“Azərbaycan hakimiyyətinin bu siyasəti ona ciddi problemlər yaradacaq”
“Belə siyasət ölkədə proqnozlaşdırılması çətin olan vəziyyətin yaranması ilə nəticələnə bilər”
Polşada fəaliyyət göstərən Şərq Araşdırmaları Mərkəzi Azərbaycan hakimiyyətinin Qərblə və Rusiya ilə münasibətlərinə dair təhlil hazırlayıb. Təhlil təşkilatın saytında dərc olunub. Onun tərcüməsini qısa ixtisarla təqdim edirik:
***
Azərbaycanın Qərblə əməkdaşlığı 20 il bundan qabaq başlayıb. ABŞ-ın, Avropa Birliyinin və Türkiyənin baxışına görə, Azərbaycan yerləşdiyi regionda ciddi əhəmiyyət kəsb edən ölkədir. Azərbaycanla əməkdaşlığın gücləndirilməsində Avropa Birliyinin və ABŞ-ın ciddi dəstək verdiyi Cənub Qaz Dəhlizi layihəsi böyük əhəmiyyət kəsb edir.
Lakin son dövrlərdə Azərbaycan hakimiyyəti Qərbin planlaşdırdığı mövqedən kəskin fərqlənən kurs həyata keçirir. Ukrayna böhranı başlayandan Azərbaycan əvvəlkindən fərqli siyasət aparır. Bu, bir tərəfdən Azərbaycanın Rusiyadan çəkinməsi kimi qiymətləndirilsə də, Ukrayna böhranı ilə bağlı Qərbin zəif görünməsilə də əlaqələndirilir.
Ukrayna böhranı ilə bağlı beynəlxalq vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın özünütəcridi dərinləşdirməsi və avrotitar idarəetməni daha da gücləndirməsi müşahidə olunur. Bu isə Qərbə qarşı addım kimi qiymətləndirilməlidir. Azərbaycanın belə siyasəti onun üçün ciddi problemlərin yaranması ilə nəticələnə bilər.
İstər Qərb, istərsə də Rusiya üçün Cənubi Qafqazda Azərbaycan ən böyük əhəmiyyət kəsb edən ölkədir. Orta Asiya enerji resurslarının Qərbə daşınması işində Azərbaycanın böyük tranzit əhəmiyyəti var. Qərb enerji şirkətləri ilə bu vaxta qədər bağlanmış müqavilələr Azərbaycan nefti və qazının Qərbə daşınmasını təmin edib.
Neft-qaz müqavilələri Azərbaycanla Qərb arasında əməkdaşlıq münasibətlərini böyük həcmdə inkişaf etdirdi. Ölkənin Qərb dövlətləri ilə müxtəlif sahələrdə əməkdaşlığı gücləndi. Buna baxmayaraq, hələ də 1 milyon 500 min azərbaycanlı Rusiyada işləyir. Azərbaycanla əməkdaşlıq Rusiyadan enerji daşıyıcıları məsələsində asılılığı müəyyən qədər azaltdı. Buna baxmayaraq, hələ də Orta Asiya enerji resurslarının Azərbaycan vasitəsilə Qərbə çatdırılması mümkün olmayıb. Azərbaycanın Qərb ölkələri ilə iqtisadi sahədə əməkdaşlığı bu ölkədə Qərb dəyərlərinin geniş miqyasda yayılması ilə nəticələnmədi. Azərbaycan hakimiyyət bütün bu illər ərzində yalnız cəmiyyət üzərində nəzarətin gücləndirilməsi istiqamətində fəaliyyət göstərib.
Neft gəlirləri artdıqca, Azərbaycan Rusiyanın dəstəklədiyi Ermənistanla konflikt vəziyyətində olduğundan silahlanmaya xeyli maliyyə vəsaiti xərcləyib. Hətta qonşu İranla düşmən münasibətdə olan İsraildən Azərbaycan silah almaqdan çəkinməyib. Rusiya bu müddət ərzində Ermənistanın hərbi potensialını artırmaq üçün ona ciddi dəstək verir.
Beynəlxalq aləmdə mövqeləri müəyyən qədər də olsa güclənmiş Azərbaycan Qərbdən demokratiya ilə bağlı olan tələbləri qulaqardına vurmağa başladı. Təsadüfi deyil ki, Azərbaycan 2011-ci ildə beynəlxalq miqyasda ciddi siyasi əhəmiyyət kəsb etməyən “Qoşulmayanlar” hərəkatına üzv oldu.
Uzun illər ərzində Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak etməsinə baxmayaraq, ölkənin siyasi cəhətdən Qərbə inteqrasiyası mümkün olmayıb. Azərbaycan hakimiyyəti Qəblə siyasi deyil, yalnız iqtisadi cəhətdən əməkdaşlıq etmək kursu aparıb.
Azərbaycan hakimiyyətinin son dövrlərdə apardığı daxili siyasət bu ölkəni Avropadan xeyli uzaqlaşdırıb. Hakimiyyətin apardığı repressiya siyasəti Qərbin, o cümlədən Avropanın üstünlük verdiyi demokratik dəyərlərə ciddi zərbədir. Hakimiyyət müxalif qüvvələri xeyli mənada sıradan çıxarmaqla özü ilə cəmiyyət arasında bağın qırılmasına səbəb olub. Belə siyasət ölkədə ciddi siyasi və sosial gərginlik, proqnozlaşdırılması çətin olan vəziyyətin yaranması ilə nəticələnə bilər. Azərbaycan hakimiyyətinin repressiya siyasəti onu Qərbdən uzaqlaşdırıb, Rusiyaya yaxınlaşdırıb. Bu isə regionda Qərbin mövqeyinin zəifləməsinə, Rusiyanın isə güclənməsinə gətirib çıxarır.
azadliq.info