«Hər bir dollar ucuzlaşma büdcə üçün gündə 700 min dollar itki deməkdir»
Ötən həftə – 6-10 oktyabr tarixlərində Azərbaycan neftinin orta qiyməti 92,78 dollar/barrel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 dollar/barrel azdır. Azərbaycan tərəfi isə neftin qiymətinin ucuzlaşması ilə bağlı artıq ilkin xəbərdarlıqlarını edib. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, neftin qiyməti ucuzlaşmağa davam edərsə, Azərbaycan Dövlət Neft Şirkəti xərclərin azaldılması məsələsinə baxacaq. R.Abdullayevin sözlərinə görə, neftin qiyməti ucuzlaşmağa davam edərsə, şirkət kapital qoyuluşlarını azalda bilər.
Azərbaycanın büdcə gəlirlərinin böyük hissəsinin məhz neft pullarından formalaşdığı nəzərə alınarsa, neftin qiymətinin ucuzlaşmasının ciddi fəsadlara səbəb olacağı şübhə doğurmur.
Samir Əliyev: “Neftin ucuzlaşması büdcənin icrası ilə bağlı problem yarada bilər”
Iqtisadçı Samir Əliyev bildirdi ki, neftin qiyməti ölkə iqtisadiyyatı ilə yanaşı milli valyutanın da məzənnəsinə ciddi təsir edir. Neftin qiymətinin yenidən yüz dollara qalxması ehtimalının az olduğunu deyən S.Əliyev vurğuladı ki, neftin qarşıdakı dönəm üçün qiyməti 90 dollardan aşağı olacaq: “Neftin qiymətinin hətta, bəzi proqnozlara görə, 60 dollara qədər ucuzlaşması ehtimalı var. Rusiya hökuməti belə bir stress test də hazırlayıb. Həmin testdə neftin qiyməti 60 dollara düşərsə, hökumətin hansı addımlar atacağı və hansı proseslərlə üzləşəcəyi əksini tapıb: ”Neftin qiymətinin düşməsi Azərbaycan üçün arzuolunmaz haldır. O baxımdandır ki, büdcənin 70 faizi dolayı və birbaşa neftdən asılıdır. Ixracın 95 faizdən çoxu isə neft və qaz məhsulları təşkil edir. Bu məhsulların ucuzlaşması büdcənin icrası ilə bağlı problem yarada bilər. Azərbaycanı gələn il iki böyük tədbir gözləyir. Birinci tədbir Olimpiya Oyunları, ikincisi isə parlament seçkiləridir. Belə bir dönəmdə büdcənin gəlirlərinin azalması arzuolunan deyil. Büdcənin azaldılması bir sıra investisiyaların azalmasına yol aça bilər”.
Azərbaycanın gün ərzində təxminən 700 min barrel neft hasil etdiyini deyən S.Əliyev vurğuladı ki, neftin qiymətinin hər bir dollar ucuzlaşması Azərbaycan üçün hər gün 700 min dollar itki deməkdir.
Vahid Əhmədov: “Neftin ucuzlaşması Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsidir”
Millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirdi ki, neftin qiymətinin düşməsi gözlənilən idi. Baş verənləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bir hissəsi sayan V.Əhmədov hesab edir ki, ABŞ hazırda neftin hasilatını kəskin artırıb, Səudiyyə Ərəbistanı isə hazırda hasilatı aşağı salıb. Bütün bu addımlar neftin dünya bazarındakı qiymətinə təsir edən amillərdir: “Hazırda dünya bazarında Azərbaycan neftinin qiyməti təxminən 90 dollara yaxındır. 2014-cü ilin dövlət büdcəsini təsdiq edəndə biz neftin qiymətini 100 dollar götürmüşdük. Bu o zaman üçün normal göstərici idi. Neftin qiyməti elə il ərzində orta hesabla 100 dollar oldu. Çünki ilin əvvəlində neftin qiyməti 110-115 dollar idi. Amma gələn ilin büdcəsində neftin qiymətini hardasa 85-90 dollar civarında götürmək lazımdır ki, ciddi problemlər yaranmasın”.
Büdcədən maliyyələşən layihələrə gəlincə isə V.Əhmədov bildirdi ki, dövlət sosial layihələrin hamısını həyata keçirəcək. Dövlət büdcəsində bu istiqamətdə müəyyən problemlərin yarana biləcəyini istisna etməyən V.Əhmədov bildirdi ki, bu problemləri çözmək üçün Azərbaycanın 53 milyardlıq ehtiyat fondu var.
Natiq Cəfərli: “Neftin qiymətinin və gəlirlərin azalması ciddi problemlər yaradacaq”
Iqtisadçı-ekspert Natiq Cəfərli isə öz “Facebook” səhifəsində yazıb ki, neftin qiymətinin enməsi hər bir şəxsin cibinə təsir edəcək. Onun fikrincə, baş verən prosesin Azərbaycan üçün ciddi fəsadları olacaq: “Neftin qiymətinin enməsinə sevinmirəm, çünki bu proses ölkəmiz üçün ciddi ziyanlar törədəcək. Illərdir qurulan iqtisadi modeldə neft və qaz ölkənin büdcəsinin formalaşmasında 80-85%, xarici ticarətimizdə isə 90-95% rol oynayır. Neft-qaz sektorundan büdcəyə birbaşa daxil olmalardan əlavə, dolayı daxil olmalar da var, məhzÿona görə büdcənin formalaşmasında rəqəm, az qala 85%-ə yaxınlaşır. Neft və qaz sektorundan daxil olan vəsaitin böyük bir qismi (bu il 9 milyard manata yaxın) investisiya xərclərinə, təmir-tikinti işlərinə yönəldilir və bu sahədə on minlərlə insan çalışır, pul qazanır, vergi verir. Tikinti sektoru multiplikator effektində olduğu üçün arxası ilə tikinti materiallarının istehsalını, ölkəyə gətirilməsini, daşınmasını təmin edir və bu sahələrdə çalışan adamların qazancını, dolayısı ilə, vergi ödəməsini təmin edir. Tikintidə çalışan maşınların, texnikanın təmirini minlərlə adam həyata keçirir. Onlar da, dolayısı ilə, neft-qazdan payını alır və vergisini verir. Həmin sahələrdə çalışanlar pul qazanaraq evlərinə bazarlıq edir, günorta kafelərdə yemək yeyir, pal-paltar alır, mobil telefonla danışır və deməli, bütün bu sahələrin pul qazanmasına və dolayısı ilə vergi verməsinə dəstək olur”.
Ekspertin sözlərinə görə, neft-qaz gəlirlərinin azalması büdcəyə ciddi zərər verəcək: “Neft-qaz gəlirləri azaldıqda büdcəyə transfertlər, layihələr azalacaq. Deməli, bu layihələrdə çalışanların sayı və gəlirləri azalacaq. Bu da zəncirvari mutiplikator effekti ilə hətta bu sahəyə birbaşa aidiyyəti olmayan şirkət və insanların gəlirlərinin və vergilərinin azalması ilə nəticələnəcək. Bir sözlə, bu iqtisadi modeldə neftin qiymətinin və gəlirlərin azalması ciddi problemlər yaradacaq”.
Xəyal