Araşdırmaçı jurnalist prokurorun çıxışını gülüşlə qarşıladı: «Bəs niyə belə az…»
Elmira Ismayılova: «Mənim övladım həbsxanada yatmağa layiq deyil»
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın məhkəməsi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən dünənki məhkəmə iclasında prokuror çıxış edərək, Xədicə Ismayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Bu iş üzrə məhkəmə prosesində dövlət ittihamını Ramazan Hadıyev müdafiə edir. Prokuror çıxışında iddia edib ki, Xədicə Ismayıla qarşı ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilib. O həmçinin qeyd edib ki, Xədicə Ismayıl ittihamları rədd edərək, özünü təqsirli bilmədiyini deyib.
Maraqlıdır ki, prokuror çıxışında yalnız ibtidai istintaq zamanı əldə olunmuş ifadələrə əsaslanıb. Hərçənd, iş üzrə zərərçəkmiş qismində tanınmış Tural Mustafayevin özündən tutmuş, şahidlərin əksəriyyətinə qədər məhkəmədə dindirilən adamlar istintaqdakı ifadələrinin yox, məhkəmədə söylədiklərinin əsas götürülməsini istəmişdilər. Şahidlərin bir neçəsi ibtidai istintaqda dindirilərkən təzyiqlərə məruz qaldıqlarını, həmçinin ifadəyə orada yazılanları oxumadan imza atdıqlarını bildirmişdilər.
Prokuror konkret olaraq, şahid qismində dindirilmiş jurnalistlər Aynur Imranova, Esmira Cavadovanın məhkəmədə söylədiklərinə yox, onların istintaqa verdikləri, amma məhkəmədə təsdiqləmədikləri ifadəyə istinad edib: “Aynurə Imranova məhkəməyə ifadəsində bilərəkdən Xədicə Ismayılı məsuliyyətdən yayındırmağa çalışırdı. Digər şahid Esmira Cavadova məhkəmədə bildirdi ki, onu prokurorluqda qeyri-iş günü dindiriblər. Həmin gün səhər saat 7-də evlərinə polis gələrək, məcburi şəkildə dindirməyə aparıb. Amma iş materiallarından görünür ki, o, oktyabrın 27-də saat 15.00-də dindirilib. Həmin tarix isə iş günüdür. O bildirdi ki, 2009-cu ildən xidməti müqavilə əsasında ”Azadlıq" radiosu ilə əməkdaşlıq edib, gəlirindən sadələşdirilmiş vergi əsasında 4 faiz vergi ödəyib. Əgər o, xidməti deyil, əmək müqaviləsi bağlasaydı, buna görə 14 faiz vergi ödəyərdi. Esmira Cavadova istintaqa ifadəsində bildirib ki, o, xidməti müqaviləni Xədicə Ismayılova ilə bağlayıb. Amma Esmira Cavadova məhkəmədə Xədicə Ismayılovanı görüb əvvəl dediklərindən imtina etdi. Hesab edirəm ki, onun istintaqda verdiyi ifadəsi əsas götürülməlidir".
Esmira Cavadova məhkəmədə bildirmişdi ki, istintaqda ümumiyyətlə, Xədicə Ismayılla müqavilə bağladığı haqda heç nə deməyib. O, istintaqa ifadəsində xidməti müqaviləni “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri olmuş Kənan Əliyevlə bağladığını deyib. Lakin sonradan evə gələndə müqavilənin onunla radionun Azərbaycan nümayəndəliyinin Kadrlar Şöbəsinin rəhbəri arasında bağlandığını görüb. Hətta prokurorluğa həmin müqaviləni təqdim etmək də istəyib. Lakin ona deyilib ki, lazım olsa, özləri müraciət edəcəklər.
Prokuror “Azadlıq” radiosunun əməkdaşı olmuş daha bir jurnalist Çingiz Sultansoyun da məhkəmədəki ifadəsini şübhə altına alıb: “Məhkəmədə ifadə verən Çingiz Sultansoy da xidməti müqavilə bağladığını deyib, onun işi redaktədir və daim redaksiyada oturmağı tələb edir. Belə olan halda, onunla niyə xidməti müqavilə bağlandığı hamıya məlumdur. Məqsəd radionu 14 faizlik vergidən yayındırmaqdır.
“Azadlıq” radiosunun ofisindən 12 əmək kitabçası, ştamp və möhür götürülüb. Əgər Bakı bürosu işə götürən deyildisə, o zaman bunlar nəyə lazım idi? Ştatda 12-14 nəfər işçi olduğu halda, redaksiyada 30 kompüter olub. Bu da xidməti müqavilə bağlamış şəxslərin əslində, daim ofisdən istifadə etdiyini göstərir".
Prokuror Xədicə Ismayılın 2010-cu ildə “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri postundan istifa verməsindən sonra radio ilə xidməti müqavilə əsasında əməkdaşlıq etməsini qanunsuz sahibkarlıq kimi qiymətləndirib. Bildirib ki, xarici radio ilə əməkdaşlığa görə o, mütləq Xarici Işlər Nazirliyində akkreditasiyadan keçməli idi. Keçməyibsə, deməli, qanunsuz sahibkarlıqla məşğul olub.
Dövlət ittihamçısı həmçinin “Azadlıq” radiosunun 2008-ci ilin yanvarından 2009-cu ilin yanvarına qədər lisenziyasız fəaliyyət göstərdiyini iddia edib.
Prokuror deyib ki, Xədicə Ismayıla qarşı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə elan olunmuş ittiham da sübuta yetirilib. Hərçənd, dövlət ittihamçısı özü də etiraf edib ki, Tural Mustafayev məhkəmədə ifadə verərkən intihara cəhd göstərməsinin Xədicə Ismayılla əlaqəsi olmadığını bildirmişdi. Ibtidai istintaqa ifadəsində Xədicə Ismayılı günahlandırmasına gəlincə, Tural bildirmişdi ki, jurnalistə böhtan atıb.
Prokurorun sözlərinə görə, Tural Mustafayev məhkəmədə bu cür ifadə verməklə Xədicə Ismayılı müdafiə etməyə çalışıb: “Tural Mustafayev məhkəmə istintaqı zamanı mənim suallarıma ancaq ”bilmirəm", “belə istəmişəm” deməklə, hər vasitə ilə Xədicə Ismayılı müdafiə etməyə çalışırdı".
Tural Mustafayevin keçmiş nişanlısı, dostluq etdiyi şəxslər məhkəmədə ifadə verərkən onun psixoloji problemləri olduğunu, bu üzdən Maştağadakı dispanserdə müalicə aldığını bildirmişdi. Lakin prokuror çıxışında bildirib ki, iş materiallarındakı ekspertiza rəyləri Mustafayevin anlaqlı, fiziki və psixoloji cəhətdən sağlam olduğunu göstərir.
Dövlət ittihamçısı qeyd edib ki, Xədicə Ismayıl Tural Mustafayevi özündən maddi asılılığa məcbur edib, sonradan imkansız vəziyyətə düşən Tural Mustafayev əvvəlki durumunu bərpa etmək üçün dəfələrlə Xədicə Ismayıla onu bağışlaması üçün yalvarıb, ancaq Xədicə Ismayıl onu bağışlamayıb və bununla da Tural Mustafayev intihar həddinə çatıb.
“125-ci maddənin ictimai təhlükəsi ondadır ki, insanı ölümə sürükləyir və bu da insanlıqdan kənar əməldir”, – deyə prokuror vurğulayıb.
Ramazan Hadıyev çıxışının sonunda vurğulayıb ki, Xədicə Ismayılın islah və yenidən tərbiyə olunması üçün ona həbs cəzası verilməlidir. O, jurnalistin 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror 9 il həbs təklif edərkən Xədicə Ismayıl bunu gülüşlə qarşılayıb: “Bəs niyə belə az?”
Prokuror həmçinin 364 manat məhkəmə-ekspertiza xərcinin Xədicə Ismayıldan tutulmasını təklif edib.
Jurnalist “Bax, onu verməyəcəm”, – deyə prokurorun çıxışına ironiya ilə münasibət bildirib.
Xədicə Ismayılın vəkilləri müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt vaxt istəyib. Növbəti məhkəmə iclası avqustun 26-na təyin olunub.
***
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Fariz Namazlı bildirib ki, indiyədək prosesdə baş verənləri, o cümlədən prokurorun müdafiə tərəfinin bütün vəsatətlərinin əleyhinə çıxmasını, bəzən Xədicə Ismayılın hədələnməsini nəzərə alaraq, belə bir çıxış gözləyirdilər.
Prokurorun çıxışı jurnalistin anası Elmira Ismayılova üçün də gözlənilməz olmayıb. “Mən 15 il gözləyirdim, 9 il istədi. Gərək xahiş edək ki, artırsınlar…”, – deyə Elmira Ismayılova prokurorun çıxışına ironik yanaşıb.
O həmçinin məhkəmədən ədalətli qərar gözləmədiyini vurğulayıb: “Mənim övladım heç bir pis iş görməyib. O, düz danışan, dürüst adamdır. Mən prokurorluqdan, məhkəmədən ədalətli mövqe gözləmirdim və bundan sonra da gözləmirəm. Bilirəm ki, həbs cəzası verəcəklər. Təbii ki, bu da düzgün deyil. Mənim övladım həbsxanada yatmağa layiq deyil”.
Aytən
***
21.08.2015
«Həbsimin məqsədi Əliyevin biznesilə bağlı araşdırmalarımın qarşısını almaqdır»
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə artıq məhkəmə istintaqı başa çatıb. Bu barədə qərar dünənki məhkəmə iclasında qəbul olunub. Məhkəmə çıxışlar mərhələsinə keçib. Iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev çıxışa hazırlaşmaq üçün bir gün vaxt istəyib.
Məhkəmə istintaqının başa çatdığı elan edilməmişdən əvvəl əlavə şahidlər dindirilib, Xədicə Ismayıl və vəkilləri vəsatətlər qaldırıb.
“Vergilər Nazirliyində paket maaşları bərpa eləyiblər?”
Dünənki məhkəmə iclası bir gün əvvəl iş saatı başa çatdığına görə ifadəsi yarımçıq qalmış Bakı Vergilər Departamentinin vergi müfəttişi Imran Nurməmmədovun dindirilməsilə davam edib. Qeyd edək ki, Nurməmmədov “Azadlıq” radiosunun fəaliyyətinə dair hələ də başa çatmayan səyyar vergi yoxlamalarına əsaslanaraq, Xədicə Ismayılla bağlı Aralıq Aktı tərtib edən dörd nəfərdən biridir.
Aralıq Aktda iddia olunur ki, “Azadlıq” radiosu işçilərin bir qismilə əmək müqaviləsi yox, xidmət müqaviləsi imzalayıb, bununla da həmin əməkdaşların büdcəyə aylıq gəlirlərindən 14 faiz yox, 4 faiz vergi ödəmələrinə şərait yaradıb. Və yaxud iddia edirlər ki, Xədicə Ismayıl 2010-cu ildə 2010-cu ildə “Azadlıq”ın Bakı bürosunun rəhbəri vəzifəsindən istifa verəndən sonra radio ilə xidmət müqaviləsi əsasında əməkdaşlığı davam etdirsə də, Xarici Işlər Nazirliyində akkreditasiyadan keçməyib. Bununla da qanunsuz sahibkarlıq edib.
Dindirmə zamanı məlum olub ki, Imran Nurməmmədov özü “Azadlıq” radiosunun ofisində aparılan axtarışda iştirak etməyib. O, prokurorluğun təqdim etdiyi və bankdan alınmış sənədlərə əsaslanaraq rəy verib. Vergi müfəttişi etiraf edib ki, ona təqdim olunan müqavilələrdə və digər maliyyə sənədlərində Xədicə Ismayılın imzası olmayıb. Bununla belə, o, Xədicə Ismayılın Büro rəhbəri kimi məsuliyyət daşıdığını deyib.
Imran Nurməmmədov dindirilərkən prokurorun tez-tez müdaxilə etməsi, bəzən onun əvəzinə sualı cavablandırmaq cəhdinə Xədicə Ismayıl belə reaksiya verib: “Ramella xanım, prokurorun icazəsilə siz icazə versəydiniz, biz suallarımızı davam etdirərdik…”
Hakim “Mən müstəqiləm, heç kim mənə icazə verə bilməz”, – deyə bildirib.
Sual-cavab zamanı Xədicə Ismayıl bir daha izah edib ki, radionun Azərbaycan nümayəndəliyi ilə Bakı bürosu fərqli qurumlardır. Azərbaycan nümayəndəliyinin rəhbəri Con Katler olub: “Nümayəndəlik maliyyə məsələlərilə əlaqədar Yəhya Mirzəyevə etibarnamə verib. Mənə ümumiyyətlə, etibarnamə verilməyib”.
Nurməmmədov sualları cavablandırarkən bildirib ki, Beynəlxalq Bankda radionun maliyyə sərəncamçısı kimi Yəhya Mirzəyev göstərilib.
Daha sonra Xədicə Ismayıl şahidə belə bir sual ünvanlayıb: “Işə götürənin işçi ilə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlamasını qadağan edən hüquqi norma varmı?”
Bu yerdə prokuror yenə müdaxilə edib:
– Sualın buna aidiyyəti yoxdur, o, hüquqşünas deyil.
Vəkil Cavad Cavadov:
– Aralıq Aktında yazıblar, indi də buyursun, cavab versin.
Bk zaman tərəflər arasında gərgin polemika yaranıb. Xədicə Ismayıl dindirmənin davam etdirilməsi üçün hakimə müraciət edib:
– Möhtərəm məhkəmə, əgər prokuror sizə icazə versəydi, sizə də bizə suallarımızı davam etdirmək üçün icazə verərdiniz…
Hakim Ramella Allahverdiyeva:
– Siz mənə görə narahat olmayın.
Xədicə Ismayıl:
– Mən çox narahatam, dövlətçiliyimizə görə narahatam.
Daha sonra dindirmə davam etdirilib və Imran Nurməmmədov deyib ki, əmək müqaviləsilə 14 faiz yox, xidmət müqaviləsilə 4 faiz vergi ödənilməsilə faktiki vergidən yayınmaya şərait yaradılıb, buna görə də Bakı bürosunun rəhbəri kimi Xədicə Ismayıl məsuliyyət daşıyır: “Radionun ştatda 12-14 nəfər işçisi olduğu halda, ofisdə 30-32 kompüter olub. Əgər həmin şəxslər sizin əmlakdan istifadə edirdilərsə, mütləq onlarla əmək müqaviləsi bağlanmalı idi”.
Xədicə Ismayıl vergi müfəttişinin yadına salıb ki, qanunvericilikdə “müqavilə azadlığı” anlayışı var. Həmçinin xatırladıb ki, radionun əməkdaşları məhkəmədə dindirilərkən sərbəst iş rejiminə üstünlük verdiklərinə görə, öz istəklərinə uyğun olaraq, xidmət müqaviləsi bağlayıblar: “Hələ 30-32 kompüter az idi. Hərəyə bir yazı, bir də montaj kompüteri lazım idi. Məsələn, mənim evimdə 3 kompüterim olub. Ən əsası, harada yazılıb ki, xidməti müqavilə bağlayan şəxs ofisin avadanlığından istifadə edə bilməz?”
Daha sonra dindirmə belə davam edib:
– Aralıq aktında Xədicə Ismayıl vergi ödəyicisi kimi tanınırmı? Söhbət sadələşdirilmiş vergidən getmir…
– Siz rəhbər kimi məsuliyyət daşımısız.
– Əgər vergi ödəyicisinin təmsilçisiyəmsə, mənim hüquqlarım da var idi. Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən siz akt tərtib edəndə mənə sual verməli, məlumatlandırmalı idiniz, amma siz məni görməmisiz. Əgər vergi ödəyicisi idimsə, bunu niyə etməmisiz?
– …
– Siz ofisdəki axtarışla bağlı video-foto çəkilişə baxmısız?
– Xeyr.
– Radionun ofisində olmusuz?
– Xeyr.
– O zaman niyə rəydə yazmısınız ki, “Fərqli düşüncə” qəzeti “Azadlıq” radiosunun ofisində yerləşib? Radionun ofisində olmamısınız, heç bir video-fotoya baxmamısız, sizə vəhy gəlmişdi?
– Qəzetin baş redaktoru da ifadəsində belə deyib…
– Xeyr, Şahvələd Namazovun (Çobanoğlu) istintaqa ifadəsində belə bir şey yoxdur. O, burada da dindirilərkən bildirdi ki, orada yerləşməyib. Bəlkə bu adama prokurorluq saxta ifadə göstərib?
– …
Dindirmə başa çatandan sonra vergi müfəttişi getmək istəyərkən Xədicə Ismayıl ona belə bir sual ünvanlayıb:
– Imran müəllim, Vergilər Nazirliyində paket maaşları bərpa eləyiblər, yoxsa yox?
Imran Nurməmmədov sualı cavablandırmadan zalı tərk edib.
“Bütün bu çərlətmələrin məqsədi məni tutmaq idi”
Akta imza atmış digər vergi müfəttişi Elçin Əliyev də dünənki məhkəmə iclasında dindirilib. O bildirib ki, “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi burada hüquqi şəxs kimi qeydiyyatdan keçib. Vergi ödəyicisi kimi də “Azərbaycan nümayəndəliyi” göstərilib.
Elçin Əliyev də həmkarı Nurməmmədovun söylədiklərinə uyğun cavab verib. O da iddia edib ki, əgər əməkdaş radionun ofisindəki avadanlıqdan istifadə edirsə, onunla xidməti yox, əmək müqaviləsi bağlanmalıydı. Amma Nurməmmədov kimi o da nəyə əsaslanaraq, bu cür iddia irəli sürdüyünü izah edə bilməyib.
O həmçinin bildirib ki, “Azadlıq” radiosunun yayımına görə müqavilə Azərbaycanın müvafiq qurumları ilə ABŞ-ın Yayım Idarəetmə Şurası arasında bağlanıb. Amma həmin tezlikdə məhz Bakı bürosunun hazırladığı materiallar yayımlandığına görə məsuliyyət də büro rəhbəri kimi Xədicə Ismayılın üzərinə düşüb.
Xədicə Ismayıl şahidin bu haqda dediklərinə özünəməxsus cavab verib: “Belə çıxır ki, Azərbaycan televiziyaları hind kinosu verirsə, onda hind rejissorları məsuliyyətə cəlb etməliyik”
Vergi müfəttişlərinin dindirilməsi başa çatandan sonra jurnalistin müdafiəçiləri bir sıra vəsatətlər qaldırıb. Məsələn, Fariz Namazlı Aralıq Aktı və onun əsasında verilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib: “Aralıq Aktı Vergilər Məcəlləsinin tələblərinə ziddir. Ümumiyyətlə, qanunvericilikdə ”Aralıq Aktı" termini yoxdur. Şahidlər etiraf etdi ki, hazırladıqları akt barədə vergi ödəyicisinə, konkret halda, radionun Azərbaycan nümayəndəliyinə heç bir məlumat verməyiblər. “Azadlıq” radiosunda səyyar vergi yoxlaması başa çatmayıb, vergi məsuliyyətinə cəlbetmə qərarı da yoxdur. Bütün bunlar aktı şübhə altına salır. Mühasibatlıq ekspertizasının rəyi də həmin akta əsaslandığından hər iki sənəd sübutlar siyahısından çıxarılmalıdır".
Xədicə Ismayıl da vəkilinin vəsatətini müdafiə edib: “Istintaq orqanı ”Azadlıq" radiosuna bu aktı mübahisələndirmək imkanı yaratmayıb. Bütün bu yoxlamaların, çərlətmələrin məqsədi məni tutmaq, Ilham Əliyevin ailə biznesi barədə araşdırmalarımın qarşısını almaq idi…"
Vəsatət təmin olunmayıb.
Digər vəkil Cavad Cavadovun vəsatəti isə yerli məhkəmələrdən birinin ANS-lə bağlı qətnaməsinin işə əlavə olunması haqda olub. Məsələ burasındadır ki, vaxtilə ANS-in də işçilərin bir qismilə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlaması əsas gətirilərək, bu şirkətə qarşı cərimə sanksiyası tətbiq olunub. ANS Şirkətlər Qrupu bu məsələni məhkəmədə mübahisələndirib. Məhkəmə qanunvericilikdə nəzərdə tutulan “müqavilə azadlığı” anlayışını əsas götürərək, cərimə qərarının ləğvinə dair qətnamə çıxarıb. Cavab Cavadov bənzər situasiya olduğu üçün həmin qətnamənin presedent kmi işə əlavə olunmasını istəyib.
Bu vəsatət də təmin olunmayıb.
Daha sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini soruşub. Etiraz edən olmayıb və beləliklə, məhkəmə istintaqı başa çatıb.
Məhkəmə prosesi bu gün prokurorun çıxışı ilə davam edəcək.
Aytən