Bakıda telefon mağazalarında smartfonların və planşetlərin satışında durğunluq yaranıb. Telefon satış şəbəkələrindən fins.az-a verilən məlumata görə, son həftələr qadcetlərin həm satıcıları həm də onlarla maraqlananlar kəskin azalıb. Səbəbi yeni modellərin sayının azalması və funksiyalarda yenilikləin az olmasıdır.
“Bayramları gözləyirik”
“NaNo” mağazasından əməkdaşımıza bildirilib ki, son vaxtlar telefon və planşetlərin satışı kəskin azalıb: «Bu cihazlarla bağlı müraciətlər əvvəllər ayda 150 ədəd olurdusa, indi bu rəqəm 50-yə düşüb». Yeni il bayramı günlərində satışın artdığını deyən satıcılar, hazırda xeyli azaldığını etiraf edirlər. İndi mağaza növbəti bayramları – Novruz Bayramı və 8 mart Qadınlar gününü gözləyir. Mağaza nümayəndəsinin dediyinə görə, markalar arasında ən çox satılan iPhone-dir.
“Telefonlara baxıb almadan gedirlər”
“İntegral” mağazasında da telefon satışının azaldığını və planşet satışının isə kəskin azaldığını bildirdilər: “Gələnlər elə telefonlara baxır, amma almadan gedirlər». Amma burada satışların azalmasını yeni modellərin olmaması ilə izah etdilər. Mağaza nümayəndəsi bildir ki, əvvəlkilərdən ciddi fərqlənən yeni modellər buraxılmır. Satıcının sözlərinə görə, ən çox satılan modellər “iPhone”,”Samsung A5, “ “Samsung Note 4” modelləridir.
“Planşet satışı isə ümumiyyətlə dayanıb”
“Kontakt” mağazasında əməkdaşımıza bildirdilər ki, telefon satışı azalsa da, planşet satışı tamamilə dayanıb. Mağazaya müraciətlərin xeyli azaldığını deyən satıcı vurğuladı ki, bunun səbəbi alıcıların tezliklə şirkətlərin yeni flaqmanları satışa buraxacağını gözləməsidir. Burada da ən çox satılan markanın “iPhone” olduğunu dedilər. Bundan başqa, Sony, HTC markalarının yeni çıxmış modellərinin satışı da artmaqdadır və daha da artacağı gözləyirlər.