Nazir narahatlığa əsas görmür, ekspert isə bu təsirin bir müddət sonra özünü göstərəcəyini deyir
Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, Rusiyanın taxıl ixracını tam dayandırması Azərbaycana təsir göstərməyəcək. Onun sözlərinə görə, Rusiya taxıl üçün nəzərdə tutulan ixracın 90 faizini artıq yerinə yetirib. Onların nəzərdə tutduğu və Azərbaycana təsir edə biləcək xüsusi bir ixracı qalmayıb:
“Biz daim beynəlxalq trendləri araşdırırıq. Həm Avropa bazarında, həm də Amerika bazarlarındakı taxılın qiymətlərini izləyirik. Bu il dünya üzrə taxıl ehtiyatlarının həcmi 7 milyon ton artıb. Bu göstərici taxılla bağlı ciddi bir narahatlığın olmadığını göstərir. Ötən il bu ehtiyatlar 30 miyon artmışdı. Bu isə qiymətlərin düşməsinə səbəb olmuşdu. Bizim hər hansı bazarla əməkdaşlıq etmək imkanımız var. Dünya taxıl ehtiyatlarının azalmaması fonunda qiymətlərin artacağını gözləmirik”.
Nazir həmçinin əlavə edib ki, belə hallardan sığortalanmaq üçün dövlət öz taxıl ehtiyatlarını artırmaq niyyətindədir. Artıq Kənd Təsərrüfatı Nazirliyi, Iqtisadiyyat və Sənaye nazirliyi və Fövqəladə hallar nazirliyi birgə çıxışlar edərək hökumətə təkliflər verib:ÿ”Yaxın dövrlərdə taxıl ehtiyatlarının 500 min tondan 700-750 min tona qədər qaldırılması ilə bağlı hökumət qərar verəcək. 700-750 min ton taxıl isə əhalinin 6 aylıq taxıl və un məhsullarına olan tələbatının ödənilməsinə imkan verəcək. Əhali rahat olsun. Bizim ehtiyatlarımız kifayət qədərdir. Dünyadakı trendlər bizə heç bir riskli şərait vəd etmir”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bu mövzunu şərh edərkən ilk növbədə yada salır ki, Rusiya bu il fevralın 1-dən ixrac olunan taxıla, xüsusən də buğdaya 15 faiz, üstəlik 7,5 avro məbləğində də rüsum tətbiq edib. Ekspert deyir ki, bir ton üçün tətbiq edilən bu məbləğ əslində sanballı rəqəmdir: “Bu, ixrac olunan buğdanın dəyərini artıracaq və ölkə daxilində də müəyyən qiymət artımına səbəb ola bilər. Təxminən 800 min ton civarında buğdanı Qazaxıstandan, 500 min tonu isə Rusiyadan alırıq. Vəziyyət Rusiyadan buğda idxalımıza təsir edə bilər. Amma keçən il ölkəmiz kifayət qədər buğda idxal etdiyi üçün təxminən 500 min ton ehtiyat məhsul var. Daxildə olan ehtiyat buğda hesabına görə də müəyyən mərhələyə qədər gözləmə mövqeyində dura bilərik. Bu da builki istehsaldan asılıdır. Daha çox buğda istehsal edə bilsək, onda Rusiyada olan vəziyyət bizə təsir göstərməyəcək. Istehsalımız azalarsa, xaricdən asılılığımız artar və bu da oyunçulara qiymətləri bir az da artırmağa imkan verər. Yaranmış vəziyyətdən Qazaxıstan və digər ölkələr istifadə edə bilər”.
Dünya bazarında buğdanın qiymətinin azaldığını deyən ekspert, Rusiyanın addımının regiondakı bazara təsirinin zamana bağlı məsələ olduğunu bildirir. Ekspertin sözlərinə görə, vəziyyət o qədər də ciddi olmaya bilər.
Nigar