Vergilər Nazirliyi şirkətin əmlakını siyahıya alır
Vergilər Nazirliyi “Nurgün Group”un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb. AzNews.az xəbər verir ki, şirkətə məxsus “Infiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir.
“Nurgün Motors”un marketinq şöbəsindən bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqəti dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. Işlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.
Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salonların niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib.
Vergilər Nazirliyindən isə Trend-ə bildirilib ki, qurum “Nurgün Motors” şirkətinin bir sıra avtomobil salonlarında əmlakın siyahıya alınmasını aparıb. Bu, şirkətin vergi borcunun yaranması ilə əsaslandırılıb. Şirkət qısa müddətdə borcu ödəməyi planlaşdırır.
Vergilər Nazirliyindən bildiriblər ki, bu, həbs qoyulması və ya şirkətin fəaliyyətinin dayandırılması anlamına gəlmir. Bununla belə, nazirlikdən vergi borcunun məbləğini açıqlamaqdan imtina ediblər.
“Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. “Nurgün Group” “Nissan”, “Ford”, “Renault” və “Infiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Onu da bildirək ki, mətbuatda “Nurgün Motors”un müştəriləri aldatması, bundan əlavə keyfiyyətsiz avtomobillərin satışı ilə məşğul olması haqda tez-tez informasiyalar yayılır.