İlqar Məmmədov 7, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edildi
Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində “Ismayıllı işi” ilə bağlı hakim hökmü oxuyub. Bu işdə ittiham olunan 18 nəfərdən 10-u 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilib.
Azadlıqdan məhrum olunanlar arasında Müsavat partiyası başqanının müavini və jurnalist Tofiq Yaqublu və REAL hərəkatının rəhbəri Ilqar Məmmədov da var. Hakimin qərarı ilə Ilqar Məmmədovun 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Ittiham olunanlardan 8 nəfəri isə şərti cəza ilə məhkəmə zalından azad ediliblər.
Məhkəmədə ABŞ, Fransa, Böyük Britaniya, Isveç səfirliklərinin, Avropa Ittifaqının Azərbaycandakı nümayəndələri iştirak ediblər.
Prosesin keçirildiyi məhkəmə binası qarşısında ittiham olunanların yaxınları toplaşıb.
Ötən il yanvarın 23-24-də Ismayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə 18 nəfər saxlanıb. Onlar ictimai asayişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar.
Müdafiə tərəfi ittihamları rədd edir, həbslərin siyasi motivli olduğunu deyirlər.
ABŞ səfirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “ABŞ-ın Azərbaycandakı səfirliyi REAL hərəkatının sədri Ilqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun 23-24 yanvar 2013-cü ildə Ismayıllıda iğtişaşlara təhrik etməkdə şübhəli ittihamlarla uzun müddət azadlıqdan məhrum edilməsi qərarından dərin məyusluq hissi keçirir.
Biz məhkəmə prosesindən əvvəl və məhkəmə prosesi ərzində Azərbaycan hökumətinin müxtəlif nümayəndələrinə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsinə ümid etdiyimizi bildirmişdik. Azərbaycan hökumətinin ABŞ və digər beynəlxalq müşahidəçilərə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı digər müşahidəçilər və biz şahid ifadələrində və məhkəmə prosesində ciddi pozuntular müşahidə etmişik. Müşahidələrimiz belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara əsaslanmayıb və siyasi xarakter daşıyır”.
Daha bir bəyanatla AXCP çıxış edib.Bəyanatda deyilir ki, iş üzrə məhkəmə istintaqı əvvəldən sonadək ədalətli aparılmayıb, müttəhimlərin təqsirsizliyini sübut etdən faktlar nəzərə alınmayıb. Xüsusən də REAL hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu bilavasitə siyasi mövqelərinə görə cəzalandırılıblar.
“AXCP məhkəmə qərarını qətiyyətlə pisləyərək, onun hər hansı dəlilə yox, siyasi sifarişə söykəndiyini bəyan edir. AXCP bildirir ki, bu qərar Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olmadığına və Prezident Administrasiyasından verilən göstərişlərlə hərəkət etdiyinə əlavə sübutdur. Bu, eyni zamanda İlham Əliyev hökumətinin siyasi rəqiblərinə qarşı məhkəmələrdən cəza aləti kimi istifadə etməkdən əl çəkmək fikrində olmadığını göstərir.
AXCP bu ədalətsiz və sifarişli məhkəmə qərarının ləğv olunmasını tələb edir və ölkə ictimaiyyətini, eləcə də beynəlxaql birliyi bu qərara biganə qalmayıb, sərt etiraz etməyə səsləyir”, – deyə bəyanatda qeyd olunur.
Tanınmış vəkil Aslan Ismayılov da “Ismayıllı məhbusları”na oxunan hökmə münasibət bildirib. O, bu barədə facebook səhifəsində yazıb: “Ismayıllı işi ilə bağlı hökm oxundu. Bu işə vəkil kimi çıxmasam da bir gün məhkəmə iclasında iştirak etmişəm. Həmin gün cinayət işində olan sübutlar elan edilirdi. Işdə olan bütün videokadrlar nümayiş olundu. Ilqar Məmmədov və Tofiq Yaqublu heç bir kadrda görünmədi, yəni onlar iğtişaş olan yerdə və həmin vaxt orada olmayıblar. Elan olunan ifadələrdən də görünürdü ki, onlar Ismayıllıya artıq hadisələr bitəndən sonra gəliblər. Həqiqətən hadisələri internetdə izləyəndən sonra mən də gedib hadisə yerində baş verənlərlə tanış olmaq istəyirdim. Sadəcə həmin gün işlərim çox olduğundan gedə bilmədim. Əgər getsəydim Ilqarla Tofiqin yanında mən də olardım. Başqa təqsirləndirilənlər haqqında kadrlarda görünən o idi ki, həmin şəxslər hadisə yerində, iğtişaşda iştirak etmədən müxbirlərə yerli hakimiyyət nümayəndələrinin qanunsuzluqlarından danışırdılar. Əksinə iğtişaş törədənləri, yəni çağırış edənləri, yandıranları təqsirləndirilənlər sırasında görmədim. Konkret adlar çəkməklə məmurların özbaşnalığından ən çox danışan Səftər adlı iş adamı ən çox cəza alanlar siyahısındadır. Ismayıllı işinin yekunundan gördüyüm odur ki, istintaq və məhkəmənin məqsədi cinayətkarları, vətəndaşların haqqlarını kobud pozmaqla onları bu həddə çatdıran məmurları yox, hakimiyyəti və onun yerlərdə olan nümayəndələrini tənqid edənləri cəzalandırmaqla başqalarını susdurmaq olub. Bu bir daha onu sübut edir ki, hakimiyyəti tənqid edən hər kəs istənilən bəhanə ilə həbs edilə bilər”.