Avstriya mediası Azərbaycandakı repressiyalar haqda məqaləni bu cür təqdim edib
«Azərbaycandakı hakim rejim həddindən artıq qorxur»
Xarici ölkələrin Azərbaycan haqda yazdıqlarından aydın olur ki, ölkədə baş verən repressiyalar narahatlıqla izlənilir. Avstriyanın “Diepresse” qəzeti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı total hücumlar, hakimiyyətin inqilab qorxusundan bəhs edən geniş bir material hazırlayıb. “Azərbaycanda yeni Maydan qorxusu” başlıqlı yazıda müəllif Jutta Sommerbauer eyni zamanda, Avropanı Azərbaycanın avtoritar hakimiyyətinə törətdiyi repressiyalar qarşılığında layiq olduğu cavabı verməməkdə qınayır.
Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov ölkədə söz və toplaşma azadlıqlarının təmin olunması, siyasi məhbusların azadlığa buraxılması istiqamətində fəaliyyət göstərirdi.
11 ildir ki, Azərbaycan Ilham Əliyevin avtoritar idarəçiliyi altındadır. Kənardan ölkə dinamik inkişaf edən, tolerant görünür. Lakin ölkədə cəmiyyət üzərində sərt idarəçilik hökm sürür. Rəsul Cəfərov bütün bunlara görə Əliyevi tənqid edən ağıllı gənclərdən biridir. Mayda Avropa Şurasının baş katibi Torbörn Yanqlanda Azərbaycanda tənqidçi səslərin boğulması haqda ünvanlanmış məktubu imzalayanlardan biri də Rəsul Cəfərov olmuşdu.
Avqustun əvvəlində, 30 yaşını tamamlamağa bir neçə gün qalmış Rəsul Cəfərov da həbs olundu. Onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Hökumət onu vergidən yayınma, vəzifə səlahiyyətlərini aşmada günahlandırır.
Rəsul Cəfərov Insan Haqları Klubu adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Təşkilatın dövlət qeydiyyatına alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunsa da, ona rədd cavabı verilib. Rəsul Cəfərov bu yaxınlarda türmədən yaydığı müraciətində həbsinin qanunsuz və ədalətsiz olduğunu bildirir. Qeyd edir ki, ona qarşı irəli sürülmüş ittihamlar hüquq müdafiəçisi kimi fəaliyyətinin qarşısını almaq üçün bəhanədir.
Dəfələrlə ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi təşkilatların tədbirlərinə dəvət olunan bu gənc hüquq müdafiəçisi beynəlxalq auditoriyada Azərbaycanda insan haqlarının pozulmasından danışırdı: “Son iki-üç ildə onlar mənə yarı-ciddi, yarı-zarafat xəbərdarlıq eləmişdilər ki, həbs edəcəklər”.
Cəfərov bu yaxınlarda digər həmkarları ilə riskli bir proyekt üzərində işləyirdi: onlar siyasi məhbusların siyahısını hazırlayırdılar. Həmin siyahı Avropa Şurası Parlament Assambleyasının iyunda keçirilən sessiyasında təqdim olundu. Siyahıda Avropa Şurasının meyarları əsasında siyasi məhbus kimi tanınan 90 nəfərdən çox adamın adı var. Əlbəttə ki, bu, ölkədə ümumiyyətlə, siyasi məhbusların olduğunu inkar edən siyasi rəhbərlik üçün xoşagəlməz haldır. Həm də ona görə xoşagəlməzdir ki, bu il mayın ortalarından Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu da keçmiş sovet ölkəsinin dünyaya özünü göstərməsi baxımından yaxşı imkandır. Lakin Azərbaycan Avropa dəyərlərinə tabe olmaq istəmir.
Cəfərovun siyahısı Azərbaycan hakimiyyətini qıcıqlandırır. Çünki Azərbaycan hökuməti 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən üzərinə bir sıra öhdəliklər götürsə də, əksəriyyətinə əməl etməyib. Indi Cəfərovun özünün də adı 98 nəfərlik həmin siyasi məhbus siyahısındadır. Avropa Birliyi ölkələrinin bu məsələlərlə bağlı etirazları eşidilməmiş qalır.
2013-cü ilin oktyabrından Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin üzvlərinə qarşı total hücuma başlayıb. Son aylarda müstəqil QHT-lərin fəaliyyəti kütləvi şəkildə dayandırılıb. Bu təşkilatların qeydiyyatı hələ xeyli əvvəldən çox çətinləşdirilmişdi. Xarici təşkilatlardan maliyyələşən QHT-lərin fəaliyyətini dayandırmaq üçün onlara bürokratik əngəllər yaradılır, çox böyük məbləğdə cərimələr tətbiq olunur.
Vergi orqanı tərəfindən yoxlamalar, bank hesablarının dondurulması, evdə axtarış aparılması, ölkədən çıxışa qadağa qoyulması – bunlar təşkilat rəhbərlərinə həbs öncəsi xəbərdarlıqlardır. Bu sahədə tanınmış şəxslərdən olan Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov da avqustun əvvəlindən həbs təhlükəsilə üz-üzədir.
Beynəlxalq ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin bu cür sərt davranışı onun Ərəb baharı və Ukrayna inqilabının Bakıda təkrarlanmasından qorxusunun nəticəsidir.
“Azərbaycandakı hakim rejim zəif görünə biləcəyindən həddindən artıq qorxur. Vətəndaş cəmiyyətini özünə təhlükə kimi görür”, – deyə analitik Cerald Knaus bildirib.
Rusiyada qanunların sərtləşdirilməsi, vətəndaş cəmiyyətinə hücum praktikasını Azərbaycan hökuməti də təkrarlayır.