Azərbaycan iqtisadiyyatını və manatını hansı aqibət gözləyir?
Samir Əliyev: «Devalvasiyanın nəticəsi olan qiymət artımının qarşısı indiki kimi inzibati yolla deyil, konkret iqtisadi addımlarla alınmalı idi»
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının 9 milyard 472.1 milyon dollara qədər enməsi bir daha təsdiq etdi ki, fevralın 21-də devalvasiya ilə bağlı qəbul etdiyi qərar çıxış yolu deyil. Bankın yaydığı xəbərdə deyilir ki, mart ayında valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar azalıb. Fevralda isə Bankın valyuta ehtiyatları 11 milyard 4.4 milyon dollar olub. Bankın valyuta ehtiyatları ötən ilin iyununda 15 milyard 193.4 milyon dollara çıxmışdı. Beləliklə, son 8 ayda valyuta ehtiyatları 5 milyard 721,3 milyon dollar “əriyib”.
Mərkəzi Bankın ehtiyatlarının tükənməsi bu sürətlə davam edərsə, bankı defolt gözləyə bilər. Çünki MB-nin həyata keçirdiyi siyasət hazırkı dönəmdə manatın kursunun sabit qalmasına yardım etmir.
O zaman MB hansı addımlar atmalıdır, çıxış yolu nədədir?
Iqtisadçı Samir Əliyev bildirdi ki, baş verənlər onu göstərir ki, artıq ölkədəki iqtisadi sistem normal olaraq işləmir. Azərbaycanda iqtisadi sistemin sırf neftin qiyməti ilə bağlı olduğunu deyən S.Əliyev bildirdi ki, qeyri-neft sektoru hazırda yox dərəcəsindədir. Azərbaycanın ixracının 92-93 faizinin neft və neft məhsullarının təşkil etdiyini söyləyən S.Əliyev vurğuladı ki, Rusiyada isə bu göstərici 60 faiz neft, 40 faiz isə qeyri-neft sektorunun payına düşür: “Azərbaycanda yerli istehsala ciddi dəstək yoxdur. Devalvasiya addımı atılsa da hələ də manatın ucuzlaşması davam edir. Sanki Mərkəzi Bank başda olmaqla müvafiq təşkilatlar prosesləri müşahidə edir. Təəssüflə qeyd edilməlidir ki, devalvasiyadan sonra Azərbaycanda anti-böhran addımları atılmadı. Bunun nəticəsidir ki, bu gün sanki böhran yoxdur və hər şey neftin qiymətinin baha olduğu dövrdəki kimi cərəyan edir. Devalvasiyadan sonra hökumət konkret addımlar atmalı idi. Bu addımlardan biri də devalvasiyanın nəticəsi olan qiymət artımının qarşısı indiki kimi inzibati yolla deyil, konkret iqtisadi addımlarla alınmalı idi. Gömrükdə inhisarı aradan qaldırmaq lazım idi ki, xaricdən gələn malların qiyməti ucuzlaşsın”.
S.Əliyev hesab edir ki, daha bir istiqamət iqtisadiyyatda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı olmalı idi. Bu ölkədə rəqabətin formalaşması, yeni iş yerlərinin açılması baxımından gərək idi. “Eyni zamanda Mərkəzi Bank iqtisadiyyatı pul ilə təmin etməli idi. Bu gün ölkədə manat kütləsi yoxdur. Bu da ona gətirib çıxarır ki, banklar faktiki olaraq kredit verə bilmir. Dollarla kreditin götürülməsi isə sahibkarlığa sərfəli deyil. Bundan başqa, Mərkəzi Bank zəruri alətlərdən istifadə etməklə bankları zəruri pul ilə təmin etməli, bütün bunlar kompleks görülməli idi. Ölkədə devalvasiya olsa da, bu prosesin nəticələrinin aradan qaldırılması istiqamətində addım atılmayıb”, deyə S.Əliyev bildirdi.
Xəyal