Məhəmməd Talıblı: «Ümumiyyətlə, Azərbaycanın iri dövlət müəssisələrinin borcları artıq milyardlarla ölçülür»
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 milyard dollar təşkil edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
S.Qasımov bildirib ki, ümumi borcdan 1,1 milyard dolları kapital qoyuluşunun, 1 milyard dolları isə kommersiya təşkilatlarına olan borcun payına düşür: “Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. ”Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67 faiz pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, “Şahdəniz 2″ layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”.
ARDNŞ-a olan borclara toxunan S.Qasımov bildirib ki, şirkətə ən çox borcu olan “Azərenerji” ASC-dir. Bu qurumun Dövlət Neft Şirkətinə borcu 280 milyon manata çatıb.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, ümumiyyətlə, Azərbaycanın iri dövlət müəssisələrinin, şirkətlərin qarşılıqlı borcları artıq milyardlarla ölçülür. Onlar dövlət vəsaitlərinə və ya digər mənbələrə arxayın olaraq, bu addımı atırlar: “ARDNŞ böyük neft gəlirlərinə sahib olduğu üçün daha reytinqli beynəlxalq maliyyə qurumları ona kreditlər verməkdən çəkinmir. Çünki ARDNŞ-ın hər zaman böyük gəlirlərə sahib olmaq imkanları var. Şirkətin bu qədər vəsaitə sahib olması böyük borcların yaranması deyil, vəsaitlərin daha səmərəli istiqamətə xərclənməsi anlamına gəlməlidir. Alınmış kreditlər ölçülü-biçili olmalıdır. Qarşılıqlı borclar iddiasının hərdən sürətlə artması bir müddət sonra çox ciddi problemlər yarada bilər. Onların gəlirinin çox olmasına baxmayaraq, xərclər korrupsiya üçün şərait yarada bilər”.
M.Talıblı qeyd edir ki, ARDNŞ-in belə böyük vəsaitə sahib olmasına baxmayaraq, heç bir dövlət qurumuna borcu olmamalıdır. Əslində, şirkət dövlət qurumlarına maliyyə yardımı göstərməli, öz gəlirləri hesabına daha çox investisiya layihələri həyata keçirməlidir: “Investisiya layihələrini həyata keçirmək mümkün deyilsə, bahalı kredit şərtlərini üzərinə götürmək də doğru deyil”.
Nigar