Nemət Əliyev: «Azərbaycan iqtisadiyyatı sağlam əsaslara söykənməyincə təlatümlərə açıqdır»
Hakimiyyət Rusiyada baş verən iqtisadi proseslərin, dolların məzənnəsinin qalxmasının, rublun çöküşünün Azərbaycana təsir etməyəcəyini bildirir. Amma statistik rəqəmlər, elə Mərkəzi Bankın özünün etirafları bunun əksini göstərir.
Mərkəzi Bank (MB) bəzi kütləvi informasiya vasitələrində Bankın valyuta ehtiyatlarının həcminin dəyişməsi ilə bağlı dərc edilən yazılara rəsmi münasibət bildirib. MB-dan verilən məlumata görə, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədləri pul və valyuta siyasətinin həyata keçirilməsi və ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır.
Bankın açıqlamasında qeyd olunub ki, Mərkəzi Bankın valyuta ehtiyatları makroiqtisadi sabitliyin mühüm amillərindən biri olmaqla məzənnə sabitliyinin qarantı, valyuta böhranlarına qarşı “təhlükəsizlik yastığı”dır. Bununla əlaqədar valyuta bazarında tələb və təklifin balanslaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank bazara alış və ya satış yönlü müdaxilələr edir.
Bu məqsədlə də Mərkəzi Bank tərəfindən 2014-cü ildə valyuta bazarına alış və satış yönlü müdaxilələr edilib.ÿ
“Belə ki, 2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə edib. Lakin dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o sıradan digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib.ÿ
Açıqlamada o da qeyd olunur ki, nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranmış və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə edib.
Amma məsələ burasındadır ki, manatın məzənnəsinin saxlanması bundan sonra da davam etməlidir. Çünki ölkədən valyuta axınının davam edəcəyi gözlənilir. Bəzi məlumatlara görə, Rusiyada daşınmaz əmlakın ucuzlaşması Azərbaycandan bu ölkəyə əmlak almaq istəyənlərin axınını artırıb. Hətta Rusiya ilə əlaqəsi olan bəzi vətəndaşlarımız Azərbaycandakı əmlakını sataraq Rusiyadan almağa üstünlük verib. Bu isə ölkədən dollar axınını artıran faktordur. Bəs qarşımızdakı aylarda Mərkəzi Bank manatıq məzənnəsinin qorunması üçün hansı itkilərə getməli olacaq?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, neftin dünya bazar qiymətlərinin aşağı düşməsi təbii ki, Arəbaycanın neft gəlirlərini və neftlə bağlı olan sahələrin gəlirlərini əhəmiyyətli dərəcədə azaltdı. N.Əliyevin fikrincə, rəsmilər boyunlarına almasalar da, statistik rəqəmlər başqa şey deyir. Xarici ticarət dövriyyəsinin ötən müddət ərzində 3 milyard azaldığını deyən N.Əliyev vurğuladı ki, onun 1.6 milyardı idxal, 1.4 milyardı ixracdır: “Regionda baş verənləri də, nun təsirlərini də düzgün qiymətləndirmək gərəkdir, nəinki bu təsirlərin olmayacağını bəyan etmək. Ölkə iqtisadiyyatını dayanıqlı dayaqlar üzərinə keçirmədən manatın məzənnə sabitliyi risk altındadır. Nəticədə Mərkəzi Bankın ehtiyatlarından 1.3 milyard xərclənib. Rəsmilərin dünyada cəryan edən iqtisadi proseslərin Azərbaycana təsir etməyəcəyi ilə bağlı bəyanatlarının real əsası yoxdur”.
N.Əliyev bildirdi ki, Azərbaycan iqtisadiyyatı sağlam əsaslara söykənməyincə təlatümlərə açıqdır. “Mərkəzi Bank bir milyard 300 milyon manatı məhz manatın məzənnəsinin qorunub saxlanması üçün xərcləyib. Təsəvvür edin, növbəti təkan olsa, bir o qədər də azalma olacaq”.
Xəyal