Ölkə ictimaiyyəti Assosiasiya sazişinə qoşulmağı tələb edən bəyannamə imzaladı
İyunun 23-də Milli Şuranın təşəbbüsü ilə Azərbaycan ictimaiyyəti adından ölkənin Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannamə təqdim olundu. Təqdimat mərasimində Milli Şura üzvləri və ictimaiyyət nümayəndələri iştirak edərək, sənədlə bağlı fikirlərini bölüşdülər.
Avrasiya İttifaqımı, Avropa Birliyimi?
İlk çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli oldu. Cəmil Həsənli bildirdi ki, iyun 27-də post-sovet məkanın böyük bir coğrafiyası – Ukrayna, Moldova və Gürcüstan respublikaları Şərq Tərəfdaşlığı sazişini imzalayacaq və bununla da Avropa Birliyinin sərhədləri ikinci dəfə Şərqə doğru addımlar atmış olacaq: “Birinci mərhələdə daha çox keçmiş sosialist və pribaltika ölkələri bu birliyin müxtəlif proqramlarında iştirak edirdilər və birliyin üzvü oldular. İndi yeni bir dövlət qrupunun Avropa Birliyinə inteqrasiya olunması məsələsi gündəmə gəlib. Bizim düşüncəmizə görə, Azərbaycan da bu ölkələrin içərisində olmalı idi. Yəni, bütövlükdə Şərq Tərəfdaşlığı sazişi qeyd etdiyim ölkələrlə bərabər bizə də təklif edilmişdi. Bir sıra rəsmi məlumatlarda bu təklif inkar edilir. Avropa Birliyinin yaxın günlərdə rəhbərliyinin Bakıya səfəri zamanı mətbuat üçün xüsusi açıqlamada bildirildi ki, Ukraynaya, Moldovaya və Gürcüstana olunan təkliflər Azərbaycana da edilib. Bu prosesin gedişində ciddi çətinliklər var. Biz bunu anlayırıq. Ancaq eyni zamanda bu çətinliklərdən çıxışların yolu barədə də düşünmək lazımdı. Biz hesab edirik ki, bu yol Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına inteqrasiya olunmaqdan ibarətdir. Son zamanlar Azərbaycana xarici ölkələrin dövlət başçılarının, beynəlxalq təşkilatlarının rəhbərlərinin səfərləri artıb. Bu daha çox seçim anının müəyyən edilməsiylə bağlıdı. Yalnız son iki həftə ərzində Rusiyanın yüksək vəzifə sahiblərinin də Azərbaycana səfərlərinin müşahidə etmişik. Bu səfərlər dalğası hələ də davam etməkdədi. Avrasiya İttifaqımı, Avropa Birliyimi? Seçim bundan ibarətdir. Azərbaycan hansı yolla getməlidi?”.
“20 il bir ölkənin öz yolunun müəyyənləşməsi üçün kifayət qədər böyük bir vaxtdı”
Milli Şura sədri deyir ki, Azərbaycan öz yolun hələ 1918-ci ildə müəyyən edib: “Bizim qurucu babalarımız Azərbaycan Cümhuriyyətini yaradanda o dövləti sivil dünyanın içərisəndə, Avropa məkanında gördüklərini bəyan etmişdilər, bunun uğrunda mübarizə aparmışdılar. Nəticə etibarı ilə Azərbaycan Birinci Dünya Müharibəsindən sonra ilk Türk-Müsəlman Cümhuriyyəti olaraq 1920-ci ilin yanvarın 11-də Versal Ali Şurası tərəfindən tanınmışdı. Yəni, həmin tarixdən etibarən Avropanın bir hissəsi olmuşdu. Azərbaycan müstəqilliyinin bərpasından sonra da bu istiqamətdə addımlar atılıb. Həm BMT-nin, həm ATƏT-in üzvlüyünə qəbul olunmuşdu və bir sıra beynəlxalq təşkilatlara inteqrasiya siyasəti götürülmüşdü. Ancaq son 10 ildə Avrointeqrasiyadan bu və ya digər formada çəkilmə müşahidə edirik. Ümid bəsləyirdik ki, Avropa Şurasında Azərbaycanın mövcudluğu Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyasında böyük bir addım olacaq. Təəssüflər olsun ki, biz bunun əksini gördük. 20 ildir ki, müstəqilik. Bu 20 il bir ölkənin seçim etməsi, öz yolunun müəyyənləşməsi üçün kifayət qədər böyük bir vaxtdır”.
Cəmil Həsənlinin fikrincə Azərbaycan hakimiyyətin nəzərdə tutur ki, biz Avropaya neft, qaz və başqa yanacaq, energetika məhsulları satırıqsa, bunun əvəzində Qərb bizim antidemokratik, antihumansit əməllərimizə, seçki saxtakarlığımıza göz yummalıdır, ölkənin içərisində bizə fəaliyyət azadlığı verməlidi: “Əlbəttə, bu Azərbaycan xalqı, Azərbaycan milləti üçün sərfəli yol deyil. Buna görə də biz Azərbaycanın Avropaya inteqrasiyasının zəruriliyi barədə biz bəyannamə hazırladıq və bununla əlaqədar olaraq respublika ictimaiyyətinə, siyasilərə, QHT-lərə, gənclər və hüquq müdafiə təşkilatlarına, ziyalılara müraciət etdik. Qısa zamanda 85 nəfər bu bəyannaməni imzayıb. İndinin özündə də bəyannaməyə qoşulanlar var”.
“Bu prosesdən qalib gələcək əsas subyekt Azərbaycan xalqıdı”
AXCP sədri Əli Kərimli imzalanan bəyannamənin mahiyyətindən danışarkən qeyd etdi ki, bu sənədi imzalayan siyasilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin mövqeyi Azərbaycan tezliklə assosativ sazişi imzalamalıdı: “Niyə görə biz bu qərara gəlmişik? Biz qərara almışıq ki, Azərbaycan dövləti olaraq qurulanda belə Avropada formalaşmış dəyər və prinsiplər əsasında qurulmuşuq. O zamanda xalq cümhuriyyətinin əsas strateji xətti müasirləşmək, Avropaya inteqrasiya olub. İkincisi, biz nəzərə alırıq ki, Avropa Birliyi indiyə qədər bir neçə dəfə qətnamələr qəbul edib. Avropa parlamentində və Azərbaycanın bütövlüyünə güclü dəstək verib. Bunu nəzərə alırıq biz. Üçüncüsü, Avropa Birliyi elə bir qurumdur ki, o üzvlərinin müstəqilliyini əlindən almadan onlar istənilən vaxt oranı tərk edə bilirlər, istənilən vaxt qərarlarını qəbul edə bilirlər. Ancaq həmin üzvlərinin inkişafına xidmət edir. Nəhayət, ən vacibi isə odur ki, Avropa Birliyilə inteqrasiya, xüsusən Assosativ sazişin imzalanması bizi həyatın ən müxtəlif sahələrində vergidən, gömrükdən tutmuş hətta kənd təsərrüfatı, bank işi, avtomobil yollarının tənzimlənməsi, qanunvericilik, seçki, məhkəmə sistemi, təhsil, səhiyyə bir sözlə Avropa Birliyində can atdığımız yüksək standartlara yaxınlaşdıracaq. Biz açıq bəyan edirik ki, bu seçimi edən zaman kiminsə xatirinə, kiməsə xoş gəlmək üçün yox, Azərbaycan xalqının daha yaxşı həyata yetişə bilməsi üçün edirik. Bu prosesdən qalib gələcək əsas subyekt Azərbaycan xalqıdı”.
“Siyasi məhbuslar azad olunmalı, demokratik islahatlar başlanmalıdır”
AXCP sədri deyir ki, Azərbaycan Rusiyanın rəhbərliyi ilə formalaşan Avrasiya İttifaqına sürüklənməyə qoşulur: “Azərbaycana müxtəlif yollarla – həm həvəsləndirmə, həm təzyiqlərlə bu birliyə cəlb etmə səyləri var. Bu birlik Azərbaycanın nə siyasi, nə iqtisadi maraqlarına uyğundu. Azərbaycanın ixracatının yalnız 4 faizi, idxalatının 18 faizi bu birliyin üzvü olan ölkələr aiddi. Əgər iqtisadi birlikdirsə, bizim burda olmağımızın heç bir əsası yoxdur. Sadəcə bu faktla mövzunu qapatmaq lazımdı”.
Əli Kərimlinin sözlərinə görə, Azərbaycan hökuməti assosativ sazişi imzalamaqdan ötrü iki mühüm addım atmalıdı: “Azərbaycan hökumətindən bizi eşidən, tərəfdarımız olan minlərlə, yüzminlərlə insanın adından tələb edirik ki, nəhayət bu Assosasiya sazişini imzalayacağını bəyan etsin. Biz bəyannaməylə tələb edirik, vaxt gələcək başa düşməsələr mitinqlərlə bunu tələb edəcəyik. Bu bizim – Azərbaycan xalqının böyük bir kəsiminin tələbidi. Biz assosiya sazişinin imzalayacağının açıq bəyan olunmasını istəyirik. Azərbaycan hökuməti siyasi mövqeyini bildirsin. Bu barədə siyasi bəyanatınızı verin ki, sazişi imzalamağa hazırsınız, siz Azərbaycanın avrointeqrasiyadan qarşısını almayacaqsınız. Biz bunu tələb edirik. Azərbaycan bu sazişi imzalamaqdan ötrü iki mühüm addım atmalıdı. Biri ondan ibarətdir ki, 18 illik uzadılan danışıqlardan sonra Azərbaycan dünya təşkilatına üzv olmalı, ikincisi bugünki rejim şəraitində Avropaya inteqrasiyamız real söhbətə oxşamır. İlk növbədə siyasi məhbuslar azad olunmalıdır, digər demokratik islahatlar başlanmalıdı və bundan sonra Azərbaycanın Avropaya inteqrasiyasına zəmin yaranacaq”.
“Hakimiyyət Azərbaycan vətəndaşına, dövlətinə xidmət etməlidi”
KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan hökumətinin qorxaq, amansız və şanslı olduğunu söylədi: “Azərbaycan hakimiyyəti qorxaqdı, vətəndaş olaraq bunu gözəl bilirik. Amansızdı öz vətəndaşına qarşı – bunu hər kəs bilir. Şanslıdı, hər zaman qəribə bir bəxti gətirir ki, bu və ya digər hallarda biz dolayı yolla da olsa hakimiyyətə dəstək oluruq. Azərbaycan naminə dəstək oluruq, ona bir yol göstəririk, əl uzadırıq, mesaj veririk, hesab edirik ki, Azərbaycan naminə bu addımlar atılmalıdı. Seçim qarşısında olan Azərbaycan hakimiyyəti də doğru, dürüst nəticə çıxarmalıdı. Azərbaycan vətəndaşına, Azərbaycan dövlətinə xidmət etməlidi”.
“AB-nin Ukrayna, Gürcüstan və Moldavanın ərazi bütövlüyü ilə Azərbaycanın ərazi bütövlüyünə münasibəti eynidir”
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli dedi ki, iyunun 27-də baş tutacaq imzalanma mərasimi bizim Avropa inteqrasiya yolumuzun önün açan hadisə olacaq: “Bundan sonra Azərbaycan cəmiyyəti, demokratik kəsimi daha çox öz qüvvələrini səfərbər etməlidi. Azərbaycanda avrointeqrasiya tərəddüd edən insanlar ən çox sığındığı yer Qarabağ məsələsidi. “Qarabağ məsələsini Rusiya həll edə bilər”, “Qarabağ problemini açarı Rusiyanın əlindədi”, “Avropaya getməklə Qarabağı itirəcəyik”, “Ukraynada nələr baş verdi onu gördük” deyirlər. Bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri öz diliylə cəmiyyətimizin bir kəsimində olan bu illuziyalara son qoydu. Bildirdi ki, Dağlıq Qarabağ beynəlxalq bir konfiliktdi və bunun həllini hamıdan gözləmək düzgün deyil. Bununla da o opponentlərimizin Avrointeqrasiyaya ləngiməyimizin sığındıqları yeganə arqumenti də darmadağın oldu. Bundan əlavə Avropa Birliyinin Dağlıq Qarabağla bağlı kəskin mövqeyi var. İşğal olunmuş ərazilərin bərpa olunmasını bəyan edib. Avropa Birliyinin Ukraynanın, Gürcüstanın, Moldavanın ərazi bütövlüyünə olan münasibətlə Azərbayacanın ərazi bütövlüyünə münasibəti arasında heç bir fərq yoxdu”.
İbrahim İbrahimli isə hesab edir ki, Azərbaycan hakimiyyətin siyasi cəhətdən Rusiyaya, iqtisadi cəhətdən Qərbə bağlı olduğundan müstəqil siyasət yürüdə bilmir: “20 ildən artıq “balanslaşdırılmış siyasət” və bu siyasət geosiyasi konyuktura üzərində qurulduğuna görə dünyada baş verən proseslərin sürəti təbii ki, konyukturanın sürətlə dəyişməsinə səbəb olur. Buna görə də Azərbaycan hakimiyyəti özünü qoruyur. İndiyə qədər dövlət maraqlarından deyil, şəxsi maraqlardan çıxış edərək Rusiyaya Amerika müstəvisində manevr etməklə özünün şəxsi hakimiyyətini qoruyurdu. İndi manevr imkanları tükənir. Artıq növbəti bir mərhələ gələn ilin yanvar ayında Praqa sammitində olacaq. Bu sammitdə Azərbaycanın qarşısına daha ciddi seçim etmək tələbi qoyulacaq”.
Tanınmış vəkil Namizəd Səfərov deyir ki, çıxışına Ukrayna hadisələrindən başladı. O qeyd etdi ki, Ukrayna Rusiya meyilli bir mövqe nümayiş etdirdi, öz cəmiyyətiylə razılaşmadı, nəticədə belə bir arzuolunmaz hal baş verdi, inqilab oldu: “Bir daha təsdiq olundu ki, Ukraynanın Avropaya inteqrasiyadan başqa yolu yoxdu. Biz də öz növbəmizdə Ukrayna hadisələrindən dərs götürməliyik. Yeganə, düzgün yolun Avropaya inteqrasiya olduğunu qəbul etməliyik”.
Namizəd Səfərovun fikrincə hakimiyyət üzünü Rusiya tərəf yönəldir: “Çünki yaxşı bilir ki, törətdiyi əməllərə görə gələcəkdə yayınmaq üçün yolu şərqə üz tutmaqdı. Avropaya yaxınlıq isə istər-istəməz bir zamanlar onun törətdiyi əməllərə görə xalqın qarşısında cavab verməli olacaq. Öz mövqeyimizi həm bu bəyanatda, həm də hadisələrin sonrakı gedişində ortaya qoymalıyıq”.
Bəyannamədə deyilir:
Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti fəalları, azad mətbuatın təmsilçiləri, gənc fəallar
– Hələ 96 il bundan əvvəl Azərbaycan Demokratik Respublikasının qurucularının cəmiyyətimizin müasirləşməsini əsas ikişaf istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, dövlətimizin Avropadan yayılmış demokratik dəyərlər və prinsiplər əsasında qurulduğunu;
– Avropa Birliyinin (AB) bu quruma üzv olan, eləcə də onunla Assosiasiya Sazişi imzalayan dövlətlərin inkişafı üçün müstəqilliklərinə təhlükə yaratmadan geniş imkanlar açdığını;
– Avropa Parlamentinin Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ərazi bütövlüyünə dəstək verən qətnamələr qəbul etdiyini, AB-nin bu münaqişənin tezliklə, sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdar çıxdığını;
– AB-nin Şərq Tərəfdaşlığı Proqramı iştirakçısı olan dövlətlərə təklif etdiyi Assosiasiya Sazişinin bu dövlətlərdə siyasi, iqtisadi, hüquqi islahatları sürətləndirə biləcəyini nəzərə alaraq, bəyan edirik:
1. Azərbaycanın AB ilə Assosiasiya Sazişi imzalaması xalqımızın demokratik, hüquqi dövlət qurmaq arzusuna tamamilə uyğundur. Bu sazişin imzalanması Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına, azad ticarətin və bütövlükdə iqtisadiyyatın inkişafına, əhalinin sosial müdafiəsinin güclənməsinə, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına, demokratik seçkilərin keçirilməsinə, təhsil və səhiyyədən tutmuş gömrük, vergi xidmətlərinin, bank işinin təşkilinə qədər bir çox sahələrdə AB-də mövcud olan yüksək standartlara yaxınlaşmağımıza əlverişli zəmin yaradacaq.
2. Azərbaycan hökuməti tərəfindən AB-yə təklif olunan Strateji Müasirləşmə Tərəfdaşlığı sənədi indiyə qədər ölkəmizlə AB arasında praktik olaraq həyata keçirilən strateji tərəfdaşlığı nizama salsa da, Assosiasiya Sazişini əvəz edə bilməz.
3. Ölkəmizin geopolitik seçimində hər hansı şəxs və qrupların, eləcə də digər dövlətlərin marağı deyil, dövlətimizin müstəqilliyini qorumaq, xalqımızın uzunmüddətli azadlıq və rifahına nail olmaq əsas götürülməlidir. Bu baxımdan Rusiyanın müxtəlif vasitələrlə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməyə çalışması bizi narahat edir. Bildiririk ki, uzunmüddətli iqtisadi və siyasi fayda vəd etməyən bu birlik daha çox Rusiya rəhbərliyinin cari maraqlarını təmin etmək məqsədilə yaradılır. Bu birlikdə təmsil olunmaq Azərbaycanın dövlət müstəqilliyini sarsıdar, siyasi və iqtisadi inkişafını ləngidər. Ona görə də Azərbaycan bu birlikdə iştirak edə bilməz.
4. Azərbaycan hökuməti öz şəxsi və qrup maraqlarını ümumxalq maraqlarından üstün tutmaq ənənəsinə son qoymalı, xalqımızın köklü maraqlarını nəzərə alaraq AB ilə Assosiasiya Sazişi imzalayacağını bəyan etməli, bu məqsədlə AB ilə ilə aparılan müvafiq danışıqları intensivləşdirməli, 18 il müddətində süni şəkildə uzadılmış danışıqları nəhayət, başa çatdıraraq ölkəmizin Dünya Ticarət Təşkilatına üzv qəbul olunmasını təmin etməli, Azərbaycanın Avropaya yolunun açılması üçün ölkədəki siyasi məhbusları tezliklə azad etməli, hərtərəfli siyasi islahatlara başlamalıdır.
İmzalar:
1. Aqil Səmədbəyli, “Bütöv Azərbaycan Birliyi”nin Mərkəzi Şurasnın sədri
2. Arif Hacılı, Müsavat partiyası Mərkəzi Qərargahının rəhbəri
3. Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Milli Komitısinin həmsədri
4. Aslan İsmayılov, vəkil
5. Aygün Pəncəliyeva, NİDA Vətəndaş Hərəkatı
6. Aytəkin İmranova, “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri
7. Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
8. Bəxtiyar Hacıyev, keçmiş vicdan məhbusu
9. Bəybala Əbil, KAXCP sədrinin müavini
10. Ceyhun Məmmədzadə, Azad Gənclik Təşkilatı
11. Cəmil Həsənli, Milli Şura sədri
12. Cəsur Məmmədov, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
13. Elçin Sadıqov, vəkil
14. Eldəniz Quliyev, kinorejissor
15. Elmira Muradəliyeva, professor
16. Elnur Astanbəyli, jurnalist
17. Elton Quliyev, vəkil
18. Emin Hüseynli, hüquq müdafiəçisi
19. Emin Milli, keçmiş vicdan məhbusu, “Meydan” TV
20. Əbülfəz Qurbanlı, AXCP sədrinin müavini
21. Əfqan Muxtarlı, jurnalist
22. Əli Abbasov, professor
23. Əli Kərimli, AXCP sədri
24. Əlövsət Əliyev, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti
25. Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqçular Assosiasiyası
26. Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi
27. Fuad Ağayev, vəkil
28. Fuad Həsənov, Demokratiya Monitoru
29. Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini
30. Gözəl Bayramlı, AXCP sədrinin müavini
31. Gültəkin Hacıbəyli, keçmiş millət vəkili
32. Günay İsmayılova, hüquqşünas
33. Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
34. Həsən Kərimov, AXCP Ali Məclisinin sədri
35. Hikmət Hacızadə, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
36. İbrahim İbrahimli, Milli Şura Koordinasiya Mərkəzi
37. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
38. İsa Qəmbər, Müsavat partiyasının başqanı
39. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
40. Leyla Yunus, hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutu
41. Lətafət Məlikova, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi
42. Kamil Vəli Nərimanoğlu, professor
43. Mahmud Hacıyev, Milli Şura üzvü
44. Mehman Əliyev, Turan İnformasiya agentliyinin direktoru
45. Mehriban Vəzir, yazıçı-publisist
46. Məlahət Nəsibova, hüquq müdafiəçisi
47. Mətanət Əzizova, Qadın Krizis Mərkəzi
48. Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İctimai Birliyi
49. Mirmahmud Mirəlioğlu, KXCP sədri
50. Mirvari Qəhrəmanlı, Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyi
51. Müzəffər Baxışov, “Hüquqi dövlət” Araşdırmaları Fondunun rəhbəri
52. Namizəd Səfərov, hüquqşünas
53. Natiq Cəfərli, REAL Hərəkatı
54. Nərmin Rəhimli, Müsbət Dəyişiklik Gənclər Hərəkatı
55. Nurəddin Məmmədli, elmlər doktoru AXCP
56. Nurəddin Mustafayev, Milli Şura Koordinasiya Mərkəzinin üzvü
57. Oqtay Gulalıyev, Demokratik İslahatlar Uğrunda Cəmiyyət
58. Qələndər Muxtarlı, Milli Şura üzvü
59. Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzi
60. Qulu Məhərrəmli, professor (qeydi var)
61. Rafiq Manaflı, VHP Ali Məclisinin sədri
62. Rahim Hacıyev, “Azadlıq” qəzetinin baş redaktor əvəzi
63. Rasim Qaraca, yazıçı (qeydi var)
64. Razi Nurullayev, “Region” beynəlxalq araşdırmalar mərkəzinin direktorudur
65. Rəsul Cəfərov, Huquqi Mudafiə və Maarifləndirmə Cəmiyyəti
66. Rəşad Şirinov, politoloq
67. Rəşid Hacılı, Media Hüququ İnstitutu
68. Rövşən Almuradlı, rejissor
69. Rövşən Əhmədli, Millli Şura KM üzvü
70. Rövşən Hacıyev, jurnalist
71. Rüstəm İbrahimbəyov, kinorejissor, Oskar mükafatçısı
72. Sabir Rüstəmxanlı, VHP sədri (qeydi var)
73. Samir Kazımlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
74. Sülhəddin Əkbər, Azad Demokratlar Partiyası
75. Vidadi Mirkamal, Hüquqşünas
76. Xalid Ağaliyev, hüquqşünas
77. Xədicə İsmayıl, jurnalist
78. Şahin Hacılı, Nəcəf Nəcəfov Fondu
79. Şahvələd Çobanoğlu, jurnalist
80. Şəhla İsmayıl, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti
81. Yeganə Hacıyeva, politoloq
82. Zamin Hacı, jurnalist
83. Zəfər Quliyev, politoloq
84. Ülvi Həsənli NİDA gənclər hərəkatı
85. Məşədi Natiq Kərimov Nardaran Ağsaqqalar Şurasının sədri
Ramin DEKO