Vahid Məhərrəmov: «Bu, ölkədə heyvandarlığın iflic vəziyyətə salınması ilə əlaqədardır»
Azərbaycana xaricdən kərə və bitki yağlarının idxalı artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ötən il xaricdən kərə yağı idxalı 18 faiz artıb. 2014-cü ildə Azərbaycana 25,12 milyon dollarlıq kərə yağı idxal olunub. Halbuki, 2013-cü ildə idxal 21,1 milyon dollar həcmində olub.
Ötən il bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 2013-cü illə müqayisədə 16,6 faiz və ya 12,54 milyon manat artaraq 88,1 milyon manat təşkil edib.
Kərə və bitki yağlarına görə xaricə ölkəmizdən ümumilikdə 113,2 milyon dollar valyuta axıb.
Azərbaycan kərə yağı ixrac etməsə də, bitki və heyvan mənşəli piylər və yağlar ixrac edir. 2013-cü ildə 227,8 milyon dollarlıq bitki və heyvan mənşəli yağlar ixrac edildiyi halda, bu rəqəm ötən il 190,33 milyon dollara düşüb. Yəni ixrac 16,5 faiz azalıb.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov azərbaycanlıların daha çox kərə yağı istehlak etdiyini vurğulayaraq, ölkəyə bu məhsulun idxalının artdığını bildirir. Ölkədə kərə yağı istehsalının getdikcə azalmasını ekspert süd istehsalıyla əlaqələndirir. Yəni bir kq. kərə yağı almaq üçün 22-24 litr arası südə ehtiyac var, amma ölkədə süd istehsalının azlığı və onun maya dəyərinin yüksək olması səbəbindən bu proses istənilən səviyyədə deyil:
“Ölkəmiz özü kərə yağı istehsal edə bilmir. Problem bundan ibarətdir. Bizdə kərə yağı istehsal edilsə, onun satış qiyməti 10 manatdan yuxarı olmalıdır. Belə qiymətə olan kərə yağını kim alacaq?! Belə bir şəraitdə rəqabət qabiliyyəti olmayacaq. Bu da ölkədə heyvandarlığın iflic vəziyyətə salınması, bu sahədə ciddi problemlərin olması, damazlıqda ciddi problemlərin olmasıyla bağlıdır”.
Ekspert qeyd edir ki, bu sahədə problemlər çox olduğu üçün bu gün ucuz və keyfiyyətli süd istehsal edə bilmirik. Emal üçün kifayət qədər əmtəəlik süd istehsal edə bilmədiyimizdən, ondan kərə yağı da ala bilmirik. Problem də bundadır.
Nigar