Rahim Hacıyev qəzetin taleyilə bağlı həyəcan təbili çaldı
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun ofisində rəhbərlik etdiyi nəşrə qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransına hüquqşünaslar, media quruluşlarının və jurnalist təşkilatlarının rəhbərləri də qatılıb.
Hakimiyyət “Azadlıq”ı susdurmaq üçün yenidən tam gücü ilə hücuma keçib
Rahim Hacıyev bildirib ki, Azərbaycan hakimiyyəti “Azadlıq” qəzetinə qarşı təzyiqlərin yeni mərhələsinə start verib. Onun sözlərinə görə, tənqidi mediaya dözümsüz yanaşan hakimiyyət bu sırada xüsusi olaraq “Azadlıq” qəzetini hədəf seçib. Rahim Hacıyev hazırda “Azadlıq”a qarşı iki məhkəmə iddiasının təmin edildiyini və yaxın vaxtlarda qəzetin bank hesabına həbs qoyula biləcəyini deyib: “Söhbət Bakı Metropolitenin rəisi Tağı Əhmədovun və ”Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın məhkəmə iddialarından gedir. Tağı Əhmədov “Azadlıq”dan 30 min manat tələb edir. Onun məhkəməyə müraciət etməsinə səbəb qəzetdə metroda gediş haqqı 15 qəpik olan zaman sərnişinlərin 20 qəpik ödəyərkən 5 qəpiklərinin “yox”a çıxması ilə bağlı yazı olub. Tağı Əhmədov bu məsələyə aydınlıq gətirməkdənsə “Azadlıq”ı məhkəməyə verir və yüksək məbləğdə cərimə elətdirir. Artıq bu məsələ ilə bağlı bütün məhkəmə instansiyaları keçilib. Bir neçə gün əvvəl Ali Məhkəmə də Tağı Əhmədovun iddiası ilə bağlı aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb. Ən geci aprel ayında “Azadlıq” qəzetinin bank hesabına həbs qoyula bilər. Kəbirə Məmmədova isə qəzeti onun qanunsuz hərəkətləri, sahibkarlardan əlavə pul yığması barədə yazıya görə məhkəməyə verib. O, “Azadlıq”dan 30 min manat, yazının müəllifindən isə 2 min manat tələb edir. Bu məsələ ilə bağlı artıq apellyasiya mərhələsi keçilib. Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Güman ki, Ali Məhkəmə də eyni addımı atacaq.
Qısası, hakimiyyət “Azadlıq”ı susdurmaq üçün yenidən tam gücü ilə hücuma keçib. Qəzetin taleyi sual altındadır”.
Hakimiyyət dərk etməlidir ki, “Azadlıq”ı bağlamaq cəhdləri baş tutmayacaq
Tanınmış vəkil Aslan Ismayılov bildirib ki, “Azadlıq”ın müdafiəsi ilə bağlı bütün tədbirlərdə öndə getməyə hazırdır: “Şəxsən mən ”Azadlıq” qəzetinin bağlanmasını özümə təhqir sayıram. Belə fikirlər səsləndiriləndə özümü alçalmış hiss edirəm. Hesab edirəm ki, özünə hörmət edən hər bir ictimaiyyət nümayəndəsi “Azadlıq”ın müdafiəsinə qoşulmalıdır. Çünki “Azadlıq” milli maraqları hər şeydən üstün tutan, həqiqəti yazan yeganə qəzetdir. Konkret misal çəkim: Bu yaxınlarda mən bir yazı yazmışdım. Söhbət Əkrəm Əylisli barədə yazıdan gedir. Təəssüf ki, bu yazı hardasa hakimiyyətin də mənafeyinə uyğun idi. Yəni, hakimiyyət Əkrəm Əylisli ilə bağlı məsələdən öz məqsədləri üçün istifadə edirdi. Lakin bütün bunlara baxmayaraq “Azadlıq” milli maraqları hər şeydən üstün tutaraq bu yazını çəkinmədən dərc etdi.
Bundan başqa “Azadlıq” hakimiyyətin hansısa qoluna bağlı olsaydı, indi bu cür təzyiqlərlə üzləşməzdi. Azərbaycanda hansı qəzetin kimə qulluq etdiyini hər kəs yaxşı bilir. Yeganə qəzet “Azadlıq”dır ki, çəkinmədən, cəsarətlə həqiqətləri ictimailəşdirir. Bu baxımdan hakimiyyət dərk etməlidir ki, “Azadlıq”ı bağlamaq cəhdləri baş tutmayacaq. Çünki bu halda mənim kimi bitərəf, loyal şəxsləri də radikallaşacaq”.
Media Hüquqları Institutunun rəhbəri Rəşid Hacılı bildirib ki, “Azadlıq”a qarşı məhkəmə iddiaları artıq hüquq müstəvisindən çıxıb: “Həm Tağı Əhmədovun, həm də Kəbirə Məmmədovanın qəzetindən 30 min manat tələb etməsi təsadüf deyil. Necə olar bilər ki, hər iki iddiaçının ağlına eyni məbləğ gəlib? Hesab edirəm ki, bu bir mərkəzdən verilən sifarişin nəticəsidir. Elə buna görə də məhkəmələr onların iddialarını təmin etməkdə həvəslidirlər. Bu baxımdan məsələnin artıq hüquq müstəvisindən çıxdığını söyləmək olar. Və məncə biz artıq müdafiəmizi siyasi müstəvidə qurmalıyıq”.
“Azadlıq” qəzeti həqiqəti yazır və kifayət qədər cəsarətlə yazır
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, “Azadlıq”a təzyiqlər hakimiyyətin seçki planlarının tərkib hissəsidir. Onun sözlərinə görə, iqtidar çap mətbuatında əsas hədəf olaraq “Azadlıq”ı görür və qəzetin sıradan çıxarılması üçün ciddi çabalar göstərir: “Azadlıq”a bundan əvvəl də təzyiqlər olub. Amma bu həna o hənadan deyil. Indi məsələ kifayət qədər ciddidir. Bu baxımdan da ciddi müdafiəyə ehtiyac var. Hesab edirəm ki, bu problem mətbuat konfransları ilə həll olunası deyil. Hesab edirəm ki, yığılıb bu məsələni ciddi şəkildə müzakirə etməliyik”.
Tanınmış telejurnalist Qulu Məhərrəmli bildirib ki, hər hansı qəzeti yazıya görə məhkəməyə vermək geriyə doğru addımdır: “Azadlıq” qəzeti həqiqəti yazır və kifayət qədər cəsarətlə yazır. Elə buna görə də ən populyar nəşrdir. Kimlərisə bu yazılanlar narahat edirsə, problemi özlərində axtarmalıdırlar. Azərbaycanda Tağı Əhmədov da daxil olmaqla salamat məmur yoxdur. Sadəcə bu təzyiqlər qəzetin yumşalması, təsirsiz bir mətbuat orqanına çevrilməsi üçündür. Mən hesab edirəm ki, “Azadlıq” öz yolu ilə getməlidir, biz isə qəzetin müdafiəsini gücləndirilməsinə çalışmalıyıq”
Metroda və “Binə”də korrupsiya faktları araşdırılmalıdır
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov bildirib ki, müstəqil mediaya, xüsusilə “Azadlıq” qəzetinə təzyiqlər səngiməyəcək: “Təzyiqlər daha da artacaq. Ona görə də qəzet ən pis varianta belə hazır olmalıdır. Bu məsələyə səthi yanaşmaq olmaz. Biz ciddi müdafiə taktikası qurmalıyıq. Beynəlxalq təşkilatlarla, səfirliklərlə işləməliyik”.
“Turan” Informasiya Agentliyinin Mehman Əliyev isə bildirib ki, metroda və “Binə” Ticarət Mərkəzində korrupsiya faktları var və bununla bağlı jurnalist tədqiqatı aparılmalıdır: Xüsusilə “Azadlıq” bu məsələdə fəal olmalıdır. Sonra bu korrupsiya faktları ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edilməlidir. Bu da qəzeti məhkəməyə verən şəxsləri yerində oturtmaq üçün bir üsuldur”.
Vidadi