Rail Rzayevin öldürülməsindən keçən dörd il qatilin tapılması üçün yetərli olmadı
Cinayətin açılmamasında hansı güclü əl maraqlıdır?
Ölkəni şoka salan bu qətlin üstündən üç il keçir. Cinayətin üstünün açılması üçün dövlət başçısının tapşırıqları və nəzarəti yetərli olmadı. “Mediaforum” saytının əməkdaşı Imdad Əlizadə qətldən keçən müddətə, istintaqın gedişinə bir də nəzər salıb. Oxucularımız üçün də maraqlı olacağı qənaətindəyik. Əslində bu yazı xeyli əvvəl, heç olmasa general Rail Rzayevin qətlinin builki ildönümünə hazır olmalıydı. Amma qətlin istintaqının gedişi barədə danışmaq haqqı və səlahiyyəti olan şəxslərin və qurumların susması yazını ləngitdi…
Qısa xronologiya
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev 2009-cu ilin fevral ayının 11-də səhər tezdən Bakıda, evindən çıxıb işə gedərkən, xidməti avtomobilində odlu silahdan açılmış atəşlə qətlə yetirilib. Qətldən sonra cinayət işi başlanıb, generalın öldürülməsinin istintaqını Baş Prokurorluq, Daxili Işlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq qrupunun araşdırdığı elan edilib. Amma indiyədək cinayətin üstü açılmayıb.
R.Rzayev qətlə yetirilən günün axşamı prezident Ilham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdi. Dövlət başçısı qətli törədənlərin və qətlin sifarişçilərinin tapılaraq cəzalandırılması üçün göstəriş vermişdi: “Bu cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bilirəm ki, artıq istintaq qrupu yaradılıb. Işlər gedir, ilkin məlumatlar var. Azərbaycan dövlətinin imkanları genişdir. Dövlətçiliyə və əhaliyə qarşı yönələn hər bir cinayət əməlini törədənlər qanun qarşısında cavab verməlidirlər və verəcəklər”.
Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıqov “Röyter” agentliyinə demişdi ki, qətldən əvvəl R.Rzayevin avtomobilini bir neçə gün izləyiblər: “Ilkin informasiyaya görə, onun maşınını bir neçə gün izləyiblər. Əlavə məlumatı müşahidə kamerasındakı video görüntüləri izləyəndən sonra əldə etmək mümkün olacaq”.
R.Rzayevin qətli haqda rəsmi açıqlamalar arasında yalnız prezidentin müşavirədə dediklərində və Baş Qərargah rəisinin açıqlamasında konkretlik olub. Baş Prokurorluğun, baş prokuror Zakir Qaralovun və hüquq-mühafizə orqanlarının digər rəhbərlərinin açıqlamaları isə daha çox “istintaq gedir, əməliyyat-axtarış fəaliyyəti davam etdirilir, cinayətkarlar mütləq tapılacaq…” formasında olub. Son iki ildə isə general Rzayevin qətlinin istintaqının gedişi haqda açıqlama olmayıb, nə rəsmilərin, nə də hüquq-mühafizə orqanları təmsilçilərinin.
Şayiələr və sükut
Generalın qətlindən bir müddət əvvəl (2008-ci ilin dekabrın 19-da) “Turan” agentliyi məlumat yaymışdı ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov həftə sonunu keçirmək üçün öz vertolyotu ilə Qəbələyə uçmaq istəyərkən xoşagəlməz hadisə baş verib: havaya qalxdıqdan bir neçə dəqiqə sonra vertolyot Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən hücuma məruz qalıb: “Qeyri-rəsmi məlumatlara görə, bu hərəkətlərə səbəb nazirin vertolyotunun uçması üçün zəruri ərizənin olmaması və ya onun verilməsinin gecikməsi olub. Buna görə Hərbi Hava Qüvvələri vertolyotun havada olmasını qanunsuz hesab edib”. Amma indiyədək rəsmi qurumlar və nazir Kəmaləddin Heydərov belə bir hadisənin həqiqətən də baş verib-vermədiyinə aydınlıq gətirməyib.
Qətldən sonra mətbuatda və cəmiyyətdə müxtəlif fərziyyələr yayılmışdı. Bu sırada qətlin bayaq qeyd etdiyimiz vertolyot qalmaqalından qaynaqlana biləcəyi, hakimiyyətdaxili qrupların mübarizəsinin nəticəsi ola biləcəyi, xarici xüsusi xidmət orqanlarının əməli, ailə-məişət zəminində törədilməsi, xidməti vəzifə ilə bağlı ola biləcəyi, biznes və pul mübahisəsi, masonların qəzəbi, Azərbaycanın xaricdən silah alması məsələsində fikir ayrılığı və bu işdə pul mənimsənməsi kimi fərziyyələr vardı. Amma bu günədək Baş Prokurorluq istintaqın bu fərziyyələri araşdırıb-araşdırmadığına, araşdırılıbsa hansı nəticələr əldə edildiyi, yoxlanılmayıbsa bunun niyə edilmədiyinə dair heç bir açıqlama verməyib. Fərziyyələr havadan asılı qalıb.
Nəticəsiz təcridetmə
Qətldən sonra general Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev, generalın yaşadığı binanın mühafizəçisi Elşən Eyvazov həbs olundular. Onlar Cinayət Məcəlləsinin mənimsəmə, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma, hakimiyyətdən istifadə etməmə, qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum olundular. Istintaq materiallarından və məhkəmə proseslərindən aydın olur ki, bu şəxslərin generalın qətli ilə birbaşa əlaqəsi yoxdur. Bəs dolayısı ilə varmı? Istintaq bu suala cavab verməyib.
Ilk günlər bu həbslərin başqa məqsədə xidmət etdiyi aydın görünürdü. Istintaq qətllə bağlı məlumat bankı rolunu oynayan, informasiya daşıyıcısı olan şəxsləri təcrid etmək xəttini tutmuşdu. Bu da iki məqsədə xidmət edə bilərdi. Birincisi, qətl haqda informasiya daşıyıcısı olan şəxslərin aradan götürülməsini önləmək. Bu, izin tamamilə itməsinə səbəb ola bilərdi. Ikincisi, belə təcridetmə ilə həmin şəxslərin “dilini açmaq”. Ötən dörd il onu göstərir ki, birinci məqsədə nail olunub, həmin şəxslər yaşayır. Amma ikinci məqsədə yox.
İstintaq dayandırılıb?
R.Rzayevin qətlini araşdıran istintaqın gedişi haqda yalnız Baş Prokurorluq məlumat verə bilər. Bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəriÿEldar Sultanova müraciət etdim. Bir neçə dəfə telefonla danışandan sonra fevralın 8-də belə qərara gəldik ki, sualları yazılı göndərim. Belə də etdim. Amma Baş Prokurorluq suallara nə yazılı, nə də şifahi cavab verdi. Yenə də dəfələrlə E.Sultanova zəng etdim. O bildirdi ki, suallara cavab verməyi məqsədəuyğun saymayıblar. Ona görə də cavab olmayacaq. Prokurorluqdan ətraflı cavab ala bilməyəcəyim aydınlaşanda, minimum informasiya əldə etməyə çalışdım. E.Sultanovdan xahiş etdim ki, heç olmasa R.Rzayevin qətlinin açılması, cinayətkarların qanun və ədalət mühakiməsi qarşısında cavab verməsini təmin etmək üçün istintaqın gedib-getmədiyinə aydınlıq gətirsin. Amma bu da mümkün olmadı.
Generalın ailəsi təkidlə susur
Bir neçə dəfə cəhd etsəm də, R.Rzayevin ailə üzvlərindən heç kimlə əlaqə yaratmaq mümkün olmadı. Bunun yalnız bir yolu qalırdı, fevralın 11-də – generalın qətlə yetirilməsinin dördüncü ildönümündə mərhumun qəbri üstə gedib onun yaxınları ilə danışmaq. Fevralın 11-də səhər tezdən Ikinci Fəxri xiyabandaydım. R.Rzayevin məzarı üstündə bir neçə əklil, gül dəstəsi vardı, amma onları kimin gətirdiyinə dair hər hansı qeyd yox idi. Fəxri xiyabanda işləyənlər bildirdilər ki, əklilləri mərhum generalın qızlarının həyat yoldaşları (onlardan biri Fövqəladə Hallar Nazirliyinin generalıdır) və qızlarından biri gətirib.
Az sonra iki xanım gəldi. Məzarı ziyarət edib gül qoydular. Onlardan biri R.Rzayevin qızı idi. Əlimdə jurnalist vəsiqəsi yaxınlaşıb bura gəlməkdə məqsədimin nə olduğunu bildirdim, mərhum general haqda yazı hazırladığımı, bir neçə sualım olduğunu dedim. Amma heç bir cavab ala bilmədim. Generalın övladı əl işarələri ilə və qısa cavabla heç nə deyə bilməyəcəyini söylədi. Ailə üzvlərindən digərlərinin əlaqə telefonunu istəsəm də, buna nail olmadım. Generalın qızı avtomobilə əyləşib getdi.
Mən isə xiyabanda gözləyirdim. Az sonra mülki geyimli bir kişi əlində qərənfillər məzarı ziyarət etməyə gəldi. O, əlindəki gülləri məzarın üstünə qoyanda yaxınlaşıb özümü təqdim etdim və fotoşəkil çəkməyə icazə istədim. Amma razılıq vermədi.
Buna baxmayaraq onunla xeyli söhbət etdik. Məlum oldu ki, general Rzayevin dostudur, eyni zamanda onun işçisi olub, uzun illər bir yerdə işləyiblər. Komandan qətlə yetiriləndən sonra da Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında xidmətini davam etdirir. R.Rzayevin hansı vəzifələrdə işləməsindən, necə mütəxəssis olmasından, gördüyü işlərdən, rütbə verdiyi hər bir zabitdən şəxsən imtahan götürməsindən, sualları cavablandırmayanlara rütbə verməməsindən, sərt xarakterli və ciddi nizam-intizamlı general olmasından xeyli danışdı. O, qətlin mümkün səbəbləri və indiyədək üstünün açılmamasından danışmağa meyl göstərmirdi. Yalnız onu dedi ki, R.Rzayevin qətlə yetirilməsi Azərbaycan ordusu üçün ağır itkidir və qətlin üstünün niyə açılmadığı hamıya məlumdur, hansısa güclü əl buna imkan vermir. Mən ondan adını və soyadını deməsini və bu xatirələri diktofona danışmasını xahiş etdim. Amma buna da razılıq vermədi.
Bir qədər sonra polkovnik rütbəli bir zabit R.Rzayevin məzarını ziyarət etməyə gəldi. O, general Rzayevin abidəsinə hərbi salam verdi, sonra gətirdiyi gülləri məzarın üstünə qoydu. Polkovnik general Rzayev və onun qətli haqda xeyli söhbət etdi. Onun fikrincə, bu qətlin açılması üçün ciddi iş getmir, R.Rzayev qətlə yetiriləndən sonra mətbuatda yazılan fərziyyələr araşdırılmır: “Məsələn, Rail Rzayevin hansısa məmurun Bakıdan rayona gedən helikopterini yerə enməyə məcbur etdiyi danışılırdı. Amma bu günədək bunun nə dərəcədə doğru, ya yalan olduğu, Rail Rzayevin qətlində bu məsələnin rolu olub-olmadığı bilinmir, bunu araşdırıb bir məlumat vermirlər”.
Polkovnik bir fərziyyədən də danışdı. Həmin fərziyyə Azərbaycanın Israildən pilotsuz hərbi təyyarələr almaq istəyi ilə bağlıdır. Polkovnikin dediyinə görə, mətbuatda da yazıldığı kimi, R.Rzayev bununla razılaşmırdı, təyyarələrin göstəriciləri, imkanları onu qane etmirdi: “Dəfələrlə deyirdi ki, mən buna razılıq verməyəcəm, dövlətin bu qədər pulunu havaya sovura bilmərik, həmin təyyarələrin alınmasına müqavimət göstərirdi. Rail Rzayev qətlə yetiriləndən sonra həmin təyyarələr alındı”.
O, R.Rzayevin ailə üzvlərinin qətlin üstünün açılmamasına niyə etiraz etməməsindən danışdı: “Bilirlər ki, səslərini çıxarsalar, hamısını işdən çıxaracaqlar, əllərində olan hər şeyi tutub alacaqlar”.
Xiyabanda olanda R.Rzayevin qardaşı Rafael Rzayevə zəng etdim. Qardaşının qətli ilə bağlı bir neçə sualım olduğunu dedim. Amma o, müsahibə verməkdən qəti imtina etdi. Qardaşının xatirəsini, məzarını yad etdiyimizə görə bizə təşəkkürünü bildirdi, müsahibənin isə heç bir formada mümkün olmadığını söylədi: “Bu müsahibə mümkün deyil”. Belə olanda ona Rail Rzayevin qətli, qətlin açılmaması haqda deyil, heç olmasa xatirələrini danışmağı təklif etdim. Amma buna da razı olmadı.
Ehtiyatda olan polkovnik-leytenant Rafael Rzayev qardaşı qətlə yetirilənədək hərbi komissarlıq sistemində işləyib. R.Rzayevin qətlindən cəmi on gün sonra Şamaxı rayon hərbi komissarı vəzifəsindən azad edilib. Bunun səbəbi də indiyədək açıqlanmayıb. Yeri gəlmişkən, xiyabanda söhbət etdiyim polkovnik bunun səbəbini belə izah etdi: “Rafael Rzayev hərbçi idi. Onun qisas ala biləcəyindən qorxurdular. Ona gərə də vəzifədən çıxarmaqla zərərsizləşdirdilər”.
Aradan bir neçə gün keçəndən sonra Rafael Rzayevlə yenidən əlaqə saxladım. Bu dəfə də cəhdim baş tutmadı, o, müsahibə verməkdən imtina etdi.
Vəkil qətl haqda suallara cavab verə bilməyəcəyini deyir
General Rzayevin ailəsinin vəkili Heydər Abuzərov isə bildirdi ki, o, mülki işlərdə ailənin hüquqlarını müdafiə edir, ona görə də qətllə bağlı sualları cavablandıra bilməyəcək. Vəkil bunu R.Rzayevin qətlə yetirilməsi cinayəti üzrə vəkil olmaması ilə izah edir: “Mənə qətl işi üzrə ailənin hüquqlarını müdafiə edən vəkil olmaq təklif edilmədi. Mən də buna təşəbbüs göstərmədim”.
Heydər Abuzərovdan soruşdum ki, sizin vəkil kimi iştirak etdiyiniz işin general Rzayevin qətli ilə birbaşa əlaqəsi vardımı, yoxsa bu sırf qətldən sonra ortaya çıxan məsələlərə aid idi? H.Abuzərovun cavabı qısa oldu: “Mən bu barədə heç nə deyə bilmərəm”.
“Sizcə, Rail Rzayevin qətlinin üstünün açılması məsələsindəki durğunluq, ailənin susması, vəkillərin hər hansı vəsatət verməməsi nə ilə bağlıdır” sualına vəkilin cavabı yenə də qısa olub: “Mən bu barədə heç nə deyə bilmərəm”.
Vəkil deyir ki, R.Rzayevin ailəsinin hüquqlarının təmin edilməsi haqda son zamanlar harasa müraciət etməyib, vəsatətlər verməyib: “Hansısa mülki işlər olanda məsləhətlər alırlar, müəyyən idarə və təşkilatlara gedib-gəlirəm. Hazırda məhkəmə qaydasında da hansısa mülki iş yoxdur. Hamısı idarə və təşkilatlarla bağlıdır. Onlar da həll olunub”.
Vəkil bildirir ki, R.Rzayevin yavərinin, köməkçisinin və onun oğlunun məhkəməsinin nəticələri zərərçəkən tərəfi qane etməyib: “Ona görə də kassasiya şikayəti verdik. Amma təmin etmədilər. Cəza düzgün verilmədi. Bundan başqa, orada 200 min avro vardı. Pul Rail Rzayevə məxsus idi və onun otağından götürülmüşdü. Sonradan isə saxlanmaq üçün dövlətin hesabına keçirilmişdi. Həmin 200 min avro Rail Rzayevin ailəsinə ödənməliydi. Amma vermədilər. Prokurorluqdan dedilər ki, Rail Rzayevin qətlinin üstü açılandan, iş məhkəməyə çıxarılandan və hər şey yekunlaşandan sonra bu pulun ailəyə qaytarılması müzakirə oluna bilər”.
H.Abuzərovdan xahiş etdim ki, general Rzayevin ailə üzvlərindən biri ilə əlaqə yaratmağıma, suallarımı onlara ünvanlamağıma kömək etsin. Vəkil dedi ki, bunun üçün Qurban Rzayevlə (Rail Rzayevin oğlu) danışmalıdır, yalnız onun razılığından sonra cavab verə bilər. Iki gün sonra vəkillə yenidən əlaqə saxladım. Dedi ki, Qurban Rzayev həm özünün, həm də ailəsindən kiminsə müsahibə verməsinə razılaşmayıb: “O heç nə danışmaq istəmir. Ailənin digər üzvlərinin də müsahibə verməsinə razı deyil”.
Vəkildən təkidlə Qurban Rzayevin telefon nömrəsini istədim, amma vermədi.
Ümid ekspertlərə qaldı…
R.Rzayevin qətlinə görə istintaqa çağırılıb dindirilənlərdən biri də istefada olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov idi. Ü.Cəfərov deyir ki, general qətlə yetirildiyi dəqiqələrdə ona telefon zəngi olub, bu barədə eşidib-eşitmədiyi soruşulub: “Mən də bir neçə yaxın adama zəng etmişdim. Əslində istintaq bu hərəkəti ilə özünü ifşa etdi. Ona görə ki, telefon zəngləri dinlənirsə, deməli, Rail Rzayevin qətlinin üstünün açılması problem olmamalıydı. Ərazidə kimlərin olduğunu, kimin kimlə danışdığını müəyyən etmək problem deyildi. Qətldən ötən dörd il bunun üçün kifayətdir”.
Ü.Cəfərovun sözlərinə görə, istintaqa yalnız bir dəfə çağırılıb, sonra onu axtaran, ondan nəsə soruşan olmayıb. Istintaqa niyə çağırıldığının ona indi də qaranlıq qaldığını söyləyən istefada olan zabit bildirir ki, bunu müstəntiqin də diqqətinə çatdırıb: “Mənim bu işə heç bir aidiyyətim yoxdur. Belə olan halda istintaqa çağırılmağım qəribə görünürdü. Mənim Rail Rzayevlə şərikli biznesim, xidməti münasibətlərim, başqa formada əlaqəm olmayıb. Işə aidiyyəti olmayan xeyli insanı istintaqa çağırıblar. Bu da görüntü yaratmaq üçün edilirdi, guya istintaq gedir, kimisə çağırıb dindiriblər”. Ü.Cəfərovun sözlərinə görə, qətldən sonra dindirilən şəxsləri sonrakı dövrdə bir daha istintaqa çağırmayıblar.
Ü.Cəfərov deyir ki, istintaqda dindirilmə zamanı bir neçə fərziyyə irəli sürüb, müstəntiqlərə həmin istiqamətlərdə işləməyi təklif edib: “Rail Rzayevin xidməti fəaliyyəti, kimlərləsə münasibətlərinin araşdırılması vacib idi. Çünki bu qətldə ciddi maraqlar var. Amma istintaq sonrakı dövrdə mənim fərziyyələrimlə maraqlanmadı. Istintaqın borcu həmin fərziyyələri araşdırmaq idi. Bəzən çox ağır cinayətin üstü xırda bir sübutla açılır. Əgər bunu araşdırmadılarsa, bu, təəssüf doğurur. Bəlkə də araşdırdılar, lakin heç bir məlumat vermədilər”.
Ü.Cəfərov xatırladır ki, R.Rzayevin öldürülməsindən sonra yayılan şayiələrdən biri də qətlin ailə-məişət zəminində baş verməsi idi. Lakin hərbi ekspert bunu real saymır: “Əgər belə olsaydı, ondan ailə-məişət zəminində haqq-hesab çəkərdilər, məsələni həll edərdilər. Rail Rzayev snayperlə qətlə yetirilib. Deməli, bunu edənlər böyük gücə malikdirlər.
Hüquq-mühafizə orqanları qətlin üstünün niyə açılmadığına, buna nə mane olduğuna aydınlıq gətirməlidir. Ölkənin müdafiə və təhlükəsizliyinə cavabdehlik daşıyan əsas şəxslərdən biri məqsədyönlü şəkildə qətlə yetirilib. Amma istintaq bunun üstünü aça bilmir. Heç olmasa qətlin niyə açılmadığına dair ictimaiyyətə məlumat versinlər. Hesab edirəm ki, bu, çox ciddi məsələ olduğuna görə danışmaq istəmirlər. Qətlin üstünün açılmamasının ciddi narahatlığa səbəb olacağından ehtiyat edirlər. Əgər general Rzayevi xarici xüsusi xidmət orqanları öldürübsə, bu lap pis. Onda belə çıxır ki, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinə cavabdeh olan şəxsləri qorumağa, hətta onlara qarşı cinayətlərin də üstünü açmağa dövlətin gücü çatmır. Bunu daxili qüvvə edibsə, görünür, həmin qüvvənin adının çəkilməsi məsləhət deyil. Qətldən sonra prezidentin yanında müşavirə keçirildi və hamı gözləyirdi ki, cinayətin açılması üçün hansısa nəticələr olacaq. Lakin bu baş vermədi. Istintaqın cinayəti açmaq imkanı var. Burada başqa amillər varsa, cəmiyyətə məlumat verilməlidir”.
Hüquqşünas Əyyub Kərimov bildirir ki, hüquq-mühafizə orqanları bu qətllə bağlı yüzlərlə vətəndaşı incidib, təzyiqlər göstərib: “Mən bir hüquqşünas kimi bu qətllə bağlı araşdırma aparmışam. Rail Rzayevin Səbinə adlı bir katibəsi olub. General qətlə yetirilən dövrdə katibə işləyib. Hüquq-mühafizə orqanları onun ”dərisini” soydular. Səbinəyə o qədər təzyiq göstərdilər, işgəncə verdilər ki, sonda ölkədən qaçmağa, canını götürüb getməyə məcbur oldu. Hüquq-mühafizə orqanları cinayətin üstünü açmaq əvəzinə köməksiz bir qadının üstünə düşmüşdü. Onu evini, maşınını da satmaq məcburiyyətində qoydular. Təsəvvür edin ki, Səbinənin bütün qohumları, rəfiqələri dəfələrlə istintaqa çağırılmış, dəfələrlə dindirilmişdi. Həmin xanım əslən Gəncə şəhərindən idi. Istintaq az qala Gəncənin yarısını dindirmişdi. Sanki Rail Rzayevi həmin katibə qətlə yetirmişdi”.
Ə.Kərimov hesab edir ki, hüquq-mühafizə orqanları istintaqı düzgün aparmır: “Əsas məsələ bir yanda qalır, işə aidiyyəti olmayan insanların üstünə düşürlər, nə qazana bilsələr onu qənimət sayırlar. Rail Rzayevin qətlinin istintaqında da belə oldu”.
Ə.Kərimov deyir ki, siyasi iradə olmadığına görə general Rzayevin qətlinin üstünün açılmır: “Bu cinayət işindən hüquqdan çox siyasət iyi gəlir. Rail Rzayevin qətlinin üstünü açmaq üçün siyasi iradə lazımdır. Prezident hüquq-mühafizə orqanlarının rəhbərlərindən cinayətin açılmamasının səbəblərini soruşmalı və cinayətin açılmasını qəti formada tələb etməlidir. Belə bir tələb isə yoxdur. Ona görə də hüquq-mühafizə orqanları nala-mıxa vurur. Prezident qəti mövqe ortaya qoymalı və hüquq-mühafizə orqanlarına vaxt verməlidir ki, ya cinayəti açın, ya da ərizənizi yazıb vəzifədən gedin”.
Prokurorluq sisteminin sabiq əməkdaşı, hüquqşünas Müzəffər Baxışov hesab edir ki, işin istintaqını aparanlar general Rzayevi kimlərin qətlə yetirdiyini dəqiq bilirlər. O deyir ki, sadəcə olaraq burada müəyyən nüanslar var ki, ona görə istintaq qətli kimin sifariş etdiyini, kimin həyata keçirdiyini açıqlamır: “Mən dəfələrlə qətlin törədildiyi ərazidə olmuşam. Qətlin harada baş verdiyini, Rail Rzayevin saat neçədə evdən çıxdığını, zibil qutularının yanına nə zaman çatdığını, saat neçədə qətlə yetirildiyini yerindəcə araşdırmışam. Rail Rzayev qətlə yetirilən ərazidə ölkənin tanınmış banklarından birinin Yasamal filialı yerləşir. Bankın ətrafı isə video kameralarla əhatə olunub, günün 24 saatı çəkiliş aparılır. Bundan başqa, Azərbaycanda insanlar qəsdən adam öldürməyə çox mənfi yanaşırlar. Belə hadisələri görən, bununla bağlı şübhəli məqamların şahidi olan şəxslər bir qayda olaraq istintaq orqanları ilə əməkdaşlıq edirlər. Eyni zamanda Azərbaycanın hüquq-mühafizə orqanları zorakılıq üsullarından geniş istifadə edir. Əgər kimsə bildiyi məlumatı gizlətməyə cəhd etsə belə, həmin informasiyaları zorla əldə edirlər. Bütün bunlar mənə imkan verir ki, hüquq-mühafizə orqanlarının Rail Rzayevin qətlini sifariş və icra edənlərin kimlər olduğunu bildiyini deyim”.
M.Baxışovun fikrincə, ola bilər ki, qətli sifariş edən şəxsin mövqeyi güclüdür, ona görə də qətlin açılması, ictimaiyyətə elan olunması hakimiyyətin özü üçün təhlükə törədir: “Bunu Hacı Məmmədovun bandasının işində də gördük. Çox tərəddüddən sonra Hacı Məmmədovun cinayətlərinin üstünü açmağa məcbur oldular. Əgər cinayəti sifariş və icra edənlər güclü adamlar deyilsə, onda işin istintaqını aparan şəxslərin peşəkarlığı aşağıdır. Əslində isə söhbət qətlin üstünün açılmasından deyil, bu cinayəti törədənlər haqda ictimaiyyətə məlumat verməkdən söhbət gedir. Amma gec-tez Rail Rzayevin qatilləri tapılacaq. Ola bilər ki, bu bir qədər geciksin. Bunun zamana ehtiyac var”.
Son əvəzi…
Axı niyə general Rzayevin ailəsi, yaxınları, dostları bir dəfə də olsun qətlin üstünün açılmamasına etiraz etmirlər?
Kim və nə onları belə susmağa vadar edir? Sahib olduqları imtiyaz və vəzifələrin itirilməsi qorxusu, yoxsa qətllə bağlı bildikləri hansısa həqiqət?..