarına uyğun araşdırırlar: “Biz MTN-i məhkəməyə verdik. Lakin sonda bəlli oldu ki, heç bir məhkəmə bu işə “baxa bilməz”. Bu məhkəmə o məhkəmənin, o məhkəmə bu məhkəmənin üzərinə atdı. Çünki MTN-dən ehtiyat edirlər, bu qurumun maraqlarına uyğun çalışırlar”.
Elnur Seyidov qanunsuz olaraq həbsdə saxlanılıb
Elnur Seyidovun digər vəkili Fəxrəddin Mehdiyev isə müdafiə etdiyi şəxsin səhhətilə bağlı problemlərlə diqqət çəkib. Vəkil deyib ki, Elnur Seyidov dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir: “Elnur Seyidovun dağınıq skeleroz xəstələyindən əziyyət çəkməsi barədə yerli və beynəlxalq tibb ocaqlarının rəyi var. Elnur Seyidov uzun müddət imiş bu xəstəlikdən müalicə alırmış. Dağınıq skeleroz xəstəliyi ağır xəstəlik sayılır. Bu xəstəliyə tutulmuş insanlara dövlət qayğısı barədə prezident fərmanı var. Təkcə bu fakt kifayət edirdi ki, Elnur Seyidov barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin. Amma istintaq bunları nəzərə almayaraq, Elnur Seyidovu qanunsuz olaraq həbsdə saxlayıb. Digər tərəfdən Elnur Seyidov barəsində həbs-qətimkan tədbirinin müddəti əslində dekabr ayında başa çatıb. Martın 6-da isə müstəsna müddət başa çatıb. Amma bununla belə Elnur Seyidov məhkəmə qərarı olmadan qanunsuz olaraq həbsdə saxlanılıb”.
Hökumət 900 manat ziyanı bərpa etmək üçün ən azı 2000 manat xərcələyib
Hüquqşünas Qurban Məmmədov da çıxışında Elnur Seyidovun Əli Kərimliyə görə həbs edildiyini bildirib: “Elnur Seyidovun həbsində məqsəd gün kimi aydındır. Təsəvvür edin, guya vətəndaşlara dəyən zərər 900 manatdır. Bu zərəri bərpa etmək üçün 25 nəfəri həbs ediblər. Cinayət işinin materialları 86 tomdur. Elə bunun kağızına və cildinə 2000 manatdan artıq pul xərclənib. Deməli, hökumət 900 manatlıq zərəri bərpa etmək üçün ən azı 2000 manat xərcləyib. Hansı normal ölkədə belə bir iş tutarlar?”.
Hüquqşünas əlavə edib ki, Elnur Seyidov siyasət adamı olmasa da, həbsi siyasi xarakter daşıdığı üçün siyasi məhbus sayılır: “Bu ölkədə adamı ya cinayət etdiyinə görə, ya da siyasi motivlə həbs edirlər. Cinayət etməyən, günahsız yerə həbs edilənlərin hamısı siyasi məhbus sayılmalıdır. Çünki günahsız şəxs boş yerə həbs edilmir. Mütləq orada siyasi çalar olur. Ona görə də mən Elnur Seyidovu siyasi məhbus hesab edirəm”.
Elnur Seyidovun həbsi qisasdır
AXCP sədri Əli Kərimli çıxışında öncə müdafiə komitəsinin yaradılmasına diqqət çəkib: “Bu komitənin yaradılmasına mənim tərəfimdən təşəbbüs olmayıb. Elnur Seyidov bir ildir həbsdədir. Əgər mənim təşəbbüsüm olsaydı, elə bir əvvəl komitə yaradılardı. Mən komitənin yaradılmasını vətəndaş mövqeyinin göstəricisi hesab edirəm”.
Əli Kərimli daha sonra bildirib ki, Elnur Seyidovun həbsi ona qarşı təzyiq yox, qisas əməliyyatıdır: “Təzyiq göstərib mənə nə edəcəklər ki? Mənə bunun 6 qat artığını ediblər. Bilirlər ki, mən hər hansı təzyiqin qarşısında geri çəkilən deyiləm. Mən həbs edilən cəbhəçiləri, NİDA-çı gəncləri, azad fikirli jurnalistləri də özümə yaxın hesab edirəm və onların həbsi də əslində mənə və demokratik düşərgəyə təzyiqdir. Lakin bu təzyiqlər, məhrumiyyətlər bizi mübarizədən çəkindirməməlidir. Elnur Seyidovun həbsi isə sadəcə məndən qisas almaqdır. Çünki mən öz fəaliyyətimlə bu hakimiyyətə diskomfort yaradıram. Onların taladıqları, mənimsədikləri vəsaitlər hesabına qayğısız yaşamalarına öz imkanlarım daxilində mane oluram. Onlar da məndən bu cür qisas alırlar.
Lakin bununla pis presedent yaradırlar. Şəxsən mən bəyan edirəm ki, belə hadisələr öz başıma gəlsə də, başqa siyasətçiyə qarşı bunu tətbiq etmərəm. Amma mən belə düşünürəm. Başqa siyasətçilər də var axı. Bəlkə onlar həmin bu pis presedenti indi bunu edənlərə tətbiq edəcəklər? Niyə bu hakimiyyət öz yaxınlarını, qohumlarını girova çevirir?
Siyasətlə məşğul olan mənəm. Əllərindən nə gəlirsə, mənə etsinlər. Amma siyasətə aidiyyatı olmayan yaxınlarıma, qohumlarıma qarşı bu cür addımlar sadəcə şəxsiyyətsizlik, mənəviyyatsızlıqdır”.
Hüquq müdafiəçilərinin geniş koalisiyası yaradılmalıdır
Əli Kərimli qeyd edib ki, Elnur Seyidova qarşı hədələr olub: “Elnur Seyidov hədələnirdi. Mən ona demişdim ki, ölkəni tərk et. Deyirdim ki, sənin siyasətə adiyyatın yoxdur və sən qohumlarım arasında yeganə işləyən şəxssən. Mənim yaxınlarıma, qohumlarıma işləmək imkanı tanınmır bu ölkədə. Hətta həyat yoldaşım bir beynəlxalq təşkilatın konkursunda qalib gəlmişdi. Lakin Prezident Administrasiyasından həmin təşkilata təzyiq etmişdilər ki, əgər Əli Kərimlinin həyat yoldaşı sizdə işləsə, o zaman sizinlə əməkdaşlıq etməyəcəyik. Həmin təşkilat da konkursun nəticələrini ləğv etmişdi. Yeganə Elnur Seyidov işləyirdi. Ona da qeyd etdiyim kimi, mənə görə təzyiqlər edilirdi”.
AXCP sədri sonda bildirib ki, siyasi məhbusların hüquqlarının qorunması üçün hüquq müdafiə təşkilatları bir araya gəlməlidir: “Hüquq müdafiəçilərinin geniş koalisiyasına ehtiyac var. Hərə bir tərəfdən ayda bir dəfə hesabat verməklə özünü rahat hiss etməli deyil. Bu gün Azərbaycanda irtica ilə demokratiya uğrunda savaş gedir. Bu savaşda itkilərimiz də olur. Hər gün bir nəfər həbs edilir. Xəstə bilmirlər, sağlam bilmirlər, kimi təhlükə sayırlarsa, həbs edirlər. Əgər hökumətin repressiya aparatı konveyer qaydasında işləyirsə, bizim də müdafiəmiz buna uyğun olmalıdır”.
Tədbirdə iştirak edən Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev, Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəy, tanınmış hüquqşünas Namizəd Səfərov, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu, AMİP-in Mərkəzi Şurasının üzvü Rəşad Bayramov, İctimai Palatanın Koordinasiyası Şurasının üzvü İbrahim İbrahimli isə bütövlükdə demokratik düşərgənin bir araya gəlməsini və Azərbaycanda demokratiya uğrunda genşi hərəkatın başladılmasının vacibliyini vurğulayıblar.
Natiq