MB-nın dollarla olan kreditlərin faizinin aşağı salınması tövsiyəsini yerinə yetirən yoxdur
Samir Əliyev: «Devalvasiyadan sonra istehlak kreditlərinin qaytarılmasında yaranan fərqi dövlət ödəyə bilər»
Mərkəzi Bank sədrinin dollarla götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir. Ekspertlərə görə, bunun səbəbləri bəllidir. Çünki bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borcluların kredit problemini ödəyə bilməz. Məsələn, manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir.
Ekspertlər indiki məqamda daha uyğun yolu dollarla götürülən kreditlər üçün faizlərin aşağı salınmasında görürlər. Amma Mərkəz Bank sədrinin ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib çıxarmır. Amma bura haqlı olaraq sual yaranır: Mərkəzi Bank bundan əvvəl baş verənlərdə sübut etdi ki, maliyyə sektorundakı proseslərə nəzarət edir. Və o, kommersiya banklarına istəyini tövsiyə deyil, konkret qərar formasında da bildirə bilər. Amma bu edilmir. Banklara dəyə biləcək ziyanın isə dövlət tərəfindən ayrılan vəsait vasitəsilə ödənilməsi mümkündür. Nəzərə alınmalıdır ki, devalvasiyadan sonra dollarla kredit götürənlərin ödənişlərində yaranan fərq dövlət üçün o qədər də böyük maliyyə vəsaiti deyil.
Iqtisadçı Samir Əliyev bildirdi ki, devalvasiya nəticəsində təkcə vətəndaşlar yox, həm də banklar ciddi ziyan gördü. Banklara manatla vəsait qoyanlarla yanaşı, dollarla kredit götürənlərin də ciddi ziyan gördüyünü deyən S.Əliyev bildirdi ki, bankların da oxşar problemləri var. Çünki onların da dollarla xarici öhdəlikləri mövcuddur: “Yəni banklar da yeni kursla götürdükləri kreditləri qaytarmalıdırlar. Hər iki tərəf zərərdədir. Amma mən onunla da razıyam ki, banklardan fərqli olaraq əhali sosial yönümlüdür. Əhaliyə dəymiş zərərin qarşılığı ödənilməlidir. Amma bu xərcləri bankların üzərinə yükləmək də olmaz, çünki bu, ciddi problemlər yarada bilər. Konstitusiya Məhkəməsi qərar çıxardı və əhali kreditləri köhnə kursla qaytarmağa başladı. Nəticədə əhalinin problemi həll olundu. Amma burada banklara problem yaranacaq. Çünki burada söhbət bankların gəlirinin itirilməsindən getmir. Bank sektoru iqtisadiyyatın əsas sütunudur. Hazırda çox həssas bir dövrdür. Indiki dövrdə neftin qiymətinin düşməsinə görə bank sektorunda ciddi problem yaranıb”.
S.Əliyev bildirdi ki, vətəndaşın kredit borcunu köhnə kursla ödəməsi bir tərəfin problemini çözsə də, digərinə əlavə çətinliklər yaradır. Ona görə, ekspertin fikrincə, yaranmış vəziyyətdə çıxış yolu dövlətin prosesə müdaxilə etməsidir. “Çıxış yolu kimi təqdim etmək olar ki, istehlak kreditlərinin qaytarılmasını dövlət öz üzərinə götürsün. Xarici valyuta ilə olan kreditlərin 95 faizini dollarda olan kreditlər təşkil edir. Istehlak kreditləri ümumi kreditlərin 32 faizini təşkil edir. Bu kreditlərin qaytarılması məsələsini dövlət öz üzərinə götürə bilər. Burada söhbət 350-370 milyon dollar vəsaitdən gedir. Bu məbləğ devalvasiya nəticəsində yaranan fərqdir. Bu addım atılmazsa, o zaman banklar gərək ya faiz dərəcəsini azaltmalı, ya da kreditin müddətini uzatmalıdır”, deyə S.Əliyev vurğuladı.
Hikmət