Şirkət bir sıra layihələri təxirə salmaq niyyətindədir; böyük ixtisarlar gözlənilir
Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bp şirkəti bir sıra layihələrin reallaşmasını təxirə sala bilər. Bu barədə Britaniyanın “The Sunday Times” qəzetinə istinadən “haqqın.az” məlumat yayıb. BP-nin maliyyə direktoru Brayan Qilvari deyib ki, neftin ucuzlaşması şirkətin uzunmüddətli planlarına təsir etmir, amma bəzi layihələr dayandırıla və ya ləğv edilə bilər. Bununla yanaşı, neftin qiyməti bir barrel üçün 60-70 dollar arası qalarsa, şirkətin ehtiyat variantı da var.
Qilvari həmçinin bildirib ki, şirkət iş yerlərini ixtisar etmək niyyətindədir.
Dünyada neftin qiymətinin ucuzlaşması, bp-nin gələcək planlarının Azərbaycana təsirinə gəlincə, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, ölkəmizdə neftin hasilatının aşağı düşməsi barədə proqnozlar hələ 2012-ci ildən verilib. Üstəlik, bu ildən neftin qiymətinin də aşağı düşməsi vəziyyəti daha da qəlizləşdirib. 2013-cü ilin yekunlarına görə, ötən il ölkəmizdə neft hasilatı 43 milyon olub.
“Ekspertlər bununla bağlı həyəcanlı proqnozlar verir. Azərbaycanın bütün iqtisadiyyatının neftdən asılı olduğunu nəzərə alsaq, bizi gözləyən çətinliyi təsəvvür etmək olar. Təəssüf ki, bizdə qeyri-neft sektoru inkişaf etməyib. Büdcə isə birbaşa Dövlət Neft Fondundan asılı vəziyyətdədir”, – deyə Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisi yada salır ki, Azərbaycanda bp şirkəti bir çox layihələr həyata keçirir. Şirkətin “Şahdəniz” layihəsində də iştirakı nəzərdə tutulub. BP-nin başlanmış layihələri yarımçıq saxlamayacağını deyən Mirvari Qəhrəmanlı “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə operator olan şirkət bu layihəni davam etdirəcək: “Neftin qiymətinin və hasilatın aşağı düşməsi baxımından şirkət ixtisarlara gedə bilər. Layihələr deyil, həmin layihələrdə işləyən insanlar ixtisara düşə bilər. Əməkhaqları da azala bilər, yəni şirkət bütün məsələlərə yenidən baxa bilər. Dövlət Neft Şirkət isə hələ də susur. Amma orada və əməliyyat şirkətlərində vəziyyət çox ağırdır. Hasilatı qaldırmaq haqqında düşünmürlər. BP-nin verdiyi məlumatlar mesaj, həyəcan doğuracaq məlumatlardır. Ona görə ki, o, hər addımını ölçüb-biçən şirkətdir. Göndərilən mesaj Azərbaycan əhalisini narahat edəcək xəbərdir. Hasilatda podratçı, subpodratçı, köməkçi qismində bir çox şirkətlər işləyir. Məsələ təkcə bp-dən asılı deyil, onun tərəfdaşları, partnyor təşkilatlar var. Bütün bunlarda isə çoxlu sayda azərbaycanlı işləyir. Bu barədə düşünməliyik. Gec də olsa, qeyri-neft sektoru inkişaf etməlidir”.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı da deyir ki, bp-də əvvəlcədən planlaşdırılmayan, mövcud işçi qüvvəsinə uyğun ixtisarlar baş verirsə, Dövlət Neft Şirkətində layihələrin sayı və həcminin aşağı düşməsi hesabına ixtisarlar olur. Ekspert qeyd edir ki, şirkətin müqavilə müddəti bitməyə doğru gedir və layihələrin əhəmiyyətli hissəsi işlənib:
“Azərbaycanda xarici investorlar, xüsusilə də neft korporasiyaları üçün bu sahədə fəaliyyət doyum nöqtəsinə gəlib çatıb. Bundan sonrakı dövrdə layihələrin həcminin azalmasını müşahidə etməyə başlayacağıq. Bu mənada, neft sektoru öz əhəmiyyətini itirir. Neft layihələrinin təxirə salınması gözləniləndir”.
Nigar