Statistika komitəsinin açıqlamasındakı həqiqətlər
Məhəmməd Talıblı: «Gəlirinin 35 faizindən çoxu ərzaq məhsullarına sərf olunan xalq, yoxsul xalq hesab olunur»
2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb. “Media forum” saytı xəbər verir ki, Dövlət Statistika Komitəsi noyabrın 14-də belə rəsmi açıqlama yayıb.
Statistikaya görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalıb.
ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7 faizi isə xidmət sahələrinin payına düşüb.
Qeyd olunur ki, yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib. Bu dövr ərzində ölkə əhalisinin əldə etdiyi 30,4 milyard manatlıq gəlirin 70,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.
Bu statistikadan da aydın görünür ki, ölkə vətəndaşının qazancının 70 faizi istehlka xərclərinə yönəlib. Eyni zamanda o da məlum olur ki, ÜDM-in cəmi 5.2 faizi kənd təsərrüfatının payına düşür.
Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, statistik məlumatlar bilərəkdən elə göstərilir ki, qeyri-neft fondunun ÜDM-dəki payı, neft sektorundan çox göstərilsin: “Qeyd etmək lazımdır ki, neft sektorunun ÜDM-dəki payının az göstərilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı deyil. Sadəcə olaraq neft sektorunun payı müxtəlif strukturlara sürüşdürülür və qeyri-neft sektorunun çəkisi kimi göstərilir. Statistika Komitəsi metodoloji spekulyasiyanın qurbanı olduğu üçün, indiki rəqəmlər ortaya çıxıb. Ancaq, bu halda da kənd təsərrüfatının ÜDM-dəki payı minimumdur. Yəni ölkənin əsas strateji sahəsi sayılan kənd təsərrüfatı ümumi sıralamada axırıncı yerdədir. Nəzərə alaq ki, kənd təsərrüfatında məşğul əhalinin 38 faizi cəmləşib, neft sektorunda isə 3.8 faizi. Bu rəqəmləri təhlil edəndə, poradoksal mənzərə yaranır. Yuxarıda qeyd etdiyim 2 sektor arasındakı qeyri-mütənasib vəziyyət onu göstərir ki, bizdə əmək resurslarından istifadə səviyyəsi və ÜDM piroqu düzgün bölünmür.
Gəlirlərin 70 faizinin istehlak xərclərinə sərf olunmasına gəlincə, ekspert hesab edir ki, bu, əhalini təhdid edən yoxsulluqdan xəbər verir: “Gəlirlərin daha çox zəruri istehlak mallarına xərclənməsi o deməkdir ki, əhalini yoxsulluq problemi daha çox təhdid edir. Digər tərəfdən isə əhalinin gəlirlilik səviyyəsi yığım yaratmaq gücündə deyil. Dünyada yoxsulluğu şərtləndirən bir neçə metodologiya var. Onlardan biri Qərbdə qəbul olunan metodologiyadır. Həmin metodologiyaya görə, yoxsul əhali o əhali hesab olunur ki, onun aylıq gəlirinin 35%-dən çox ərzaq məhsullarına sərf olunur. Bizdəki rəqəm bundan nəinki faizlərlə, hətta dəfələrlə çoxdur. Nəzərə alaq ki, insanın mövcud olması üçün təkcə biofizioloji tələbatlar yox, sosial tələbatlar da təmin olunmalıdır. Bu sosial tələbatlar mənəvi dəyərlər yaradır. Bunlara teatra və kinoya getmək xərcləri, kitab almaq, istirahət etmək və bu kimi digər xərclər daxildir. Aylıq gəlirini zəruri istehlak mallarına sərf edən insanın isə sabahkı gün üçün nəzərdə tutduğu planları gerçəkləşdirmək imkanları olmur. Başqa sözlə, yığımın olmaması investisiyanın transformasiyasına mane olur. Bu isə bazarda yalnız biznes qurumlarının oyunçu olaraq iştirakı deməkdir”.
Akif