İnhisarçılığın aradan qaldırılması idxal olunan məhsulların qiymət artımının qarşısını ala bilər
Nemət Əliyev: “Dövlət başçısının gömrükdə inhisarçılığa qarşı tədbir görülməsi ilə bağlı tapşırıq verəcəyi inandırıcı deyil”
Bu ilin yanvarında Azərbaycana $2 mln 659,8 min məbləğində kərə yağı idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən üç dəfə çoxdur.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 9839 ton kərə yağı idxal edilib. Bu, 2013-cü ildəkindən 17,6% çoxdur. İdxalçılar bu məqsədlə $25,1 mln xərcləyiblər. İdxal qiyməti illik hesablamada dəyişməyib və 2552,8$/t təşkil edib.
Azərbaycana ən iri kərə yağı ixracatçısı yenə Yeni Zelandiyadır. Ötən il bu ölkədən Azərbaycana $20 175,9 min məbləğində 7467,5 ton yağ gətirilib. Almaniya, Finlandiya, Fransa, Litva və s. ölkələrdən də kərə yağı gətirilib.
Ötən il Azərbaycanda 23,7 min ton kərə yağı istehsal olunub. İstehsalda 7,7% artım olub. Ötən il yerli şirkətlər kərə yağı ixracını 50 ton azaldıb. Yağ ixracı 158 ton ($381,9 min) olub.
Azərbaycanda yağın 1 kq-ı orta hesabla 6,86 manatdır ($8,3). Ötən il qiymətlər 3,3% bahalanıb. (contact.az)
Topdansatışlar qiymət artımına hazırlaşır
Amma manatın məzənnəsindəki dəyişiklik təkcə kərə yağının qiymətinə təsir etməyib. Hazırda topdansatış şirkətlərinin marketlərin təkcə ərzaq deyil, qeyri-ərzaq məhsulları ilə də təmin etməməsi durumu qəlizləşdirib. Qadağalara baxmayaraq həm marketlərin, həm də topdansatış şirkətlərinin qiymət artımına hazırlaşdığı bildirilir. Amma ekspertlərin hesablamalarına görə, qiymətləri əvvəlki səviyyədə saxlamaq olar. İnhisarçılığın aradan qaldırılması bu istiqamətdə ciddi addım olardı. Çünki idxal olunan ərzaq məhsulları Azərbaycan sərhədlərinə qədər bir qiymətlə gətirilsə də, daha sonar daxili bazarda 3-4 dəfə bahasına satılır.
Gömrükdə qeydiyyata düşməyən milyardlar
İqtisadçı Qubad İbadoğlunun ötən il apardığı araşdırma bunu bird aha sübut edir. “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarının araşdırması maraqlı faktları ortaya qoymuşdu. Araşdırma nəticəsində məlum olub ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib. 2014-cü il ilə bağlı hesabat hələ hazır olmasa da, 2013-cü ildə idxal olunan məhsulların statistikası müəyyən təəssürat yaradır. Hesablamalara görə, Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı “Azərbaycanın xarici ticarəti – 2013” məcmuəsinə əsasən, ötən il 1 kiloqram idxal edilən kartof 4-15 sentə (3-12 qəpik) sənədləşib. Amma həmin il istehlakçılar 1 kiloqram kartofu 1 manatdan ucuz almayıb.
DSK-nın hesabatına əsasən, 2013-cü ildə İrandan Azərbaycana 32 625,9 min ton kartof gətirilib. Məhsul gömrükdə 4 milyon 585 min dollar və ya 1 kiloqramı 0,14 dollara, 15,8 min ton Rusiya kartofunun 1 kiloqramı isə 0,04 dollara bəyan edilib.
Qeyd edək ki, gömrükdə sui-istifadə kartofla bitmir. Məsələn, 2013-cü il 18 min ton düyünün kiloqramı gömrükdə 36,8 sentə bəyan edilib. Pərakəndə satışda 1 kiloqram düyü 1-3 manatdır. Düyü daha çox Hindistandan idxal edilir – 8 173,9 ton. Gömrük 1 kiloqram düyünü 35,1 sentdən sənədləşdirib. Pakistan düyüsü (ötən il 743 ton) gömrükdə kiloqramı 0,62 dollara sənədləşib. Pərakəndə satışda Pakistan düyüsü 4 dəfə bahadır.
3 kq ət qiymətinə rəsmiləşdirilən 120 kq-lıq heyvan
Eyni zamanda ölkəyə idxal olunan iribuynuzlu heyvanın da qiyməti reallıqdan uzaqdır. Azərbaycana Gürcüstandan 109 min 435 baş diri iribuynuzlu idxal olunub. Bu iribuynuzlu heyvanın hər biri orta hesabla 29 dollar 91 sentə idxal olunub. 100-120 kiloqram ət verən iribuynuzlu heyvanı 3 kiloqram ətin dəyərində idxal ediblər.
İnhisarçılıq qiymət artımını dayandıra bilər
İqtisadçı Nemət Əliyev bildirdi ki, ölkə başçısının göstərişi və Mərkəzi Bankın adıyla manatın məzənnəsinin aşağı salınması bazardakı qiymətlərə təsir etməyə bilməz. M.Əliyevin sözlərinə görə, əgər manatın dəyəri başqa valyutalara nisbətdə aşağı düşürsə, bu o deməkdir ki, dövriyyəyə çoxlu manat kütləsi buraxılacaqdır. Bzardakı qiymətlərə təsir edən ən birinci faktor məhz budur. 2014-cü ilin rəsmi statistikasına görə, ölkəyə idxal olunan mallar 9 milyard dollar həcmində olub. Devolivasiya nəticəsində manat dollara nəzərən dəyərini itirib və 33 faizdən çox bahalaşıb. Bu o deməkdir ki, Azərbaycana idxal olunan 9 milyard dollarlıq mal öz dəyərini minimal olaraq 33 faizdən çox artıracaqdır. Bu hələ başlanğıc mərhələdə baş verənlərdir. Mərkəzi Bank manatla bağlı qərarını verən saat idxal ilə məşğul olan şirkətlər mal alan şirkətlərə, marketlərə, sahibkarlara xəbərdarlıq göndərdilər və qiymətlərin artırılması istiqamətində gərəkən tədbirləri aldılar”.
N.Əliyevin sözlərinə görə, topdansatış məntəqləri “qara çənbə”dən sonra əməliyyatları Mərkəzi Bankın səbəb olduğu qiymətlərlə aparmağa başldı. Bütün bunlardan sonra bir sıra pərakəndə satış məntəqələri avtomatik olaraq malın qiymətlərini artırmağa məcbur oldular: “Müxtəlif hesablamalara görə, təkcə idxal üzrə Azərbaycanda bir milyarddan çox gizləmə faktı mövcuddur. Gömrükdə malların qiymətinin daxili bazardakından 4-5 dəfə ucuz göstərilməsi bir neçə amil ilə bağlıdır. Bunlardan birincisi vergidən yayınmaqla bağlıdır. Burada başlıca məqsəd qanunsuz yol ilə daha çox qazanc əldə etməkdir. Necə olur ki, bütün bu əməliyyatlar həyata keçirilir? Axı bütün bu mallar gömrük müfətişlərinin əlindən keçir. Bu inhisarçılar rəsmi şəkildə ödəməli olduqları vəsaiti yuxarılara rüşvət şəklində verirlər. Ona görə mən inanmıram ki, dövlət başçısının tapşırığı ilə gömrükdə inhisarçılığa qarşı tədbir görülsün. Çünki onlar özləri də buna şərikdirlər. Hələ bu vaxta qədər görməmişik ki, dövlət məmurları ciblərinə gedən çirkli pulun qarşısını alsınlar. Belə bir praktika olmadığına görə belə bir addım real görülmür”.
Hökümətin manatın ucuzlaşması ilə bağlı kobud qərar verdiyini deyən N.Əliyev vurğuladı ki, bu heç şübhəsiz qiymətlərə təsir etməli idi. N.Əliyevin sözlərinə görə, əhalinin sosial müdafiəsi istiqamətində addımlar görünmür, ona görə manatla bağlı qərar əhaliyə ciddi ziyan vurdu. “Bu qərar əhalinin alıcılıq qabiliyyətini də zərbə altına qoyur. Ona görə alıcılıq qabiliyyətinin nisbətən qorunması məqsədilə ən rahat və əlverişli yol hökumətin möhtəkir fəaliyyətə qırmızı işıq yandırması ola bilər. Heç olmasa idxal olunan malların daxili bazarda qiymətinin süni şəkildə artırılmasına son qoyulsun. Bütövlükdə ölkədə inhisarçılığın qarşısı alınmalıdır. Bu istehsal sahələrinin fəaliyyətini tamamilə iflic edir”, deyə N.Əliyev vurğuladı.
N.Əliyev vurğuladı ki, korrupsiya, haqsız rəqabət ilə də real mübarizə aparılmalıdır ki, iqtisadi durum daha da ağırlaşmasın. Hökumətin süni qiymət artımı ilə mübarizədə atdığı addımların gözdən pərdə asmaq məqsədi daşıdığını deyən N.Əliyev bildirdi ki, hökumət əksinə quymətlərin artırılmasında maraqlıdır: “Bu addımın heç bir izahı yoxdur. Neftin qiymətinin düşməsi bunların belini sındırıb. Ona görə dövlət büdcəsini bu yol ilə doldururlar”.
Xəyal