«Digər beynəlxalq fəaliyyətlər»lə bağlı xərclər nəyi nəzərdə tutur?
Gələn il Azərbaycanın dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Maliyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, Azərbaycanın 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində gələn ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat, diplomatik xidmət orqanları və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon manat, beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat və digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132 milyon manat vəsait proqnozlaşdırılıb.
Həmin vəsaitin 100 milyon manatını Azərbaycan tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32 milyon manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək. Həmçinin bildirilib ki, 2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulub.
Yuxarıda qeyd edilən rəqəmlərin bir hissəsi konkret olaraq müəyyən istiqamətdəki xərcləri əks etdirir. Görəsən, 32 milyon manatlıq xərclər adı altında nəzərdə tutulan “digər beynəlxalq fəaliyyətlər”in məğzi nədən ibarətdir?
Politoloq Razi Nurullayev söyləyir ki, Azərbaycan hökuməti xaricdə bir çox lobbi təşkilatlarına dəstək verməkdə, onları hakimiyyətin lobbisinə çevirməkdə ciddi şəkildə tənqid olunur. Politoloq qeyd edir ki, bununla bağlı artıq ABŞ, Almaniya, Ingiltərə və Brüsseldə belə firmanın adı çəkilib:
“Azərbaycan hakimiyyəti təbii ki, onlara kifayət qədər vəsait ödəyir və əvəzində müxtəlif ölkələrdə lobbi fəaliyyəti təşkil edilir. Amma mən bunun dövlət büdcəsində digər xərclər bölməsinə salınmasına şübhə ilə yanaşıram. Bu, dövlətin müəyyən xərcləri ola bilər. Əsasən, lobbi kimi fəaliyyətlərin qurulması, Azərbaycan məmurlarının fəaliyyətinin təşviq edilməsi və onların apardığı sifarişli yazıların çap olunması və s. məsələlərə başqa mənbələrdən, dövlət büdcəsinə salınmayan və gizlədilən vəsaitlərdən istifadə edilir. Bu baxımdan, sözügedən məsrəflərin büdcəyə salınmasına şübhə edirəm və yəqin ki, bu elə beynəlxalq tədbirlərin keçirilməsi üçün qoyulan xərclərdir”.
R.Nurullayev söyləyir ki, Azərbaycanda hər il bir neçə böyük beynəlxalq tədbirlər keçirilir. Humanitar forum, sivilizasiyalararası dialoq forumu və buna bənzər digər tədbirlər reallaşıb ki, ona da qatılan xarici nümayəndələrin Azərbaycandakı xərclərinə böyük vəsait sərf olunur. Həmin tədbirlərin keçirilməsi üçün qoyulan vəsaitlər də yuxarıda qeyd edilən digər fəaliyyətlərə aid xərclər ola bilər.
Nigar