Əliyev istifadə olunmayan torpaqların icarədarlardan alınması haqda göstəriş verdi
Vahid Məhərrəmov: «Torpaqlardan yalnız əkin sahəsi kimi istifadə heyvandarlıqda ciddi problemlər yarada bilər»
Regionların sosial-iqtisadi inkişafının birillik yekunlarına dair konfransda dövlət başçısı Ilham Əliyev ölkədə istifadəsiz qalan torpaqlar barədə də danışıb. Deyib ki, belə torpaqlar kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb: “Icarəyə götürüb və elə də qoyub gedib.
Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidir. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkədə 1 milyon 800 min hektar əkinə yararlı torpaq sahəsi var. Bu torpaqlardan lazımınca istifadə olunsa, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatı tam ödənilə bilər: “Bu mənada, məhsuldar torpaqlar ölkə əhalisinin ərzaqla təminatında əsas rol oynayır. Ölkədə təbii olaraq münbit torpaqlar var. Müqavilə əsasında dövlət torpaqlarından heyvandarlıq sahəsi, həmçinin təbii biçənəklər kimi istifadə olunur. Heyvandarlığın yemlə təminatında örüş və biçənək sahəsi kimi həmin torpaqlar çox böyük rol oynayır”.
Ekspert qeyd edir ki, həmin torpaqlar dövriyyəyə buraxılsa, onlardan sırf əkin sahəsi kimi istifadə olunarsa, bu halda, heyvandarlıqda ciddi problemlər yarana bilər: “Bu məsələ mütləq nəzərə alınmalıdır”.
Nigar