Vahid Məhərrəmov: «Əhalimiz Avropada olduğu kimi, sivil qaydada qidalanmalıdır»
Azərbaycanın “Nova Agro” şirkəti “Abşeron Aqropark” layihəsi üzərində çalışmağa başlayıb. Aqroparkda 30 min baş ətlik cins heyvan saxlanılacaq və layihə tam həyata keçdikdən sonra ölkənin ətlik cins heyvana olan təlabatının xarici ölkələrdən olan asılılığına 3-4 il ərzində son qoyulacaq.
Bu barədə şirkətin meneceri Tuncay Eker “Marca”ya bildirib. Mütəxəssis bu təsisatın Azərbaycanda ilk olacağını da deyib.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov məsələni şərh edərək söyləyir ki, hansı ölkənin mütəxəssisi olmasından asılı olmayaraq ölkədəki vəziyyəti bilmədən birmənalı bəyanatlar verilməməlidir. Ekspertə görə bu sahədə bir sıra problemlər var ki, onlar aradan qaldırılmalıdır. V.Məhərrəmov bizim də Avropa əhalisi kimi sivil qaydada qidalanmağımızı vacib sayır. Yəni Ümumdünya Səhiyyə Təşkilatının adambaşına normasına uyğun, ildə 84 kq ət yeməliyik:
“Bunun təxminən 30 kq quş əti, bir o qədəri mal əti və 25 kq da qoyun əti olmalıdır. Bu gün ölkədə cəmi istehsal olunan ət məhsulunun həcmi bu göstəricidən iki dəfə aşağıdır. Mal-qara gətirməklə bu normanı doldurmaq mümkün deyil. Ölkədə yem bazası zəifdir, bu istiqamətdə hansısa addımların atıldığını görmürük. Əvvəlcə problem həllini tapmalıdır. Indiki formada ət və kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq mümkün olmayacaq. Regionlarda xırda təsərrüfatların birləşdirilməsi, məhsuldarlığın artırılması üçün fermerlərin istehsal vasitələriylə təminatı, kadrların hazırlanması, onların yerləşdirilməsi və s. problemləri həll etmək lazımdır. Ət məhsullarıyla bağlı çoxsaylı problemlər var ki, onlar da həllini tapandan sonra hansısa nailiyyətdən danışmaq olar”.
Nigar