Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək müəssisələr diskriminasiyaya yol verir
Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlətdir. Yəqin ki, bu müddət bütöv bir nəslin yetişməsi və milli kadrların meydana çıxması üçün kifayət qədər uzun bir dövrdür. Buna baxmayaraq, hələ də ölkəmizdə fəaliyyət göstərən və Azərbaycan iqtisadiyyatına iri sərmaye yatıran müştərək şirkətlərin rəhbərliyində yabançı kadrlar bəs deyincədir. Çox təəssüf ki, yerli mütəxəssislər belə şirkətlərdə ən yaxşı halda müavin postuna qədər yüksələ bilirlər.
Bəlkə də bu mövzunu açdığımız üçün bir çoxları bizi millətçilikdə qınayacaq. Gəlin, tələsməyək. Biz nə əcnəbi kadrların diskriminasiyasının, nə də biliyi, bacarığı, təcrübəsi imkan vermədiyi halda hər hansı azərbaycanlının şirkət rəhbəri postuna təyinatının tərəfdarıyıq. Amma onu da etiraf etməliyik ki, hazırda Azərbaycanda yüksək idarəçilik potensialına malik kadrlar kifayət qədərdir. Və belə şəxslərin ölkəmizdə fəaliyyət göstərən müəssisəyə rəhbərlik etməsi bir sıra istiqamətlərdə bu şirkətə əlavə dividentlər gətirə bilər. Bu məqamlar barədə bir qədər sonra.
Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərən və ötən müddət ərzində yalnız xarici kadrların rəhbərlik etdiyi şirkətlərdən biri də “Azercell Telekom”dur.
Öncə qısa təqdimatla da olsa, bu şirkəti tanıyaq. "Azercell Telekom" Birgə Müəssisəsi 1996-cı il yanvar ayının 19-da təsis edilib. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM fəaliyyətə 1996-cı il 15 dekabr tarixindən etibarən başlayıb və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidmətini təqdim edib.
Amma ötən 18 il müddətində Azərbaycanda fəaliyyət göstərən bu şirkətə yalnız xarici kadrlar rəhbərlik edib. Ərdal Otuzbir, Sərdar Canoğulları, Halim Ateş ( 2006-2008), Əli Ağan (2008-2012), Kiril Qaburiç (2012-2014). Hazırda “Azercell”in prezident postuna yeni təyinat yoxdur. “Azercell Telekom”un təsisçisi şirkətə yeni prezident təyin edənə qədər bu vəzifəni Vahid Mürsəliyev icra edir. O, yeni vəzifəsinin icrasına 2015-ci il yanvarın 5-dən başlayıb. Buna qədər isə Vahid Mürsəliyev “Azercell Telekom”un Hüquq Departamentinin rəhbəri postunu tutub.
Bu müvəqqəti təyinat biz jurnalistlərə Azərbaycandakı 18 illik fəaliyyəti müddətində ilk dəfə olaraq şirkətin 2014 il üçün nailiyyətlərinin təqdimatı ilə bağlı mətbuat konfransında “Azercell”in rəhbəri postunu tutan şəxsi dövlət dilində dinləmək imkanı yaratdı. Buradaca bir məqamı vurğulamaq yerinə düşərdi ki, bəli, şirkətin yarandığı ilk illərdə ölkəmizdə bu sahənin biliciləri olmaya bilərdi. Bu baxımdan həmin sahədə daha böyük təcrübəsi olan xarici kadrların bu posta təyinatı normal qarşılanmalı idi. Amma şirkət artıq 18 ilini arxada qoyub. Şirkətin son hesabatına görə, hazırda ölkənin mobil rabitə bazarının 51,3 faizi «Azercell» abonentləridir. Amma müstəqil araşdırmalara görə, şirkətin hazırkı bazar payı elan olunduğu kimi heç də 51.3 faiz deyil. Ötən müddət ərzində bu istiqamətdə kəskin geriləmə də müşahidə olunub. Hazırda qeyri-rəsmi rəqəmlərə görə, bu göstərici 44 faizdir. 2012-ci ildə isə şirkətin bazar payı daha çox 55 faiz ətrafında olub.
Bu fakt bir daha sübut edir ki, son iki ildə şirkətin fəaliyyəti uğursuz olub və təbii ki, buna görə birbaşa məsuliyyəti onu idarə edən rəhbər daşıyır. Xarici kadrların ən böyük çatışmazlıq yerli bazarı, onun özünə xas xüsusiyyətlərini bilməməsidir. Bu məqamların araşdırılması isə xarici kadrdan müəyyən vaxt tələb edir. Bu isə şirkət üçün dəyərli vaxt və maliyyə itkisidir. Halbuki bu vəzifənin yerli kadrın öhdəsinə buraxılması dediyimiz vaxta və maliyyəyə qənaət edilməsi demək olardı. Bundan başqa ötən müddət ərzində elə “Azercell” şirkəti özü yerli kadrların yetişdirilməsinə, bir çox hallarda potensialı olan istedadlı tələbələrin elə şirkətin özündə işlə təmin edilməsinə diqqət ayırıb. Bəlkə də artıq bu resursdan istifadə etməyin zamanıdır.
Bundan başqa onu da qeyd etmək yerinə düşər ki, indiyə qədər “Azercell”ə rəhbər təyin olunan şəxslərin demək olar ki, hamısının Teliasonera strukturunda sonradan problemi yaranıb.
Məsələn, “Azercell”in son prezidenti, bir müddət əvvəl Moldovanın baş naziri seçilən Kiril Qaburiçin təhsil haqda sənədlərinin saxta olduğu üzə çıxıb. Nəticədə ölkədə böyük siyasi qalmaqal başlayıb. Qaburiçin bioqrafiyasını araşdıran jurnalistlər onun təhsil aldığı illərdə şübhəli “boşluq” aşkar ediblər.
Bu “boşluğun” izinə düşən jurnalistlər araşdırma aparıblar və məlum olub ki, Qaburiçin əslində tam orta təhsili belə yox imiş. Belə ki, 38 yaşlı baş nazir ancaq doğma kəndi Loqanşetıda 9-cu sinfi bitirib, yəni natamam orta təhsil alıb.
Bundan sonra jurnalistlərdə sual yaranıb: necə ola bilər ki, tam orta təhsili olmadığı halda Qaburiç ali məktəbə daxil olub? Nəticədə baş nazirin ali təhsil haqda diplomunun da saxta olduğu haqda şübhələr yaranıb.
Baş nazirin işini polis araşdırmağa başlayıb. Məlumata görə, artıq Qaburiçin təhsil aldığı göstərilən təhsil müəssisələrindən sənədlər araşdırma üçün götürülüb. Yeri gəlmişkən, K. Qaburiçin “Azercell”də səlahiyyət müddətinin uzadılmaması və ya onun Teliasonera strukturunda digər vəzifəyə təyin olunmaması onun göstərilən etimadı əslində doğrultmadığını təsdiq edir.
Və ya TeliaSonera şirkətlər qrupu daxilində rotasiyaya əsasən Kiril Qaburiçin “Azercell”in rəhbəri postunda əvəz etdiyi Ali Ağanın əvvəl “Ucelldə”, sonra isə “Kcell”də karyerasının davamı uğurla nəticələnməyib.
Qeyd edək ki, A.Ağan ötən ilin payızında “Kcell”in prezidenti vəzifəsini yarımçıq qoyaraq Qazaxstanı tərk edib. A. Ağanın öz addımını bundan sonrı şəxsi biznesi ilə məğul olması ilə izah etməsi gülməli lətifə sayıla bilər.
Məlum olduğu kimi, 2012-ci ilə kimi “Azercell”ə Türkiyə əsilli menecerlər təyin olunurdu. Türkiyə ilə olan qardaşlıq münasibətini nəzərə alaraq bunu başa düşmək və qəbul etmək olurdu. Amma 2012-ci ildə Moldova vətəndaşı K. Qaburiçin “Azercell”ə prezident təyin edilməsi Teliasoneranın Azərbaycana vurduğu tərs şillə sayıla bilərdi. Məlum olduğu kimi, K. Qaburiç “Azercell”dən əvvəl “MoldCell”in prezidenti olub. Teliasoneranın bu təyinatı əhalisi 3 milyon nəfər olan Moldovanın nəinki özü üçün, hətta 9 milyonluq Azərbaycan üçün kadr yetişdirə bilər anlamına gəlir. Qeyd edək ki, K. Qaburiçin təqdimatı keçirilən mərasimdə onun təyinatı tədbirdə iştirak edən jurnalistlər arasında da birmənalı qarşılanmamışdı. “Azadlıq” qəzetinin tədbirdə iştirak edən müxbiri özünə sələf təyin edən H.Atəşə “Azərbaycandan bir kadr bulamadınızmı?” sualını ünvanlamışdı. Yeri gəlmişkən, bu sual H. Atəşi çox pərt etmişdı. Qeyd edək ki, həm “Azercell”in özündə, həm də Teliasonera strukturlarında kifayət qədər Azərbaycanlı kadrlar var. Onlar haqqında zaman-zaman “Azercell” yerli mətbuatda PR məqalə və müsahibələrlə çıxış edir. Yerli kadrların ölkədəki beynəlxalq şirkətlərə rəhbər təyin olunması təcrübəsi bir neçə dəfə uğurla sınaqdan da çıxarılıb. Buna ən uğurlu misal kimi isə Rəşid Cavanşiri göstərmək olar. R.Cavanşir "BP Exploration (Shah Deniz) Ltd." şirkətinin prezidenti olduğu müddətdə şirkətin ölkəmizdəki fəaliyyəti daha da genişlənib. R.Cavanşirin səmərəli fəaliyyəti onun daha sonra şirkət xətt ilə daha yüksək vəzifələrə təyinatı ilə nəticələnmişdi.
Maraqlısı odur ki, Azərcell zaman-zaman karyera günləri, gənc kadrların hazırlanması üçün müxtəlif layihələr həyata keçirir. Ölkəyə kadr potensialı hazırlamağa iddialı olan şirkətin özünün daxilindən rəhbər yetişdirə bilməməsi inandırıcı görünmür.
Sonda qeyd edək ki, “Azercell” timsalında yazılan məqalə əslində rəhbəri xarici olan bazarda fəaliyyət göstərən bütün xarici və müştərək müəssisələrə, o cümlədən mobil operatorlara aiddir. Telisaonera başda olmaqla yerli bazarda fəaliyyət göstərən digər xarici şirkətlərin bu siyasəti Sov. KP-ni təkrar edir. Xatırlayırsınızsa, sovet dönəmində də, Azərbaycanın starateji obyektlərinin rəhbərliyinə adətən qeyri azərbaycanlılar təyin olunurdu.
P.S. Teliasoneranın bir çox törəmə şirkətlərində, o cümlədən Moldova və Tacikistandakı strukturlarına bu gün məhz yerli kadrlar rəhbərlik edir.
Hikmət