Nemət Əliyev: «Bu onu göstərir ki, neft sektoru olmadığı halda Azərbaycanın xarici valyuta gətirmək qabiliyyəti çox aşağıdır»
Azərbaycanın 2014-cü ildəki ixracının 8,03 faizi qeyri-neft sektorunun payına düşüb. 2013-cü illə müqayisədə qeyri-neft sektoruna aid məhsulların xüsusi çəkisi artsa da, həcm etibarilə ixracda azalma var. Xatırladaq ki, 2013-cü ildə ixracın 7,6 faizi qeyri-neft sektoru hesabına təmin edilmişdi.ÿ
2014-cü ildə cəmi ixracın 8,03 faizi 1,7528 milyard dollar olub. 2013-cü ildəsə ixracın 7,6 faizi 1,822 milyard dollar təşkil edib. Beləliklə, müqayisə edilən dövrdə ölkəmizdən qeyri-neft sektoru üzrə ixracın payı 0,43 faiz bəndi artsa da, ixracın həcmi 69,2 milyon dollar və ya 3,8 faiz azalıb.ÿ
Qeyri-neft sektoru üzrə ixracda əsas paya şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları (221,37 milyon dollar), meyvə (192,16 milyon dollar), heyvan və ya bitki mənşəli piylər və yağlar (190,334 milyon dollar), plastmassa və onlardan hazırlanan məmulatlar (156,97 milyon dollar), tərəvəz (98,919 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar (86,78 milyon dollar), təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilən metallar və onlardan hazırlanan məmulatlar (77 milyon dollar), üzvi kimyəvi birləşmələr (49,45 milyon dollar), nüvə reaktorları, avadanlıq və mexaniki qurğular (39 milyon dollar), qara metallardan məmulatlar (34,84 milyon dollar), spirtli və spirtsiz içkilər (31,8 milyon dollar), qəhvə, çay və ədviyyatlar (31,26 milyon dollar), emal olunmamış gön və aşılanmış dəri (24 milyon dollar) sahibdir. Adıçəkilən mal qrupları üzrə cəmi ixrac 1,233 milyard dollar təşkil edir ki, bu da qeyri-neft sektoru üzrə ixracın 70,45 faizi deməkdir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ixracda qeyri-neft sektorunun payının 8 faiz olması o deməkdir ki, Azərbaycan xarici bazarda yalnız həmin o 8 faizə görə tanınır. Bu göstəricinin ölkənin qeyri-neft sektorunun ixrac potensialını ortaya qoyduğunu deyən N.Əliyev vurğuladı ki, görəsən qeyri-neft sektorunda istehsal olunan mallar nə qədər rəqabətə dözümlüdür: “Bu onu göstərir ki, neft sektoru olmadığı halda Azərbaycanın xarici valyuta gətirmək qabiliyyəti çox aşağıdır. Buna səbəb Azərbaycan hökumətinin neçə illərdən bəri yeritdiyi sosial-iqtisadi siyasətdir. Neft o qədər bunların başını gicəlləndirib ki, ölkə əhalisinin əksəriyyətinin çalışdığı və gəlirlərin əhəmiyyətli hissəsinin formalaşdığı digər sahələr tamamilə unudulub. Hökumət faktiki olaraq bu sahələrin inkişafına barmaqarası baxıb. Dünyada neftin qiymətinin enməsi, Azərbaycanda hasilatın aşağı düşməsinin fonunda qeyri-neft sektorunun inkişafı çox aktuallaşır. Əhalinin bu gün tələbatını qarşılaya biləcək sahə əsasən qeyri-neft sektorudur. Odur ki, belə əhəmiyyətli bir zamanda bəlli olur ki, ölkənin qeyri-neft sektoru batırılıb. Qeyri-neft sektorunun iqtisadiyyatdakı payını artırmaq üçün milyardlar xərcləmək lazımdır. Təəssüflər olsun ki, Azərbaycan hökuməti ölkəni sözün əsl mənasında xammal bazasına çevirib. Ölkənin bütün sahələri çapıb-talanır”.
N.Əliyevin sözlərinə görə, ən böyük problemlərdən biri də emal sahələrinə fikir verilməməsidir.
Xəyal