Yaxud professor Elçin Məmmədov kimdir və niyə axtarışa verilib?
– Niyə məhz xırda adlandırdığınız məsələnin üzərində bu qədər dayanırlar?
– Məsələn, tromb-embaliya deyilən fəsad hər min nəfərdən orta hesabla birinə düşür. Xəstənin komaya düşməsi də müəyyən bir faiz təşkil edir, bu mənada da Elçin Məmmədovun göstəricisi ən yaxşılardan biridir. Ən əsası isə məhkəmə hökmü olmadan kimin ixtiyarı çatır ki, həkimi cinayətdə suçlasın, yaxud “diplomsuz qəssab” adlandırsın?! Əslində bu ifadələrə görə NTV televiziyası haqqında məhkəmə iddiası qaldırılmalıdır.
Başqa bir amil. Əgər məhkəmə keçirilməyibsə, televiziya hansı qanuna əsaslanaraq cərrah barəsində “hökm” çıxarır, onun neçə il azadlıqdan məhrum ediləcəyini ictimaiyyətə təlqin edir? Bilirsiniz, xəstə komaya düşübsə, burada günahkar cərrah ola bilməz. Cərrahın bir məsələdə günahı ola bilər ki, qanaxma baş versin və onu dayandırmasın. Ancaq komaya düşən xəstədə qanaxma olmayıb, mən bunu dəqiq bilirəm. Deməli, səhvi anestoloji baxımdan axtarmaq lazımdır. Yalnız bundan sonra fikir yürütmək olar. Mən bu olayla bağlı 10 il çalışdığım Seçenov adına Moskva Tibb Akademiyasının cərrahlıq kafedrasında qarşılaşdığım bir hadisəni xatırlatmaq istərdim…
– Bu da ölümlə bağlıdır?
– Bəli. Kafedrada hər il hesabat verilirdi ki, hansı cərrah nə qədər əməliyyat edib və fəsadlar, ölüm faizi nə qədərdir. Kafedra müdiri Vasili Ryabtsev və professor Boris Fyodrov ikinci dünya müharibəsi iştirakçıları idi. Onlar arasında gizli və açıq formada mübarizə gedirdi. Çünki Boris Fyodrovun ürəyindən kafedra müdiri olmaq keçirdi. Hesabat dövründə bəlli oldu ki, Vasili Ryabtsevin 362 əməliyyatında 8 ölüm hadisəsi baş verib. Bu məsələ açıqlananda Boris Fyodrov bunları biabırçılıq adlandıraraq dedi: Kafedra müdirisiniz, aparıcı mütəxəssisinizsə, Sizdən nə öyrənmək olar?! Həmin məqamda əlimi qaldırıb çıxış istədim. Kürsüyə qalxıb Boris Fyodrova sual verdim: Sizin nə qədər əməliyyatınız olub? O, bunun məsələyə nə aidiyyəti olduğunu soruşanda, “olmazmı sual verim?!” – dedim. Boris Fyodrov 8 əməliyyatının olduğunu, onlardan ikisinin ölümlə nəticələndiyini söylədi. Belə olanda bildirdim ki, Sizin ölüm göstəriciniz Vasili Ryabtsevin ölüm göstəricisindən müqayisəsiz dərəcədə çoxdur: onun 362 əməliyyatından 8-i, Sizinsə 8 əməliyyatınızdan 2-si ölümlə nəticələnib. Bundan əlavə onun əməliyyat apardığı xəstələrin ağırlıq dərəcəsinə də baxılmalı idi, yəni onların ölüm faizi daha çox olmalıydı. Ona görə Elçin Məmmədovun məsələsi də elmi-statistik cəhətdən araşdırılmalıdır. O zaman bəlli olacaq ki, onun əməliyyatlarındakı ölüm faizi başqaları ilə müqayisədə çox-çox aşağıdır.
– Belədirsə, onda Elçin Məmmədov niyə gizlənib və nə üçün onun barəsində federal axtarış elan ediblər?
– Çünki Elçin Məmmədov Rusiya hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin necə işlədiyini çox yaxşı bilir. Yəni kimin çox pulu və dayağı varsa, o da istintaqda və məhkəmədə işi öz xeyrinə “həll” edir. Bu cür problemləri şimal ölkədə avtoritetlər daha ədalətli həll edir, nəinki hüquq-mühafizə orqanları. Təəssüflər olsun ki, mən bu acı gerçəkliyi xatırlamalı oluram. Arxası və rüşvət verməyə imkanı olmadığına görə Elçin Məmmədov gizlənməyə məhkumdur. Rusiya məhkəmələri elə vəziyyətdədir ki, istər-istəməz, azərbaycanlıların “tülkü tülkülüyünü sübut edənə qədər dərisini boğazından çıxarırlar” məsəli yada düşür.
– Bütün hallarda Elçin Məmmədovun hədəfə alınmasında hansı məqsədlər güdülür və sifarişçilər kim ola bilər?
– Bu prosesdə söhbət bir neçə məqamdan gedir, birincisi və ən əsası: Elçinin soyadı Məmmədovdur. Əgər Rusiyanın elektron və çap mediasını diqqətlə izləsəniz görərsiniz ki, qeyri-rus millətindən olan hər hansı fərdin törətdiyi kiçicik xoşagəlməz hadisə şişirdilərək ictimaiyyətə dəhşətsaçan bir hadisə kimi təqdim edilir. Bu amil Rusiya daxili siyasətində xüsusilə sezilir. Ancaq Şimali Qafqazdan olan kimsə biri olimpiya çempionu olanda onu Rusiyanın uğuru kimi təqdim edirlər, yəni onun Şimali Qafqazdan olduğu arxa plana keçir və unudulur. Təəssüf ki, Rusiyada bu cür ayrı-seçkilik kütləvi hal alıb. Ikinci məqam isə rəqabətlə bağlıdır. Məsələ ondadır ki, şimal ölkədə plastik-estetik cərrahiyyə sahəsində daha çox ermənilər və yəhudilər çalışır…
– Yəni bu amil də rol oynaya bilər baş verənlərdə?!
– Baxın, Elçin Məmmədovdan əvvəl Laputin soyadlı çox məşhur plastik-estetik cərrah vardı, onu qətlə yetirdilər, amma indiyə qədər qatilləri və bu cinayəti sifariş verənləri tapmayıblar. Bir sözlə, cinayət işini arxivə atdılar, heç bu gün o işlə maraqlanan da yoxdur. Sual yaranır: Laputini niyə öldürdülər? – Cavab məlumdur, sıradan çıxarmaq üçün. Ya da məşhur cərrah Tapiyanın başına gətirilən biabırçı hərəkətlər heç bir məntiqə və əxlaqa sığmır. Onu öz doğma qızını zorlamaqda şərləyərək həbs etdirdilər. Görürsünüzmü, burada rəqabət hansı iyrəncliklərlə gedir?! Ona görə sifarişdən danışanda mən yalnız ehtimallarımı deyə bilərəm, bu hadisələrdə çox iyrənc, qorxulu, analoqu olmayan rəqabətin təzahürləri üzə çıxır, Elçin Məmmədovun bir mütəxəssis kimi sıradan çıxarılması prosesi aşkarlanır. Artıq həmin güclər istədiklərinin 50 faizinə nail olublar. Birincisi, Elçin Məmmədov federal axtarışda olduğundan Rusiyada işləyə bilməz. Ikinci məqam isə onun sonuna çıxmaqdır, yəni Elçinin həbsinə nail olub onu həkimlik diplomlarından məhrum etməkdir. Belə məntiq yaranır ki, Rusiyada istənilən bir güc pulun hesabına bütün iyrənc niyyətlərinə nail ola bilər.
– Yəni rəqabət bu qədər güclüdür ki, həkimlər qətl sifarişi də verirlər?
– Rəqabət güclü deyil, sadəcə olaraq, rəqabət iyrənc bir formaya keçib. Rusiya hökumətinin bu istiqamətdəki siyasətində boşluqlar həddən artıqdır. Təsəvvür edin, fərqi yoxdur, xarici, ya da yerli vətəndaşı günün günorta çağı qətlə yetirirlər, ancaq cinayətkarı axtaran olmur. Yaxud, siyasi olsa da, NTV televiziyasının bu prosesdə oynadığı sifarişi xatırlatmalı olacağam. Kanal oktyabrın 5-də “Etirazın anatomiyası-2″ adlı uydurma sənədli filmi ilə solçu siyasətçi Sergey Udaltsov barəsində cinayət işinin açılmasında ”xidmət” göstərmiş oldu. Guya Udaltsov Minskdə Gürcüstan rəsmilərilə görüşüb və Moskvada ictimai asayişin necə pozulmasının planını hazırlayırmış. Halbuki filmdə heç bir dəlil ortalığa qoyulmur. Görün, ötən əsrin 90-cı illərində məşhur olan NTV bu gün hansı səviyyədə sifarişləri yerinə yetirir?! Hətta həmin televiziyanın jurnalistləri bugünlərdə Bakıya gəlib Elçin Məmmədovun valideynlərinin yaşadığı evin qapısını döyüblər. Bu cür şeylərə Rusiyada “zakazuxa” – sifariş deyirlər. Bütün bunlar baş verənlərin sifarişli olduğunu, rəqibin sıradan çıxarılmasının qarşıya qoyulduğunu təsdiqləyir. Sual oluna bilər: Bu ölkə necə idarə olunur ki, diplomsuz həkim 10 il boyunca işləyib, minlərlə xəstəni əməliyyat edib. Baxın, bu dərəcədə absurd yalan öncə Rusiyanın özü üçün biabırçılıq deyilmi?!
– Hazırda Elçin Məmmədovu Azərbaycanda və Rusiyada müdafiə edənlər varmı?
– Ilk dəfədir ki, baş verənlərlə bağlı mətbuat maraqlanır, odur ki, mən də ətraflı danışmağa məcbur oldum. Hesab edirəm ki, mənim bu çıxışımdan sonra Azərbaycanda və Rusiyada xeyli mütəxəssis məsələyə obyektiv və adekvat reaksiya verəcək. Təkcə Elçin Məmmədova görə deyil, yaranmış tendensiyaya görə narahat olmaq lazımdır. Görürsünüzmü, bu arada soydaşlarımıza qarşı atılan müəmmalı addımların sayı artır: Çelyabinskdə azərbaycanlıların çıxarılması ilə bağlı mitinqlər təşkil edilir; Sankt-Peterburqda “Kiş-Miş” restoranlar şəbəkəsinin azərbaycanlı sahibi öldürülür və s. Hesab edirəm ki, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bu məsələlərlə bağlı narahat olmalıdır. Özü də lap çox…