«Hümbət qohumluğumuzdan sui-istifadə edib zavodu ələ keçirdi, sonra məni bayıra atdı»
«Sənədlərin saxtalaşdırılmasında və məhkəmələrin udulmasında vəkil Alov Səfərəliyev ona kömək etdi»
“10 ildir ki, məhkəmələrdə sürünürük. Sumqayıt bizim xeyrimizə, Bakı məhkəmələri isə əvvəlcə Rövşən Vəliyevin, indi isə Hümbət Məmmədovun xeyrinə qərar çıxarır. Min bir əziyyətlə tikdiyim zavodu mənə vermirlər. Indi o yerləri Hümbət Məmmədov başqa adamlara satıb” – bu sözlərin müəllifi Səlim Həsənovdur.
O, 1987-ci il fevralın 22-də “Ayna” kooperativini təsis edib. 1991-ci ilə kimi kooperativ mərmər istehsal edib. Söhbət Səlim Həsənovun ixtirası olan süni mərmər istehsalından gedir. 1991-ci ildən bu yana isə… Problemlər də elə bundan sonra başlayıb.
İlk hücum silahlı basqın oldu…
Səlim Həsənovun evində görüşüb, illərdir ona əziyyət verən, incidən bir problemə işıq salmağa çalışdıq. Deyir ki, kooperativin fəaliyyətini genişləndirmək üçün 1991-ci ildə tanıdığı Vaqif Vəliyevin təşəbbüsünə razılıq verir. Bu vaxt Vaqif Vəliyev Özbəkistanda idi: “Kooperativin başqa üzvləri ilə razılığa gəldi və mənimlə şərikə təsisçi oldu. Bir təsisçi mən idim, biri də Vaqif Vəliyev. Məqsəd isə sən demə, başqa, Özbəkistanda olan öz daşınan əmlaklarını ölkəyə gətirmək imiş. Maşınları və başqa əşyaları ”Ayna” kooperativinin adından istifadə edərək Azərbaycana gətirəndən sonra təsisçilikdən çıxır və özünə gön-dəri zavodu açır”.
Vaqif Vəliyev kooperativi tərk edəndən sonra işlər bir az səngidi. Çünki özü ilə gətirdiyi əşyalarıyla yanaşı, “Ayna”nın da 411 min rubl dəyərində olan xammal və avadanlığını özü ilə aparır: “Tamahkarlıq edərək qoyduğundan əlavə faydalanır. Nəticədə kooperativ fəaliyyətsiz qalır. 1992-ci ildə Vaqif Vəliyev dünyasını dəyişdi. 1993-cü ildə ”Ayna” kiçik müəssisəsini yaratdım. Iki il sonra mərhumun oğlu Rövşən Vəliyev 25 dekabr 1994-cü ildə zavoda silahlı basqın etdi. Dedi ki, atam buranı alıb və biz işlədəcəyik. Mübahisə başladı və 1997-ci ilə kimi biz orada heç nə işlədə bilmədik”.
Qeyd edək ki, Vaqif Vəliyev qısa müddət Gəncənin icra başçısı vəzifəsində çalışıb.
Səlim Həsənov deyir ki, üç ildən sonra – 1997-ci ildə Rövşən Vəliyev zavodun fəaliyyətindən heç bir xeyir görmədiyi üçün adamlarıyla oranı tərk edir: “Onlar gedəndən sonra kooperativin fəaliyyətini bərpa etməyə çalışdım. Buna nail oldum. 1997-ci ildə ”Ayna” müstəqil müəssisəsini yaratdım. Hərbi hissələr üçün neftlə işləyən sobalar istehsal etməyə başladım. Bu qurğunu özüm ixtira etmişdim, istehsalı da mənə məxsus olduğundan heç bir zavod ixrac edə bilməzdi. Bizim istehsal etdiyimiz sobaları qaz-işıq olmayan ünvanlarda yerləşən hərbi hissələr alırdılar. Zavod 2001-ci ilə kimi normal işlədi və heç kim bizə mane olmurdu.
Hümbət Məmmədov necə peyda oldu?
2001-ci ildə Rövşən Vəliyev yenidən iddia qaldırır ki, kooperativ onun atasına məxsusdu: “Sumqayıt məhkəməsinə müraciət etdi. Heç nə alınmadı. Məhkəmə onların iddiasını rədd etdi. Apelyasiya Məhkəməsi onların xeyrinə qərar çıxardı. Ali Məhkəməyə üz tutduq. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
Rövşən Vəliyevin vəkili Alov Səfərəliyev idi. Kassasiya şikayəti verdik. Kassasiya bütün iddiaları kənara qoydu. Kooperativi pay-puş etdi. 70 faiz Rövşənin oldu, 30 faiz mənim”.
Səlim Həsənov yenə geri çəkilmir, məhkəmələrə müraciət edərək öz haqqını tələb edir: “Vəkil Alov Səfərəliyevin qeyri-qanuni səyləri nəticəsində Apelyasiya Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi qərara əsasən 1996-cı ildə Vaqif Vəliyevin kooperativi pul ödəyərək aldığını təsdiqləyib. Halbuki 1992-ci ildə Vaqif Vəliyev qısa müddətdə icra başçısı olduğu dönəmdə müəmmalı şəkildə öldürülüb. Beləliklə, on ildən çoxdur ki, iş məhkəmələrdə fırlanır.
2007-ci ildə isə Hümbət Məmmədov peyda olur və Səlim Həsənova vəd verir ki, zavodu geri qaytarmaqda ona köməklik edəcək. Bunun müqabilində zavoda o da şərik olacaq. Maliyyə dəstəyini Hümbət Məmmədov verəcək, zavodun yeri və onun işə salınması isə Səlim Həsənovluq olacaq.
Qeyd edək ki, Səlim Həsənov və Hümbət Məmmədovun qızları bir ailənin gəlinidirlər. Yeni qohumluq əlaqələri biznes sevdasında daha da möhkəmlənməli idi.
Haşiyəyə çıxaraq bildirək ki, Hümbət Məmmədov hazırda həbsdədir. Belə ki, 2011-ci ilin iyulun 11-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilməsi, baş mühasib Əmiraslan Əhmədovun ağır yaralanmasına görə təqsirli bilinən şəxslərdən biri də Hümbət Məmmədov olub. Bakı Ağır Cinayətlərə dair Məhkəmədə iş üzrə proses davam edir.
“Hümbət 40 tonluq alman istehsalı olan hidravlik pressimi aradan çıxardı”
Səlim Həsənov deyir ki, Hümbət Məmmədov qohumluğundan, ona edilən etibardan sui-istifadə edərək zavodu tam ələ keçirir: “Əvvəlcə mənə dedi ki, Rövşənlə danışacam. Məhkəmənin xeyrinə çıxartdığı qərara əsasən ona çatan hissəni razılığıyla alacam. Sən demə, mənə burada bir söz, Rövşənlə görüşəndə başqa söz deyirmiş. Bir sözlə, mənə deyilənlərin əksini də Rövşənə söyləyirdi. Ona da deyirdi ki, biz şərikə işləyəcəyik, Səlimi işdən uzaqlaşdıracam”.
Bu işdə Hümbətə Alov Səfərəliyevin böyük köməyi dəyirdi: “Onun qeyri-qanuni yollarla məhkəmələri udmaqda böyük səriştəsi var. Üstündən bir müddət keçəndən sonra 48 saylı notariusdan bir sənəd gətirilir. Orada yazılmışdı ki, Rövşən Vəliyev kooperativdə ona çatacaq hissəni Hümbət Məmmədova verir. Mən Hümbətə inandığım üçün buna razılaşdım. Az sonra biz zavodun fəaliyyətini bərpa etdik. Başladıq işləməyə”.
Elə ki, Səlim Həsənov kafel nümunələrini istehsal edib Hümbətə göstərir, Hümbət 180 dərəcə dəyişir: “Öz məkrli planını həyata keçirməyə başlayır. Zavoda pulla mühafizəçilər tutur, mənim içəriyə keçməyimə qadağa qoyur. Həmin ərəfədə mənə məxsus 1997-ci ildən tikdiyim binanın 600 kvadrat metrini tamamilə söküb xəlvəti aparır. Bundan əlavə, olaraq sexdə birgə yaratdığımız avadanlıqları, o cümlədən mənim 40 tonluq alman istehsalı olan hidravlik pressimi aradan çıxarır. Sonradan öyrəndim ki, Hümbət Məmmədov 48 saylı notariusda Rövşənin ona verdiyi bölgüyə razılıq əlaməti üçün atdığım imzanın surətini çıxararaq saxtakarlıq edib. Guya mən də öz payımı Hümbət Məmmədova satmışam”.
“Alov Səfərəliyevin əliylə kooperativin bazasında alğı-satqı sənədləri saxtalaşdırılır”
“Bunun müqabilində Rövşən Vəliyevə ”Gənclik”də yeni tikilən binanın 1-ci mərtəbəsini verəcəyini vəd verib. Yenidən məhkəmələrə müraciət etməli oluram. Sumqayıt məhkəmələri lehimə, Bakı məhkəmələri isə əleyhimə qərar çıxarır. Hümbət Məmmədov zavodu Alov Səfərəliyevin vasitəsi ilə kooperativin bazasında alğı-satqı sənədlərini saxtalaşdırmaqla “Ayna” LTD yaradır. Sonra saxta yolla yaratdığı LTD-ni yoldaşı Manana Məmmədovanın adına keçirir. Guya kooperativ 20 manat dəyərində qiymətləndirilib. Onun 14 manatını Rövşən Vəliyevə, 6 manatını bizə verib”, – deyə Səlim Həsənov bildirir.
Səlim Həsənov söyləyir ki, Hümbət Məmmədov zavodu ələ keçirəndən bir müddət sonra kooperativin fəaliyyəti dayanır: “Çünki istehsalı mən bilirdim. Ixtira mənə məxsus olduğu üçün heç bir mütəxəssis bunu işlədə bilməzdi. Az sonra zavod fəaliyyətini dayandırdı. Mənim ayaqlarım ağrıdığı üçün, Hümbət də həbs olunduğuna görə problem ortada qalıb. Eşitdiyimə görə, zavodun yerinin bir hissəsi avtobuslar üçün qaraj, bir hissəsi isə başqa adamlara satılıb. Ancaq mən sona qədər mübarizə aparıb, öz haqqımı geri qaytarmağa çalışacam”.
***
“Azadlıq”a verilən məlumatlara görə, Hümbət Məmmədov zavodu qeyri-qanuni yollarla tam ələ keçirmək üçün 1 milyon manata yaxın vəsait xərcləməli olub. Bu işdə ona Alov Səfərəliyevin böyük köməyi dəyib. Ancaq zavodu işlədə bilmədiyi üçün sonradan həmin ərazini satmağı qərara alıb…
Ramin DEKO