Neft Fondundan 10 milyard 388 milyon manatın köçürülməsi nəzərdə tutulub
Gözlənildiyi kimi 2015-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi əvvəlcədən necə elan olunmuşdusa, elə də qəbul olunmaqdadır. Artıq bir neçə gündür ki, Milli Məclisdə 2015-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi başlanıb. Dövlət büdcəsi layihəsi artıq parlamentin 5 komitəsinin – Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Iqtisadi siyasət, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıqdır. Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dən dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112,0 milyon manat daxilolma təmin edilməlidir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 10 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1,590.0 milyon manat gəlir proqnozlaşdırılır. Dövlət büdcəsinə sair daxilolmalar 48 milyon manat təşkil edəcək.
Inflyasiya 2.3 faiz ola bilərmi?
Samir Şərifov vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 barreli üçün 90,0 ABŞ dolları ilə hesablanıb. Proqnozlara əsasən, gələn il inflyasiyanın həddi 2,3 faiz həcmində olacaq.
Müzakirələrdən göründüyü kimi, büdcə yenə Neft Fondunun gəlirləri hesabına formalaşdırılır. Dünya bazarında neftin qiymətinin 80 dollarlıq psixoloji baryerə yaxınlaşmasına rəğmən isə büdcədə neftin qiymətinin 90 dollar götürülməsi düşünülür. Bütün bu məqamlar, heç şübhəsiz, büdcə ilə bağlı müəyyən problemlər vəd edir.
Nemət Əliyev: “Neft Fondundan büdcəyə köçürmələr 10 milyard manatla bitməyəcək”
Iqtisadçı Nemət Əliyev bildirdi ki, gələn ilin büdcəsi ilə bağlı müzakirələr artıq cəmiyyətə ötürülüb. Gələn ilin büdcəsinin qeyri-real olması ilə bağlı kifayət qədər fikirlərin səsləndirildiyini deyən N.Əliyev vurğuladı ki, amma görünən odur ki, müzakirələrə rəğmən Azərbaycan hökuməti bu fikirləri nəzərə almaq niyyətində deyil: “Hökumət müzakirələrdən çıxış edərək büdcə siyasətinə dəyişiklik edən kimi görünmür. Azərbaycan hakimiyyətinin əvvəlcədən bir yanlış siyasəti olub. Gələn ilin dövlət büdcəsində də gəlirlərin əsas hissəsi məhz neft gəlirləri hesabına formalaşacaq. Eyni zamanda neftin dünya bazar qiyməti 90 dollar götürülür. Amma reallıqda neftin dünya bazar qiyməti aşağıdır. Deməli, büdcədən maliyyələşməsi nəzərdə tutulan layihələrin reallaşması yenə də Neft Fonduna müraciət olunacaq. Yəni 10 milyard manatın köçürülməsi ilə iş bitməyəcək. Bu da yanlış siyasətdir”.
Statistika Komitəsinin son hesablamalarına görə mənfəət vergisində kəskin azalmaların müşahidə olunduğunu deyən N.Əliyev vurğuladı ki, bu həm neftin dünya bazar qiymətinin aşağı düşməsi, həm də qeyri-neft sektorunun zəif inkişaf etməsi hesabınadır. Eyni zamanda xarici ticarət dövriyyəsində də kəskin azalmaların müşahidə edildiyini söyləyən N.Əliyev bildirdi ki, inflyasiya göstəricisinin də 2.3 faiz olacağı real deyil: “Azərbaycan hakimiyyəti həmişə inflyasiyanın aşağı olmasını göstərməyə maraqlı olub. Əslində inflyasiyanın növbəti büdcə ilində daha yüksək olması üçün əsaslar yaranıb. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri zəifləyib. Bu onun nəticəsidir ki, daxildə istehsal boğulursa, deməli, xarici bazara çıxarılan mallarda azalma müşahidə olunacaq. Deməli, qiymətlərin qalxması üçün yetərincə əsaslar var”.
Xəyal