Mərkəzi Bank 15 banka 3 seçim təklif etdi
Məhəmməd Talıblı: «Bankların bağlanması ölkədə özəl banklara inamı sarsıtmış olacaq»
Azərbaycan Mərkəzi Bankı (ABM) kommersiya banklarının birləşməsi və ya bank fəaliyyətini dayandıraraq başqa formada fəaliyyət göstərməsinə hazırlaqlara başlayıb. Mərkəzi Bank artıq avqustun 19-da “Bankların yenidən təşkili qaydaları”nı təsdiqləyib. AMB-nin idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev tərəfindən təsdiqlənən və avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.
Qaydalara əsasən, bankların yenidən təşkil olunması müəyyən ardıcıllıqla həyata keçirilməlidir. Həmin ardıcıllığa görə, yenidən təşkil üçün öncə icazə alınması məqsədi ilə Mərkəzi Banka ilkin və yazılı müraciət edilməlidir. Yenidən təşkil üçün səhmdarların ümimi iclası çağırılmalı və qərar qəbul olunmalıdır.
Bundan başqa kreditorlar bu barədə məlumatlandırılmalı, yeni bankın və yaxud bank olmayan kredit təşkilatının (BOKT) dövlət qeydiyyatından keçirilməsi həyata keçirilməlidir və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır.
Məlumata görə, Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.
Bankların açıqladığı statistikaya görə 10-a yaxın bank var ki, onların məcmu kapitalı tələb edilən minimum məbləğdən xeyli azdır. Böyük ehtimalla həmin bankların əksəriyyəti 50 milyon manatlıq məcmu kapitalı formalaşdıra bilməyəcək və onlar təklif olunan yolardan birini seçməli olacaq.
Qeyd edək ki, artıq mətbuatda təhlükə həddində olan bankların siyahısı da dərc olunub. Onların sayı 15-dir. Həmin banklar isə bunlardır: “AzəriGazBank”, «AmrahBank”, “Azərbaycan Kredit Bank”, “Azeri-Türk Bank”, “ATRABANK”, “Bank Avrasiya”, “Bank of Azerbaijan”, “Deka Bank”, “NBC Bank”, “Turan Bank”, “Rabitəbank”, “Muğanbank”, “Parabank”, “United Kredit Bank”, “Zamin Bank”.
Bəs bankların fəaliyyətini dayandırması və ya kreditor təşkilata çevirilməsi müştərilərə nə vəd edir? Çünki bankla kreditor təşkilatın öhdəlikləri bir deyil. Onu da xatırladaq ki, bir müddət əvvəl bağlanan «Royal Bank» bağlı müştərilərin narazılığı hələ də tam həllini tapmayıb. Ona görə ondan çox bankın fəaliyyətini dayandırması daha geniş miqyaslı fəsadlara səbəb ola bilər.
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, bu sahədə həqiqətən də ciddi problemlər yarana bilər. Çünki bir qayda olaraq banklarla müştərilər arasında bağlanan müqavilələr daha çox birincilərin xeyrinədir. Bu isə o deməkdir ki, vətəndaşların banklara qarşı irəli sürdüyü iddialar əsaslı görünməyəcək və banklar özlərinə sərf edən şərtlərlə bağladığı müqavilələrə sadiq qalacaqlar: «Amma hər bir halda Mərkəzi Bank kommersiya banklarına nəzarət etməlidir. Deməli Mərkəzi Bankın bank sektorunda bu cür situasiyanın, vətəndaşlarla banklar arasında bu cür gərginliyin yaranmasında məsuliyyət daşıyır. Amma hər bir halda əsas məsələ banklarla vətəndaşlar arasında qalır. Amma «Royal Bank»ın timsalında baş verən hadisələrin digər banklarla da bağlı təkrarlanması ölkədə özəl banklara inamı sarsıtmış olacaq. Hətta əmanətlərin sığortalanması fondu vasitəsilə əmanətlərini banka qoyan vətəndaşların belə inamı zədələnəcəkdir».
Bankların sayının azalmasının bank sektorunda inhisarçılığı daha da gücləndirəcəyini düşünən M.Talıblı hesab edir ki, Mərkəzi Bankın banklara təklif etdiyi yollar əslində onu sübut edir ki, burada niyyət mümkün qədər bankların saıyını azaltmaqdır.
M.Talıblının sözlərinə görə, bankların bağlanma perspektivi eyni zamanda Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin sayının artmasına da təsir göstərəcək. Çünki əksər vətəndaşlar hüquqlarının bərpası üçün Avropa Məhkəməsinə müraciət etmək zorunda qalacaqlar.
Xəyal