Samir Əliyev: «Rusiya getdikcə kapital qıtlığı ilə üzləşir, ona görə bu ölkə böhrandan çıxmaq üçün çirkli pullardan istifadə edə bilər»
Azərbaycan növbəti dəfə nüfuzlu beyənlxalq hesabatda tənqid hədəfəinə tuş gəlib. Azərbaycanın rüsvay olduğu budəfəki hesabat İsveçrənin Bazel İnstitutuna aiddir. Üçüncü ildir ki, «Anti-Pul Yuma» İndeksi adlı hesabat hazırlayan təşkilatın hədəfi hər bir ölkənin çirkli pulların yuyulmasına , terrorizmin maliyyələşməsinə nə qədər həssas olmasını müəyyən etməkdir. 162 ölkə arasında bu ilki hesabatda Azərbaycan 111-ci yerdədir və 6,46 bal yığıb. Müqayisə üçün deyək ki, qonşu ölkələrdən Gürcüstan 4,83, Ermənistan 4,86, Qazaxıstan – 5,94, Rusiya – 6,29 bal yığıb. Azərbaycanda çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşməsi riski, hesabata görə, Gürcütan, Ermənistan, Qazaxıstan və ya Rusiyadan yuxarıdır. Azərbaycanda bunlara risk təxminən Pakistandakı kimidir. Pakistan 6,53 bal yığıb.
Maraqlıdır ki, bu hesabatın açıqlanması Rusiyanın üzləşdiyi beynəlxalq sanksiyaların gündəmdə olduğu zamana təsadüf edir. Ekspertlər hesab edir ki, Rusiyadan olan çirkli pulların məhz keçmiş sovet ölkələrində, xüsusilə Azərbaycanda yuyulması gündəmə gəlib.
İqtisadçı Samir Əliyev bildirdi ki, beynəlxalq təşkilatların təşəbbüsü və dəstəyi ilə Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə Mərkəzi Bankın nəzdində Maliyyə Monitorinqi Mərkəzi yaradılıb. Maliyyə Monitorinqi Mərkəzinin çirkli pulların yuyulmasının qarşısını almaq üçün bir mexanizm olduğunu deyən S.Əliyev qeyd etdi ki, amma Azərbaycanda çirkli pulların yuyulması üçün münbit zəminin olması onu deməyə əsas verir kİ, mərkəzin fəaliyyəti effekt vermir: «Hesabatlar onu göstərir ki, Azərbaycanda çirkli pulların yuyulmasının qarşısını almaq üçün atılan addımlar səmərə vermir. Baş verənlərin kökündə qanunların işləməməsi, gizli iqtisadiyyatın iqtisadiyyatda geniş paya malik olmasıdır. Hesablamalar göstərir ki, Azərbaycanda gizli iqtisadiyyatın payı 60 faizdir. Bizim 58 milyardlıq Ümumidaxili Məhsulumuzun olmasını nəzərə alsaq görərik ki, gizli iqtisadiyyatın payına 30 milyard manatdan çox vəsait düşür».
Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycana da təsir edəcəyini istisna etməyən S.Əliyev hesab edir ki, Rusiyanın düşdüyü durumda çirkli pullar Rusiyadan Azərbaycana deyil, Azərbaycandan Rusiyaya istiqamət ala bilər: «Rusiyaya qarşı sanksiyaların tətbiqi ölkəyə çirkli pulların yönələcəyi ehtimalını artırır. Beynəlxalq təşkilatlar tərəfindən Rusiya banklarına kredit verilməsi dayandırılıb. Rusiya bankları artıq xaricdən borc cəlb edə bilmirlər. Ona görə Rusiya məcburdur ki, borcu başqa istiqamətlərdən əldə etsin. Ona görə çirkli pullar bu kreditləri əvəz edə bilər. Bu baxımdan Rusiyadan Azərbaycana deyil, Azərbaycandan Rusiyaya çirkli pulların axını gözləniləndir. Rusiya getdikcə kapital qıtlığı ilə üzləşir. Rusiyaya maliyyə resursu lazımdır. Kreml bu resursu özünə yaxın olan ölkələrdən əldə etmək istəyir. Bu sırada Azərbaycanın da adı var».
Xəyal