Oqtay Haqverdiyev: «Dövlət məcbur olub öz xərclərini azaltmalıdır»
Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Dünən axşama olan məlumata görə, “Brent” markalı neftin bir bareli artıq 63 dollara düşüb. Başqa sözlə, son altı ayda neftin qiyməti 45 faiz ucuzlaşıb. Büdcəsi birbaşa neftdən asılı olan Azərbaycan üçün neftin ucuzlaşması ağır sosial-iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev maliyyə naziri Samir Şərifovun parlamentdəki çıxışını yala salaraq bildirir ki, hökumət neft 60 dollara düşsə belə, ölkədə ciddi problem olmayacağını iddia edir. Halbuki, qiymətin 60 dollara düşməsinin özü də problemdən xəbər verir: “Bizdə illər əvvəl büdcə 1,5 milyard həcmində yerinə yetirilməmişdi. O vaxt neftin qiyməti 37 dollara düşmüşdü. Bu ssenari bir dəfə yaşanıb. Indi də həmin vəziyyət yaranıb. 2015-ci ildə bu istiqamətdə hansısa müsbət nəticə sual altındadır. Çıxış yolu dövlət xərclərinin azaldılmasıdır. Büdcənin müdafiə olunmuş maddələri var ki, dövlət ona uyğun olaraq öz öhdəliklərini yerinə yetirməlidir”.
Ekspert qeyd edir ki, məsələlər büdcə sistemi qanununa uyğun olaraq həllini tapmalıdır. Gəlirlərin azalmasıyla əlaqədar isə investisiya maddəsindən istifadə edərək, hansısa layihələri təxirə salmaq olar. Olimpiya oyunları və TANAP-la bağlı layihənin milyardlara başa gəldiyini vurğulayan ekspert, digər layihələrin azaldılacağını istisna etmir:
“Büdcə kəsirinin bir milyarddan çox olacağı barədə proqnozlar verilir. Gələcəkdə bunun altından çıxmaq çox çətin olacaq. Ona görə də dövlət məcbur olub öz xərclərini azaltmalıdır”.
Nigar