Hökumət «Azərişıq»a görə beynəlxalq təşkilatlardan maliyyə yardımı istəyib
Yeni yaranan “Azərişıq”la bağlı maraqlı təşəbbüslərdə bulunulub. Azərbaycan hökuməti ölkənin enerji təchizatının yaxşılaşdırılması üçün Asiya Inkişaf Bankı (AIB) və Dünya Bankı kimi beynəlxalq təşkilatlardan maliyyə yardımı istəyib. Əsasən 750 milyon dollar məblğində vəsait AIB-dən istənilib. AIB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, “Azərişıq” ASC ilə birgə planlaşdırılan layihə bütün ölkəni əhatə edəcək və üç tranşı nəzərdə tutur. Bunun birincisi enerji təchizatının çox pis olduğu rayonlarda həyata keçiriləcək.
Layihənin ümumi dəyəri $1 mlrd. olacaq ki, bunun da $250 mln.-u Azərbaycan hökumətinin büdcəsindən ayrılacaq.
Həmçinin Azərbaycan hökuməti Dünya Bankından $250-300 mln. həcmində maliyyə yardımı istəyib. Lakin yekun qərar bir neçə aydan sonra qəbul olunacaq.
AIB-in 2015-2017-ci illərdə Azərbaycana dair biznes-planında qeyd olunub ki, bank 2015-2016-cı illərdə Azərbaycanda “Elektrik enerjisinin paylanmasının inkişafı” layihəsini maliyyələşdirəcək. Layihənin reallaşmasına $332 mln. ayrılacaq. Bunun $250 mln.-u AIB-in kreditinin, qalanı isə Azərbaycan hökumətinin öz vəsaitinin payına düşəcək.
Yeni yaranan bir qurum üçün bu miqyasda borclanmaya gedilməsi suallar yaratmamış deyil. Hələ “Azərişıq” yeni yaranan zaman ilk addımlarını “Azərenerji”nin öncəki fəaliyyətini kəskin tənqid etməklə başladı.
“Azərenerji”nin bazasında yaradılan “Azərişıq” ASC təhvil-təslim işləri zamanı rəsmi mətbuatda artıq neqativ informasiyalar çap edilməyə başladı.
“Azərenerji”nin pulları hara getdi?
Məlumatlarda xüsusilə onun altı cızılır ki, “Azərenerji”nin texniki bazası köhnəlmiş və sıradan çıxmış olub: “Azərişıq” artıq bəyan edir ki, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. Ölkənin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlükləri olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir".
“Azərişıq”ın mövqeyindən belə bəlli olur ki, ölkənin elektrik enerjisi ilə təchizatı istiqamətində durum acınacaqlıdır. O zaman sual olunur ki, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin vaxtilə bu sahənin inkişafı ilə bağlı verdiyi bəyanatları necə başa düşmək olar. “Barmek”dən sonra bu sahəyə xərclənən dövlət vəsaitlərinin aqibəti necə oldu?
Axı, neçə xarici şirkət bu sahəni heç bir kredit götürmədən inkişaf etdirməyə və indikindən artıq yığıma nail olmağı vəd edir. Amma bütün bu təşəbbüslərə mənfi rəy verilir.
Məhəmməd Talıblı: “Dövlət zəmanətinə alınan kreditlərin xərclənməsi həm səmərəsiz, həm də qeyri-şəffaf istifadə olunur”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, yaranmış problemin kökündə bir neçə səbəb var. Ekspertin sözlərinə görə, iri inhisarçı şirkətlər, o cümlədən “Azərişıq” özələşdirməyə getməlidir. Çünki bütün dünyada bu xidmətləri bir qayda olaraq özəl sektor həyata keçirir. Özəl sektor uzunmüddətli öhdəliklər götürərək, idarəçiliyinə verilən sahənin kreditləşdirilməsi ilə məşğul olur: “Müəyyən bir sahəni özələşdirən şirkət bütün problemləri özü həll etmək və məsuliyyəti də özü daşımaq istəyir. Amma hazırkı vəziyyətdə dövlətdən dotasiya alan şirkətlər həm büdcə qarşısında borclu qalır, həm də ədavə kredit vəsaitlərinin cəlb edilməsinə ehtiyac duyur. Bunun fonunda həmin şirkətlərin təklif etdiyi xidmətlərin qiymətini artırır. Qiymətlər isə artırılarkən belə bəyan olundu ki, burada məqsəd istehlakçıların daha keyfiyyətli xidmətlə təmin olunmasıdır. Amma illər keçsə də həmin əsaslandırma unudulur, daha sonra şirkətlər istədiyi vaxt qiyməti qaldırır və dövlət zəmanəti ilə kreditlər alırlar. Nəticədə məlum olur ki, dövlət zəmanətinə alınan kreditlərin xərclənməsi həm səmərəsiz, həm də qeyri-şəffaf istifadə olunur”.
M.Talıblı bildirdi ki, “Azərişıq” kimi şirkətlərin rəhbərləri gəldi-gedərdi, amma beynəlxalq maliyyə qurumlarından alınan kreditlər bütün faizləri ilə geri qaytarılmalıdır. Bu vəsait isə dövlət büdcəsi hesabına qaytarılır: “Nəticədə xaricdən alınan kreditlərin dövlət vəsaitləri hesabına qaytarılması korrupsiyanın yeminə çevrilir. Beləliklə, Azərbaycanın 6.5 milyard səviyyəsində olan borcları artır. Azərbaycanın xarici borclarının 60 faizi on və iyirmi ili əhatə edən kreditlər hesab olunur. Onlar on və iyirmi il sonra qaytarılmağa başlanılacaq. Həmin kreditlərin qaytarılmasının məsuliyyəti isə dövlət qurumlarını maraqlandırmır. Belə bir vəziyyətin davam etməsi Azərbaycanın kredit asılılığını artırır. Bu, Azərbaycanın durumunun kritik həddə belə gəlib çıxmasına səbəb ola bilər”.
M.Talıblının fikrincə, dövlət ən pis sahibkardır. Ona görə “Azərenerji” ləğv edilərkən bu sahə özələşdirilməli idi.
Xəyal