Nemət Əliyev: «Hökumət manatın kursunu qorumaq üçün qeyri-neft sektorunu inkişaf etdirməli, anti-inhisar siyasəti həyata keçirməlidir»
Mərkəzi Bankın ötən ilin yekunları ilə bağlı açıqladığı hesabatında diqqət çəkən məqamlardan biri də o idi ki, əsas bank bu il üçün manatın məzənnəsini qorumağı əsas fəaliyyət istiqaməti kimi nəzərdə tutur. Dollar və avronun məzənnəsindəki dəyişikləri, rublun aşağı düşməsini nəzərə alsaq baş verənlər maraq doğurur. Belə bir durumda Mərkəzi Bankın seçdiyi siyasət uğurlu sayıla bilərmi?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Mərkəzi Bankın manatın məzənnəsinin saxlanması ilə bağlı israrlı mövqe sərgiləməsi yaxşı haldır. Çünki Mərkəzi Bankın əsas vəzifələrindən biri məhz bu olmalıdır. Amma bu addım bir şərtlə olmalıdır. Manatın məzənnəsinin qorunub saxlanması iqtisadi artıma təsir etməməlidir: “Yəni Mərkəzi Bank elə pul-kredit siyasəti yürütməlidir ki, nəticə etibarı ilə atılan addımlar ölkədə iqtisadi artıma səbəb olsun. Mərkəzi Bankın manatın kursunu qoruyub saxlaması prinsip etibarı ilə yaxşıdır. Amma manatın sabitliyinin qorunub saxlanması yalnız Mərkəzi Bankın pul-kredit siyasətindən asılı deyil. Bunun üçün hökumətdən tələb olunur ki, qeyri-neft sektorunu stimullaşdıran siyasət həyata keçirilsin. Bunun üçün Mərkəzi Bank da real addımlar atmalıdır. Qeyri-neft sektorunun stimullaşdırılması üçün bunun qarşısını alan əngəllər aradan götürülməlidir”.
N.Əliyevin fikrincə, bu istiqamətdə xüsusən inhisar, haqsız rəqabət, rüşvətxorluq, korrupsiya aradan qaldırılmalıdır. Hökumət ona görə yaxşı anti-inhisar siyasəti həyata keçirməlidir. Eyni zamanda sahibkarlığın inkişafına stimul verən addımlar da atılmalıdır: “Hökumətin son dövrlər, xüsusən keçən ilin sonunda atdığı addımlar bir qədər fərqli düşüncələrə varmağa sövq edir. Bu o deməkdir ki, Azərbaycan hökuməti manatın kursunun qorunması istiqamətində ciddi nəticələr əldə edə bilməyəcək. Dünya bazarında neftin qiymətinin düşdüyü, Rusiyaya qarşı sanksiyaların miqyası böyüdüyü bir zamanda hökumət enerji daşıyıcılarının qiymətini aşağı salmalı idi. Bu Azərbaycanda istehsal olunan məhsulların dəyərinin aşağı düşməsinə gətirib çıxara bilərdi. Bu da o demək olacaqdı ki, sahibkarlar istehsal etdiklərini bazarlarda sata biləcəkdilər. Amma hökumət tam fərqli yol seçdi. Hökumət qızıl və müxtəlif zinnət əşyalarına aksiz vergisi tətbiq edir, benzinin qiymətin artırır, ölkəyə gətirilən avtomobillərdən alınan vergini artırır. Bu hökumətin problemlərə necə yanaşdığını göstərir”.
Xəyal