İctimai Palata hakimiyyətin vəziyyətinə dəqiq diaqnoz qoydu
“İqtidar son dayaqlarını da itirir; Bütün resursları işə salıb ki, İctimai Palatanın daxilində ziddiyyətlər yaransın”
Dünən Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirildi. Dörd saat davam edən sessiya qızğın müzakirələrlə yadda qaldı. Koordinasiya Şurasının üzvləri Əli Kərimli, Pənah Hüseyn, Vidadi Mirkamal və Ədalət Yusibovun rəhbərliyi ilə keçirilən iclas dövlət himninin səsləndirilməsi ilə başladı. Sessiyaya sədrlik edən Pənah Hüseyn gündəliyə ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, İP-in vəzifələri və cari məsələlərin daxil edildiyini bildirdi.
İlk çıxışçı Ədalət Yusibov son iki ayda İP-in gördüyü işlər barədə məlumat verdi: “Bir sıra mühüm tədbirlər həyata keçirilib. Gülər Əhmədova məsələsi ilə bağlı dəyirmi masa təşkil olunub. Parlamentin buraxılması tələbilə aksiya keçirilib. Aksiyaya yer ayırmaqdan imtina edən Bakı Şəhər İcra hakimiyyəti məhkəməyə verilib. Koordinasiya Şurası vahid seçki platformasnın yaradılması ilə bağlı komissiya yaradıb və bu komissiya artıq işə başlayıb. Sərbəst toplaşmaq azadlığını əngəlləyən qanunun qəbulu ilə bağlı piket keçirilib. Vicdan məhbusları da diqqətdən kənarda qalmayıb”.
“Son aylar hakimiyyətin ardıcıl ifşası ilə yadda qaldı”
KŞ üzvü, AXCP sədri Əli Kərimli isə çıxışında son ayların Azərbaycan hakimiyyətinin ardıcıl ifşası ilə xarakterizə olduğunu bildirdi: “Ola bilsin, müxalifətin fəaliyyətində çox böyük aktivlik müşahidə olunmayıb. Amma uzun illərdən bəri yığılıb qalmış problemlər məhz bu aylarda çox ciddi şəkildə üzə çıxıb və hakimiyyət üçün çoxlu neqativ sürprizlər yaradıb. Elşad Abdullayevin cəmiyyətə təqdim etdiyi videoçəkilişlər Azərbaycanda hakimiyyətin zəbt edilməsini, seçkilərin tam saxta olduğunu açıq şəkildə sübut edib. Adam oğurluğu da daxil olmaqla çox ağır cinayətləri həyata keçirən mütəşəkkil cinayətkar dəstələrin hüquq-mühafizə orqanlarında məskən tapdığı sübut olunub. Azərbaycan xalqına hakimiyyətin cinayətkar mahiyyəti aydın olub. Bizlər belə təsəvvürlərə əvvəldən də malik idik. Amma biri var bunları güman etmək, biri də var əyani sübutlarla tanış olmaq. YAP rəsmilərinin, DİN rəsmisinin dilindən birbaşa bu cinayətlərə şahidliyin ifadələrini eşitmək əlbəttə ki, cəmiyyəti silkələdi, hakimiyyəti də sarsıtdı. Digər tərəfdən bu müddətdə Azərbaycan hakimiyyətini sarsıdan bir sıra başqa mühüm hadisələr baş verdi. Məhz hökumətin yarıtmaz siyasətinin nəticəsində Azərbaycanın sistemli şəkildə özünü təcrid siyasəti son aylarda kuliminasiya nöqtəsinə çatıb. Əvvəldən də ABŞ, Avropa Birliyi kimi böyük güclərlə, İngiltərə, Almaniya kimi böyük dövlətlərlə, Türkiyə kimi qardaş ölkə, İran kimi dövlətlərlə ciddi konfliktlər var idi. Amma indi Azərbaycan hökuməti beynəlxalq aləmdəki son dayaqlarını itirir. Son iki ayda Azərbaycan hökumətinin kimlərlə münasibətləri gərginləşib? BP, Rusiya və Avropa Şurası ilə. Bu üç subyekt vaxtilə bu hökumətin qurulmağında birbaşa rol almış və onun yaşamasına təminat vermiş subyektlərdir”.
“Hakimiyyət son dayaqlarını da itirir”
AXCP sədri hakimiyyətin öz yanlış siyasətinə görə son dayaqlarını da itirdiyini deyir: “Ötən müddət ərzində qonşu Gürcüstanda baş vermiş hadisələr Azərbaycan hökumətini sarsıdıb. Gürcüstanda son 9 ildə üçüncü dəfə demokratik qaydada hakimiyyət dəyişikliyi baş verib. Əgər indiyə qədər bəhanə gətirilirdisə ki, baş verənlər Saakaşvilinin xidmətləridir. Hövbəti dəyişiklikdə bizimlə təqribən eyni tarixi keçmişə, yaxın sosial-iqtisadi göstəricilərə malik olan, təqribən eyni təhlükələri yaşayan Gürcüstan cəmiyyəti
nümunə göstərə bildi. Bəzi psevdomillətçilər islahatlardan söhbət gedən kimi dərhal ortaya atırlar ki, bizim Qarabağ boyda dərdimiz var, bizə islahat, insan haqlarına hörmət lazım deyil. Gürcüstanın iki Qarabağ boyda dərdi var. Torpaqları işğal altındadır. Amma bu şəraitdə belə, onlar demokratik seçkiyə nail ola bildilər. Azərbaycan hakimiyyətini tamamilə tərkisilah etdilər. Hakimiyyətin ideoloqlarını pis vəziyyətə qoydular. Bütün bunlar Azərbaycan hakimiyyətini sarsıdan proseslərdir”.
“Artıq milyarderlər də köhnə qaydalarla yaşamaq istəmir”
Ə.Kərimli bildirdi ki, çox mühüm hadisələrdən biri də Rusiyada yaşayan oliqarxlar və ictimai xadimlərin bir araya gəlib yeni bir təşkilat formalaşdırmasıdır: “Mən bu təşkilat haqda indidən uzağa gedən nəticələr çıxarmağın tərəfdarı deyiləm. Çünki bu adamlar hələ mövqelərini açıq ifadə etməyiblər. Hə işlə məşğul olacaqlar? Azərbaycanla bağlı hansısa planları varmı? Yoxsa yalnız diaspor fəaliyyəti ilə məşğul olacaqlar? Ona görə bəri başdan bu təşkilata nə həddən artın yüksək qiymət vermək, nə də onları bəri başdan Azərbaycanın ziddinə olan qüvvə elan etmək istəmirəm. Amma bir şey aydındır. Bu gün bu təşkilatı yaradanlar uzun zaman bu hakimiyyətin sütunları olublar. İndi onlara qarşı dövlət səviyyəsində kampaniya gedir. Bu, ən yaxşı halda hökumətdaxili parçalanma deyil, bəs nədir? Bu illər ərzində Azərbaycan hakimiyyətinə arxa olmuş bu milyarderlərin bir araya gəlməsinə qarşı kampaniyanı birbaşa Prezident Administrasiyası, Diasporla iş üzrə Dövlət Komitəsi aparırsa deməli, artıq nəinki sadə azərbaycanlılar, milyarderlər, böyük ictimai nüfuzu olan insanlar da köhnə qaydalarla yaşamaq istəmirlər. Buradan çıxan fakt odur ki, hökumət əvvəlki qaydada nəzarət edə bilmir. O cümlədən Azərbaycandan kənarda olanlara da. Uzun zaman barəsində danışılan hakimiyyətdaxili rəqabət doğrudan da sərtləşib. Biz həm məlum videoskandala münasibətdə Azərbaycan hakimiyyətinin parçalandığını, vahid mövqedən çıxış edə bilmədiyini gördük. Həm də həmin o diaspor təşkilatının yaranması ilə bağlı Azərbaycan hakimiyyətinin monolit olmadığını gördük. Hiyə dünənə qədər bu ziddiyyətlər gizlədilirdi, indi isə yox? Bir şey aydındır. Bu gün sadə insanlar da, məmurlar da, oliqarxlar da intiutiv olaraq hiss edir. Kimin imkanı var bu nəticəyə analitik təhlillə gəlir, kimin imkanı yoxdur intiutiv olaraq hiss edir ki, dəyişikliklər qaçılmazdır, yaxındadır. Ona görə də onlar indi dünən cəsarət etmədiklərinə bu gün cəsarət etməyə başlayıblar”.
“İndi tək müxalifət yox, gənclər, ziyalılar, hüquqşünaslar da etiraz edir”
Ə.Kərimlinin sözlərinə görə, Azərbaycan hökuməti bu aylar ərzində cəmiyyətin bütün təbəqələrindən təzyiq görməyə başlayıb: “İllərlə Azərbaycan cəmiyyətində baş verənlərə yalnız real müxalifət qüvvələri etiraz edirlər. Sonra gördük ki, gənclər böyük bir təbəqə kimi mübarizəyə qoşuldular. Bir azdan Azərbaycan ziyalıları səslərini ucaltdılar. Bir azdan hüquqşünaslar bu vəziyyətlə barışmayıb mövqelərini açıqladılar. İndi isə başqa bir təbəqə danışmağa başlayıb. İndi danışanlar artıq sahibkarlar, varlılar təbəqəsidir. Axı biz zaman-zaman deyirdik ki, bir ölkədə hüquq və azadlıqlar yoxdursa, qanunun aliliyi təmin olunmursa, demək, heç kimin heç nəyi yoxdur. Hər şeyi bir günün içində itirmək olar. İndi dərk etməyə və danışmağa başlayıblar. Əslində bu gün hökumət üçün başağrısına çevrilmiş həmin Elşad Abdullayev bu hökumətin hesabına böyük var-dövlət qazanmış insandır, sahibkardır. Amma onu o qədər qovdular, dövlət səviyyəsində terrora məruz qoydular ki, qardaşının 9 il oğurlanması, qohumlarının başına gətirilənlər – artıq insan dözmədi, üsyan elədi. Biz Zülfüqarlı qardaşlarının başına gətirilənləri görürük. Onlar da çox böyük cəsarətlə olmasa da, bir az kövrək şəkildə olsa da, səslərini qaldırırlar, mülkiyyətlərini istəyirlər. Əllərindən alınmış yüzmilyonlarla dəyəri olan əmlakın davasını aparırlar. Artıq etirazlar başlayıb. Azərbacan hökumətinin polad sənayesində, metallurgiyada monopoliya yaratmaq cəhdləri onunla nəticələndi ki, 20-yə qədər sahibkar bir araya gəlib dirəniş göstərdi. Az qala, ciddi fiziki qarşıdurma olacaqdı. Əvvəllər belə hallar yox idi. Bunların hamısı o deməkdir ki, artıq daha geniş təbəqələr dirəniş göstərməyə başlayıblar”.
“Videokasetlər ancaq Elşad Abdullayev və Gülər Əhmədovda deyil”
“Artıq daha çox sayda insan əvvəlki qaydada yaşamaq istəmir” deyə Ə.Kərimli çıxışını davam etdirdi: “Azərbaycan hakimiyyəti də əvvəlki qaydada hər şeyə nəzarət edə bilmir. Üstəlik elmi-texniki tərəqqi Azərbaycan hakimiyyəti üçün növbəti başağrısına çevrilib. Gördünüz ki, həmin o videkadrlar Azərbaycanı necə titrətdi, Gülər Əhmədovanın “mən də danışaram” sözündən sonra YAP necə susdu. Amma kim deyə bilər ki, bu ölkədə videokasetlər ancaq Elşad Abdullayev və Gülər Əhmədovadadır? Təsəvvür edin ki, həmin o insan oğurluğu ilə məşğul olanların əlində hansı kasetlər var. Həmin o oliqarxların, milyonlara sahib insanların əlində hansı kasetlər var. Onda görəcəksiniz ki, Azərbaycan hakimiyyəti əvvəlki qaydada idarə edə bilmir və bilməyəcək. Azərbaycan cəmiyyəti də əvvəlki qaydada yaşamaq istəmir. Biz zaman-zaman təklif edirik ki, çarə islahatlardan, yumuşaq keçidə zəmin yaratmaqdan keçir. Amma Azərbaycan hakimiyyətinin dəyişmək fikri yoxdur. Hakimiyyət ənənəvi reaksiyasını verir, yenə vintləri sıxır. Azərbaycanda repressiyaları artırmaq, xofun davamlı olmasını təmin etmək əsas prioritet olaraq qalır. Vicdan məhbuslarından ikisi – Şahin Həsənli, Vidadi İsgəndərli hələ də həbsdədir. Bu yaxınlarda hamımız şahid olduq ki, qərəzlə, ayrıseçkiliklə Nigar xanımı həbs etdilər və daha bir ilk neqativə imza atdılar. Dindarların piketini xüsusi qəddarlıqla yatırıb, onlara qarşı irimiqyaslı repressiya tətbiq edib cəmiyyəti qorxutmağa çalışdılar. Sosial şəbəkələrdə elan olunmuş və İctimai Palatanın dəstəklədiyi bir aksiyadan sonra 13 nəfərə inzibati həbs verildi. Bunların hamısının fonunda Azərbaycan cəmiyyətinə deyilir ki, biz nə qədər bacarırıq repressiya yolu ilə davam edəcəyik. Heç bir yumşalma, geriçəkilmə, islahat olmayacaq.
Gələn ilin büdcə layihəsində sosial-müdafiə, təhsil və səhiyyə xərcləri ilə müqayisədə hüquq-mühafizə orqanlarına ayrılan vəsait 12 dəfə artırılıb. Bir il ərzində dövlət xərcləri 52 faiz, anonim olan, faktiki hara getdiyi bilinməyən xərclər 48 faiz artırılır. Amma adını çəkdiyim sahələrə 05-1,5 faiz arası artım nəzərdə tutulur. Hökumət cəmiyyətə açıq şəkildə deyir ki, sizinlə hesablaşmağın yolunu polisi, xüsusi təyinatlı qüvvələri gücləndirməkdə görürəm. Korrupsiyanı gücləndirib korrupsionerləri möhkəmləndirməkdə görürəm”.
“Niyə İctimai Palatanın varlığından bu qədər qorxurlar?”
Ə.Kərimli bildirdi ki, ölkədəki dəyişikliklərə öncüllük edən qüvvə olmalıdır, bu qüvvə də İctimai Palatadır: “Fikir verin, İctimai Palataya ölkənin iki böyük partiyasından daha sərt, daha amansız münasibət var. Niyə bu qurumun varlığından bu qədər qorxurlar? Əgər bu gün bu qurumun varlığına nöqtə qoyulsa, necə sevinərlər, necə bayram edərlər? Bütün resursları işə salıblar ki, İctimai Palatanın daxilində ziddiyyətlər olsun. Bizim imkanlarımız, resurslarımız, intellektimiz daxilə yönəlsin. Bizim vəzifələrimiz bu situasiyaya adekvat olmalıdır. Birincisi, biz çalışmalıyıq ki, hakimiyyətin mahiyyətini ifşa edən həqiqətləri daha çox, daha böyük auditoriyalara yayaq. İnsanlar məlumatlı olsun. Avtoritarizmin əsas dayağı informasiyasız insanlardır. Ona görə də, bütün qeyri-demokratik dövlətlər birinci televiziyaları və başqa informasiya vasitələrini nəzarətə götürürlər. Xalq həqiqətləri bilməməlidir. Bunun əksi nədir? Xalq həqiqətləri bilməlidir. Bütün vasitələrdən istifadə etmək lazımdır. Qəzetləri qorumaq, internet resurslarını artırmaq, sosial şəbəkələrdən daha məharətli istifadə edilməlidir. “Azərbaycan saatı” Azərbaycan efirinə nəhayət bir pəncərə açıb. O pəncərəni genişləndirmək, onu təbliğ etmək lazımdır”.
“Hər bəd niyyətə, bəd açıqlamaya reaksiya vermək lazım deyil”
Ə.Kərimli hazırda hökumətin özünə əsas hədəf kimi İctimai Palatanı seçdiyini dedi: “İctimai Palatanı sıradan çıxarmaq əsas prioritetdir. Ona görə bütün qüvvə İctimai Palatanın güclənməsinə yönəlməlidir. Hökumət diqqətimizi bu mübarizədən yayındırıb müxtəlif bəhanələrlə İctimai Palatanın, demokratik düşərgənin daxilində mübahisələr yaratmaq istəyirsə, biz daxildə bütün belə müzakirələri imkan daxilində dayandırmalıyıq. Bütün enerji, mübarizə əsas hədəfə doğru yönəlməlidir. Mən bütövlükdə demokratik düşərgənin daxilində belə mübahisələrin olmasını ziyanlı hesab edirəm. Hər deyilən fikrə, hər bəd niyyətə, açıqlamaya reaksiya vermək lazım deyil.
Bu hökumət ötən hər gün bu dövləti uçuruma aparır. Gələn ilin büdcəsinin 60 faizi Heft Fondudur. Heft qurtarır, indi fondda 32 milyard pul qalır. Fürsət axtarırlar ki, onun da kötüyünə daş atsınlar. Azərbaycan xalqını quru yurdda qoyub sonra getsinlər. Bizə buna imkan verməməliyik. Xalqımızla bir yerdə çalışmalı, onları da mübarizəyə cəlb etməyi bacarmalıyıq”.
İP üzvü İmamverdi Cəfərov isə çıxışında azad mətbuatı qorumağın vacibliyindən danışdı. Bildirdi ki, hakimiyyətin azad mətbuatı sıradan çıxarmasına yönəlik siyastəni piketlər və başqa aksiyalarla pisləmək lazımdır.
“Daha çox işləməliyik”
KŞ üzvü Vidadi Mirkamal çıxışı zamanı İP-in ötən aylardakı fəaliyyətinə toxundu: “2013-ə necə gedəcəyimizi düşünməliyik. İP-in iclaslarında mütəmadı olaraq 120 nəfər iştirak edir. Yerdə qalan üzvlərimizin çoxu adını yazdırıb iclasda iştirak etmədən gedirlər. Onlar hər sessiyada iştirak etməli, siyasi proselərə öz münasibətlərini bildirməlidirlər. İctimai Palatanın və Koordinasiya Şurasının indiki fəaliyyətindən çox narazıyam. Onun səmərəliyi və faydalılığı çox aşağıdır. Hesab edirəm ki, daha çox işləmək lazımdır. KŞ üzvləri var ki, aylarla iclasa gəlmirlər. Qəzetlərə iki müsahibə vermək işləməkdir? Onlar fəaliyyətləri ilə bağlı məclis qarşısında hesabat verməlidirlər”.
İP üzvü Mustafa Hacıbəyli demokratik dəyişikliklərə nail olmaq üçün siyasi mübarizənin gücləndirilməsini vacib saydığını bildirdi: “Vahid namizədi sonra da seçmək olar. Bunun üçün vaxt var. İndi əsas məqsədimiz seçki saxtakarlığının qarşısını almaq, irticanı çökdürmək olmalıdır. Bunun üçün də müxalifətin aksiyaları daha kütləvi olmalıdır. Əlavə tədbirlərə güc verməliyik. Mart ayından gec olmayaraq ictimai ovqatı dəyişməyə nail olmalıyıq. Mart ayını demokratik dəyişikliklər üçün dönüş nöqtəsi elan etməli, martın son on günlüyünə də ümumxalq mitinqini təyin etməliyik. Ay şərtidir, istəsəniz, lap dekabr ayı da ola bilər. Bu məqsədlə mitinq komitəsi yaradılsın, mətbuatda, sosial şəbəkələrdə təbliğat aparılsın. Hesab edirəm ki, seçkiyə hazırlaşdığımız qədər mitinqlərə də hazırlaşsaq, meydanlara onminlərlə adam çıxararıq və bu da hakimiyyətin sonu olar”.
M.Hacıbəyli təklifin elə iclasdaca səsverməyə qoyulmasını istəsə də, P.Hüseyn layihənin geniş müzakirəyə çıxarılacağını və yalnız bundan sonra qəbul olunub-olunmayacağı barədə qərar veriləcəyini bildirdi.
“Ciddi müdafiə tədbirləri olmasa, vicdan məhbusları həbsdə qalacaq”
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı M.Hacıbəylinin İP-ə təqdim etdiyi layihəni çox ciddi sənəd hesab etdiyini bildirdi: “Cəmiyyət hakimiyyətdən narazıdır. Amma niyə etiraz aksiyalarında kütləvilik yoxdur? Azərbaycan cəmiyyəti fədakar mübarizə nəticəsində real dəyişikliklərin olacağına inanmır. İnsanları buna inandırmağın yollarını tapmaq lazımdır. O yollardan biri Mustafa bəyin təklif etdiyi variantdır. Bu ciddi bir layihədir və səsə qoyulmalıdır. Adamlar bilsələr ki, hətta həyatlarını risk etsələr belə, bunun real nəticələri olacaq, qorxmayacaqlar və arxamızca gələcəklər.
Həbsdə olan vicdan məhbusları və onların müdafiəsinin təşkili ilə bağlı işlər səngiyib. Vidadi Mirkamal Müdafiə Komitəsindən gedib. Təklif edirəm ki, vicdan məhbusu, hüquqşunas, Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli bu vəzifəyə təyin olunsun. Bayırda ciddi müdafiə tədbirləri olmasa, onlar həbsdə qalacaqlar”.
“Niyə uğurlarımızı bu qədər kiçildirsiniz?”
Sessiyada gənclərə də söz verildi. Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli İP və KŞ əleyhinə səslənən tənqidi fikirlərə etiraz etdi: “Adama deyərlər ki, ay qardaş, İctimai Palata zəifdirsə, niyə orada təmsil olunursan? Hiyə bizim uğurlarımızı bu qədər kiçildirsiniz? Hiyə görmək istəmirsiniz? Bu hakimiyyət də, bütün dünya da Azərbaycanda müxalif qüvvə olaraq İctimai Palatanı görür. İctimai Palatanın aksiyalarına istinad olunur. Bu aksiyalar dünya mediasında işıqlandırılır. Axı, uğurlarımızı gözardı etmək olmaz”.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə çıxışı zamanı İP-in fəaliyyət istiqamətini yenidən gözdən keçirməli olduğunu bildirdi: “İctimai Palata bunu xəbərdarlıq kimi də qəbul edə bilər. Əgər Palata yenə də belə emosiyalarla, şəxsi keflə idarə olunacaqsa, biz yüzillik partiyanın resurslarını, gücünü, imicini bu quruma qurban verməyə hazır deyilik. Fakt budur ki, İctimai Palatanın iki aparıcı qüvvəsi Müsavat və AXCP-dir. Bu, meydanlarda da, dəyirmi masalarda da belədir. 6-7 nəfər Müsavatdan, bir o qədər adam da cəbhədən həbsdə yatır, həyatlarının ən gözəl illərini zindanlarda çürüdürlər. Bunun İctimai Palataya gətirdiyi dividentlərlə də Koordinasiya Şurasının üzvləri niyə Müsavat, cəbhə filan sənədə qol çəkdi deyib istefa verirlər. Bu qədər qeyri-ciddilik, qeyri-səmimilik olmaz. Biz bu qədər can qoyaq, bu qurumu tanıdaq, sonra Koordinasiya Şurasına seçilən kimlərinsə istefa verməsinə görə mətbuat yazsın ki, İctimai Palata dağılır. Ya bu məsələlərə ciddi yanaşılsın, ya da Müsavat öz resursları ilə 2013-ə gedə biləcək və qalib gələ biləcək partiyadır. Biz İctimai Palata adlı quruma möhtac deyilik. İctimai Palatanın iki fəhləsi var – Müsavat və AXCP. Koordinasiya Şurasının 17 nəfər üzvü vaxtı olanda qərar verib yığışır, Müsavatla AXCP bir ay iş görür. Digərləri qəzetlərdə səhifələrlə müsahibələr verib pafoslu çıxışlar edirlər”.
T.Abbaslının çıxışının bu məqamında P.Hüseyn yerindən “camaatı təhqir etmək lazım deyil” deyərək etiraz etdi: “Kimin xoşu gəlmir, xoş getdi”.
T.Abbaslı isə bu replikaya “biz göndərə bilərik İctimai Palatadan, bizi göndərə bilməzlər” deyərək cavab verdi.
Daha sonra M.Hacıbəyli yenidən layihəsinin səsə qoyulmasını təklif etdi. P.Hüseynin “bu cür sürpriz qərarlarla gəlmək doğru deyil” fikri isə zalda yenidən gərginlik yaratdı. Həm A.Hacılı, həm də M.Hacıbəyli bu təklifin sürpriz adlandırılmasına etiraz etdilər.
“Mən minnət qoymamışam, heç kim də qoymasın”
P.Hüseyn çıxışında həm bu məsələyə, həm də T.Abbaslının dediklərinə münasibət bildirdi: “Siyasətdə iyirmi illik təcrübəm var. Fikrimdə qalıram ki, bu sürpriz qərardır və onu geniş şəkildə müzakirə etmədən səsverməyə çıxara bilmərik. Tural bəyin dediklərinə gəlincə, mən bu vaxta qədər türmədə də olmuşam, lazımi qədər fədakarlıq da etmişəm. Axıra qədər də etməyə hazıram. Amma heç kimə, o cümlədən əqidə yoldaşlarıma minnət qoymamışam. Heç kim də minnət qoymasın”.
“Biz böyük amallar uğrunda mübarizə aparırıq”
İclasda gərginliyin artdığını görən Ə.Kərimli növbəti dəfə söz aldı və çıxışı ilə tədbirə yekun vurdu: “Görünür, qarşımızda duran strateji hədəflərdən biri İctimai Palatanı qorumaq, möhkəmləndirməkdir. Müzakirələrin gedişi bunun aktual olduğunu göstərdi. Mən o fikirdə deyiləm ki, Koordinasiya Şurası, onun ayrı-ayrı üzvləri tənqid oluna bilməz. Açığı, bəzi tənqidlər elə mənim də ürəyimdəndir. Amma yanaşma elə olmalıdır ki, İctimai Palata və onun bugünkü tərkibi bizim maraqlarımıza uyğundur. Bunun üçün biz iş görmüşük, elə-belə əmələ gəlməyib. Bu, bizim hamımıza lazımdır. Niyə tərəddüd edirsiniz, qarşıdan seçki gəlir. Koordinasiya Şurasının hansı üzvü etimadınızı doğrultmursa, növbəti seçkidə ona səs verməyin. Amma bütövlükdə bu quruluşa etiraz etmək yanlışdır. Bizi pis vəziyyətə qoymuş olarsınız. Hamılıqla nəzərə almaq lazımdır ki, bu gün İctimai Palatanın, Koordinasiya Şurasının tərkibinin təkcə partiyaların yox, daha çox vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət olması bizim ümumi marağımıza xidmət edir. Bunu biz özümüz istəmişik. Mən Əhəd bəyin çıxışından çox məmnun oldum. Doğrudan da, bizim uğurlarımız var. Kimlərsə görmək istəmirsə, bu başqa məsələdir. Bu ağır şərtlər altında biz bunlara nail olmuşuq. O cümlədən birliyimizi saxlaya bilmişik. Bilirsiniz bizim birliyimizi dağıtmaq üçün nə qədər böyük maraqlar, səylər var? Biz çalışırıq ki, nəinki burada, hətta Koordinasiya Şurasında birbaşa, müzakirəsiz səsvermələrlə qərar verməyək. Hətta 15-17 nəfərin arasında belə, hər dəfə konsesusa gəlməyə çalışırıq. Hamının qərarı olsun, hamı bu qərara özünü məsul saysın deyə, belə edirik. İndi biz partiyalarda, Koordinasiya Şurasındakı müzakirələri bir tərəfə qoyub, birbaşa layihə ilə gəliriksə, bu bizim birliyimizə nə qədər xidmət edəcək? Biz koalisiyayıq, bir partiya deyilik. Koalisiyada olmanın şərtləri var. Danışmalı, kompromisə getməlisən. Tez-tez qıcıq yaradan belə fikir səsləndirirlər – niyə Koordinasiya Şurasında filan qərar verildi, bizim İctimai Palatada özümüzün qərar vermək hüququmuz var. Açıq danışaq, parlamentlərdə qərarlar necə qəbul olunur? Komissiyalardan keçir, fraksiyalarda müzakirə olunur, sonra parlamentdə müzakirə olunur. Guya partiyalarda necə olur? Öz partiyanızda hər hansı məsələ Divanda, Rəyasət Heyətində baxılmamış, uzlaşma olmamış, icrasının detalları müəyyənləşməmiş birdən-birə spontan qərarlar qəbul edirlər? Bunu belə qəbul etmək lazım deyil ki, biz bütün hüquqlarımızı onlara vermişik. Xeyr. Ən böyük üstünlük odur ki, sənin ildə bir dəfə seçmək və seçməmək hüququn var. İkincisi, oradan gələn təklif ağlabatan deyilsə, səs vermə də. Hecə olur ki, indiyə qədər Koordinasiya Şurasının uzlaşma ilə qəbul etdiyi qərarlar az qala, yekdilliklə buradan da keçib? Çünki orada bütün ziddiyyətlər aradan götürülür, kompromis tapılır və siz görürsünüz ki, ağıllı qərardır, səs verirsiz. Məgər sizin istəyiniz olmadan hansısa qərar vermişik? Ona görə o mexanizmi saxlamaq lazımdır. Burada səslənən təkliflər çox ağlabatandır. Mustafa bəyin mitinqlə bağlı təklifində çox qiymətli fikirlər var. Onların 99 faizi zaman-zaman tərəfimizdən nəzərə alınacaq. Heçə müddətdir elə biz mitinqə hazırlaşırıq da. Yadımdadır ki, neçə vaxtdır, mitinqə hazırlaşmaq deyirdik, bəzi dostlarımız kinayə ilə yanaşırdılar ki, nə qədər hazırlaşmaq olar. Hə, Mustafa bəy? İndi də Mustafa bəy deyir hazırlaşmaq lazımdır. Mən razıyam. Əlbəttə ki, hazırlaşmaq, komitələr yaratmaq, maliyyəsini fikirləşmək lazımdır. Bunların heç birində problem yoxdur. Problem ondadır ki, ilin-günün bu vaxtında biz mart ayına mitinq təyin edirik, biri çıxıb deyir ki, bunlar marta qədər heç nə eləməyəcək. Bəlkə biz noyabrda bir yox, iki mitinq edəcəyik. Bəlkə bizə dekabr ayında da mitinq eləmək lazım gələcək. Bəlkə yanvarda məcbur olub hanısa hadisələrə reaksiya verəcəyik. Bəlkə deyildiyi kimi, məhz martda edəcəyik. Tamamilə mümkündür ki, böyük mitinqə mart ayında başlayaq. Təklif edirəm ki, hamılıqla yaratdığımız, üstündə əsdiyimiz, Azərbaycan cəmiyyətinin ehtiyacı olan İctimai Palatanın taleyindən söhbət gedən məsələlərə diqqətli olaq, emosiyasız yanaşaq. İctimai Palatanın sessiyası ilə Koordinasiya Şurası arasında guya konfrontasiya var görüntüsünə imkan verməyək. İndi Koordinasiya Şurasına etimad məsələsini səsə qoysaq, yenə etimad alacaq. Amma burada mətbuat var, bilərəkdən, bilməyərəkdən yanlış təəssürat yaradılır. Hökumət saytlarına bu iclasdan bir həftəlik material verdiniz. Düz bir həftə hökumət saytları buradakı müxtəlif açıqlamaları manşetlərinə çıxaracaqlar. Amma özümüz bilirik ki, biz birik, düşüncəmiz diktə edir ki, bir olmağın alternativi yoxdur. Təklifim odur ki, irəli sürülən təkliflərə Koordinasiya Şurasında bir də baxaq, konsesus tapaq. Çalışaq o məsələlərin hamısını 2013-cü ilin strategiyasına uyğunlaşdıraq. Bizim seçki strategiyamız olacaq. Strategiyanın özü olmadan onun bir bəndini müəyyənləşdirə bilmərik ki. Biz guya ki, işi tələsdirmək adı ilə qalanını da vurub-dağıda bilmərik. Bu müzakirələri və tənqidləri faydalı hesab edirəm. Buradakı iradlar nəzərə alınmalıdır. Eyni zamanda da, İctimai Palatanın adına və nüfuzuna xələl gəlməməlidir. Bu şəkildə də davam etməliyik. Hamı bilməlidir ki, biz böyük amallar uğrunda mübarizə aparırıq”.
Gültəkin