“Hökumətin niyyəti sadəcə bir qəzeti susdurmaq yox, 9 milyonun haqqına sahib olmaqdır”
“Kim buna sərt, adekvat reaksiya verməyəcəksə, deməli, başqa maraqları demokratiya ilə bağlı maraqlarından daha üstündür”
“Azadlıq”ın bank hesabına həbs qoyulması, qəzetin ayrı-ayrı məmurların xeyrinə kəsilən məhkəmə cərimələri altında boğulması növbəti dəfə geniş ictimaiyyətin müzakirəsinə çıxarıldı. Noyabrın 13-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində keçirilən tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri – Əli Kərimli, Pənah Hüseyn, Vidadi Mirkamal, Hikmət Hacızadə, Hurəddin Məmmədli, İbrahim Məmmədli, Mehman Cavadoğlu, Əvəz Temirxan, Qulamhüseyn Əlibəyli, Mehman Əliyev, Rauf Arifoğlu, Arif Əliyev, Qulu Məhərrəmli, Aslan İsmayılov, Hacıbaba Əzimov, Leyla Yunus, Mirvari Qəhrəmanlı, Emin Hüseynov, Rəsul Cəfərov, Hafiz Həsənov, Anar Məmmədli, Rafiq Əliyev, həmçinin Avropa Şurası və Avropa Birliyinin Azərbaycan nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan üzrə koalisiyada birləşmiş 7 beynəlxalq təşkilatın koordinatoru Rebeka Vinsen və Almaniya səfirliyinin nümayəndəsi iştirak edirdi.
“Azadlıq”ın qapıları bağlanar, amma qəzet heç vaxt öz prinsiplərinə xəyanət etməz”
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev “Azadlıq”la bağlı son durumu tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Hakimiyyətin azad mətbuata, o cümlədən “Azadlıq” qəzetinə təzyiqləri səngimək bilmir. Azad mətbuatın ictimai-siyasi həyatımızın çox ciddi amili kimi mövcud olması hakimiyyəti son dərəcə narahat edir. Azad mətbuatı boğmaq üçün planlı və metodiki şəkildə fəaliyyət göstərirlər. 2006-cı ildən başlayaraq “Azadlıq” qəzetinə çox ciddi təzyiqlər var. Baş redaktorun, satirik yazarın həösi, iki əməkdaşın bıçaqlanması, siyasət şöbəsinin müdiri Seymur Həzinin oğurlanması, döyülməsi, Ramin Dekonun paltarı qan içində redaksiyaya gəlməsi. Qəzetə basqılar bununla məhdudlaşmayıb. Dəfələrlə qəzetin saytına hücumlar olub, sayt günlərlə işləməyib. 2011-ci ilin sentyabrından başlayaraq Bakının abadlaşdırılması adı altında “Qasid” firmasının qəzet köşkləri yığışdırılıb. Əl yayımı ilə bağlı ciddi problemlər yarandı. Əhalinin çox olduğu yerlərdə artıq əl yayımı yoxdur. Bizim satış mənbələrimiz xeyli mənada sıradan çıxarılıb. Bütün bu problemlərə baxmayaraq, son aylarda qəzetin tirajında artım olub. Hakimiyyət gecə-gündüz “Azadlıq”ı sıradan çıxarmaq planını həyata keçirməklə məşğuldur. Ən böyük yayım firması olan “Qasid”in “Azadlıq”a olan borcu 35 min manatı keçib. Biz heç cür satılmış nüsxələrin pulunu ala bilmirik. Hətta “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşlarının oktyabrın 18-də “Qasid” firmasının qarşısında keçirdiyi etiraz aksiyası belə, ciddi nəticə vermədi. Bugünə qədər də firmanın bizə olan borcu yığılıb qalmaqda davam edir. Daha bir vacib məqam məşhur “Ayı işi” ilə bağlı “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə kəsilən cərimədir. Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası üzrə hər iki qəzetə 4 min manat cərimə kəsilib.
Bu cəriməyə görə “Azadlıq”ın bank hesabına həbs qoyulub. Sentyabrın əvvəllərində oxucuların bizim çağırışımıza cavab verib qəzetə dəstək verməsi sayəsində fəaliyyətimizi davam etdirə bildik. Amma hesabımıza həbs qoyulması bizi ağır vəziyyətə salıb. Qəzet faktiki maliyyəsiz qalıb. Qəzetin qəhrəman, fədakar kollektivi fəaliyyətini davam etdirir. Amma fədakarlığın da bir həddi var, fədakarlıq da heç də bütün problemlərin həlli deyil. Düzdür, illər uzunu “Azadlıq”ın qəhrəman kollektivi bütün maliyyə çətinliklərinə və təzyiqlərə baxmayaraq, fəaliyyətini davam etdirib. Amma artıq fədkarlıq fenomeni də qəzeti bu vəziyyətdən çıxarmağa kömək edə bilmir. Son illər ərzində ölkədəki korrupsiya faktlarını, insan hüquq və azadlıqlarını kobudcasına pozulması faktları ilə bağlı “Azadlıq”ın tutduğu barışmaz, prinsipial mövqe qəzetə baha başa gəlir. Hakimiyyət bu qəzeti sıradan çıxarmaq istəyir. Baxmayaraq ki, sosial şəbəkələr çox ciddi təsirə malikdir, amma hakimiyyət əsasən “Azadlıq”ı hədəfə alıb. Qəzet əlbəttə ki, öz fəaliyyətini bundan sonra da prinsiplərinə sadiq qalmaq şərtilə davam etdirəcək. “Azadlıq”ın qapıları bağlanar, amma qəzet və onun kollektivi heç vaxt prinsiplərinə xəyanət etməz. Biz bu mövqeyimizdə sona qədər qalacağıq, Azərbaycanda azad mətbuatın flaqmanı olan bu qəzetin sıradan çıxarılmasına imkan verməməliyik. Mən qətiyyən şübhə etmirəm ki, Azərbaycanda demokratiyanın, söz azadldığının təntənəsini istəyən bütün insanların köməyi ilə “Azadlıq” qəzeti bu problemləri aşa biləcək”.
“Bu fədakarlığa görə “Azadlıq”a təşəkkür edirəm”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn “Azadlıq” qəzetini ölkədə qorunub qalmış azadlıq subyektlərindən biri kimi qiymətləndirdi: “Mən bilirəm, “Azadlıq” qəzeti hansı əzab-əziyyətin hesabına işıq üzü görür. Bir vətəndaş və İctimai Palataya üzv olan şəxs kimi bu fədakarlığa görə “Azadlıq”a təşəkkür edirəm. “Azadlıq”ın müdafiəsi üçün kollektiv nə təklif edəcəksə, bu addımlar da atılacaq. Geriyə yolumuz yoxdur. Aksiyaların keçirilməsinin əleyhinə deyiləm. Amma hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ortada “Ayı işi” ilə bağlı kəsilən cərimə var. İddiaçı nazir oğlu olsa da, bu məsələnin icraçısı və sifarişçisi İlham Əliyevdir. Ünvanlar dəqiq göstərilməlidir”.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal baş verənləri hakimiyyətin seçki öncəsi azad mətbuata artan təzyiqi kimi dəyərləndirdi: “2013 prezident seçkiləri ilidir. Bu ərəfədə mətbuata qarşı basqılar da artıb. İllərdir bu hakimiyyət azad medianı təzyiq altında saxlayır. Ölkədə istisnasız olaraq bütün telekanallar ailəyə xidmət edir. Çox az sayda mətbuat orqanı qalıb ki, xalqın sözünü çatdırsın. Konkret desək, iki qəzet qalıb ki, onlardan biri də “Azadlıq”dır. “Azadlıq” hakim ailənin qanunsuz əməllərini, onun korrupsioner mahiyyətini ifşa edir. Hakimiyyətin bu əndişəsi başadüşüləndir. Onların məqsədi bu qəzeti bağlamaqdır. Bütün bunların sifarişçisi də ölkə başçısıdır. Bu hakimiyyət hüquqi müstəvidə çox zəifdir. Ona görə də qeyri-hüquqi müstəvidə mübarizə aparır”.
“Azadlıq”a qarşı hücumlar qəzetin uğurları ilə bağlıdır”
AXCP sədri Əli Kərimli bildirdi ki, hakimiyyətin “Azadlıq”a qarşı hücumları qəzetin uğurları ilə bağlıdır: “Əslində bu bir fenomendir ki, bu qəzet heç bir reklam imkanı olmadan, heç bir kənar yardımlar olmadan korrupsioner hakimiyyəti bütün qolu-budağı, bütün cinahları ilə hədəf seçərək uzun illər ərzində öz mövcudluğunu qoruyub saxlayıb. Açıq etiraf etmək lazımdır ki, bu qəzet ölkə gündəminin müəyyənləşməsinə çox ciddi təsir göstərir. Bu qəzetdə gedən və Azərbaycan hakimiyyətinin maskasını çıxarıb əsl mahiyyətini göstərən materiallar ictimai rəyə çox ciddi təsir edir. Sosial şəbəkələr və başqa media orqanları ola-ola məhz “Azadlıq”ın hədəf seçilməsi təsadüf deyil. Bu, qəzetin hakimiyyətin, dövlət başçısının şəxsən özünün əməllərini ictimaiyyətə çatdırması ilə bağlıdır. Bu təzyiqlər yalnız qəzeti zəiflətməyə yönəlməyib. Onsuz da təzyiqlər həmişə olub. Qəzetin ofisini əlindən alıblar, mütəmadi olaraq bir çox başqa təzyiqlər də olub. İndi başlanğıc üçün 4 minlik cərimə var ki, qəzeti, kollektivi buna alışdırsınlar. Ardınca da 30 minlik, 32 minlik, üst-üstə 60 minlik cərimə gələcək. Bu, faktiki olaraq qəzeti məhv etmək deməkdir. 2006-cı ildə İlham Əliyev bu qəzetin bağlanması üçün ciddi bir qərar vermişdi. Sonradan “WikiLeaks” sənədlərində gördük ki, bu mövzuda hansı gərgin söhbətlər olub. O zaman beynəlxalq birliyin təzyiqləri çox ciddi oldu. Azərbaycan hökuməti ofisi almaqla kifayətlənərək qəzetin yaşaması ilə barışdı. İndi növbəti belə kampaniya başlayıb. Qəzeti susdurmağa ciddi şəkildə cəhd göstərilir. Bu, yalnız qəzeti susdurmaq cəhdləri deyil. Bu, 2013-cü ilin prezident seçkiləri kampaniyasının tərkib hissəsidir. Bu barədə açıq danışmaq lazımdır. “Azadlıq” qəzetinə bu hücumlar, kütləvi aksiya iştirakçılarına fantastik cərimələrin tətbiq edilməsi bir tərəfdən xalqdan narahat olmasının ifadəsidirsə, o biri tərəfdən də 2013-cü ilin prezident seçkiləri ərəfəsi cəmiyyəti özünümüdafiəyə sövq etməkdir. İstəyirlər ki, bax, bu demokratik kəsim seçki platforması, seçki strategiyası, parlamentin buraxılması, 48 milyardın hara getməsi, videokandalın aqibəti, “ümumimilli kassa”nın harada və kimin nəzarətində olması ilə yox, öz problemləri ilə məşğul olsun. “Azadlıq”ın müdafiəsi, mitinq iştirakçıları üçün cərimələrin aqibəti ilə bağlı müzakirələr, kampaniyalar aparaq. Biz ictimaiyyətə mövqeyimizi çatdırmalıyıq. Hökumət də bilməlidir ki, onların bu niyyəti ifşa olunub. Bu niyyət yalnız bir qəzeti susdurmaq deyil. Hövbəti dəfə 9 milyonun haqqına sahib olmaqdır. Hövbəti dəfə bu 9 milyonun seçmək hüququnu əlindən almaqdır. Legitimliyini itirmiş, xalqın nifrət hədəfi olmuş bir parlamentin buraxılmasından diqqəti yayındırmaq cəhdidir”.
“Beynəlxalq təşkilatlara açıq mesaj verməliyik”
Ə.Kərimli hesab edir ki, toplum olaraq ortaya ciddi mövqe qoyulmalıdır: “Bir tərəfdən “Azadlıq”ı müdafiə etmək üçün bütün mümkün vasitələri düşünməliyik. Eyni zamanda, hökumətə açıq mesaj verməliyik ki, onun bu hücumları bizi əsas hədəflərdən yayındıra bilməyib. İlham Əliyev başda olmaqla bu rejimin dəyişməsi əsas hədəfimiz olaraq qalır.
Burada kifayət qədər mövqeli, təsirli insanlar, eləcə də beynəlxalq təşkilatların nümayəndələri əyləşib. Biz beynəlxalq təşkilatlara açıq mesaj verməliyik. Bu, onların Azərbaycanın demokratikləşməsi ilə bağlı səmimi mövqelərinin nədən ibarət olduğunun növbəti bir testi olacaq. Ola bilməz ki, ölkənin demokratikləşməsində maraqlı olanlar “Azadlıq”ın boğulmasına, məhv edilməsinə sussun. Kim buna sərt, adekvat reaksiya verməyəcəksə, deməli, onların başqa maraqları, demokratiya ilə bağlı maraqlarından daha üstündür. Biz beynəlxalq təşkilatların mövqeyini görmək istəyirik. Açıq və birmənalı mövqe istəyirik. “Azadlıq” qəzetini məhv etmək istəyirlər, buyursunlar bu məsələyə mövqe bildirsinlər.
İkincisi, biz cəmiyyət olaraq qədim romalılar kimi qladiator döyüşünə baxmalı deyilik. Hər bir yerdə oturub əqidəli, fədakar insanlara azarkeşlik edir. Onlara mənəvi dəstək verirlər. Axı bu azdı. Bu insanlar toplumdan istədikləri ciddi dəstəyi görməsələr, fədakarlığın da bir sonu ola bilər. Ona görə də bunların təklənməsinə imkan vermək olmaz. Biz hamımız istəyirik ki, cəmiyyətdə qələminə sədaqətli insanlar çox olsunlar. Kim ki əlinə qələm götürdü həqiqəti desin, özü də kompromissiz. Azacıq kompromis olanda hamımız üsyan edirik ki, olmaz, həqiqəti axıra qədər, yüz faiz de. Yaxşı, yüz faiz deyənləri boğurlarsa, məhv edirlərsə və toplum buna lazımi reaksiyanı vermirsə, sabah kimdən tələb etməyə haqları olacaq? Ona görə, cəmiyyət də bu fədakarlığa qoşulmalıdır. Sentyabr ayında qəzet bağlanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz fədakar insanların yardımları hesabına qəzet bu günə qədər mövcudluğunu qoruyub. İlk növbədə cəmiyyətin birmənalı, açıq maddi dəstəyi olmalıdır. Müəyyən kampaniyalar keçirmək olar. Təzyiqlər öz işini görənə qədər bu yardımlar qəzetin yaşaması üçün nəfəslik rolunu oynayar.
Özünü cəmiyyətin öncülü hesab edənlər bu prosesdə daha öndə olmalıdır”.
“Sovet dövründə bu qəzet çıxdı, Əliyevin dövründə isə onu bağlamaq istəyirlər”
Hüquq müdafiəçisi Leyla Yunus isə “Azadlıq”la bağlı konkret təkliflərlə çıxış etdi: “Gəlin, qəzetin yaşaması üçün strategiya müəyyənləşdirək. “Azadlıq” qəzetinin ikinci səhifəsində hər gün siyasi məhbusların fotoları olur. İndi biz “Yeni Müsavat”dan, “Bizim Yol”dan, “contact.az”dan xahiş edək ki, həmin yerdə “Azadlıq”a azadlıq!”, “Azadlıq” olmalıdır!”, “Azadlıq” bağlanmamalıdır!” şüarlarını dərc etsinlər. Çap və internet mətbuatında həmrəylik nümayiş etdirilməlidir. Sovet dövründə bu qəzet çıxdı, Əliyevin dövründə isə onu bağlamaq istəyirlər. Bolşeviklərin kommunist rejimi bu qəzetin çapına imkan verirdi, bunlar isə vermir. Bu şüarlar bütün qəzetlərdə olmalıdır. İnternetdə diqqət çəkən kampaniyalar keçirilməlidir. “Tı kto takoy, davay do svidaniya”ya internetdə 40 milyon adam baxıb. Kimsə oxşar meyxana yaza bilər. Oxumaq üçün uşaqlar da taparıq. O meyxanada “Azadlıq”ı qapatmaq istəyən adamların adları, “Azadlıq” həmişə olsun”, “Azadlıq”sız bir günümüz olmasın!” şüarları keçsin. Bunu hazırlamaq və “youtube”da yerləşdirmək olar. Elə meyxana olsun ki, oradakı sözlər dillər əzbəri olsun. Və ya belə bir söz olsun ki, əgər “Azadlıq”ı bağlamaq istəyirsənsə, Hovella xanım demiş, sən Azərbaycanı seçmirsən. Görüləcək işlərdən biri də icazəli piket keçirməkdir. Harada istəyirlər yer versinlər. Hamımız gələk, “Azadlıq” qışqıraq. Dördüncü təklifim, internetdə kampaniya başlatmaq və beynəlxalq qurumları buna cəlb etməkdir. Dünyanın hər yerindən imzalar toplaya bilərik və bunu paralel olaraq prezidentin internet ünvanına da göndərərik. İnanın ki, bu, piketdən daha təsirli vasitə olacaq. Eyni zamanda, “Azadlıq”ı məhkəməyə verənlərin qara siyahısını hazırayaq və bunu səfirliklərə göndərək ki, onlara şengen vizası verilməsin. Medianın düşmənləri xarici ölkələrə gedə bilməsin. Eyni qara siyahı qəzetlərlə bağlı sifarişlə qərarlar çıxaran hakimlərlə də bağlı hazırlansın”.
“Fədakarların yanında olmalıyıq”
Politoloq Hikmət Hacızadə qəzetin müdafiəsi üçün istənilən kampaniyaya qoşulmağa və öndə olmağa hazır olduğunu dedi: “Mən “Azadlıq”ın veteranlarından biriyəm və bu gün qəzeti belə vəziyyətdə görmək məni çox üzür. “Azadlıq” hər cəhətdən öndə olan bir qəzet idi. Kompüterlə birinci qəzeti də biz buraxmışdıq. Təəssüf ki, indi azad sözün məkanı daralır. Təklif edirəm ki, buradakıların iştirakı ilə redaksiya şurası yaradılsın, bəyanat yayılsın. Bu yaxınlarda ABŞ-da olarkən, Konqresin kitabxanasında belə bir cümlə oxudum.
Orada deyilirdi ki, ABŞ siyasətinin üç əsas istiqamətlərindən biri söz azadlığıdır. Söz azadlığı elə bir dəyərdir ki, bu zaman hətta “Ayı məsələsinə” də dözmək lazımdır. Hətta o ayı məsələsi yalandan yazılıbsa, yenə dözməlidirlər. İnkişaf etmək istəyiriksə, başqa yolumuz yoxdur. Əli bəyin “fədakarların yanında olun” fikrini və irəli sürülən bütün təklifləri dəstəkləyirəm”.
Professor Hacıbaba Əzimov bildirdi ki, hazırda azad mətbuata, cəmiyyətin demokratik kəsiminə sistemli hücumlar var və Azərbaycan ziyalıları buna kəskin etiraz bildirməlidirlər: “Azadlıq”a və “Yeni Müsavat”a qarşı da böyük cərimələr kəsilib. Milli Məclis “antimilli məclis”ə çevrilib. İndi ona cürbəcür adlar qoyurlar. Biri hərəmxana deyir, o biri zoopark deyir. Məncə, hər şeyi öz adıyla çağırsaq, daha təsirli olar. Bundansa, onlara oğru deyək, görün, heç məhkəməyə verəcəklər? Hesab edirəm ki, qüvvələrimizi birləşdirsək, hökumət də azad mətbuata qarşı repressiv hərəkətlərindən əl çəkəcək”.
Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, hazırda vaxtilə çox aktiv olan Redaktorlar Birliyinə bənzər bir quruma ehtiyac var: “Mətbuat Şurası yarananda düşünürdük ki, media ilə hökumət orqanları arasında körpü rolunu oynayacaq. Amma bu, olmadı. Legitimliyini şübhə altına almaq üçün azad mətbuat Mətbuat Şurasından çıxsın.
Azad mətbuatı qorumaq üçün 2013-cü ili gözləmək lazım deyil. İndidən müraciətlər etməliyik ki, beynəlxalq qurumlar operativ reaksiya versinlər. Bir şeyi unutmayın ki, əgər qonşuluqdakı dövlətlər demokratik seçkiyə nail ola biliblərsə, bunda azad mətbuatın böyük rolu olub. Mən inanmıram ki, azad mətbuat olmasaydı, həmin ölkələrdə demokratik dəyişikliklər baş verərdi”.
“Bu, sadəcə həyasızlıqdır”
Hüquqşünas Aslan İsmayılov isə rüşvətxorluq baxımdan dünyada Azərbaycan qədər şəffaf ölkənin olmadığını deyir: “Əminəm ki, bu ölkədə səlahiyyət sahibi olan, amma rüşvət almayan şəxs olsun. Bu baxımdan bu gün qəzetləri məhkəməyə vermək və təmiz adının bərpasını tələb etmək sadəcə olaraq həyasızlıqdır. Biz parlamentdəki saxtakarlıqlarla bağlı videonu görəndən sonra o iştirakçıların həyasızlığını gördük. Bu gün də eyni proses gedir. Mən burada səslənən təkliflərin hamısına qoşuluram. İnanmıram ki, bu təkliflər reallaşsa belə, hakimiyyət götürdüyü kursdan geri çəkiləcək. Hadisələrin gedişi göstərir ki, hakimiyyətin belə bir fikri yoxdur. Amma bir şeyə əminəm ki, şengen ölkələrinin səfirliklərinə məlum müraciətləri göndərsək, həmin sanksiyalar gerçəkləşə bilər. Bununla yanaşı, hesab açılmasını təklif edirəm. Hər kəs bacardığı qədər “Azadlıq”a dəstək olmalıdır”.
ALP sədri Əvəz Temirxan isə hesab edir ki, “Azadlıq” qəzetinə və azad mətbuata hücumlar indidən 2013-cü il prezident seçkilərinin saxtalaşdırılması deməkdir: “Ona görə də, bütün cəmiyyət, demokratik kəsim “Azadlıq”a dəstək verməlidir”.
“Hakimiyyətin bir nömrəli hədəfi “Azadlıq” qəzetidir”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hazırda hakimiyyətin bir nömrəli hədəfinin “Azadlıq” qəzeti olduğunu dedi: “Son illər “Azadlıq”la bağlı baş verənlərə nəzər salanda görürük ki, hökumət istəyir bu qəzetdə heç kim işləməsin. Baş redaktor məcburən ailəsini ölkədən çıxarıb. Qəzetin əməkdaşlarına qarşı oğurlama, mənəvi terror baş verib. Bu qəzet gerçəkdən fədakarlıq edərək hələ də öz mövqeyini qoruyub saxlamaqdadır. Biz də cəhd etməliyik ki, hakimiyyət onu sıradan çıxara bilməsin. Hakimiyyətin hədəfləri zaman-zaman dəyişir. Son 20 ildə o qədər bu tip təzyiqlərə məruz qalmışıq ki, nə etməli olduğumuzun düsturunu əzbər bilirik. Bu qəzetin kollektivi qədər heç kimin üzərinə yük düşmür.
Hesab edirəm ki, gödəkçələrimizi geyinib meriyanın, dövlət orqanlarının qarşısında aksiyalar keçirməliyik. Bu, dünyanın istənilən ölkəsində dıhşətli hadisə sayılır. Cəmiyyətin öndə gedən kəsimindən də sadəcə aktiv müşahidə istəyirik.
Bu gün “Azadlıq”a kəsilən cərimə məbləği bizim üçün də keçərlidir. Bundan başqa, üzərimizdə 11 məhkəmə işi var. 3 nazir, 6 ordu generalı ilə məhkəmə müstəvisində çəkişirik.
Birini ödəyirik, amma bundan sonrakı məbləğləri ödəmək imkanımız yoxdur. May ayına qədər ayda 300-330 min ədəd qəzet satırdıq. İndi bu rəqəm 210 minə düşüb. 15-16 min manat xalis gəlir götürürdüm. Amma son 5 ay ərzində 13-14 min manat ziyana düşmüşük. Bu gün “Qasid”dən 17 min manat alacağımız, Nəşriyyata isə 10 min manat borcumuz var.
Bu kollektivlər ortaya çıxsalar, hər şeyi dəyişmək mümkündür. Hecə ki, 2001-də siyasi qərarı da dəyişə bildik”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, “Azadlıq” qəzetinin qapanmasına təkcə bir qəzetin bağlanması kimi yanaşmaq olmaz: “Bu, müstəqil mətbuatın məhvi deməkdir. Bu qəzet bağlanarsa, heç bir qəzet cəsarət edib, onların yazdıqlarını yaza bilməyəcək”.
“Azadlıq” həm maddi, həm mənəvi dəstək görəcək”
Ziyalılar Forumunun üzvü, akademik Rafiq Əliyev isə “Azadlıq” qəzetini cəmiyyətin güzgüsü adlandırdı: “Kimsə özünü əyri görürsə, o güzgünü sındırmasın, özünü düzəltsin. Bu məsələni artıq Ziyalılar Forumunda müzakirə etmişik. “Azadlıq” qəzeti həm maddi, həm mənəvi dəstək görəcək.
İndi “Azadlıq”ı boğmaq istəyirlər, sabah nəfəsini kəsmək istəyəcəklər. Bir-iki partiya ilə nəsə etmək mümkün deyil. Amma hamı bir yerdə olsa, bu əməllər bu dərəcədə böyük miqyasda ola bilməyəcək”.
Gültəkin