Hakim partiya üzvünün həyatı təhlükədə; Hikmət Vəliyevi niyə öldürmək istəyirlər?
Meriyada xüsusi səlahiyyətlərə sahib olan Nərminə Isaqovanın qardaşı onlarla vətəndaşı aldadıb
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının üzvü, DIN-in 7-ci idarəsinin sabiq əməkdaşı Hikmət Vəliyev “Azadlıq”a müraciət edərək sensasion faktlar açıqlayıb.
Vətəndaşları aldadan Elman Isgəndərov kimdir?
2002-ci ilədək 7-ci idarədə çalışdığını deyən Hikmət Vəliyev bildirib ki, 2009-cu ildə yaxın dostunun vasitəsilə Elman Xızır oğlu Isgəndərov adlı şəxslə tanış olub: “Ona Ağcabədi rayonunda özümə məxsus göldə balıqçılıqla məşğul olmağı təklif etdim. Həmin sahəyə gedərək oranı bəyənən Elman Isgəndərov müvafiq maliyyə yatırımı qoymaqla bu bizneslə məşğul olmağa razılaşdı. Biz işləməyə başladıq. Bu iş üçün nə qədər vəsait xərcləndiyi, hansı işlər görüldüyü barədə məndə lazım olan bütün sənədlər var, çünki bütün yazı-pozu işlərini özüm aparırdım. Balıqçılıqla məşğul olaraq bu işi 2012-ci ilin avqustunadək apardıq. Məni bu şəxslə tanış edən də bizim işə şərik olmaq istəyirdi. Lakin Elman Isgəndərov həmin adama hədə-qorxu gələrək onu bu biznesdən ayırdı. Çünki Elman Isgəndərov Nərminə adlı bacısının Bakı Şəhər Icra Hakimiyyətində işlədiyini, Arif Paşayevin kassiri olduğunu, onun bütün işlərini həyata keçirdiyini deyirdi. Eləcə də Qubadlı rayon icra başçısı olan qardaşının vasitəsilə lazım olan adamı tutdurduğunu, həbs elətdirdiyini söyləyirdi. O, bacısının Azərbaycanda böyük bir şəxs olduğunu da deyirdi. Beləliklə, bizi tanış edən şəxsi günahı olmadığı halda, şərləyərək tutdurdu. Sonradan həmin adamın heç bir günahı olmadığını sübuta yetirərək buraxdılar”.
“O, bacısının böyük adam olduğunu, hakim ailəyə pul ötürdüyünü deyirdi”
Hikmət Vəliyevin sözlərinə görə, onda Elman Isgəndərovun bacısı olduğunu iddia etdiyi Nərminə Isaqovanın adıyla aldatdığı adamların siyahısı var: “100 min birindən, 150 min birindən, 30 min Qarabağda döyüşən bir qadından pul almışdı. Bu adamların məndə siyahısı var. Elmana deyirdim ki, böyük günah edirsən, bacının adından istifadə edib adamlardan pul alırsan. O, bacısının böyük adam olduğunu, Mehriban xanımla işlədiyini, Bakı Şəhər Icra Hakimiyyətindən pulu yığaraq hakim ailəyə ötürdüyünü deyirdi. Elman deyirdi ki, qorxma, istədiyim adamı məhv edərəm, çünki bu gün hakimiyyət bizdədir. Mən də öyrənmişdim ki, onun bacısı Nərminə Bakı Şəhər Icra Hakimiyyətilə bağlı bütün işləri görür.
Elmana dedim ki, balıqçılıqla bağlı işləri qardaşımla gör, mən Moskvaya gedirəm. Mən Rusiyaya gedəndə Elman Ağcabədidə diş həkimi Bayraməli adlı şəxsin dostundan işə düzəltmək adıyla 6 min dollar pul almışdı. Bu adamın pulunu vermək üçün evini satanda dedim ki, əlində pul qalarsa, bir yerdə Moskvaya gedək. Bu minvalla Elman 19 min dollar pul gətirdi, ondan 2 min dollarını mənə borc verdi. 17 min dolları isə borcluların əlindən aeroportdan keçirə bilmədiyimiz üçün Mahaçqala yoluyla apardı. Borclulardan Qarabağda döyüşən Elmira xanım, üç il öncə icra sərəncamı almaq üçün 150 min dollar aldığı gürcüstanlı Ramiz və digər şəxslərə Elmanın külli miqdarda borcu vardı. Elmira xanım onun icra başçısı olan qardaşı Malik Isaqovun qəbulunda olarkən o, mənə zəng edərək bu işi Elmanla birgə gördüyümüzü və zərərçəkənin pulunu verməyimizi dedi. Mən isə icra başçısına heç bir iş görmədiyimi, bu işi görənin Elman olduğunu, maliyyə vəsaitim olarsa balıqçılıqla təkcə çalışacağımı söylədim. Yəni bildirdim ki, pul qoyan, sponsor Elmandır. Həmin müddətdə borc yiyələri Elmanı sıxdığına görə o, maşınını “Şamaxinka”da saxlayaraq mənə dedi ki, yoxa çıxıram, Dağıstana gedirəm. Bacı-qardaşıma da deyərsən ki, Elmanın 350 min manat borcu olduğuna görə çeçenlər onu girov götürüb. Elmana dedim ki, belə söz deyə bilmərəm, yalnız onu deyə bilərəm ki, borclu olduğun üçün qaçmısan”.
Növbəti hədəf: “Qazproybank”ın direktoru müavini
Sabiq polis əməkdaşı bildirir ki, Elman Isgəndərovun maşını bir həftə “Şamaxinka”da qalandan sonra bank tərəfindən müsadirə elilib: “Həmin bir həftə müddətində Nərminə xanım müxtəlif adamlar vasitəsilə mənə söz göndərdi ki, qardaşımı neyləmisənsə, öldürüb gölə atmısansa söylə. Yoxsa səni məhv edəcəyəm. Qubadlının icra başçısı Malik müəllim mənə söz göndərirdi ki, qardaşım tapılmasa, səni MTN-nin əliylə məhv edəcəyəm. Mən də Elmanın harda olduğunu bilmədiyimi söylədim. Əslində, Elmana kişi sözü verdiyimə görə onun qaçıb-gizləndiyini demədim. Elman Isgəndərov bir həftə sonra mənə zəng edərək Ağcabədiyə gələcəyini dedi. Mən göldə təsərrüfatın üstündəydim. Onun vəziyyətinin olduqca pis olduğunu görəndə Ağcabədidə meşə kənarındakı restorana apardım. Elman bacı-qardaşının onu atdığını, pulunu vermədiyini deyərək mənim yanımda onları söydü. Sonra da ”mənim bacım da, qardaşım da sənsən” dedi. Onları gölə gətirdəcəyini bildirən Elmanın çağırışına bacı-qardaşı gəlmədi və camaatın borcunu özünün qaytarmalı olduğunu söylədilər. Mən Moskvaya qayıdanda orda Ira adlı qadınla tanış olduq. Sonradan öyrəndik ki, həmin qadın Moskvada “Qazproybank”ın direktoru müavinidir. Elman mənə dedi ki, bu qadından pul alacam ki, mağaza ala bilək. Ona dedim ki, bir az gözlə, bu qədər borcun altına girmisən, görək nə olur. Elman mənə qulaq asmayaraq həmin qadını yaşadığımız evə gətirərək mənimlə tanış etdi. Məni qadına göstərərək dedi ki, bu adam hüquqşünasdır, illərdir birgə biznesimiz var. Ona gölün şəkillərini göstərib neçə ton balığımız olduğunu dedi. Qadına 15 gün müddətində 50 min dollar pul lazım olduğunu söylədi. Qadın işlətdiyimiz mağazaya gələrək iş adamı olduğumuzu görəndən sonra bizə milyon yarım rus rublu verdi. Orda tanışlarımız vardı və mağazadan başqa kafe də götürmək istəyirdik. Amma qadına demişdik ki, mağaza alırıq və mal alaraq onu işlədəcəyik. Orda mənim əmim oğlu var və onunla məsləhətləşib əlimizdəki pulla restoran işlətməyi qərara aldıq. Onun köməyilə “Lyublyan” rayonunda azərbaycanlı bir şəxsin kafesini icarəyə götürdük. Əlimizdəki pulun bir hissəsini mağazaya xərcləmişdik, yerdə qalan pulun 600-nü üç aylıq icarə pulunu verdik. 400 mini də biznesi davam etdirməyə xərclədik. Bir müddət sonra Elman həmin qadının evində yaşamağa başladı. Halbuki o, Bakıda 22 yaşında bir qızı, digərini də Lənkəranda aldatmışdı. Yəni bu adam hamını aldatmaqla məşğul idi”.
Hikmət Vəliyev deyir ki, Elman Isgəndərov həmin qadından əlavə olaraq üç milyon pul alacağını və Azərbaycandakı borcları qaytaracağını bildirib: “O, dediyi kimi də elədi. Pulun bir hissəsini borca, bir hissəsini mala, bir hissəsini də xarici maşına, kafenin təmirinə xərclədi. Bir müddət sonra o, Moskvada yaşayan və cinayətkar qruplaşmayla əlaqəsi olan qohumunu taparaq Iradan 10 milyon alandan sonra onu öldürəcəyini dedi. Elmana dedim ki, bu, günahdır, qadın bizə kömək edib, pul verib, bu qədər imkanlar yaradıb, indi sən deyirsən ki, onu öldürək. Mən bu cinayətdən boyun qaçırdım. Bir insan kimi bunun Allah qarşısında günah oldğunu bilirdim”.
Sabiq polis əməkdaşı bankir xanımı ölümdən xilas edir
Sabiq polis əməkdaşı həmin qadını ölümdən xilas etmək ona SMS yazaraq Elman Isgəndərovun planlarından xəbərdar edib: “Elmanın düşündüyü cinayətə etiraz edəndən iki gün sonra həmin qadına bu barədə sms yazdım ki, Elmana daha pul vermə, bu, sənin həyatın üçün təhlükəlidir. Onunla görüşərək söhbətə ehtiyac olduğunu çatdırdım. Çünki Elman mənimlə əvvəlki münasibəti dəyişməyə başlamışdı. Görürdüm ki, Elman başqa dəstəyə qoşulub, onlarla, cinayətkar qrupla dostluq edir. Noyabrın 15-də məni ”söhbətə” çağırdılar. Elman ofisə gələrək mənimlə işləmək istəmədiyini, guya onu 4 ildir aldatdığımı dedi. Aydın oldu ki, həmin cinayəti törətməyə razılaşmadığım üçün o məni bütün işlərdən ayırır. Nə qədər ki şərikli biznesimiz vardı, məni o işlərdən ayırdı. Bundan sonra həmin SMS-i rus Iraya yazdım ki, Elmana pul vermə, həyatın təhlükədədir. Həmin günə qədər qadın Elmana 3 milyon yarım pul vermişdi. Məndən sonra Elmana yenə də pul vermişdi. Elman hər şeyi əlimdən aldı, biznesdən məhrum edərək məni bir qəpiksiz qoydu. Aradan üç-dörd gün keçəndən sonra həmin qardaşlar mənimlə “söhbətə” gəldilər. 50 nəfər bandit qrupu kafeyə gələrək rus qadınına yazdığım SMS-i qarşıma qoyaraq onları “yandırdığımı” deyərək bildirdilər ki, Iradan alınması nəzərdə tutulan həmin pulu və üstəgəl 4 il ərzində gölə xərclənən pulları ödəməsən, səni öldürəcəyik. Mən sabiq polis işçisi olduğum üçün onlardan qorxmadım, haqlı olduğum üçün sözümü də dedim. Elmanın hər şeydə günahkar olduğunu, məndə pul olmadığını, bütün pulun kafedə olduğunu onlara söylədim. Moskvada olan dostlarımı şifahi şəkildə məlumatlandırmışdım ki, həyatıma belə bir təhlükə var. Elmanın dəstəsi polisə xəbər verməməyi demişdi. Haqqımda artıq ölüm fərmanı verildiyi üçün dünən (srağagün) səhər Gəncə reysilə qaçıb Bakıya gəlmişəm. Onlara telefon vasitəsilə bildirmişəm ki, haqqımda ölüm fərmanı verdiyiniz üçün əlaqədar orqanları xəbərdar etmişəm. Həyatıma təhlükə olduğu üçün belə qərara gəldim ki, Azərbaycanda ən populyar və nüfuzlu qəzet olan “Azadlıq” qəzeti vasitəsilə ictimaiyyəti, hüquq-mühafizə orqanlarını məsələdən xəbərdar edim. Mən özüm də ayrıca bu barədə MTN və DIN-ə müraciət edəcəyəm. Bununla yanaşı “Azadlıq” qəzeti vasitəsilə də müvafiq qurumlara müraciət edirək onlardan təhlükəsizliyimlə bağlı tədbir görmələrini xahiş edirəm. Mənim həyatım təhlükədədir. Hər an məni öldürə bilərlər”.
Hikmət Vəliyev sonda bildirib ki, 2002-ci ildə başına gələn olaylar barədə də geniş açıqlama verməyi düşünür: “Moskvada olanda hazırda gündəmdən çıxmayan videolarla tanış oldum. Elşad Abdullayev mənə dərs deyib, onu burdan salamlayıram. Onun mövcud cinayətkar dəstənin ifşa olunmasında böyük rolu var. Mən də yaxın vaxtlarda 2002-ci ildə başıma gələn olaylarla bağlı geniş müsahibə verəcəyəm”. Yazıda adı hallanan Nərminə Isaqova və Malik Isaqovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Lakin bununla belə onların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.