Qəsəbə sakinləri qorxu içində yaşayır; hökumətdən hərəkət gözləyirlər
Badamdar qəsəbəsindən sonra Masazıra da növbə çatdı. Söhbət sürüşmədən gedir. Hazırda qəsəbənin 20-yə yaxın mənzili təhlükə altındadır. Sakinlər isə…
Sürüşmə sahəsinin eni 130-140 metr, uzunu 80-100 metrdir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Sadiq Əmiraslanov mətbuata açıqlamasında Masazırda şəhid Nazim Əsədov küçəsi, ev 12 ünvanında baş verən sürüşmə sahəsinin eninin 130-140 metrə, uzununun 80-100 metrə qədər olduğunu bildirib: “Sürüşmənin qırılma qaşı bir fərdi yaşayış evinin bilavasitə altından keçərək bünövrəyə 60 santimetr daxil olub. Bu fərdi yaşayış evinin balkonunun bir dirəyi sürüşmə nəticəsində uçub. Təzə tikili olduğundan burada yaşayış yoxdur. Həmin ərazidəki Qır gölü ətrafında evlər çoxdur. Ancaq daha çox təhlükəyə məruz qalan bir evdir. Bu ərazidə sürüşmə 2011-ci ildən başlayıb. O vaxt sürüşmənin qarşısını almaq üçün Nazirlər Kabinetinə təkliflər verilib və müəyyən tədbirlər görülüb. Hazırda sürüşmənin sağ qanadı genişlənib”.
Sadiq Əmiraslanovun sözlərinə görə, sürüşmə sahəsində aktivləşmə texnogen suların, kanalizasiya sularının hesabınadır: “Sürüşmə sahəsinin üzərində bu suların təzahürləri görünür. Bu da hər an sürüşmə prosesinin aktivləşməsinə təsir edir. Burada kanalizasiya şəbəkəsinin olmaması, əhalinin pərakəndə şəkildə məişət sularından istifadə etməsi, suları yamaca axıtması yamacın ətəyində, Qır gölünə çatmamış həmin suların yer səthinə bulaqlar şəklində çıxmasına səbəb olur. Bu da mailliyə malik yamacda süxurların hərəkəti ilə nəticələnir. Buradakı süxurlar əsasən məsaməli və boşluqlu süxurlardır. Sürüşmə sahəsində ev tikmək olmaz. Ancaq artıq bu ərazidə ev tikməyə yer qalmayıb”.
Gündən-günə sürüşmənin sahəsi artır
Ötən gün bu məlumatı alan kimi sözügedən ünvana yollandıq. Ən çox zərər çəkən mənzil isə Nazim Əsədov küçəsi 12 ünvanın da yerləşən evdir. Mənzilin sahibi, II qrup Qarabağ əlili Cəlil Ibrahimov 2007-ci ildən burada məskunlaşır. Dediyinə görə, əvvəllər burada sürüşmə olmayıb: “2011-ci ilin bizim evdən bir az aralıda torpaq sürüşməsi baş verdi. Dövlət hesabına bərkitmə işləri aparıldı. Beton sədd çəkildi, uçqunun qarşısı alındı. 2012-ci ildə avqust ayında isə bizim evin sol tərəfində uçqun baş verdi. Indi uçqunun sahəsi böyüyüb. Əvvəl 50-60 metr ərazini əhatə edirdi, indi 100 metri keçib. Gündən-günə də genişlənir”.
Cəlil Ibrahimov deyir ki, sürüşməylə bağlı bütün instansiyalara müraciət edib: “Bələdiyəyə, Ekologiya Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Icra Hakimiyyətinə, Prezident Administrasiyasına ərizə və teleqramlarla 45 dəfə müraciət etmişəm. Ötən 8 ay müddətində heç bir tədbir görülməyib. Gördükləri yalnız akt tərtib etməkdir”.
Zərərçəkən deyir ki, ETSN və FHN-nin nümayəndələri onun evinə baxış keçiriblər: “Nazirliyin əməkdaşları gəlib mənzilimə baxdılar və akt tərtib etdilər. Aktda da qeyd etdilər ki, burada sürüşmənin səbəbi qurunt sularıdır. Sonuncu bildiriş evimin qəzalı vəziyyətdə olduğu barədədir. Yazılıb ki, mənzilim qəzalıdır və evimi boşaltmalıyam. Mən Qarabağ əlili, iki azyaşlı uşaqla harada yaşamlıyam? Necə yaşayım? Bu heç kimi maraqlandırmır”.
Cəlil Ibrahimov bizimlə söhbətində onu da bildirdi ki, hökumət ona heç bir kompensasiya vermir: “Bu barədə söz-söhbət yoxdur. Hər hansı bir tədbir görüləcəyi barədə də söz deyilmir. Gündən-günə də sürüşmənin sahəsi artır. Bizdən başqa ən azı 15 evi uçqun gözləyir”.
“Nə kompensasiya verirlər, nə də sürüşmənin qarşısını almaq üçün iş görürlər”
Masazırda ən çox zərərçəkən Ibrahimovlar ailəsi olsa da, təhlükənin miqyası getdikcə genişlənir. 20-yə yaxın evdə hər an sürüşmə baş verə bilər.
Qəsəbənin başqa sakinləri də hökumətin onları qayğı göstərməməsindən şikayətlənirlər. Deyirlər ki, 2011-ci ildə sürüşmə olanda hökumət yalnız bərkitmə işlərini həyata keçirdi: “Sürüşmə olan hissənin qarşısını betonladılar, su arxanın yerini dəyişdirdilər, indi bizim evlərimiz təhlükədədir. Bilmirik nə edək. Etdiyimiz bütün müraciətlərimiz nəticəsiz qalıb. Nə kompensasiya verirlər, nə də sürüşmənin qarşısını almaq üçün iş görürlər. Bəs biz harada yaşayaq? Nə vaxta qədər qorxu içində qalacağıq. Uçqun gündən-günə böyüyür”.
Qəsəbənin sakinləri çox narahatdırlar. Təkcə Nazim Əsədov küçəsində yaşayanlar deyil, başqa məhəllələrin də sakinləri həyatlarının təhlükədə olduğunu dilə gətirirlər. Onlar deyirlər ki, tezliklə problem həll olunmasa, hökumət sürüşmənin qarşısını almaq üçün addımlar atamasa uçqunun sahəsi böyüyəcək: “Bir neçə gün öncə uçqun olan yerə getdik. Getdikcə ərazi böyüyür. Elə mənzillər var ki, sürüşmə bünövrəsinə çatıb. Belə getsə, mənzillərdə yaşamaq olmayacaq”.
Ramin DEKO