Milli Şura 2015 planını müzakirə etdi, yeni sədr və rəhbər heyət seçdi
Milli Şura yanvarın 23-də növbəti sessiyasını keçirib. Sessiyanın gündəliyinə 3 məsələ daxil edilib:
– ictimai-siyasi vəziyyətin müzakirəsi;
– qurumun 2015-ci il üçün fəaliyyət planının qəbulu;
– təşkilati məsələ.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bildirib ki, bu gün milli, siyasi, sosial haqlar, demokratiya uğrunda mübarizənin əsas konturları bu qurumun müarizəsindən keçir. Hakimiyyət strateji vəzifə kimi 2013-cü ildən bəri Milli Şuranı dağıtmağı qarşısına məqsəd qoyub. Lakin buna nail ola bilməyib.
“Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb. Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”, – deyə Cəmil Həsənli qeyd edib.
Milli Şura sədri bildirib ki, Azərbaycan xalqı konstitusiya ilə ona verilmiş hüquqlardan məhrum edilib. Milli Şuranın da vəzifəsi bu hüquqları xalqa qaytarmaqdır.
“Məni ən çox narahat edən vətəndaşları narkotiklə şərləyib tutmaqdır. Təəssüf ki, 2014-cü ildə bu tendensiya daha da inkişaf edib. Hətta Sovet imperiyası vətəndaşları narkotiklə şərləməyi özünə sığıdırmırdı. İndi Azəraycanın ən ləyaqətli oğulları müxtəlif ittihamlarla həbsdə yatır. Amma bu adamları şərləyən, mühakimə edən insanlar özü həbsdə oturmalıdır. İnsanları 3 qramla şərləyənlər, 3 ton narkotikə görə məsuliyyət daşımır”, – deyə Cəmil Həsənli bildirib.
Azərbaycanda mətbuat azadlığının acınacaqlı vəziyyətindən danışan Milli Şura sədri “Azadlıq” radiosunun bağlanmasını pisləyib: “Bu, mətbuata, azad sözə qəsddir. Bu, hakimiyyətin ölkədə söz azadlığına qarşı rəsmi siyasətidir. Təsəvvür edək ki, Azadlq radiosundan sonra Azadlıq qəzeti, Turan agentliyi də bağlandı. O zaman Azərbaycanda hansı mənzərə yaranar? Milli Şuranın əsas hədəflərindən biri bu mətbuat orqanlarını qorumaq və Azadlıq radiosunun bərpasına nail olmaqdır. İşimizi bəyanatlar verməklə bitmiş sya bilmərik”.
Cəmil Həsənli daha sonra ölkədəki sosial-iqtisadi vəziyyətə münasibət bildirib: “Dövlət başçısı tez-tez bəyanatlar verir ki, neft qiymətlərinin düşməsi bizə təsir etməyəcək. Bu, məntiqsiz, həqiqətə uyğun olmayan bəyanatdır. Biz artıq bu ziyanın içərisindəyik. Azərbaycan tarixində maarif sistemi formalaşandan bəri hələ heç vaxt kənddə işləyən müəllimlə şəhərdə işləyən müəllimlərin əmək haqqında belə fərq olmayıb. Bu səhv tendensiyadır, bunu etmək olmaz. Sosial-iqtisadi baxımdan müəllimlər kəndlərdə daha çətin vəziyyətdə yaşayır. Bu siyasət ayrıseçkilikdir. 30 faizə gücün çatmır, 15 faiz artır, amma hamının maaşını artır”.
İlham Əliyevin Almaniyada səsləndirdiyi “ölkədə nüfuzum 90 faizdir” bəyanatına replika verən Cəmil Həsənli “Azərbaycan hakimiyyətinin reytinq cədvəli ilə siyasi mülahizələrə görə həbs etdiyi insanların sayı təxminən eynilik təşkil edir” deyə ironiya edib.
Sonrakı çıxışçı, AXCP sədri Əli Kərimli nitqinə yola saldığımız 2014-cü ili dəyərləndirməklə başlayıb. Bildirib ki, 2014-cü ili siyasi baxımdan ən ağır il oldu:
“Azərbaycandakı repressiyalar 2014-cü ildə pik həddinə çatdı. Həm Heydər Əliyevin, həm də İlham Əliyevin hakimiyyətdə olduğu 21 ildə mən elə bir il, ay xatırlamaıram ki, ölkədə siyasi məhbus olmasın. Amma 2014-cü ildə bu tendensiya öz zirvəsinə çatdı. Vətəndaş cəmiyyəti ayrıca bir sektor olaraq məhv edildi, vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin ən tanınmış nümayəndələri həbs olundu, bir çoxları mühacirətə getməli oldular, 60-dan yuxarı təşkilatın bank hesabları bağlanıldı və vətəndaş cəmiyyəti demək olar ki, ayrıca sektor olaraq çökdürüldü. Keçən il Azərbaycan müxalifətinə ağır zərbələr vurulub, mətbuatın susdurulması üçün məqsədyönlü iş aprılıb, “Azadlıq” radiosu kimi mühüm bir mətbuat vasitəsi faktiki fəaliyyətini dayandırmalı olub, “Azadlq” qəzeti il ərzində görünməmiş pressinq altında fəaliyyət göstərib və bu gün qəzetin yaşaması kollektivin fədakarlığının nəticəsidir. Normalda, bu qəzet artıq fəaliyyətini dayandırmal idi. Bundan əlavə, “Media Forum” saytı, “Zerkola” qəzeti bağlanıb, “Turan” informasiya agentliyi isə həddindən artıq çətin şərtlər altında faəliyyətini davam etdirir. Hətta dünya birliyini qarşılarına almaq, Azərbaycanın imicini dünyada bərbad etmək bahasına olsa da, bu işi apardılar və məqsədləri müxalifət düşərgəsini, müstəqil düşünən insanları tamamilə sıradan çıxarmaq idi. Məhz Milli Şuranın, onun tərkib hissəsi olan AXCP-nin dəyanətli mübarizəsinin nəticəsində, hökumət bu planına tam nail ola bilmədi. Və bu, elə-belə nəticə deyil. Məhz 2014-cü ildə biz yox, dünyanın nüfuzlu siyasətçiləri, vaxtilə ABŞ-ın dövlət katibinin yardımçısı olmuş Kramer səviyyəsində açıq ifadə etdilər ki, Azərbaycanda siyasi məhbusların sayı, Rusiya və Belarusda birlikdə olduğundan iki dəfə artıqdır. Bizim Özbəkistandan fərqlənməyimiz İlham Əliyevin Azərbaycan xalqına lütfü ilə bağlı deyil, sizin, Azərbaycan xalqının mübarizliyilə bağlıdır. Bu qədər siyasi məhbuslardan sonra da hər tutulanın yeri dolur, yeni-yeni insanlar gəlir. Bir faktı demək istəyirəm. Seymur Həzi həbs olunandan sonra, AXCP Gənclər Komitəsindən 10-15 nəfər mütamadi olaraq “Azadlıq” qəzetində köşə yazısı ilə çıxış etməyə başladı. Bir nəfər həbs olunmuş jurnalistin yerini doldurmaqdan ötürü, 10-15 nəfər gənc öz namizədliyini irəli sürdü. 2014-cü il bir tərəfdən Azərbaycandakı rejimin, diktaturanın ən sərt olduğu bir dövrlə xarakterizə olunursa,eyni zamanda Milli Şuranın, Azərbaycanın avanqard müxalifət təşkilatının dözümlülüyünü, bacarığını, mütəşəkilliyinin sübutu kimi ortaya çıxdı. Bizim axırıncı mitinqlərimizdən sonra 6 AXCP üzvünə qarşı cinayət işi başlanıb, 8 nəfər üzvünə qarşı inzibati qaydada 25-30 sutka həbs verilib. Amma buna baxmayaraq, hesab edirəm ki, ən ağır mərhələni keçmişik artıq”.
AXCP sədri sonra beynəlxalq birliyin hakimiyyətə qarşı sərtləşən münasibətindən danışıb: “Bizim dirənişin nəticəsində hökumətin özü ciddi zərbələr alıb. Məhz biz müqavimət göstərdiyimizə görə beynəlxalq birliyin Azərbaycandakı rejimə qarşı münasibəti sərtləşib. Baxın, 2014-cü ildə beynəlxalq aləmin Azərbaycan hakimiyyətinə əvvəlki 21 ildə olmayan daha sərt münasibəti ortaya çıxıb. ABŞ Konqresində dəfələrlə müzakirələr, Avropa Parlamentinin Azərbaycanla bağlı xüsusi sərt qətnaməsi və orada Azərbaycan məmurlarına sanksiyaların tətbiq olunması ehtimalının nəzərdə tutulması və son illərdə Azərbaycan hakimiyyətinin siyasi sığınacaq yeri olan Avropa Şurasının nəhayət baş verənləri görməyə başlaması və hakimiyyətə sərt təpkilər göstərməsi və s. Biz uzun illər ərzində görməmişdik ki, nüfuzlu dövlətlərin hökumət və dövlət başçıları İlahm Əliyevlə görüşlərdində Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıqlarını, bu məsələdə İlham Əliyevlə fərqli fikirdə olduqlarını açıq ifadə etsinlər”.
Siyasi ekspert, "Azadlıq" qəzeti baş redaktorunun I müavini Rahim Hacıyev isə çıxışında Azərbaycan hakimiyyətinin beynəlxalq aləmlə münasibətlərinin son dərəcə kəskinləşdiyini, hakimiyyəti saxlamaq üçün ənənəvi üsulların aradan qalxdığını bildirib:
"Ötən il nə qədər çətin olsa da, eyni zamanda bizim aktivimizə yazılan məsələlər də var. Bizi daha çox bu ruhlandırmalıdır. Həqiqətən də hakimiyyətin atdığı addımlar özünü doğrulatmadı və hökümət üçün əlverişsiz vəziyyətin yaranması ilə nəticələndi. Hakimiyyət bu siyasətilə öz simsaını göstərdi. İstər Azərbaycan ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə. Bu gün heç vaxt olmayan səviyyədə Azərbaycan hakimiyyətinin Qərb dünyası ilə münasibətləri pisləşib. Bu tendensiya davam edəcək və əlbəttə ki, hakimiyyətin vəziyyəti bu baxımdan daha da ağırlaşacaq. Artıq “biz sizə qaz veririk, siz bizə pul göndərirsiz” sxemi işləmir. Çünki dünyada neftin qiymətləri düşüb və Azərbaycan hakimiyyətinin şəxsi maraqları üçün xoşagəlməz vəziyyət yaranıb. Artıq geopolitik planda ciddi proqramlar var və bu proqramların həyata keçirilməsi haqda qərarlar qəbul olunub. May ayında Riqada “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Hesab edirəm ki, bu qısa müddət ərzində çox ciddi addımlar atmalıyıq. Hansısa sənədlər olmaldır, hansısa kampaniyalar aparılmalıdır. Riqada keçirilən sammitə qədər Milli Şuranın sənədi hazır olmalıdır və o sənədin mətbuatda, sosial şəbəkələrdə çox geniş şəkildə yayılması təmin olunmalıdır.Göstərməliyik ki, biz bunu istəyirik".
Milli Şuranın Kordunasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə öz çıxışında qarşıdan gələn parlament seçkilərinə diqqət çəkib.
"Biz ciddi təşkilatıq və Azərbaycanda alternativ fikrin ən geniş, ən mötəbər platformu kimi qəbul olunuruq. Buna görə də Milli Şura olaraq seçkini əsas hədəfimiz hesab edirik. Bizim üçün seçki demokratik islahatlara, ciddi demokratik dəyişikliklərə qapı açmaq üçün bir fürsətdir, ciddi şansdır. Biz, Milli Şura olaraq seçkini belə dəyərləndiririk. Bizim üçün seçki mandat uğrunda, parlamentdə 5-6 yer almaqla öz maraqlarımızı təmin etmək uğrunda mübarizə deyil. Bizim üçün seçki, xalqımızın mənafeyinə və maraqlarına xidmət etmək uğrunda mübarizədir. Biz Milli Şura olaraq, məhz Azərbaycan xalqının mənafeyinə cavab verən, heç olmasa, status-kvonu dəyişməyə xidmət edən, demokratik açılıma təkan verən bir seçki prosesində iştirak etmək istəyirik".
Sessiyanın sonunda təşkilati məsələlərə baxılıb. Qurumun sədri və Koordinasiya Mərkəzinin üzvləri seçilib. Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib. Koordinasiya Mərkəzinə isə bu 21 nəfər seçilib:
1. Milli Şuranın sədri, professor Cəmil Həsənli
2. Kinodramaturq, Oskar mükafatçısı Rüstəm İbrahimbəyov
3. AXCP sədri Əli Kərimli
4. Hüquq müdafiəçisi, vicdan məhbusu Leyla Yunus
5. Ədliyyə generalı Vidadi Mirkamal
6. Sabiq millət vəkili Gültəkin Hacıbəyli
7. Kinossenarist, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev
8. AXCP sədrinin müavini Gözəl Bayramlı
9. Vəkil Fuad Ağayev
10. Yazıçı-publisist Mehriban Vəzir
11. Türkoloq, professor Kamil Vəli Nərimanoğlu
12. Hüquqşünas, keçmiş vicdan məhbusu Qurban Məmmədov
13. Hüquqşünas Namizəd Səfərov
14. İstiqlalçı deputat, keçmiş vicdan məhbusu İbrahim İbrahimli
15. Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri hacı Rövşən Əhmədli
16. Siyasi xadim Nurəddin Mustafayev
17. “Turan” agentliyinin direktoru Mehman Əliyev
18. VHP Ali Məclisinin sədri Rafiq Manaflı
19. “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev
20. Jurnalist Şahvələd Çobanoğlu
21. Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oqtay Gülalıyev