Yaxud professor Elçin Məmmədov kimdir və niyə axtarışa verilib?
Oktyabrın 20-də Rusiyanın NTV telekanalının “Metla” şou-proqramında “Diplomsuz qəssab. Plastik-estetik cərrahiyyənin skandalları” adlı verilişi yayımlanıb. Maraqlıdır ki, aparıcı Natalya Metluxanın haqqında danışdığı cərrah, daha doğrusu, hədəfə aldığı və sərt şəkildə ittiham etdiyi həkim Elçin Məmmədov milliyyətcə azərbaycanlıdır. Bu səbəbdən, hamıda sual yarandı:
Kimdir Elçin Məmmədov və doğrudanmı o bu ittihamlara layiqdir? Ilk olaraq onun barəsində internet vasitəsi ilə araşdırma apardıq. Əldə olunan məlumatlar jurnalistin ittihamları ilə ziddiyyət təşkil etdi. Verilişdə “diplomsuz qəssab” adlandırılan Elçin Məmmədovu Rusiya portalları tanınmış cərrah və məşhur həkim kimi təqdim edir. Odur ki, axtarışlarımız Azərbaycanda da davam etdirildi. Həkimlər arasında soraqlaşmalardan öyrəndik ki, onların çoxu Elçin Məmmədovu tanıyır və məşhur cərrah kimi qəbul edir. Onu da bildirdilər ki, Azərbaycan Tibb Universitetini bitirən və sonradan Moskvada elmi karyerasını davam etdirən Elçin Məmmədov barədə tanınmış cərrah, professor Fərman Ceyranlı daha məlumatlıdır. Ona görə NTV-nin adıçəkilən proqramının yaratdığı sualları Fərman Ceyranlıya ünvanladıq.
– Professor, siz Elçin Məmmədovu yaxşı tanıyırsınız, kimdir bu adam və onunla bağlı ittihamlardan xəbəriniz varmı?
– Mən Elçin Məmmədovu çox yaxşı tanıyıram, onunla bağlı baş verənlərdən də xəbərim var. Məsələ ondadır ki, Elçin Məmmədov bu gün plastik-estetik cərrahiyyə sahəsində yalnız MDB respublikaları çərçivəsində yox, dünya miqyasında 2-3 ən məşhur mütəxəssisdən biridir, bəlkə də birincisidir, xüsusilə də üz nahiyəsində aparılan endoskopik əməliyyatlara görə.
– Ancaq NTV-nin “Metla” şou-proqramında onu “diplomsuz cərrah” olmaqda ittiham ediblər, bu necə ola bilər?!
– Elçin mənim tələbəm olub. O, Gürcüstanın məşhur Qaraçöp kəndindəndir. Vaxtilə Elçinin atası mənə müraciət etdi ki, oğlu Tibb Universitetini əla qiymətlərlə bitirib, ancaq bu sahədə çalışmaq istəmir, ona görə də onunla söhbət etsəm, yaxşı olar. Bir gün atasının istəyi ilə Elçinlə görüşdüm. Ondan tibbdə çalışmaq istəməməsinin səbəbini soruşdum. O, biznesə çox maraq göstərdiyini bildirdi. Yarıciddi, yarızarafat dedim ki, sənə elə biznes sahəsi göstərəcəyəm, dünyada analoqu yoxdur və ona plastik-estetik cərrahiyyə sahəsinin ən güclü bizneslərdən biri olduğunu dedim. Hələ o zaman Azərbaycan cəmiyyətində plastik-estetik cərrahiyyənin nə olduğunu bilmirdilər, söhbət təxminən 20 il əvvəldən gedir. Təklifim onun beyninə “batdı”. Bu məqamda bir haşiyə çıxmaq istərdim.
Həmin söhbətdən bir qədər əvvəl ABŞ-ın Texas ştatına elmi ezamiyyətə getmişdik. Təxminən bir aylıq ezamiyyət zamanı məşhur ürək cərrahı Maykl Debeykinin 90 illik yubileyinə də qatılmalı olduq. Adətən biz “yubiley” deyəndə yubilyar haqqında uzun-uzadı çıxışları xatırlayırıq. Ancaq orada tamamilə fərqli mənzərə ilə rastlaşdıq. Əvvəlcə Debeykinin həyat və fəaliyyətindən 15 dəqiqəlik film göstərdilər, sonra isə gündəliyə belə bir məsələ çıxardılar: Xəstəyə pasiyent deyək, yoxsa müştəri (kliyent)? Yəni tibb bir biznes fəaliyyətidir, yoxsa nəsə başqa bir şey? Məni heyrətləndirən o oldu ki, uzun dartışmalardan sonra ümumi qənaət belə oldu ki, tibb biznes sahəsidir. Niyə maşın, daşınmaz əmlak alır-satırsan, bu biznes olur, amma insan üçün ən dəyərli şey onun sağlamlığıdır, o isə havayı olur? Bu, məntiqə də uyğun gəlmir. Uzun-uzadı diskussiyalardan sonra məndə də belə qənaət yarandı ki, doğrudan da ən qiymətli, əvəzolunmaz şey insan sağlamlığıdırsa, bu, niyə havayı olmalıdır? Sosializm quruluşunda guya bunu pulsuz hesab edirdilər, ancaq hamımız bilirik ki, elə o vaxt da həkimin müayinəsindən çıxmaq pulsuz olmayıb. Belə olan təqdirdə bunun adını düzgün qoya bilmirikmi? Bu baxımdan mən Elçin Məmmədova dedim ki, ən güclü biznes cərrahiyədir, onun da dünya biznesində xüsusi çəkisi olan sahəsi plastik-estetik cərrahiyədir. Onda plastik əməliyyatlar Respublika Cərrahlıq Mərkəzində həyata keçirilirdi. Mən Tiflisdən professor Iva Kuzanovu dəvət etdim, çünki o vaxt Gürcüstan paytaxtında bu əməliyyatlar aparılırdı və ilk dəfə biz Azərbaycanda bir neçə əməliyyat həyata keçirdik, söhbət 1995-96-cı illərdən gedir. Mən onda Iva Kuzanovdan xahiş etdim ki, bizdə bir gənc bu sahə ilə maraqlanır. O, heç bir problem olmadığını dedi və Elçin Məmmədovu Tiflisə 3 aylıq kursa göndərdik. Elçin Iva Kuzanovun kursunu bitirəndən sonra bu sahənin Azərbaycanda hələ tam oturuşmadığını nəzərə alıb onu Moskva Cərrahlıq Mərkəzinə aspiranturaya göndərdim. O, aspiranturanı uğurla bitirdi və rəhbəri olan professor da onun barəsində müsbət fikirlər söylədi. Görəndə ki, onda bu sahə yaxşı alınır, doktoranturaya göndəriş verdim və o, doktoranturanı da uğurla bitirdi. Beləliklə, Elçin Məmmədov 32 yaşında tibb elmləri doktoru oldu. Təsəvvür edin, “Metla” şou-proqramının “diplomsuz cərrah” adlandırdığı Elçin Məmmədov üç diplomunun ikisini Rusiyadan alıb və o, tibb elmləri doktorudur. Mən bu gün böyük fəxrlə qeyd edə bilərəm ki, Elçin Məmmədov yalnız Azərbaycan və MDB məkanında yox, bütün dünyada böyük şöhrət qazanıb.
– Son fikrinizi hansı arqumentlərlə əsaslandıra bilərsiniz?
– Birincisi, internetə daxil olub axtarış vasitəsilə Elçin Məmmədov haqqında əhatəli məlumat ala bilərsiniz. Ikincisi, Elçin Məmmədov bir neçə mötəbər elmi cəmiyyətin üzvüdür, dəfələrlə beynəlxalq konfranslarda çıxış edərək öz təcrübəsini yayır. Üçüncüsü isə Rusiya kimi ölkədə plastik-estetik əməliyyatı ən imkanlı adamlar edir, kasıb təbəqə bu əməliyyatdan bəlli səbəblərdən uzaqdır. Həmin imkanlı insanların və tibb ictimaiyyətinin içərisində olan reytinq göstəricisi Elçin Məmmədovun əvəzolunmaz mütəxəssis olduğunu təsdiqləyir.
– O zaman niyə o hədəfə alınır?!
– Sualınıza cavab olaraq bir neçə epizodu xatırladacağam və bunları həmin NTV televiziyasında görmüşəm. Birinci epizod: Təsəvvür edin ki, yeni doğulan körpənin müqavimətini artırmaq üçün ultrabənövşəyi şüalanmanın altına qoyublar, ancaq uşaq yaddan çıxıb qalıb orda və yanıb. Ikinci epizod: Yenə azyaşlı uşağa iynə vurublar, sonra sarğı qoyublar, nəticədə diqqətsizlik ucbatından uşaqda nekroz qanqrena baş verib və o, qolunu çiyin oynağından itirməli olub. Üçüncü epizod: Əməliyyat stolunda xəstə bədəninin üçdə ikisinin yanması nəticəsində ölüb, yəni cərrah spirtlə yaranın üstünü işləyən vaxt elektrobıçaqdan istifadə edərkən əməliyyat stolunda yanğın baş verib və nəticədə xəstə dünyasını dəyişib. Bu cür faciələr heç Azərbaycanda da rast gəlinmir və sadaladığım faktlar Rusiya təbabətinin hansı bərbad durumda olduğunun göstəricisidir. Ancaq NTV kanalı bu faciələrin üstündən sakitcə ötsə də, xırda bir məsələyə neçə vaxtdır zaman ayırırsa, buna sıradan bir hadisə kimi yanaşmaq olmaz.
– Niyə məhz xırda adlandırdığınız məsələnin üzərində bu qədər dayanırlar?
– Səbəbini deyim. Birincisi, sual verək ki, Elçin Məmmədovun neçə minlik əməliyyatı içində bu neçənci hadisədir? Mən belə başa düşdüm ki, onun çalışdığı vaxtdan bu günə qədər belə fəsadlı iki hadisə baş verib. Bir xəstə tromb-embaliyadan vəfat edib, ikinci xəstə isə komaya düşüb və iki ildir komadadır. Tromb-embaliya istənilən xəstədə, istənilən ölkənin klinikasında baş verə biləcək bir fəsaddır. Yəni təbabət bunun qarşısında hələ ki, acizdir. Çünki bu, xırda bir manipulyasiyadan baş verə bilər. Statistikanı dəqiq bilməsəm də, burada söhbət Elçinin apardığı minlərlə əməliyyatdan ikisindən gedir. Dünyanın məşhur klinikalarının statistikasına baxsanız, bu, ən yaxşı göstərici olacaq.
ardı var