Hökumət gələn ilin büdcəsində neftin bir barrelini 90 dollardan götürüb, qiymət isə 69 dollara düşüb
“AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,62 dollar ucuzlaşaraq 69,98 dollara düşüb. Bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən “AzərTAc”a bildirilib.
Nyu-Yorkun NYMEX bircasında “Layt” markalı neftin bir barreli 65,84 dollara, Londonun ICE birjasında isə “Brent” markalı neftin bir barreli 69,07 dollara satılıb.
Bəlli olduğu kimi, 2015-ci il dövlət büdcəmizdə neftin qiyməti 90 dollar müəyyənləşdirilib. Neftin qiymətinin getdikcə aşağı düşməsi büdcəyə yenidən baxılmasını labüd etmirmi?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda gələn ilin mart ayına kimi gözləmək olar. 2008-2009-cu ildə neftin qiymətinin 37 dollara düşdüyünü xatırladan ekspert o vaxt büdcəyə məcburən yenidən baxıldığını yada salır: “Amma inanmıram ki, 2015-ci ilin büdcəsinə yenidən baxılsın. Çünki bu təcrübə bir dəfə baş verib. 2008-2009-cu ildə büdcənin 1,5 milyard manatı yerinə yetirilmədi. Büdcə xərclərində azalmalar olmalıydı. Büdcə qanununa görə də əməkhaqqı, pensiya, məcburi köçkünlərin müavinətlərilə bağlı müəyyən işlər görüldü. Investisiya xərcləri hesabına bəzi işlər yerinə yetirildi. Büdcənin yerinə yetirilməməsinə baxmayaraq, insanlar bunu o qədər də hiss etmədi. Güman ki, 2015-ci ilin büdcəsilə bağlı da həmin siyasət aparıla bilər”.
Oqtay Haqverdiyev qeyd edir ki, proqnozlara görə, neftin qiyməti ilin axırına kimi qalxa bilər. Amma ekspert buna inanmır. Hesab edir ki, neftin qiyməti azala-azala gedəcək.
Nigar