Lənkaranda başlayan siyasi məhkəmədə mühüm detallar ifşa olundu
Avqustdan bəri şərlənərək həbs edilən AXCP Sabirabad şöbəsinin fəalı Murad Ədilovun `işi` ilə bağlı dünən, nəhayət Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses başlayıb. Hakim hakim Elşad Əliyevin sədrlik elədiyi məhkəmə iclasında Muradın vəkillərindən Yalçın İmanov iştirak edib. Murad Ədilova dəstəyini ifadə eləmək üçün o zonada yaşayan ictimai- siyasi fəallar da prosesə qatılıb.
Məhkəmə baxışı zamanı vəkil 4 vəsatət qaldırıb.
“Cinayət işinə xitam verilsin”
Onlardan birincisi cinayət işi üzrə icraata xitam verilməsinə dair olub.Vəsatət belə əsaslandırılıb ki, əvvəla, cinayət işinin materiallarında M.Ədilovun cinayət əməlinin törədilməsini təsdiqləyən və ya təqsirliliyini sübuta yetirən hər hansı mötəbər sübut növü mövcud deyildir.
M.Ədilova qarşı bu ittihamlar hamısı quramadır və polis zabitləri tərəfindən planlaşdırılıb.
Yalnız əməliyyat-axtarış tədbirini həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübariz İdarəsinin (DİN BNMİ) və Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları – İmanov Pərviz Nüsrət oğlu, Tərlanov Elman Zöhrab oğlu, Kazımov Azər Əzizağa oğlu, Şəbəndiyev Vüsal Müzəffər oğlu, Sultanov Rauf Qalamirzə oğlu və istintaq orqanları ilə əməkdaşlığı heç bir şübhə doğurmayan hal şahidləri Ağayev Vəlhəd Rafiq oğlu və Atakişiyev Elçin Ataxan oğlunun az qala nöqtə-vergül, üslub və qramatika səhvlərinə qədər məzmunca bir-birini təkrarlayan, standart və şablon xarakterli ifadələrini çıxmaq şərtilə.
Ancaq həmin polis əməkdaşları maraqlı tərəf olduqlarından onların ifadələri mötəbər sayıla və ittihamın düzgün və ədalətli həlli məqsədilə istifadə bilməzdi.
Yəni polis əməkdaşlarının ifadələri nəinki mötəbər sayıla bilməz, həmin sübutlar ümumiyyətlə, hüquqi qüvvəsi olmayan hesab edilməli, ittihamın sübutunda istifadə olunmamalıdır. Çünki beynəlxalq hüququn ümumi prinsiplərindən biri də “polis şahid deyil” prinsipidir.
Hal şahidləri polisin ruh əkizi kimi
Hal şahidlərinin ifadələrinə gəlincə isə, onların ifadələri də polis əməkdaşlarının ifadələrini təkrarlayır. Bu səbəbdən də həmin ifadələri professional polis nəfərinin yazıldığı, yaxud da diqtə edildiyi şübhə doğurmur. Onun üçün də onların hüquq-mühafizə orqanlarından asılı olmaması, cinayət prosesində şəxsi maraqlarının olmaması ciddi şübhə doğurur (Azərbaycan Respublikası CPM-in 94-cü maddəsinin pozuntusu).
Cinayət işinin hətta çox pis və aşağı səviyyədə araşdırılmış faktiki hallarından məlum olur narkotiki Muradın üzərinə və yaşadığı mənzilə polislər qoyub. Bunda məqsəd onu və ailəsini fəal tənqidi siyasi mövqeyinə və baxışlarına görə cəzalandırmaqdır.
Yəni, istintaq orqanı Muradı qanunsuz və əsassız, sifarişli cinayət məsuliyyətinə cəlb etməklə, onu və qardaşı Ədilov Natiq Güləhməd oğlunu müxalif siyasi partiya olan AXCP-nin fəal üzvü olduğuna görə cəzalandırmaq məqsədi güdmüşdür. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsinin I bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.
“Həbsdən dərhal azadlığa buraxılsın”
İkinci vəsatətdə isə Murad Ədilovun həbsdən dərhal azadlığa buraxılma tələbinə dair olub.
Vəsatətdə göstərilir ki, M.Ədilov barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 13 avqust 2014-cü il tarixdə üç aylıq həbs qətimkan tədbiri seçib
06 noyabr 2014-cü il tarixli qərarı isə Nərimanov məhkəməsi onun həbsdə saxlanılma müddəti istintaq müddəti həddində, yəni 11 yanvar 2015-ci il tarixədək uzadılmışdır
Bundan sonra M.Ədilovun həbsdə saxlanma müddəti uzadılmamışdır. Beləliklə, Murad 11 yanvar 2015-ci il tarixdən sonra məhkəmə qərarı olmadan həbsdə saxlanılır və bu kobud qanun pozuntusu olmaqla, onun təməl hüququ olan azadlıq hüququnu pozur. Bu səbəbdən də o dərhal azadlığa buraxılmalıdır.
Üçünücü vəsatət isə müdafiə tərəfinin şahidlərinin məhkəməyə çağırılması tələbinə dair olub.
Yolverilməz sübutlar!
Nəhayət sonuncu vəsatətlər məhkəmə baxışından yolverilməz sübutların çıxarılması tələb edilib.
Müdafiə tərəfi hesab edir ki, iş üzrə bir sıra sübutlar qanunsuz yollarla əldə edildiyindən məhkəmə baxışından xaric edilməlidir. Bu sübutlar aşağıdakılardır:
BİR: DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik–leytenantı Tərlanov Elman Zöhrab oğlu tərəfindən qəbul edilmiş Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 avqust 2014-cü il tarixli Qərar
Güya bu qərarın qəbul edilməsinə əsas Muradın mütəmadi narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olan məlumat olmuşdur. Ancaq bu məlumatın necə əldə edildiyi və yaxud da müəyyən olunduğu, məlumatın hansı mənbəyə istinad etdiyi, necə yoxlanıla biləcəyi qaranlıq qalır.
Bu isə o deməkdir ki, sözügedən məlumat mənbəyi məlum olmayan və hər hansı yolla yoxlanıla bilinmədiyindən sübut kimi qəbul edilə bilməz.
Azərbaycan Respublikası CPM-in 137-ci maddəsində deyilir ki, Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Azərbaycan Respublikası CPM-in 125.2.9-cu maddəsinə əsasən məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
İki:Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 11 avqust 2014-cü il tarixli Protokol
Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Qərardan aydın olur ki, Ədilov Murad Güləhməd oğlu müəyyən olunduğu təqdirdə zərurət yaranarsa onun yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilsin. Ancaq bu qərarda nəzərdə tutulmamasına baxmayaraq, M.Ədilovun üzərinə baxış keçirilib.
Ən dəhşətlisi isə, protokol həmin əməliyyat tədbirində iştirak etməmiş şəxs tərəfindən imzalanmasıdır. Belə ki, cinayət işinin materiallarından məlum olub ki, M.Ədilov saxlanarkən və onun üzərinə baxış keçirilərkən Sabirabad rayonunda çalışan Məmmədli Səxavət (Rəşid oğlu) adlı vəkil həmin tədbirin iştirakçısı olmamış, yalnız protokol Sabirabad RPŞ-nin inzibati binasında tərtib edilərkən ora dəvət edilmiş, ancaq prosessual hərəkətin aparılmasında iştirakçı olmamasına baxmayaraq, protokola imza atıb.
Halbuki, protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxslər tərəfindən imzalana, imzalamaqdan imtina etdikdə isə, bu barədə protokolda müvafiq qeyd aparıla bilər.
Daha sonra bəlli olur ki, baxış istintaq hərəkəti buna səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilib. Yəni, protokoldan da görünür ki, Tərlanov Elman Zöhrab oğlu DİN BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkilidir, polis polkovnik- leytenantıdır. Cinayət Prossesual məcəlləyə əsasən isə o cümlədən baxış istintaq hərkətini aparmaq təhqiqatçının hüquqları sırasına aiddir. Tərlanov Elman Zöhrab oğlu isə təhqiqatçı deyildir. Bütün bu qeyd edilənlər və başqa xüsusatları nəzərə alaraq vəkil işi üzrə Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Qərarı, Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə Protokolu, Baxış keçirmə və götürmə haqqında Protokolu, Muradın yaxınlarından zor və təhdidlə alınan iradələrinə zidd izahatları və s. yolverilməz üsullarla əldə edildiyindən məhkəmə baxışından xaric edilməsinə dair qərar qəbul etməyi xahiş edib.
Vəsatətlərin kifayət qədər tutarlı və qanuni əsasları olmasına baxmayaraq məhkəmə heyəti onlardan yalnız birinin- müdafiə tərəfinin şahidlərinin prosesə çağırılması barədə olanı qəbul edərək, qalanlarını təmin etməyib.
***
Novbəti prosesiyanvarın 22-nə təyin olunub.
Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib, külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur. O, ittihamı rədd edir. Bildirir ki həbs siyasi sifarişdir.
S.Novruz